Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:44

Zaqatalada təkanlar hələ bir neçə gün davam edəcək


Foto: Arxiv
Foto: Arxiv
«Camaat gecəni küçələrdə yatıb. Axırıncı təkan bu səhər namaz vaxtı olub. Ondan sonra hələ ki, təkan hiss etməmişik».

Sultan Sultanov Zaqatala rayonu, Tala kənd sakinidir. Rayon camaatı hələ də mayın 7-si səhər saatlarında Zaqatalada 7 ballıq zəlzələnin qorxusu altındadırlar.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, zəlzələ zonasında 1300-dən çox ev qəzalı vəziyyətə düşüb, 20-yə yaxın sosial obyektə ziyan dəyib. Qəzalı vəziyyətə düşən məktəblərdə dərslər dayandırılıb, rayona təbii qazın və elektrik enerjisinin verilməsində fasilə yaranıb. Daha çox dağətəyi kəndlər, xüsusən Muxax, Zəyəm, Çobankol, Qımır, Bazar, Mamrux, Gözbarax ziyan çəkib.

MAYIN 9-DAN ZƏLZƏLƏ BÖLGƏSİNDƏ TİKİNTİ-BƏRPA İŞLƏRİNƏ BAŞLANACAQ

Zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Zaqatala, Balakən və Qax rayonlarında operativ qərargahları yaradılıb. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mayın 7-8-də zərərçəkmiş kəndlərdə olub, qəzalı tikililərin bəzisinə baxış keçirib.

Nazir hazırda mütəxəssislərin və tikinti şirkətlərinin əraziyə cəlb olunduqlarını deyib:

«Sabahdan [mayın 9-dan] tikinti-bərpa işlərinə başlanılacaq. Çalışacağıq ki, bu iş qısa müddətdə yerinə yetirilsin, əhalinin daha rahat və təhlükəsiz evlərdə yaşaması təmin edilsin».

Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilir ki, ehtiyacı olanlar üçün 500-ə yaxın çadır qurulub. Daha 1000 çadırın qurulması da nəzərdə tutulur.

Tahir Məmmədli
Tahir Məmmədli
Tala kənd sakini Sultan Sultanov isə deyir ki, çadırların paylandığını eşidib, amma yaşadığı kənddə bircə ədəd də çadır görməyib. Ailələri isə həyətlərdə gecələyir.

«AZƏRBAYCANDA ZƏLZƏLƏ OCAQ ZONALARI ÇOXDUR, AMMA…»

«Zaqatalada yeraltı təkanlar hələ bir neçə gün də davam edəcək». Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli deyir:

«Güclü zəlzələdən sonra xırda təkanlar həmişə olub. Yaxın 4-5 gündə bu təkanların sayı çox sıx ola bilər. Anomal hadisələr baş verməzsə, getdikcə təkanlar sönüb gedəcək. Amma bir neçə ay azsaylı xırda təkanlar davam edə bilər».

T.Məmmədli deyir ki, zəlzələnin nə vaxt baş verəcəyini müəyyənləşdirmək olmur:

«Deyə bilmərəm harada nə vaxt zəlzələ olacaq. Amma Azərbaycanın çox ərazilərində zəlzələnin olması mümkündür, yəni ölkədə ocaq zonaları çoxdur. Onlardan biri də Zaqatala ocaq zonası idi, orda da baş verdi. Digərlərində nə vaxt olacağını deyə bilmərəm».
XS
SM
MD
LG