Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:26

Əli Kərimli: «Hakimiyyət final günündə ciddi səhvə yol verdi»


Əli Kərimli Baş Polis İdarəsində...
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Əli Kərimli Baş Polis İdarəsində...

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna müsahibə verib.

- Əli bəy, Sizi bu gün - mayın 26-da Bakı şəhər Baş Polis İdarəsinə niyə dəvət etmişdilər?

- Əvvəlcə Bakı şəhər Baş Polis İdarəsinin rəisi və Bakı şəhər prokuroru ilə söhbətimiz oldu. Mənə izah etmək istəyirdilər ki, bizim Bakıda keçirdiyimiz piketlər, aksiyalar, flaşmoblar hamısı qanunsuzdur və mühüm tədbir ərəfəsində dövlətimizin imicini korlayır. İstəyirdilər ki, bu aksiyaların təşkilatçılarından biri kimi mən bundan sonra belə hərəkətlərə yol verməyim. Mən isə onlara izah etdim ki, Azərbaycan dövlətinin imicini bizim keçirdiyimiz aksiyalar yox, insan hüquqlarının pozulması, bütün beynəlxalq təşkilatların tələb etməsinə baxmayaraq, vicdan məhbuslarının, siyasi məhbusların buraxılmaması, sərbəst toplaşma azadlığının olmaması, korrupsiya, ölkədə hakimiyyət bölgüsünün olmaması korlayır. Bu baxımdan, dövlətin imici barədə düşünənlər bu kimi halların olmasına əsas yaratmamalıdırlar. Onlara dedim ki, bir anlığa iki aksiya təsəvvür edək. Birində 50-100 nəfər gedib Bakı şəhər İcra Hakimiyyəti qarşısında öz etirazını dinc qaydada oxuyur. İkinci aksiyada yenə həmin sayda adam gəlir və onların hər birini 4 mülkigeyimli zorakılıqla maşınlara mindirir. Hansı aksiya Azərbaycanın imicini korlayır? Əlbəttə, dünya mətbuatının diqqətini çəkən zorakılıqlar. Bundan sonra istintaq idarəsi rəisinin iştirakı ilə müstəntiq məndən izahat aldı.

- Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya müsahibəsində deyib ki, Əli Kərimli mayın 25-də keçirilən aksiya əlaqədar polisə dəvət olunub. O bildirib ki, həmin aksiyada saxlanan gənclərdən ikisi ifadəsində deyib ki, onları aksiyaya Əli Kərimli çağırıb. Nazirliyin sözçüsü deyib ki, onlar Sizin evə bildirişi də bu məqsədlə göndəribmişlər, amma qapını açmamısınız. Sizinlə bağlı hansı gənc ifadə verib, bildinizmi?

- Bilmədim o gənclər kimlər idi. Açığı, o informasiyanı heç mötəbər də saymıram. Bu təhrif də ola bilər, yalan da. Bəlkə doğurdan da hansısa gənc mənim çıxışlarımdan ruhlanıb, aksiyaya çıxıb. Amma flaşmob hər hansı qanun pozuntusu deyil. Mən istintaqa da dedim ki, hətta Azərbaycanda da flaşmob qanunla tənzimlənmir. Bu, insanların sərbəst toplaşma azadlığıdır. Flaşmob keçirənlər nə etdilər ki? Sadəcə tələb etdilər ki, Azərbaycandakı vicdan məhbusları, siyasi məhbuslar buraxılsın. Mən istintaqa onu da dedim ki, əslində hər şey YAP-ın, hökumətin mənim evimin qabağında təşkil etdiyi aksiyadan başladı. Nəhayət, Azərbaycanda mənin evimin qarşısında sərbəst toplaşma məkanı yaranıb. Düzdür, bu imkan hələ ki hökuməti dəstəkləyənlər üçündür. Bundan sonra axşam saat 12-də mülkigeyimli, idmançı görkəmində olan adamlar dayanmadan bir saata yaxın mənim qapımı döydülər.

- Əli bəy, Siz bu məsələni də BŞBPİ-yə dedinizmi? Kimlər imiş gecə Sizin qapını döyənlər?

- Mənə dedilər ki, evimizə gələnlər polisin göndərdiyi adamlar olub. Bununla da məsələ aydınlaşdı ki, həmin adamlar polisin adamları imiş. Mən dedim ki, nə ehtiyac var idi gecə vaxtı o qədər adamı bir dəvətə görə mənim evimə göndərirdiz? Aydın məsələdir ki, bu, bir əməliyyat imiş. Amma ən azı mənə aydın oldu ki, gecə evimə gələnlər hansısa quldur dəstəsi deyilmiş.

- Əli bəy, bu gün Polis İdarəsindən gələndən sonra Avropa Parlamentinin üzvü ilə də görüşünüz olub. Bu haqda danışardız.

- Əvvəla orda olanda Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin, konkret ATƏT-in, Avropa Birliyinin, Fransanın, Norveçin nümayəndələri baş verənlərlə maraqlanıblar. «Reuters», «Associated Press», Almaniyanın 1-ci kanalı, başqa bir xəbər agentliyinin əməkdaşları və yerli jurnalistlərimiz, maraqlanan, narahat olan hər kəs ordaydı və məni müşayiət etdilər. Kifayət qədər ciddi bir beynəlxalq diqqət oldu bu məsələyə. Əslində, Azərbaycan hakimiyyəti növbəti səhvini etdi. Yaxşı, Azərbaycanın imici haqqında düşünən hökumət, «Eurovision»un final günündə müxalifət liderini flaşmoba görə istintaqa çağırarmı? Bu qədər skandal yaradarmı? Niyə bunlar bu qədər kobud səhvlər edirlər?

- Bu gün polisə çağırılacağınızı gözləyirdizmi?

- Dünən başa düşdüm ki, mənə qarşı provokasiyalar artıq başlanıb.

- Evinizin qarşısındakı piketdən sonra?

- Bəli, həmin piket xüsusi hazırlanmışdı. Mənim hakimiyyətə zərbələrim sərrast olanda, bunlar tarazlığı itirirlər, başlayırlar məntiqsiz hərəkətlər etməyə. Acıq ağla qalib gəlir və ağılsız hərəkətlər edirlər. Şübhəsiz, BBC-nin hazırladığı film də hökuməti özündən çıxarmışdı, bizim İctimai Palata, AXCP olaraq keçirdiyimiz aksiyalar da səbir kasasını daşırmışdı. Artıq mənə qarşı konkret olaraq kampaniya başladı. Evin qarşısında piket, evə gəlmələr... Bunlar hamısı ailəyə təzyiqdir. Mən onsuz da bu yolu seçmiş adamam, mən heç nədən qorxmuram. Heç nə itirməkdən də çəkinmirəm. Amma ailə üzvləri üçün bu nə deməkdir, təsəvvür etmək olar. Belə bir gecə səfərləri, naməlum adamların israrlı hərəkətləri və ya mənim istintaqa dəvət olunmağım təzyiqin bir formasıdır. O başqa məsələ ki, bütün bunlar hökumətin əleyhinə işləyir. Mən bu gün orda Bakı şəhər Baş Polis İdarəsinin rəisinə, Bakı şəhər prokuroruna da izah etdim, misallar gətirdim. Dedim ki, Şimali Koreyada, Türkmənistanda, Kubada müxalifət yoxdur, orda bizim kimi «destruktiv qüvvələr» də yoxdur. Bəyəm, bütün dünya bilmir ki, orda demokratiya da yoxdur? Niyə başa düşmürlər ki, demokratiyanın olmadığını biz olmasaq da dünya biləcək. Gərək demokratiya olsun ki, dünya da onu görsün. Bu gün Gürcüstanda mitinqlər keçirilir, Türkmənistanda yox. Amma bu o demək deyil ki, Türkmənistanın imici Gürcüstanınkından yaxşıdır. Niyə başa düşmürlər ki, mitinqin, flaşmobun keçirilməsi ölkəni pis təqdim etmir? Ölkəni o pis təqdim edir ki, dünyanın ən korrupsioner hökumətlərindən biri tərəfindən idarə olunur və ya 40 ilə yaxındır ki, ölkə bir ailə tərəfindən idarə edilir. Son vaxtlara qədər bəlkə də kimdəsə illüziya vardı ki, adamları sıxma-boğmaya salsalar, şantaj etsələr, burdakı adamlar danışmasalar, dünyadan həqiqəti gizlədəcəklər. Bəs nə oldu? Bizim 5-10 minlik tirajı olan qəzetlərdən qoruduqları həqiqətləri 5 milyon tirajı olan dünyanın nüfuzlu qəzetlərindən oxuyuruq. Ona görə də absurd işlə məşğuldurlar. Bu, yanlış bir işdir.

- Əli bəy, bu gün Sizə aksiyaların keçirilməməsi ilə bağlı xəbərdarlıq olubmu?

- Əlbəttə. Bu, birinci dəfə deyil. Onlar öz mövqelərini çatdırdılar. Mən də öz mövqeyimi çatdırdım ki, bizim aksiyaların heç biri qanunsuz deyil. Əvvəla, biz İctimai Televiziyanın və Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiyalar keçirmişik. Bunların hər biriylə də bağlı müraciət edib xəbərdarlıq etmişik. Qanun bizdən bunu tələb edir. Biz indi qanunu yox, hər hansı məmurun tələbini yerinə yetirəsi deyilik ki. İkincisi, flaşmob dünyada tənzimlənməyən hərəkətdir, son dövrün siyasi texnologiyaları nəticəsində ortaya çıxıb. Flaşmoba görə gedib kimsə Bakı şəhər İcra Hakimiyyətinə ərizə yazası deyil ki.

- Əli bəy, Sizin polisə çağırılmağınız növbəti addımlarınıza hansısa formada təsir edəcəkmi?

- Heç bir təsir etməyəcək. Mən hüquqşünasam, qanunları da pozmuram. Amma onların dedikləri qanuni deyil. Onların deməsi ki, mitinq etməyin, bu, özü qanunsuzdur. Mübariz insanlara qarşı zorakılıq edən idmançıların, mülkigeyimlilərin hərəkəti qanunsuzdur. Bir nəfəri susdurmaq üçün idmançı görkəmli 4-5 nəfərin zor tətbiq etməsi tətbiqi qanunsuzdur.

- Bu gecə «Eurovision 2012»nin final gecəsində kimə azarkeşlik edəcəksiz?

- Loreen'ə.

- Niyə Loreen'ə? Siyasi açıqlamalarına görə?

- Ondan qabaq da ona azarkeşlik edirdim. Həm oxumağı xoşuma gəlir, həm mövqeyi.
XS
SM
MD
LG