Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:44

Alpay Azər: "Hekayələrimi nahar vaxtı kafelərdə yazıram"


Alpay Azər (solda) və Cavid Zeynallı
Alpay Azər (solda) və Cavid Zeynallı
"Roman Sençin, German Sadullayev səviyyəsində bizim ədəbiyyatda bir romana, hekayəyə rast gəlməmişəm".


Alpay Azər "Ədəbi Azadlıq" hekayə müsabiqəsinə ikinci ildir qatılır. Ötən il hekayəsi münsiflərdən bal alsa da, bu, 10-luğa keçmək üçün yetərli olmamışdı. Bu ilki hekayəsi isə 10-luqdadır.

O, 1974-cü ildə Bakıda anadan olub. Sankt-Peterburq Dövlət Universitetini bitirib, beynəlxalq münasibətlər üzrə müdafiə edib. Yeddi il Rusiyada yaşayıb. Nəsrlə iki ildir məşğuldur. Hekayələr yazır. Daha çox rus nəsrini mütaliə edir və yazılarında da bu təsiri hiss olunur.


- Alpay, deyirlər ədəbi mühitdə həvəskarlar peşəkarları sıxışdırıb gündəmi zəbt ediblər. Belədirmi?

- Bu haqda bir qədər fərqli düşünürəm. 2000-ci ildən başlayaraq Azərbaycan ədəbiyyatı öz məhsuldarlıq dövrünü yaşayır. Məncə, təxminən 10-15 ilə bu gün yazılan mətnlərə yeni bir baxış olacaq, mənzərə dəyişəcək. Bu gün ədəbiyyat hesab olunmayan mətnlərə tamam başqa yanaşma formalaşacaq. Hətta klassiklərin yazdığı əsərlərə də öz dövründə birmənalı münasibət olmayıb.

- Dedin, yeddi il Rusiyada yaşayıbsan. Ədəbi mühiti izləyirdinmi?

- Tam izləmişəm, mühitin içində olmuşam desəm, düz çıxmaz. Amma müəyyən qədər bu mühitə bələdliyim var. Əgər fərqi soruşsan, yəqin ki, bunu müqayisə etmək üçün söz tapa bilmərəm. Rus nəsrinin çox böyük ənənəsi var. 70-ci il təvəllüdlü Roman Sençin adlı yazıçı var, onun bir neçə romanını, hekayələrini oxumuşam, bizim nəsrdə bu səviyyədə yazıçı yoxdur. Yaxud German Sadullayev əsərləri səviyyəsində bizim ədəbiyyatda bir romana, hekayəyə rast gəlməmişəm. Amma bu o demək deyil ki, fərq böyükdür, biz xeyli geridə qalmışıq, yox. Bizim də kifayət qədər istedadlı yazıçılarımız var. Məsələ ondadır ki, rus ədəbi təfəkkürü daha dərin, intellektualdır.

- İstedadlı hesab etdiyiniz Azərbaycan nasirləri kimlərdir?

- Ruhu şad olsun, Rafiq Tağının gözəl hekayələri var. Mən hesab edirəm ki, Rafiq Tağı özündən sonra bir hekayə məktəbi qoyub getdi. Kamal Abdulla, Azad Qaradərəli, Şərif Ağayar, Aslan Quliyev, Saday Budaqlı, Aliq Nağıoğlu... bu yazarların qələmindən çıxan yazıları qiymətləndirirəm. Azər Qismətin, Bəxtiyar Hidayətin, Nahidin çox maraqlı hekayələrini oxumuşam. Nahidin ilk vaxtlar yazdığı hekayələri ilə son yazdıqları arasında fərq böyükdür, inkişaf var. Təəssüf ki, çağdaş Azərbaycan nəsrini sistemli oxuya bilmirəm. Səbəb kimi, vaxt azlığını bəhanə edə bilərəm.

- Səncə, Azərbaycan yazıçısı nə vaxt kitabdan pul qazana bilər?

- Son vaxtları bəzi yazarlar müəyyən məbləğdə gəlir əldə edə biliblər. Məsələn, Etimad Başkeçidin kitabı yaxşı satılmışdı. Min nüsxədə nəşr olunandan sonra kitab mağazaları
təkrar nəşrə ehtiyac olduğunu demişdilər. Seymur Baycanın müsahibəsindən oxudum ki, reklam hesabına “Quqark”dan pul qazana bilib. Amma burda bir məsələ var: ruslar bizdən çox kitab oxuyurlar, amma ən məşhur rus yazıçıları da kitabdan gəlir götürə bilmirlər. Müəyyən iş yerləri var, dolanışıqları ordan çıxır. Azərbaycanda kitabın təbliği, reklamı qurulsa, yazıçının öz kitabından gəlir əldə etməsindən danışmaq olar. Bizdə başqa bir məsələ də var: təklif tələbi üstələyir. Həddən artıq çox kitablar yazılır, nəşr olunur. Oxucu bilmir hansını seçsin.

- Yazı rejiminiz var?

- Hekayələrimi nahar vaxtı kafelərdə yazıram.

- Anlamadım. Kafedə şeir yazıram desən, inanmaq olar. Amma hekayə...

- (gülür) Hə, əslində, həqiqətən kafedə yazıram. Yemək gələnə qədər yazmağa imkan olur. Bir də axşam hansısa kafedə çay, kofe içə-içə yazıram. Evdə yazmaq imkanım yoxdur, alınmır.

- Kitabın nəşr olunmayıb...

- Yayda kitab nəşr etdirmək niyyətim var.

- İstəyirəm müsabiqə haqqında da danışaq. Hansı hekayələr sənə maraqlı gəldi?

- “Ədəbi Azadlıq”la bağlı bütün informasiyaları maraqla izləyirəm və artıq ikinci dəfədir bu müsabiqəyə qatılıram. 20-lik siyahıya düşməyimə əmin idim, onluğa isə ümid edirdim. Necə deyərlər, ümidim özünü doğrultdu. Hekayəsini bəyəndiyim müəllifləri deyim: Nahid, Sevda Sultanova, Azər Həsənli, Anar Fərəcov... 20-lik siyahıda bir neçə hekayə var idi ki, onları onluqda görmək istərdim, buna layiqdilər. Rəşid Bərgüşadlı və Reyhan Yusifqızının hekayələrinisə bəyənmədim. Qeyri-peşəkar işlənmiş mətnlərdir. Məncə, bu müəlliflərin yerində Əli Həsənli və Cavidan olmalı idi. Rəşid Bərgüşadlının “İşıq pulu”, Reyhan Yusifqızının “Bir gecənin sirri” hekayələrində daha çox əhvalatçılıq, təsvir var. Yəni yazıçı təhkiyəsi çox azdır.
XS
SM
MD
LG