Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:31

Stradivarinin violençelini salıb sındırdılar


Antonio Stradivarinin violençeli
Antonio Stradivarinin violençeli
İspaniyada Аntonio Stradivarinin violençelini salıb sındırıblar.

Simli alətlər ustasının violençeli foto sessiya zamanı zərər görüb.

Xəbəri El Mundo qəzeti yayıb.

Qəzet Tarixi və Mədəni İrsi Qoruma Milli Fondunun əməkdaşına istinadən violençelin 3 həftə əvvəl sındırıldığını yazıb.

Deyilənə görə, violençelin başı (boynu) alətdən ayrılıb.

Əhvalat Madriddə Kral sarayında baş verib.

Fondun əməkdaşları violençelin şəklini çəkmək üçün stolun qırağına qoyublar. Qiymətli alət təsadüfən yerə düşüb sınıb...

Mütəxəssislər aləti düzəltməyin mümkün olduğunu bildiriblər.

Sən demə, düşüb ayrılan hissə orijinal deyilmiş.

XVII əsrdə düzəldilmiş alətin baş hissəsi XIX əsrdə yenisi ilə əvəz edilibmiş. Həm də, bu dəyişmə alətin səslənməsinə təsirsiz ötüşübmüş.

Stradivarinin violençelinin təmirinin neçəyə başa gələcəyi barədə məlumat verilmir.

Ekspertlər violençelə dəqiq qiymət qoymaqda da çətinlik çəkirlər.

Amma güman edirlər ki, əgər satılsaydı... qiyməti 20 milyon avrodan az olmazdı.

Xatırladaq ki, bütün zamanların ən tanınmış simli alətlər ustası sayılan Antonio Stradivari (1644 —1737) İtaliyada - Kremonda doğulub, orada da vəfat edib.

О, 1667-ci ildə Kremonda emalatxana açıb və təkbaşına skripka düzəltməyə başlayıb.

Ustanın skripkanın səslənişini daha da yaxşılaşdırmaq cəhdi uğurla nəticələnib.

Stradivarinin skripkaları həm səslənişinə, həm də xarici görünüşünə görə seçilib.

Usta daha sonra violençel və alt hazırlamağa girişib.

Bu sahədə daha böyük uğurlara imza atıb. Onun hazırladığı violençellərin çox böyük üstünlüyü olub.

Dünyada indiyədək bu böyük ustanın düzəltdiyi 650-dək alət saxlanılır.
XS
SM
MD
LG