Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:40

İctimai Palatanın 22 aprel mitinqi başa çatdı, yeni mitinq təyin edildi [Video və Fotolar]


İctimai Palatanın 22 aprel mitinqi
İctimai Palatanın 22 aprel mitinqi
-

BŞBPİ: «RAZILAŞDIRILMIŞ MİTİNQDƏ 1200-Ə QƏDƏR ADAM İŞTİRAK EDİB»

Bakı şəhər Baş Polis İdarəsi İctimai Palatanın aprelin 22-də keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.
İdarədən APA-ya verilən məlumatda bildirilir ki, aprelin 22-də «İctimai Palata» Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, AXP, ADP, VHP, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200-ə qədər olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

18.05 - QƏTNAMƏ OXUNUB

Sonda mitinqin qətnaməsi oxunub. Növbəti aksiya mayın 6-na təyin edilib.

Mitinq qurtarandan sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər AzadlıqRadiosuna deyib ki, «proses davam edir, bundan sonra daha da yaxşı olacaq. İrəliyə doğru önəmli addım atılıb. İnsanlar inanırlar ki, ölkədə dəyişiklik olacaq».
18.00 - ƏLİ KƏRİMLİ: «İLHAM ƏLİYEV MƏĞLUB OLACAQ»

Əli Kərimli mitinqdə çıxış edərkən
Əli Kərimli mitinqdə çıxış edərkən
AXCP sədri Əli Kərimli mitinqdəki çıxışında bildirib ki, artıq hakimiyyət qorxu içindədir. «İqtidara xaricdən dəstək olmayacaq. Azərbaycan xalqı iki dəfə demokratiyanı qurdu, üçüncü dəfə də quracaq. Bu mübarizə davamlı olacaq. Biz yeni parlament seçkiləri keçirilməsini, seçki dəyişiklikləri tələb edirik. Əgər xalqın hüququnu verməsələr bütün xalq azadlıq tələb edəcək. Fövqəladə müşavirələr, adamların qarşısını almaq da buna göstərir ki, bu hökumət bu xalqdan qorxur. Bizim eşidilməmək problemimiz var. Bizim millətimizi heç bir dövlət orqanı eşitmir. Hamımız birlikdə məhbus Azərbaycanımıza azadlıq tələb edək».
Əli Kərimli bildirib ki, İlham Əliyevin bu meydanla bağlı çıxışında xalqı aşağıladı. «Qorxuya düşmüş komandasına ürək-dirək vermək istəyir. Bütün avtoritar liderlər sonda belə edirlər. Uçuruma gedərək məğlub olurlar, İlham Əliyev də məğlub olacaq».

17.48 - MÜLKİYYƏT HÜQUQLARI POZULMUŞ SAKİNLƏR MİTİNQDƏ

Məlumat fotolardan sonra davam edir.



Mitinqdə mülkiyyət hüquqları pozulmuş Bakı sakinləri də iştirak edib. Onlar bildiriblər ki, hökumət evlərinin qarşılığında qəpik-quruş verir.
Mitinqdə eşitməyən əlillər də qatılıb. Onlar əllərində «38 manata yaşamaq olmaz» şüarları tutublar.

İctimai Palatanın 22 aprel mitinqi (Canlı yayımın təkrarı - II HİSSƏ)

İctimai Palatanın 22 aprel mitinqi (Canlı yayımın təkrarı - 1 HİSSƏ)

Aksiyaçılardan biri Yeganə Hacıyeva qulağına Arif Hacılının şəkli olan sırğa taxıb. Deyib ki, məqsədi daha çox insanın Arif Hacılının həbsdə olmasına cəlb etməkdir.
Siyasi ekspert Zəfər Quliyev bildirib ki, mitinq icazəli olsa da uşaqların, yaşı 18-dən aşağı olanların mitinqə buraxılmaması başa düşülmür. “Hakimiyyət mitinqə gələn insanların sayının artmasından narahatdır".

17.29 - ƏLİ KƏRİMLİ: «HAKİMİYYƏT QORXUSUNU İFADƏ EDİR»

AXCP sədri AzadlıqRadiosuna bildirib ki, hakimiyyət insanların mitinqə gəlməsinə mane olsa da adamlar gəlir. «Bu onu göstərir ki, insanlar mübarizəyə başlayıblar. Hakimiyyət qorxusunu ifadə edir. Harada yazılıb ki, 18 yaşından aşağı olanlar mitinqə gələ bilməz».
17.01 - İ. QƏMBƏR: «BU GÜN DÜNYA HAQQI- ƏDALƏTİ MÜDAFİƏ EDİR»

İsa Qəmbər çıxışında bildirib ki, «Qələbəmizə arxayınıq. Çünki gənclik, xalq bizimlə bir yerdədir. Xalq bu gün bu hakimiyyətdən bezib. Əliyev rejimi üçün hakim ideologiya görməmişlikdir. Xalq dəyişiklik istəyir. Hakimiyyətin ətrafında demək olar ki, qalan yoxdur. Ziyalılar çalışırdılar ki, hakimiyyətlə xalqla arasında körpü rolunu oynasınlar, müxalifətlə hakimiyyət arasında dialoq təşkil edirdilər. Son illərdə xalqla hakimiyyət arasında uçurum o qədər dərinləşib ki, hakimiyyətin yanında ziyalıların kiçik bir azlığı qalıb. İctimai Palata ilə Ziyalılar Forumunun birgə danışıqlarının nəticələrini görəcəyik. İlham Əliyevin hakimiyyəti məğlubiyyətə məhkumdur. Dünya bu gün bizimlə bir yerdədir. 10 il əvvəl totalitarizmin yanında oldu. Bu gün dünya haqqı-ədaləti müdafiə edir».
İsa Qəmbər bildirib ki, dünya demokratları ilə birgə əməkdaşlığımız Azərbaycanda da, Cənubi Qafqazda da sülhün, demokratiyanın qələbəsinə gətirib çıxaracaq.
-

16. 49 - İSA QƏMBƏR:
«BİZ BURA AZADLIQ UĞRUNDA MÜBARİZƏYƏ GƏLMİŞİK»

İctimai Palatanın 22 aprel mitinqi (Canlı yayımın təkrarı - I HİSSƏ)

İctimai Palatanın 22 aprel mitinqi (Canlı yayımın təkrarı - 2 HİSSƏ)

Mitinq aksiyaçıların «İstefa» şüarları ilə başlayıb. İctimai Palatanın üzvü İbrahim İbrahimli bildirib ki, sizin «Azadlıq» şüarlarınız İlham Əliyevi qorxuya, təlaşa salıb. «Bunun nəticəsidir ki, İlham Əliyev Bibiheybət ərazisindəki bu meydana həqarətlə baxdı. Bizə Azərbaycanın hər bir guşəsi əzizdir».
Mitinqdə ilk çıxışı Müsavat Partiyasının başqanı İsa Qəmbər edib: «Biz bura Azadlıq uğrunda mübarizəyə gəlmişik. Ölkəmizdə xeyirlə şər arasında mübarizə gedir. Bu daimi mübarizədir. Biz bura işıq, generator gətirir, hakimiyyət buranın işığını kəsmək istəyir. Necə ki. bütün Azərbaycanın işığını kəsmək istəyir».
-
16.42 -
İSA QƏMBƏR VƏ ƏLİ KƏRİMLİ MİTİNQƏ GƏLİB

Hakimiyyətə yaxın gənclər təşkilatlarının fəalları mitinqi kənardan izləyir. Fərid Şahbazlı bildirir ki, müxalifətin tərəfdarları çox azdır. «Mitinqlərin mitinqləri artan xəttə əvəzinə hər dəfə daha uğursuz inkişaf edir».
AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər tribuna qalxıblar. Mitinqçilər onları alqışlarla qarşılayırlar.

16. 33 - MİTİNQ BAŞLAYIB...

Mitinqdən görüntü
Mitinqdən görüntü
İctimai Palatanın üzvü İbrahim İbrahimli tribunadan çıxış edir. Bildirir ki, həm rayonlardan gələn avtobusların, həm də şəhərdən gələn avtobusların qarşısı alınır.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı mitinqə gec başlanmasının səbəbləri haqqında danışıb. Bildirib ki, keçən mitinqdən fərli olaraq bu gün saat 2-dən əraziyə gələn marşrut avtobuslara mane olunmağa başlayıb: «Bundan başqa generatoru səsgücləndiriciyə birləşdirən kimi səsgücləndirici tamamilə sıradan çıxdı. Növbəti səsgücləndiricini gətiririk».
16.15 - TƏŞKİLATÇILAR PROBLEMLƏRİN YARADILDIĞINI DEYİR...

Mitinqə gələnlərin arasında «Eurovision və Geyparad Azəri xalqına ləkədir», «Dinimizə toxunmayın» şüarları tutanlar da var.

Gülağa Aslanlı mitinqə gec başlanmasının səbəbləri haqqında danışıb

Gülağa Aslanlı mitinqin gec başlanması haqda danışıb

AXCP sədrinin müavini Həsən Kərimov bildirib ki, Sahil metrosu, Azneft meydanı, Lökbatan və Badamdar istiqamətlərində mitinq keçiriləcək əraziyə gələn marşrut avtobuslar dayandırılıb. Aksiyaya gələnlər Azneft meydanından və Bayıl istiqamətindən piyada hərəkət edirlər.

15. 55 - POLİSLƏ MİNTİNQƏ GƏLƏNLƏR ARASINDA QARŞIDURMA OLUB

Mitinqə gələn Tahirə Rzayeva deyir ki, «ona görə mitinqə gəlmişəm ki, neft-qaz burda ola-ola bizim aldığımız maaş ancaq işığa, qaza çatır». Aksiyaçılardan biri deyib ki, dəmiryolu vağzalı ərazisindəki avtobusları mitinq keçirilən əraziyə gəlməyə qoymurlar.
15.34 - İNSANLAR TOPLAŞMAĞA DAVAM EDİR

Aksiya başlamamışdan əvvəl bir qrup gənc «Vicdan məhbuslarına azadlıq», «Biz demokratik respublika istəyirik» şüarları səsləndirirlər.

«İstefa», «Azadlıq» şüarları səsləndirən bir qrup insan mitinq keçiriləcək əraziyə daxil olub. Polis mitinqə gələnlərin çantalarını yoxlayır. Polislə mitinqçilər arasında əsas mübahisə polisin mitinqdə uşaqların iştirakına icazə verməməsidir.
15.31 - MİTİNQ KEÇİRİLƏN YERDƏ NƏQLİYYAT PROBLEMİ?

İnsanlar toplaşmağa davam edirlər
İnsanlar toplaşmağa davam edirlər
Şəhərin müxtəlif istiqamətlərindən 20-ci sahəyə doğru marşrutların hərəkətində problem yaranması ilə bağlı AzadlıqRadiosuna şikayətlər gəlir.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov telefon zənglərinə cavab vermədiyi üçün məlumata aydınlıq gətirə bilmədik.

Analoji problem İctimai Palatanın iki həftə əvvəlki aksiyasında da yaşanmışdı. Onda Namiq Həsənov AzadlıqRadiosuna bildirmişdi ki, konkret Bayıl istiqamətində hansısa avtobusların marşrutdan çıxarılması barədə heç bir rəsmi qərar olmayıb. Namiq Həsənov müsahibəsində bildirmişdi ki, adətən təkcə mitinq günü yox, ümumiyyətlə kütləvi tədbirlər keçirilən istiqamətlərdə sərnişinlərin təhlükəsizliyi baxımından avtobusların hərəkət cədvəlinə yenidən baxılır. O demişdi ki, «Eurovision» mahnı müsabiqəsi zamanı da şəhərin müxtəlif istiqamətlərində yollar bağlanacaq. Amma bu, o anlama gəlməməlidir ki, camaatı müsabiqəyə buraxmamaq üçün belə edilir.

15.26 - HAZIRLIQLAR DAVAM EDİR...

Aprelin 22-də İctimai Palata Bakıda mitinq keçirməyə hazırlaşır. AzadlıqRadiosunun müxbirlərinin verdiyi məlumata görə, aksiyanın keçiriləcəyi yerdə təşkilatçılar hazırlıq işləri aparırlar.
Mitinq Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılıb.
Polis aksiyaya gələnləri yoxlayıb buraxır, ancaq azyaşlıların aksiyanın keçiriləcəyi yerə daxil olmasına icazə vermir. Azyaşlıların valideynləri ilə polis arasında buna görə mübahisələr yaranıb.
İctimai Palata şəhər icra hakimiyyətinə ünvanladığı məktubda yürüş-mitinq üçün Bakının 3 ayrı-ayrı istiqamətini göstərsə də, paytaxt rəhbərliyi yalnız mitinqi məqbul sayıb. Və mitinq üçün müxalifətin iki həftə əvvəl aksiya keçirdikləri yeri - 20 Sahəni məqsədəuyğun sayıb.
XS
SM
MD
LG