Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:39

Baş Prokurorluq: «Məhəmməd İmanlı evində külli miqdarda rüşvət alarkən yaxalanıb»


Məhəmməd İmanlı
Məhəmməd İmanlı
-

Baş prokurorluq BDU müəlliminin rüşvət almaqda ittiham olunması ilə bağlı xəbəri təsdiqləyib.
Respublika Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirib ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı evində külli miqdarda rüşvət alarkən yaxalanıb.
İttihama görə, Məhəmməd İmanlı BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsində (ikinci ali təhsil üçün) oxumaq istəyən Bakı şəhər sakinindən 40.000 (qırx min) manat pul tələb edib. Pul müqabilində onun BDU-nun tələbəsi olmasına imkan yaradacaqmış.

Prokurorluğun məlumatlında deyilir ki, Məhəmməd İmanlı pulu evində qəbul edib.

Korrupsiya ilə Mübarizə İdarəsinin əməkdaşları evə baxış keçirən zaman 40 min manatı, əlavə olaraq, 79 min dollar, 61 min manat və 13 min avro aşkar edilib. «Eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb», - məlumatda bildirilir.
Fakta görə Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və o, təqsirləndirilən şəxs qismində həbs olunub.
Məhəmməd İmanlı 1993-cü ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin «Cinayət hüququ və kriminalogiya» kafedrasında müəllim, baş müəllim, dosent, həmçinin 2004-2011-ci illərdə Hüquq fakültəsində dekanın 1-ci müavini vəzifələrində işləyib.
Əgər ittiham təsdiqlənərsə, Məhəmməd İmanlını səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Hələlik Məhmməd İmanlının vəkili, ya da yaxınlarının bu ittihamlarla bağlı hər hansı münasibəti bəlli deyil.

Məhəmməd İmanlı hüquq sahəsinə aid kitablardan və elmi monoqrafiyalardan başqa, Heydər Əliuyev, İlham Əliyev, Arif Paşayev, Ramiz Mehdiyev və Heydər Əliyev Fondu ilə bağlı nəşrlərin müəllifidir.
XS
SM
MD
LG