Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:46

Dövlət Departamenti: Korrupsiya ilə mübarizə aşağı və orta səviyyəli məmurları əhatə edir


Foto: Arxiv
Foto: Arxiv
«Hökumətin 2011-ci ilin fevralında başladığı anti-korrupsiya kampaniyası çox aşağı və orta səviyyəli məmurları əhatə edib. Bu kampaniya hökumətin yuxarı eşelonlarına gedib çatmayıb. Hətta yerli mənbələr bildirirlər ki, bəzi aşağı səviyyəli hökumət rəsmiləri rüşvət almağı yenidən bərpa ediblər. İl ərzində rüşvətxorluq və korrupsiya halları ilə bağlı cinayət işləri başlansa da, heç bir vəzifəli şəxs korrupsiya əməlinə görə məsuliyyətə cəlb edilməyib».

ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə və onun nəticələri belə təsvir edilir.

«MÜBARİZƏ YAXŞI APARILSAYDI...»

Bakı sakini Vüqar Qədirov Dövlət Departamentinin hesabatında deyilənlərlə razılaşır. Deyir ki, korrupsiyaya qarşı effektli mübarizə aparılsaydı, həbs olunanların içərisində nazir və ya digər yüksək rütbəli dövlət məmurları da olardı:

«Azərbaycanda korrupsiyasız yaşayış var? Korrupsiyanı yaradan kimlərdir? Hamısı nazirlərdir. Başqa kimdir ki, korrupsiya yaradan? Mən - fəhlə, yoxsa süpürgəçi məşğul olur korrupsiya ilə?».

Həmsöhbət olduğum digər paytaxt sakinləri Vüqar Qədirovla həmfikir olsalar da, ötən illə müqayisədə korrupsiyanın azaldığını deyənlər də oldu:

– Əvvəllər korrupsiya, rüşvət var idi, indi üzləşməmişəm.

- İndi vəziyyət yaxşıdır, mübarizənin xeyli təsiri olub. Ötən bir il ərzində rüşvət, korrupsiya halları ilə üzləşdinizmi?

- Yox, mən üzləşmədim, bu sahədə müsbət nəticələr görürəm.

«YOL POLİSİNDƏ QEYRİ-RƏSMİ CƏRİMƏLƏR ƏVVƏLKİ VƏZİYYƏTƏ QAYIDIB»

Dövlət Departamentinin «Məmur korrupsiyası və hökumət şəffaflığı» bölümündə Azərbaycanın hüquq-mühafizə orqanlarında rüşvətin problem olaraq qaldığı bildirilir. Qeyd olunur ki, ilin əvvəlində rüşvətin azalmasına baxmayaraq, Yol Polisində qeyri-rəsmi cərimələr yenə öz əvvəlki vəziyyətinə qayıdıb.

«YOL POLİSİNDƏ RÜŞVƏTİN OLMASINI GÖRÜLƏN İŞLƏRDƏN MƏLUMATSIZ OLANLAR YAZA BİLƏR»

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Yol Polisi barədə səslənən fikirlərlə razılaşmır. Hesab edir ki, Yol Polisində rüşvətin olmasını ancaq bu sahədə görülən işlərdən məlumatsız olan adamlar yaza bilər:

«Çünki yerində cərimə də yoxdur ki, deyəsən ki, hə, kimdənsə cərimə alınıb buraxıldı.
Foto: Arxiv
Foto: Arxiv
Hələ ki bizə elə bir müraciət də daxil olmayıb bizim əməkdaşlardan ki, kimsə belə hala yol versin. Bu ilin əvvəlində 3 polis əməkdaşı belə bir hala yol vermişdi, onlar da nazirin əmri ilə daxili işlər orqanından xaric edildilər. Onlar barəsində materiallar da prokurorluğa göndərildi».

Dövlət Departamentinin hesabatında korrupsiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin atdığı müsbət addımlara da toxunulur. Qeyd olunur ki, il ərzində korrupsiya qarşı mübarizə kampaniyasında 53 polis əməkdaşı barəsində intizam tədbiri görülüb. 29 polis işdən uzaqlaşdırılıb, 22 əməkdaşın rütbəsi aşağı salınıb. İki nəfərə isə rəsmi xəbərdarlıq edilib.

«KORRUPSİYA BİR AZ DA KÖK ATIR»

Sahibkar Rafiq Əliyev də deyir ki, ötən illə müqayisədə ölkədə korrupsiya daha da dərinləşib, bir az da kök atıb. Sahibkar bu ilin yanvarında Türkiyədən gətirdikləri 5 maşın plastik borunu hələ də sərbəst satışa çıxara bilməmələrini birbaşa korrupsiya ilə əlaqələndirir:

«Yanvarın 21-də yük Azərbaycana gəlib. Bizdən hər bir maşına 15 600 manat rüşvət tələb olunub. İstənilən pulu vermədiyimiz üçün yükümüz hələ də buraxılmayıb».

KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ MƏMUR MÜQAVİMƏTİ

Vasif Mövsümov
Vasif Mövsümov
Korrupsiya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə ötən bir il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində az iş görülmədiyini deyir. O, korrupsiyaya qarşı mübarizə ilə bağlı bəzi qanunlara əlavə və dəyişikliklər edildiyini, dövlət orqanlarına müəyyən tapşırıqlar verildiyini bildirir.

Vasif Mövsümov atılan addımlara rəğmən korrupsiyanın mövcudluğunu məmur müqaviməti ilə izah edir:

«Bu gün də adamlar rüşvət və korrupsiya halları ilə üzləşmələrindən şikayət edirlər. Regionlarda yenə də sahibkarlardan abadlıq işlərinə məcburi pul yığılır, ünvanlı sosial yardımların pulla verilməsi barədə bizə yenə də şikayətlər gəlir. Bu, onu göstərir ki, qəbul olunan qanunlar, verilən sərəncamlar güclü məmur müqaviməti ilə üzləşir».

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterling bu günlərdə AzadlıqRadiosuna müsahibəsində deyib ki, korrupsiya ilə mübarizə hökumətlərin necə işlədiyini, hökumətin necə təşkil olunduğunu göstərir. Hökumətin öz fəaliyyətini daha səmərəli həyata keçirməsi üçün müəyyən struktur dəyişikliklərinin baş verməsi labüddür. Sterlinq bildirib ki, ABŞ hökuməti Azərbaycana həm siyasi dəstək, həm də texniki yardım göstərməyə hazırdır.
XS
SM
MD
LG