Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:36

Parlamentdə anti-İran bəyanatları


Milli Məclis
Milli Məclis
«Burada qeyd olundu ki, İranın səfiri Azərbaycanı tərk edib. Əslində onu qovmaq lazım idi Azərbaycandan».

Bu, deputat Qüdrət Həsənquliyevin fikirləri idi. O, hesab edir ki, tələbələr İran səfirliyi qarşısında etiraz aksiyası keçirəndən sonra səfirin yaydığı bəyanatda Azərbaycan açıq-aşkar terrorla hədələnib. Həsənquliyev deyir ki, İran yeganə Şərq ölkəsidir ki, orada qız yox, oğlan uşaqları cinsi təcavüzdən qorunur. Və əslində indi İranın haqqında danışdığı «qey parad» da məhz Tehranda keçirilməlidir.

Milli Məclisin mayın 22-də keçirilən iclasında cari məsələlərə ayrılan vaxt əsasən İran-Azərbaycan münasibətlərinin müzakirəsinə sərf edildi. Deputatlar Azay Quliyev, Siyavuş Novruzov və digərləri Azərbaycanın mehriban qonşuluq münasibətinə rəğmən, İranın tutduğu mövqedən hiddətləndiklərini bildirdilər.

ELƏDİKLƏRİ AZMIŞ KİMİ...

YAP-dan olan deputat Mübariz Qurbanlı isə dedi ki, işğalçı ölkə ilə həmkar olan İran regionu tamamilə təhlükə altına alıb:

«Tehranın bu hərəkəti Azərbaycanın İranla imzaladığı sənədlərə də ziddir. Hazırda İran, elədikləri azmış kimi, Azərbaycandakı səfirini də geri çağırır. Səfirin bu şəkildə geri çağırılması qarşılıqlı münasibətlər üçün xoşagələn deyil».

M.Qurbanlının fikrincə, erməni lobbisi və İrandakı dairələr Bakıda keçirilən «Eurovision» mahnı müsabiqəsinin əleyhinə gedirlər:

«Erməni lobbisi ilə həmrəylik nümayiş etdirərək İran Azərbaycana qarşı bu cür təxribatlara yol verməməli idi. Hesab edirəm ki, Azərbaycanın vətənpərvər gənclərinin İranda törədilən bu hərəkətlərə qarşı bu ölkənin səfirliyi qarşısında keçirdiyi tədbirlərdə də böyük bir məntiq var».

MÜALİCƏYƏ YA GİROVLUĞA?

Deputat Qənirə Paşayeva da İranın Azərbaycana qarşı hərəkətlərindən hiddətləndiyini bildirib. Deyib ki, İran iki azərbaycanlı şairi girov götürüb və onların həbs olunması barədə heç bir açıqlama belə verilməyib. Onun fikrincə, İran narkotik qaçaqmalçıları ilə dəyişdirmək üçün ora müalicəyə gedən insanları girov götürür.

Foto: Arxiv
Foto: Arxiv
Mayın 22-də İranın Azərbaycandakı səfirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, «dini müqəddəslər təhqir olunduğuna görə cənab səfir Mohammad Bagher Bahrami lazımi məsləhətləşmələrin aparılması üçün mayın 21-də Bakıdan Tehrana yola düşüb».

XIRDA DETALLAR

Politoloq Zəfər Quliyev deyir ki, əslində Azərbaycanda arxasında İranın dayandığı bildirilən bəzi terrorçu qrupların ifşa edilməsi, «Eurovision», qey-parad və s. məsələlər iki ölkə arasındakı ziddiyyətlərin xırda detallarıdır. İndiki vəziyyətin yaranması və yüksələn xətt üzrə davam etməsi Azərbaycan tərəfindən baş vermir. Çünki bu, hələ gənc dövlət olan Azərbaycan üçün çox risklidir. Bu prosesə İran tərəfdən rəvac verilir:

«Burada əsas səbəblərdən biri odur ki, İran Azərbaycanın öz geosiyasi seçimini etdiyini düşünür. Yəni, Azərbaycan öz ərazisindən İrana qarşı hərbi məqsədlər üçün istifadə edilməyəcəyini dəfələrlə bəyan etməsinə baxmayaraq, Tehran artıq Azərbaycanı anti-İran koalisiyasında görür. Son dövrlərdə olan həm real, həm də qəsdən şişirdilən faktlar İranı çox narahat edir. Yəni, Azərbaycanın İsraillə həm hərbi, həm də siyasi sahədə artan əməkdaşlığı, Azərbaycanın İsraildən külli miqdarda silah alması məsələsinin mətbuata sızdırılması, Azərbaycanın İsrailə öz ərazisindən istifadə imkanı yaratdığı barədə gedən məlumatlar və s. Azərbaycan bu məlumatları nə qədər də inkar etsə, hiss olunur ki, İran artıq bu faktlara inanır. İranın çox güclü kəşfiyyat sistemi var.
Zəfər Quliyev
Zəfər Quliyev
Ola bilsin, kəşfiyyat da xəbər verir ki, Azərbaycan artıq geosiyasi seçimini edib. Bir çox məsələlərdə lazım gəlsə, İrana qarşı çıxış edə bilər. Eyni zamanda İran da öz seçimini edib. Özü də Azərbaycandan xeyli əvvəl. Neçə illərdir Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, İran Ermənistanla çox yaxın dostluq edir».

AVQUSTU GÖZLƏYƏK?

Zəfər Quliyev hesab edir ki, vəziyyəti sakitləşdirmək üçün dövlət başçıları səviyyəsində addımlar atılmalıdır. Belə bir imkan da var. Avqust ayında prezident İlham Əliyevin bu ölkəyə səfəri nəzərdə tutulub.

Mayın 8-də Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında etiraz aksiyası keçirilib. «Eurovision» pislənilib, Azərbaycan rəhbərliyinə qarşı fikirlər səslənib. Bundan sonra, mayın 11-i bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyaları keçirib. Onlar əllərində «Homoseksual İran mollarına Azərbaycanda yer yoxdur» və s şüarlar yazılmış, eləcə də Ali Khamenei, Mahmoud Ahmadinejad və Serzh Sargsyan’ın birgə şəkli olan plakatlar tutublar.

Gənclərdən sonra mayın 16-da və 17-də də səfirlik qarşısında aksiya keçirilib.

Bu aksiyalardan sonra İranın Azərbaycandakı səfirliyi bəyanat yayaraq, aksiyaların «sifarişli» olduğunu deyib.
XS
SM
MD
LG