Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:32

Şaiq Vəli: "Bu, Yazıçılar Birliyinin növbəti fırıldağıdır"


Şaiq Vəli: "Bu, 4 kişiyə 1 arvad verməkdir"
Gözlə

No media source currently available

0:00 0:55:04 0:00
Direct-ə keçid

Şaiq Vəli: "Bu, 4 kişiyə 1 arvad verməkdir"

Şaiq Vəli: "Uzun illərdi Yazıçılar Birliyində ev növbəsində dura-dura 62 yaşına gəlib çatmışam. Oradan gözlədiyim yeganə şey mənzil idi. Bir evin 4 adam arasında bölünməsini ədalətsizlik sayıram".

Ədalət Əsgəroğlu: "Fikrət Qocanın qardaşı tərcüməçidir, oğlu isə şairdir, hər ikisinin mənzil şəraiti yaxşı deyil. Və siyahıya onların da adının düşməsində bir qəbahət iş yoxdur".


9 mənzil kimə çatacaq? (siyahı - kulis.az) Yazıçılar Birliyi mənzilləri düzgün bölüşdürürmü?

“Pen klub” proqramındakı debata Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu, mənzil növbəsində adı olan narazı yazarlar Ramiq Muxtar, Şaiq Vəli, Əsəd Cahangir qatılıblar. Canlı efirə AYB sədri Anarın müşaviri Rauf Aslanov, eləcə də şair Qəşəm Nəcəfzadə zəng edərək mənzil bölgüsü ilə bağlı narazılıqlara kəskin münasibətini bildirib.

Proqramı BURDA canlı dinlə

Ədalət Əsgəroğlu bildirdi ki, Yazıçılar Birliyində ev növbəsində 50 adam olub: “Bu siyahını müəyyənləşdirərkən 2003-cü ilə qədər növbəyə duranları götürdük, bir də 2003-2005-ci illər arasında olanları. Amma 2008-ci ilə qədər ev növbəsinə qeydiyyat aparılıb. Çoxdan növbədə onların arasında Ramiq Muxtar da var”.

Onun sözlərinə görə, keçmiş prezident Heydər Əliyevin göstərişi ilə AYB-yə verilmiş torpağa yerli icra hakimiyyətindən tikinti üçün sərəncam verilməsi üçün yazıçı Anar öz nüfuzundan istifadə edib. Ədalət Əsgəroğlu deyir ki, Yazıçılar Birliyi sərəncamı almalı idi, tikinti şirkəti isə bunun əvəzində Yazıçılar Birliyinə ev verməli idi.

Hər mənzil 105 kv metrdir

- Bina neçə mənzillidir?

- 120. Bizə verilən mənzillərin hər biri 105 kv metrdir.

- Bildiyim qədər, sizə ümumi mənzil fondunun 10 faizi ayrılmalı idi. Amma 120 mənzilin 10 faizi 9 mənzil eləmir axı.

- Biz kvadratla razılaşmışıq. Bu da 9 mənzil edir. Hər biri iki otaqlıdır.

- Siyahıda 33 adamın adı var. 9 evin isə 36 adamın arasında bölünəcəyini deyibsiniz. 3 adamı hansı prinsiplə müəyyənləşdirəcəksiniz?

- İclas keçirilib. 36 adamı da iclasa çağırdıq. Amma 33-ü gəldi, 3-ü gəlmədi. İndi onlar
Ədalət Əsgəroğlu
Ədalət Əsgəroğlu
da gəlib sənədləri imzalayacaqlar. Ramiq bəyi də çağırmışdıq, birinci iclasda iştirak elədi, bu bölgü ilə razılaşmadığı üçün ikinci yığıncağa qatılmadı.

“Mən iki otaqlı yox, dörd otaqlı ev istəyirəm”

Bölgü ilə razı olmayan, 1 mənzilin 4 adam arasında bölünməsi yolu ilə veriləcək paydan imtina edən Ramiq Muxtar dedi ki, o, illərdi ev növbəsindədir: “1983-cü ildə İsmayıl Şıxlı bir gürcü şairinin evini mənə vermişdi. İkiotaqlı ev idi, gedib baxdım ki, biabırçı vəziyyətdədir. Ona görə də imtina etdim ki, normal ev versinlər. Sonralar da dəfələrlə Anar müəllimin yanında oldum, dedim ki, 29 kv. metrlik mənzildə yaşayıram. İki hərbçi oğlumla. Özü də biri müharibə veteranıdır. Anar müəllim prezidentə məktub yazdı. Özümün prezidentlə yaxşı münasibətim vardı, lazım olsa, ondan istəyərdim. Amma bunu özümə sığışdırmadım ki, növbədəyəm. Növbəm çatar, alaram. Özü də mən iki otaqlı yox, dörd otaqlı mənzil istəyirəm. Mən təklif edirdim ki, kim növbədədir, kimin növbəsi çatıbsa, o da alsın. Demirlər, mən 12-ci adamam? Eybi yox, qabaqdakı 9 adam alsın, sonra mən alaram”.

“İndi bu xeyirxah iş dedi-qoduya çevrilir”

- Ədalət bəy, bu nə qədər ədalətli siyahıdır? Məsələn, siyahıda Arifə Əliyeva kadrlar şöbəsinin müdiridir. Yazardımı?

- Tərcümələri var, həm də kadrlar şöbəsinin müdiridir.

- Bəs operator Sevinc Hüseynzadə? Onun da ədəbi yazıları var?

- Yazar deyil, referentdir. Yazıçılar Birliyində təkcə şair-yazıçılar çalışmır ki. Oranın texniki əməkdaşları da var.

- Texniki əməkdaşlar Yazıçılar Birliyinin üzvləridirlərmi?

- Yox.

- Bəs onda ev kimə verilir? Yazıçılar Birliyinin üzvlərinəmi, yoxsa həm də aparatın texniki əməkdaşlarına?

- Orda imzalanan protokolda deyilir ki, Yazıçılar Birliyinin üzvləri və əməkdaşlarına şamil olunur.

- Sizcə, bu nə qədər ədalətli yanaşmadır, məsələn, Bəstəkarlar İttifaqının əməkdaşı olan bir adam da fikirləşə bilər ki, hökumət ev verirsə, biz niyə almayaq. Yəni əvvəldən səslənmişdi ki, yazarlara ev veriləcək. Başqa yerdə işləyən texniki işçi bu tələbi hökumətin qarşısında qaldıra bilər ki, niyə Yazıçılar Birliyində işləyən eyni statuslu işçiyə bu imtiyaz şamil edilə bilir, ona yox.

- Bu, Yazıçılar Birliyinin rəhbərliyinin xeyirxahlığıdır ki, bu işi görür. İndi bu xeyirxah iş dedi-qoduya çevrilir. Heç kim deyə bilməz ki, Yazıçılar Birliyi bu 9 evi niyə alıb? Bayaq da dedim, bu, nüfuza bağlı məsələdir. Tikinti şirkətindən xahiş edilib. Yazarlar isə demoqogiya ilə məşguldurlar.

- Hökumət tikinti şirkətinə pul ödəyəcəkmi?

- Hökumət niyə pul ödəməlidir ki?

- Tikinti şirkətinin rəhbəri nəyə görə pulsuz ev verir?

- Sahibkar böyük humanistlik edir. Yazıçılar Birliyində çalışan və çalışmayan şair-
Ramiq Muxtar (sağda) və Ədalət Əsgəroğlu
Ramiq Muxtar (sağda) və Ədalət Əsgəroğlu
yazıçıları nəzərə alır, Yazıçılar Birliyinə hörmət elədiyi üçün bu mənzilləri verir.

“Biz Anar müəllimi təngə gətirmişdik...”

- Ramiq bəy, bu evi hökumət yox, bir tikinti şirkətinin sahibi verir, niyə razı deyilsiz?

- Yazıçılar Birliyi Anar müəllimin şəxsi mülkiyyəti deyil ki. Yazıçılar Birliyi dövlət tərəfindən maliyyələşən bir qurumdur. Biz Anar müəllimi təngə gətirmişdik ki, evimiz yoxdur. O da Prezident Administrasiyasına məktub yazmışdı. İndi Ədalət müəllim deyir ki, Anar müəllimin nüfuzuna verilib...

“4 kişini bir qadınla evləndirirsən elə bil”

Adı siyahıda olan şair Şaiq Vəlinin Yazıçılar Birliyinin bölgüsünə münasibəti belə oldu:

- Elə bil ki, 4 kişini bir qadınla evləndirirsən. Uzun illərdi Yazıçılar Birliyində ev növbəsində dura-dura 62 yaşına gəlib çatmışam. Oradan gözlədiyim yeganə şey mənzil idi. Bir evin 4 adam arasında bölünməsini ədalətsizlik sayıram. Yazıçıların hamısına mənzil lazımdı, bu mənzilləri 2-3 adamın arasında bölsəydilər, dərd yarı idi. Bir şeylə də razı deyiləm ki, bu mənzilləri Yazıçılar Birliyi öz adına çıxır, guya öz işidi. Bu, rəhmətlik Heydər Əliyevin Yazıçılar Birliyinə göstərdiyi qayğıdır. Ondan qalan mirasdır. Bu mirasın varisləri də növbədə ilk sırada olanlardı, qalan 27 nəfər ona şərik çıxır. Mən qocalmışam, mübarizə aparmaqdan yorulmuşam. Yazıçılar Birliyi, Azərbaycan dövləti bu bölgünü ədalətli hesab edirsə, mən necə narazı ola bilərəm. Məcburən, zorən razıyam.

“Niyə Fikrət Qocanın qardaşı, oğlu ordadı?”

Ədalət Əsgəroğlu Şaiq Vəlinin dediklərini "demaqogiya" adlandırdı və ondan soruşdu ki, əgər narazı idisə, nəyə görə, müqavilələrə qol çəkib? Verilişə telefonla qoşulan Şaiq Vəlinin cavabı belə oldu:

- O siyahıda adamlar var ki, heç yazıçılığa aidiyyətləri yoxdu. Bu, Yazıçılar Birliyinin
Əsəd Cahangir
Əsəd Cahangir
növbəti fırıldağıdır. Niyə həmişə onlar hər yerdədir? Niyə Fikrət Qocanın qardaşı, oğlu ordadı? Bəzi adamlar həmişə hər yerdədir. Xaricə onlar göndərilir, şeir bayramlarında onlar olur. Təqaüdlər verilir, həmişə də siyahı məxfi qalır kimlərə verilir. Qaldı razılığa, mən zorən razı qalmışam. Çünki artıq 62 yaşım var, nə vəziyyətdə yaşamışam. 20 illər növbədə qal, sonunda itin qabağına sümük atan kimi 4 adama bir ev verirlər.

Ədalət Əsgəroğlu dedi ki, Fikrət Qocanın qardaşı tərcüməçidir, oğlu isə şairdir, hər ikisinin mənzil şəraiti yaxşı deyil. Və siyahıya onların da adının düşməsində bir qəbahət iş yoxdur.

“Kimin nəyi olduğunu deyə bilərəm”

Studiyaya zəng edib verilişə qoşulan Yazıçılar Birliyinin sədr müşaviri, mənzil komissiyasının sədri Rauf Aslanov isə bunları bildirdi:

- Şaiq müəllim Sumqayıtda qeydiyyatdadır, mən iclasda bunu dedim, səsini çıxarmadı. Ramiq müəllim danışır orda, o, növbədə 12-ci adamdır. 9 adama versək, o yenə qıraqda qalacaq. Bir şeyi anlamıram, iki dəfə iclas keçirdim, heç kəs narazılıq eləmədi. Şaiq müəllimin Sumqayıtda qeydiyyatda olduğunu da dedim, başqa kimin nəyi var onu da. Ramiq müəllimin də nəyi olduğunu deyə bilərəm, ayıbdır. Bu gün yazıblar, guya gömrükdə işləyən oğlumun da adını bura salmışam. Ayıbdır!...

“Bu pula mənzil ala bilməyəcəm”

Verilişə telefonla qoşulan tənqidçi Əsəd Cahangir:

- Belə hesab edirəm ki, bu hay-küy artıq bir şeydi. Bölgüyə gəlincə, mən komissiyanın üzvü olsaydım, müəyyən redaktələr edərdim. Məsələn, mənzili olan adamlar var, olmayanlar var, ədəbiyyatda fəal olan və olmayan adamlar var. Mən bu prinsiplə
Proqramın aparıcısı Səadət Akifqızı
Proqramın aparıcısı Səadət Akifqızı
yanaşardım. Məsələn, evi olmayanların 2-sinə bir mənzil, evi olanların isə 6-na bir mənzil verərdim. Fikrimcə, bu daha ədalətli olardı. Bir mənzili 4 adama bölürlər, onun dəyər vergisini də üstünə gələndə hesablayıram ki, payıma düşən pulla mənzil ala bilməyəcəm.

“...Yoxsa mənzillər əlimizdən çıxacaqdı”

Studiyaya zəng edən və adı məlum siyahıda olan şair Qəşəm Nəcəfzadə də öz fikirlərini bölüşdü:

- Bu, Yazıçılar Birliyinin çox ədalətli qərarıdır. Anar, Rauf Aslanov bu evi onu yeyib dağıtmaq istəyənlərin əlindən aldılar. Yoxsa əlimizdən çıxacaqdı. Azərbaycanda hər kəsin ev almaq hüququ var. Yazıçılar Birliyinin işçilərinin də ev almaq hüququ var, bunun böyük şeir yazmağa dəxli yoxdu. Şaiq müəllim orda təşəkkür edir, burda çıxıb başqa cür danışır. Adamın vicdanı olar.

“Komediyanın axırı”

Verilişin sonunda Ramiq Muxtar bildirdi:

- İndidən deyirəm ki, bu komediyanın axırı necə olacaq. Pul oğurlayırlar. Üç adamın qolu qandallanacaq. Biri Anar, biri Furizə Məmmədova, biri də Rauf Aslanov olacaq bu adamlar.

“Başqasının sevincini bölüşə bilmirik”

Ədalət Əsgəroğlunun isə bu ittihama cavabı belə oldu:

- Anar müəllim türk dünyasının iftixarıdır. Rauf Aslanov gələndən sonra pərakəndəliyin qarşısı alınıb. Problem ondadır ki, biz dərdimizi bölürük, amma sevincimizi bölüşməyə simiclik edirik. Sevinmək istəmirik ki, indiki vaxtda kimsə bir pay alıb.
XS
SM
MD
LG