Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:41

Rəşid Bərgüşadlı: "Onluğa düşən hekayə - üzə çıxardığım ilk əsərimdi"


Rəşid Bərgüşadlı
Rəşid Bərgüşadlı
-
"İndiyədək 6-7 kitab həcmində ədəbi yazılarım olub, üzə çıxarmağa utanmışam. “Ədəbi Azadlıq” müsabiqəsinə göndərdiyim hekayə üzə çıxardığım ilk yazıdır. İndi işdə məni “Mirzə” deyə çağırırlar"



"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin hekayə onluğuna keçmiş yazarlarla müsahibələri davam etdiririk. Bu dəfəki həmsöhbətimiz Rəşid Bərgüşadlıdır.


- 41 yaşım var, Qubadlı rayonunda anadan olmuşam. İxtisasca inşaat mühəndisiyəm. Qarabağ döyüşlərində iştirak etmişəm, istefada olan kapitanam.

Azərbaycanda ilk dəfə nəşr olunan ibtidai hərbi hazırlıq dərsliyinin müəlliflərindən biriyəm. Tikinti üzrə beş metodik tövsiyə yazmışam. İndiyədək 6-7 kitab həcmində ədəbi yazılarım olub, amma çap olunmaqdan, onları üzə çıxarmaqdan həmişə çəkinmişəm.

Düzünü desəm, bu çəkingənlik həm də yazdıqlarımın keyfiyyətinə əmin olmamaqdan irəli gəlir. Ətrafımda olan insanlar ədəbiyyatdan, yazı-pozudan uzaqdırlar. Ona görə hekayələrimi onlara göstərə bilməmişəm. “Oxu zalı”nda çap olunan “İşıq pulu” hekayəm üzə çıxardığım ilk yazımdır.

Sizə bir az qəribə gəlməsin, mənim indiyədək üç oxucum olub – dostlarım. Onların mütaliəsinə, zövqünə inanıram. Amma indiyədək oxuduqları mətnlərin müəllifinin kim olduğunu bilmirdilər. Müsabiqədə 10-luq siyahıya düşən hekayəm dərc olunanda dedim ki, bu hekayəni mən yazmışam. İndi işdə məni “Mirzə” deyə çağırırlar. (gülür)

- Çağdaş Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?

- Düzünü deyim ki, çağdaş Azərbaycan yazarlarını mütəmadi izləyə bilmirəm. Məncə, son dövrlərdə yaranan nəsrimizi tərəzinin bir gözünə, İsmayıl Şıxlını bir gözünə qoysaq “Dəli Kür”ün müəllifi ağır gələr.

Son vaxtlar dünya ədəbiyyatını daha çox oxuyuram. 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından indiyədək nəşr olunan bütün kitabları
Cavid Zeynallı
Cavid Zeynallı
oxumuşam.

Əvvəllər dağınıq oxuyurdum, amma bu seriyadan çıxan kitabları sistemli oxumağa başlamışam. Kavabata, Stefan Sveyq, Şoloxov, Dostoyevski... Düzünü deyim ki, necə yazmaq lazım olduğunu bu əcnəbi müəlliflərdən öyrəndim.

“Oxu zalı”nın şərhlərində də yazmışam, indiyədək romanla hekayənin sərhədinin nə olduğunu fərqləndirə bilməmişəm. Ətrafımdakı insanların hamısı inşaatçı, tikinti materialları ilə məşğul olan adamlardır, ona görə ədəbi söhbətlər üçün münbit şəraitim olmayıb. Düzünə qalsa, ümumiyyətlə, ədəbiyyatdan danışmağa utanıram. Səadət Əhmədovanın hekayəmə yazdığı səmimi şərhləri mənə çox xoş oldu və özümə bir inamım yarandı. Nədənsə, həmişə mənə elə gəlib ki, kimsə məndən soruşacaq: mühəndis hara, yazmaq hara?! Get, öz işinlə məşğul ol! Ədəbiyyat böyük şeydir, səninki orda gətirməz! İçimdə belə bir kompleks var.

- Adətən, yazarlar kitab çıxarmaq üçün pulsuzluqdan gileylənirlər. Məncə, sizin kitabınızın nəşr olunmaması bununla bağlı deyil...

- Mən dövlət əhəmiyyətli obyektlərin tikintisi ilə məşğulam. İndi Gəmiqayırma zavodunda tikintiyə rəhbərlik edirəm. İşimin peşəkarıyam, amma yazmağa sevimli hobbi kimi baxmaqdan savayı yolum yoxdur. Azadlıq Radiosunun mənə yaşatdığı bu uğurdan sonra yəqin ürəklənib kitab çıxarmaq haqqında düşünə bilərəm.

- Mətbuatı izləyirsinizmi?

- “525-ci qəzet”i, “Azadlıq”, “yeni Müsavat” qəzetlərini oxuyuram. “Kultaz.com” və “Oxu zalı”nı hər gün izləyirəm. Bir məsələni demək istəyirəm, ümumiyyətlə, insanlar çox az oxuyurlar. İxtisasımız, işimiz başqa olsa da, iş yerində də insanların kitaba, ədəbiyyata maraq göstərmədiyini görürəm. İnşaatçı üçün vaxt və keyfiyyət məsələsi önəmlidir. Mən hər gün 15-20 səhifə oxumasam, yata bilmərəm. Bir tərəfdən də sevinirəm ki, ətrafımda intellekti olan insanları birləşdirə bilmişəm.

- 20-lik və onluq siyahıda olan hekayələrdən hansıları bəyəndiniz?

- Anar Mahmudovun “Yutub”, Şəbnəm Xeyrullanın “Qan pulu”, Aslan Quliyevin “Alacəhrə” hekayələri xoşuma gəldi. “Qan pulu”nu oxuyanda şərh bölümünə yazdım ki, siz məndən yaxşı yazırsınız. Arzu edərdim, bu hekayə 10-luq siyahıda olsun. “Yutub” hekayəsinə oxşar yazılarım var, inşallah onları çap etdirəcəyəm.
XS
SM
MD
LG