Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:30

Qızıl mədənlərində Əliyevlərin payı


Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

Qızıl mədənlərində Əliyevlərin payı

-

QURUCA ADI OLAN ŞİRKƏTƏ 2,5 MİLYARD DOLLARLIQ MÜQAVİLƏ

Bu ilin sonu Azərbaycanın qərbindəki Çovdar yatağından qızıl çıxarılmasına başlanmalıdır. Bu mədənin işlənməsi üçün müqavilə (dəyəri 2,5 milyard dollardır) 2007-ci ildəki qeyri-şəffaf prosedurla AIMROC adlanan konsorsiuma verilib, hökumət bu şirkəti – Britaniya-Yaponiya-Panama konsorsiumu kimi təqdim edib.

Həmin konsorsium 2007-ci ildə tələm-tələsik məhz sözügedən layihədən ötrü yaradılıb. Yeni ortaya çıxarılan sənədlərsə göstərir ki, AIMROC əslində Panamada qeydiyyatdan keçmiş və prezident İlham Əliyevin qızlarıyla bağlı olan şirkətlərin nəzarətindədir.

AIMROC bir “shell”-şirkətdir (yəni quruca adı olan).

Bu jurnalist araşdırmasını “Organized Crime and Corruption Reporting Project” (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) Azadlıq Radiosu ilə əməkdaşlıqda hazırlayıb.


SON ÜMİD YERİ – PREZİDENT...

40 yaşlı Novruz Allahverdiyev Azərbaycanın qərbində - Ermənistanla həmsərhəd olan Daşkəsən rayonunun Çovdar kəndində kasıb bir daxmada yaşayır. O Azərbaycanla Ermənistan arasında 1990-cı illərdə baş vermiş müharibə nəticəsində öz yurdundan didərgin düşmüş 800 min məcburi köçkündən biridir. Allahverdiyev və daha 60 məcburi köçkün ailəsi Çovdar kəndində sığınacaq tapıblar.

Allahverdiyev daxmasının divarlarına hazırkı prezident İlham Əliyev və onun vəfat etmiş atası Heydər Əliyevin köhnə təqvimlərdən kəsilmə şəkillərini yapışdırıb.

Güzəranından gileyli olsa da, prezidentdən gileyli deyil. Deyir, ümidi onadır. İlham Əliyevin bir gün bu kəndin sakinlərinin güzəranından xəbər tutacağını, onlara gün ağlayacağını gözləyir.

Novruz kişinin problemlərindən biri də, özü dediyi kimi, ingilis şirkətinin kəndin yaxınlığında mədən salması ilə bağlıdır. Deyir ki, mədən şirkəti onun torpaqlarının bir hissəsini ələ keçirib, üstəlik də kəndə gələn iki su mənbəyindən birinin qabağını kəsib, əsəs kənd yolunu dağıdıb. Allahverdiyev inanır ki, prezident Əliyev ona və kəndinə kömək edəcək.

Novruz Allahverdiyev
Novruz Allahverdiyev

BAİSKAR - İNGİLİSLƏR DEYİL...

Amma Allahverdiyevin bilmədikləri var. Bilmədiyi isə odur ki, problemlərinin səbəbkarı saydığı mədən şirkətində ingilislərin payı yoxdur, amma prezidentin ailəsinin payı var.

2006-2007-ci illərdə prezident sərəncam verib Çovdar qızıl mədəni və beş başqa yatağının işlənməsi hüququ ilə bağlı danışıqların aparılmasını, sonra isə AIMROC adlanan şirkətlə (“Azerbaijan International Mineral Resources Operating Company, Ltd.”, azərbaycanca “Azərbaycan Beynəlxalq Mineral Ehtiyatların İdarə Edilməsi üzrə Məhdud Məsuliyyətli Şirkət) müqavilə bağlanmasını Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə tapşırıb.

2007-ci il iyunun 5-də İlham Əliyevin başçılıq etdiyi Yeni Azərbaycan Partiyasının nəzarətində olan parlament növbədənkənar iclas keçirib, bu müqaviləni təsdiqləyib.

Azərbaycan büdcəsinin bu Hasilatın Pay Bölgüsü Sazişində cəmi 30 faiz payı var. 70 faiz AIMROC-a məxsusdur. Bu sazişlə hökumət mədənlərin istismarı üçün torpaq, lazımi lisenziya və vergi güzəştlərini də AIMROC-a verib. Sənəd parlamentdə müzakirə olunanda bir neçə deputat bu şirkətə niyə bu qədər imtiyaz verildiyini soruşub, amma tək-tük etirazlar çoxluğun sükutunda batıb. Deputatlar bu şirkətlərin sahibləri haqqında məlumat ala bilməyiblər.

AIMROC-un strukturundan baş çıxarmaq doğrudan da müşkül işdir. Çovdar camaatı problemlərinə bais kimi “ingilisləri” görür. Amma ingilislərin də, yaponların da ortada ancaq adı var. AIMROC-u 4 şirkət yaradıb: Londex Resources, S.A., Willy and Meyris S.A., Fargate Mining Corporation və Globex International LLP. Yaponiya şirkəti Mindeco isə layihəyə ümumi nəzarətçidir. Əslində konsorsiumda heç bir payı yoxdur.

AIMROC-un sahibi olan şirkətlərdən yalnız biri Britaniyada mənzillənir. Bu, müqavilədə 11 faiz payı olan “Globex International” şirkətidir.

Amma əslində “Globex” Panamada qeydiyyatdan keçmiş 3 şirkətə məxsusdur: Hising Management SA, Lynden Management Group, Inc., və Arblos Management Corporation.

Panamanın dövlət qeydiyyatı reyestrinə görə, hər üç şirkəti idarə edənlər arasında prezident Əliyevin iki qızı Leyla və Arzu Əliyevaların, eləcə də isveçrəli biznesmen Oliver Mestelan-ın adı var.




MESTELAN KIMDIR?

Mestelan-ın Əliyev ailəsi ilə uzun müddətdir davam edən əlaqələri var. O, Əliyevlərlə birlikdə incəsənət tədbirləri təşkil edib.

Bundan başqa onun adı Azərbaycanda bir sıra biznes layihələri, o cümlədən “Azərfon” mobil rabitə provayderinin təsisçisi rolunda çıxış edən Panama şirkətlərinin qeydiyyat sənədlərində keçir.

Mestelan müsahibə verməkdən imtina edir. Prezident aparatına göndərilən sorğular da, zənglər də cavabsız qalır.

Ekologiya Nazirliyində isə nə yataqların qızıl ehtiyatı, nə də şirkətlərin sahibləri haqda danışmaq istədilər. İndiyədək ancaq Çovdar yatağının potensialı haqda məlumat verilib.

“ÇOVDAR ÇÖRƏYİ”

Çovdar özü də gəlirli yataqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə bu yataqda 44 tondan artıq qızıl, 164 tondan artıq gümüş var. Bu da ümumilikdə 2.5 milyard dollar dəyərində sərvət deməkdir.

Parlamentdə qısa müzakirə zamanı Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin rəhbəri Valeh Ələsgərov 30 il müddətinə bağlanan sazişi müdafiə edib. Elə ofşor şirkətlər məsələsinə də izah verib:

“Bu şirkətlər xüsusi təyinatla yaradılmışdır. Dünya təcrübəsi belədir, hər layihə üçün xüsusi təyinatlı şirkət yaradılır. Bu şirkətlər ya Kayman adalarında, ya da Panamada qeydiyyatdan keçirlər. Elə ofşor zonaları var ki, tanınmış banklar, maliyyə qurumları orada bir əməliyyat da keçirmir. Qanunvericiliyin dürüstlüyünə görə ofşor zonalarını hamı tanıyır. Bu şirkətlər də belə ofşor zonalarda qeydiyyatdan keçmişlər. Biri də Britaniya Krallığında qeydiyyatdan keçib. Bunlar xüsusi təyinatlı şirkətlərdir və bu işlər üçün yaradılıbdır”.

Ələsgərovun sözlərinə görə, tenderin keçirilməməsi isə həmin yataqda nə qədər ehtiyatın olması barədə dəqiq məlumatın olmamasına görədir. O əlavə edib ki, tenderin əvəzinə hökumət potensial sərmayəçilərin özləri ilə birbaşa danışıqlar aparıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Baş geoloqu Ağamahmud Səmədov AzadlıqRadiosuna deyib ki, yataqlardakı ehtiyatlar barədə məlumat var, amma bunu açıqlaya bilməz.

Daşkəsəndə filiz emalı zavodunun köhnə avadanlıqları
Daşkəsəndə filiz emalı zavodunun köhnə avadanlıqları

“AYIB OLSUN SİZƏ!”

AIMROC-un sahibinin kim olması barədə suala Valeh Ələsgərov isə belə cavab verir: “Siz fikirləşirsiz ki, Azərbaycan hökuməti kimliyi bəlli olmayan, küçədən keçən biri ilə müqavilə bağlaya bilər?” Əliyev ailəsinin bu layihədə hər hansı marağının olması barədə suala cavabında isə Valeh Ələsgərov yalnız bunu deyərək telefon danışığını kəsib: “Ayıb olsun sizə”.

AIMROC-un strukturunun digər hissələri daha mürəkkəb sxem üzrə qeydiyyatdan keçib. Panamanın Şirkətlərin Qeydiyyatı idarəsinin sənədlərinə görə adı çəkilən şirkətlər də rəhbərləri səviyyəsində mürəkkəb formada bir-birinə bağlıdır. Onların hamısı da kiçik Karib adası Nevisdə eyni ünvanda qeydiyyatda olan Casal Management və Tagiva Management şirkətlərinin qurumlarıdır.

Casal və Tagiva isə Böyük Britaniya, ABŞ və Panamada azı 20 şirkətə sahib olub. Böyük ehtimalla bunlar yalnız şirkətlərin real sahiblərinin gizlədilməsi üçün yaradılan qurumlardır.

Azərbaycanın Vergilər Nazirliyinin qeydiyyatına görə Willy and Meyris S.A.-nı çex geoloq, Praqada çap olunan "The Journal Of Geosciences" jurnalının Baş redaktoru Mirko Vanecek təmsil edir.

“ÇOVDARLIQDA UÇURUMDAN QORUYAN”

Çovdarda isə yerli sakinlər prezident İlham Əliyevin həmin müəssisənin açılışına gələcəyi barədə xəbəri eşidib, seviniblər. Sakinlərdən biri - Pənah Hüseynov deyir ki, onlar dərdlərini dövlət başçısına çatdırmağa çalışacaqlar.

“Biz eşitdiyimizə görə prezident Bu zavodun açılışına gələsidir. Çox xahiş edirik bizim prezidentimizə çatdırın ki. Burada 100 ailənin yaşadığı bu iki kəndə də baş çəksin. Biz onun bütün siyasətlərini bəyənirik. Bizi onun yanına buraxmayacaqlar. Artıq dərəcədə xahiş edirik gəlib bizim vəziyyətimizlə maraqlansın. Bu kənddəki vəziyyəti, nələr çəkdiyimizi görsün”.

Oradakı qızıl yatağının işlənməsində prezident ailəsinin də payının olmasından kənd sakinlərinin xəbəri yoxdur. Bu barədə ehtimala belə inanmırlar.

“Prezidentə nə xeyri var ki? Mən inanmıram ki, xarici şirkətlər burada qızılı çıxara və aparıb prezidentə verə. İnanmıram. Bilirik ki, buranı işlədənlər xaricilərdir – ingilis işlədir,” - kənd sakinlərindən biri belə deyir .

Qızıl emalı zavodunun tikiləcəyi yerdən görüntü
Qızıl emalı zavodunun tikiləcəyi yerdən görüntü


Kənddə müəllim işləyən Nurəddin Ramazanov da AIMROC-ya görə torpağının bir hissəsini itirib. Deyir 110 manat maaşla ailəsini güclə dolandırır:

“11 saat məktəbdə dərs deyirəm. Bununla nə dolanacaq olur. Yeganə gəlir yerimiz o otlaq sahəsi, torpağımız idi Onu da məcburi şəkildə əlimizdən aldılar. Hektarına da cəmi 2 min manat ödədilər. Dövlət hesabınadır. 5-6 malımız var idi. O da örüşümüzü əlimizdən aldılar. Qalmışıq belə. Qızıl zavoduna görə yolumuzu dağıtdılar. Kəndə gələn bulağımız var idi onun da dağıtdılar. Daha burada yaşamağa şərait yoxdur. Mümkün qalmayıb.”

Kənddə yaşayan Qarabağlı məcburi köçkün Allahverdiyev ümid edir ki, o da həmin qızıl emalı zavodunda iş tapa biləcək. Yerli sakinlərin dediklərinə görə, orada günü 10 manata iş var. Amma hələlik müəssisədə kənd sakinlərindən çox az adama iş verilib.

Kasıblığa və bu mədənlə bağlı problemlərə baxmayaraq, yerli sakinlərin çoxu talelərini Əliyevə bağlayırlar. Çovdar kəndində evlərin bir çoxunda və məktəblərdə divarlarda prezidentin portretləri var.

Kənd müəllimi Nurəddin Ramazanov deyir ki, bunların heç birindən prezidentin xəbəri yoxdur: “Prezidentin də bunlardan xəbəri yoxdur. Prezident Somaliyə yardım edən adamdı. Amma bizim öz məmurlarımız bizi Somalidən pis vəziyyətə salıblar.”

XS
SM
MD
LG