Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:37

Sabir Rüstəmxanlı «Sənətkara şöhrət» medalını aldı


«Tarixin bütün dövrlərində Azərbaycan ərazisində yerləşən dövlətlərin Polşa ilə sıx əlaqələri olub».

Bu sözləri xalq şairi, Milli Məclisin üzvü Sabir Rüstəmxanlı Polşanın «Sənətkara şöhrət» medalının təqdimetmə mərasimində söyləyib.

APA-nın məlumatına görə, təqdimetmə Polşanın Konstitusiya Günü ilə bağlı Bakıda keçirilən mərasimində gerçəkləşib.

Polşanın Azərbaycandakı səfiri Michael Labenda Polşa Mədəniyyət Nazirliyinin Azərbaycanın xalq şairi, Milli Məclisin üzvü Sabir Rüstəmxanlını «Sənətkara şöhrət» medalı və xüsusi diplomla təltif edib. S. Rüstəmxanlı bu medala mədəniyyət və ədəbiyyat sahəsindəki xüsusi xidmətlərinə və Polşa-Azərbaycan ədəbi əlaqələrinin inkişafında oynadığı rola görə layiq görülüb.

Mərasimdə çıxış edən S. Rüstəmxanlı Polşa dövlətinə təşəkkürünü bildirərək, iki xalqın diplomatik əlaqələrinin 550 ilə yaxın bir tarixi olduğunu xatırladıb: «Təkcə Azərbaycan Səfəvi dövləti ilə Polşa arasındakı əlaqələrin 540 yaşı var».

Sabir Rüstəmxanlı Polşa Konstitusiyasının Avropada birinci, dünyada isə ABŞ-dan sonra ikinci yazılı Konstitusiya olduğunu da qeyd edib.

S. Rüstəmxanlı polyak ədəbiyyatının klassiki, slavyan poeziyasının üç zirvəsindən biri sayılan Adam Mitskeviçin ədəbi irsinin tərcüməsi və onun Azərbaycanda tanıdılması sahəsində xeyli iş görüb.

S. Rüstəmxanlının tərcüməsində A. Mitskeviçin «Krım sonetləri» (1985), «Krım sonetləri – pantodeuş» (1998) kitabları, həmçinin «Dünya ədəbiyyatı kitabxanası» seriyasından kütləvi tirajla çap olunan «Seçilmiş əsərləri» Azərbaycan oxucusuna təqdim edilib. S. Rüstəmxanlı həm də Adam Mitskeviçin yaradıcılığı ilə bağlı bir sıra məqalələrin müəllifidir.
XS
SM
MD
LG