Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:49

Azad Qaradərəlinin 20-liyə düşməyən hekayəsi


Azad Qaradərəli
Azad Qaradərəli
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib:

Azad Qaradərəli

Özündən gözəl


Od adamın ürəyinə düşməsin, düşsə də gərək elə yerdən düşsün ki, yanığın yeri çox da dərin olmasın. Yoxsa, olasan yeniyetmə çağında, hələ babat əyin-başın, pulun-paran yox, bir də gördün bir gözəl çıxdı bu yandan, vurdu keçdi sinənin üstündən – elə bil qəfil tindən çıxan qatar vurur səni.

Yazla yayın arasıydı. Mən uşaqlığımla yeniyetməliyimin təhvil-təslimini çox ağır keçirirdim. Bu il ilk dəfə anama “yox” demişdim: saçımı dibdən ülgüclə qırxmağa qoymamışdım. İnsafən, heç o da bərkin tutmamışdı.

Hər gün evdən çıxanda divarımızdan asılmış yanları rəngli taxtadan olan iri güzgümüzün qabağında dayanar, saçımı gah tüpürcəklə, gah da kərə yağla parıldadıb anamın əyri saç darağıyla darayardım. Neçə illər ərzində ilk dəfə özümün özümdən xoşum gəldi. Anamın da xəlvətə salıb fəxrlə mənə baxdığını görəndə bildim ki, deyəsən, babat oğlan olmuşam.

Yeddini bitirib səkkizə keçmişdim. Özüm də zarafat deyil, əlaçıydım. Məktəbdə başıma and içirdilər. Bütün olimpiadalara məni göndərirdilər.

Nəysə, saçımı darayıb anamın darağını yerinə qoymuşdum ki, yanağımda sıralanmış üç xal diqqətimi çəkdi. Hələ üzümə ülgüc dəyməmişdi, amma bu xalların üstündən eyzən saçımın rəngində olan xurmayı tüklər çıxmışdı. Qayçımızı götürüb bu uzanmış tükləri kəsdim. Xallarım indi üzümə bir yaraşıq verirdi ki! Amma kəsilmiş tüklərin ucları aşkarca görünürdü.

Babamın bir dəfə “filankəs yaxşı oğlandı, amma zənənə gözəlliyi onu xarab eləməsə yaxşıdı – günü güzgünün qabağında keçir” deməsi, yadıma düşdü və özümün özümdən zəhləm getdi. Üzümü güzgüdən çevirib tülyan çölə çıxdım.

Bayırda isti idi. Mənim isə əynimdə hələ də bambazı qollu köynək vardı. Uşaqların “teniska” dedikləri qolsuz yay köynəyim isə yox idi. Bu köynək məsələsi də qanımı lap qaraltdı. Kefim pozulan kimi oldu. Əlimi yelləyib “əh” dedim və endim çaya tərəf.
İri çay daşıynan hörgüləyib qandalla, ot-əncərlə qabağını kəsdiyimiz göləyin yanındakı söyüdlükdə uşaq əlindən tərpənmək olmurdu. Göləyin bir az aşağısında qızların çimişdiyi gölməçə kimi vardı ki, biz hərdən kolların dalında gizlənib onlara tamaşa edərdik. Əslində, qızlar elə paltarlı çimərdilər, amma onlar yaş donlarıyla sudan çıxanda nazik yaş don onların bədəninə elə yapışardı ki, sanasan lüt idilər. Bədənlərinin bütün cizgiləri görsənərdi. Bu zaman mənim onların ən çox donlarının altından pırtlayıb çıxan giləsi bir az qaramtıl döşlərinə baxmaqdan yana ürəyim gedərdi.

Göləyimizin qırağına çatmağa hələ vardı. Mən adətən elə yarı yolda başlayardım soyunmağa. İndi yenə bu istidə bədənimi dalayan bambazı köynəyimin düymələrini açmaq istəyirdim ki, iki qızın Güləhmədin O tayı dediyimiz yerdən mənə tərəf gəldiklərini gördüm. Soyunmağıma ara verdim. Birini, nisbətən hündürboylunu tanıyırdım. Amma o birini ilk dəfə görürdüm.

Ağzımı açıb onlara baxırdım. Əslində, tanımadığım qıza heç fikir vermirdim, gözüm hündür boyludaydı. Adı Şahbəyim olan bu qızgilin ailəsi qəsəbədə yaşayırdı. Hərdən ailəlikcə yığışıb kəndə gələrdilər. Bu qıvrımsaç, hündürboy (ax bu “hündür boy”, mən sənə nə deyim axı... heç məni özünə yaraşdırmadın ki... elə balaca boyuma görə neçə qıza olan sevgimi ürəyimdə boğdum..). qızı hər dəfə görəndə məni “qatar vururdu”. Özü də təkcə elə-belə vurmurdu ki... Qatar vurub yıxandan sonra təkərlərinə ilişdirib ardınca da sürüyərdi leşimi... Hesabnan gərək mən çoxdan ölmüş olaydım. Amma biz tərəflərdə deyildiyi kimi, çox siyapır adammışam. Ölüm nədi? Bude, durmuşam qabaqlarında hüdü-hüdü baxıram, ayı armuda baxan kimi.

Şahbəyim yanındakı qızı dürtmələyib məni göstərir və qaqqıldaşıb gülüşürlər. Dalağım sancır ki, deyəsən, bambazı köynəyimə gülürlər. Axı bunlar da namnazik, kimono dondadırlar. Mən isə Həsənalı kimi vağzala qar yağdırmışam. (Bizim rayonda bir radiojurnalist vardı Həsənalı adında. Hər dəfə hava haqqında məlumatı oxuyanda qar-çovğundan söz salmasa olmazdı. Evi vağzal tərəfdə olduğundan deyərdilər: yəqin vağzala qar yağıb, xəbərimiz yoxdur. Uşaqlar isə səs-səsə verib oxuyardılar: “Arvadın qız doğub, Həsənalı, Vağzala qar yağıb, Həsənalı..”).

Mənə lağ eləməsini düşünüb bunları saymamağı qərara aldım və qəfil geri çönüb nəyisə yerdən götürürmüş kimi aşağı əyildim. Bu vaxt Şahbəyim sehrli səsiylə dedi:

- Murad!

Ağzım nəydi bu adamı yaralayan səsin qabağında duruş gətirəm, geri qanrılmayam. Döndüm və ikisini də düz qabağımda – bir addımlığımda gördüm. Şahbəyimi belə yaxından gördüyüm olmamışdı. Namərdin qızı özündən gözəl idi. Hə, hə, həm özündən – Şahbəyimdən gözəl idi, həm də özünün yeri gözəldi. Bu ikinci deyəsən, bir az mücərrəd çıxdı. Bax, bizdə deyərlər, filan parçanın özündən gülləri var. Yəni gülü özündəndi, qurama, yapma deyil. Bax, bu yanmış Şahbəyimin də gülünün gözəlliyi özündən idi... Özündən gözəldi.

- Ay Murad, o saçına çəkdiyin nədi heylə? De, biz də çəkək də. Vallah yaman qəşəng eliyib səni. Adamın tamahı düşür.

Hirslə çiynimi çəkdim.

- Yeri, aaz, bah...

- Aaz bacındı, ə!- bunu da o deyib getmək istədi və birdən üzümə zəndlə baxdı, qəşş eləyib güldü, gülə-gülə dedi:

- Ay Murad, sən üzünü qırxmısan? Ə, sən yekə kişi olmusan ki! Hi-hi!

Allah-allah! Bu gülüşün qabağında duruş gətirmək bilirsən mənə nəyə başa gəldi? İçim uçdu-töküldü. Divarın sementi az olmuş təzə suvağı nə təhər ağnayıb tökülər, bax elə içim uçmuş, ağnamışdı. Az qalırdım yalvaram ki, bəsdi, daha gülmə. Və bu vaxt elə bu haray-həşirin içində gözüm o biri qızı aldı. Şahbəyimdən bir qarış aşağı olsa da, (elə mən boydaydı) indicə baxıb gördüm ki, heç də gözəllikdə Şahbəyimdən geri qalan deyil. Deyəsən, onun da gözü indicə məni almışdı. Qəfildən irəli gəldi, əlini yanağımdakı xallarıma çəkib nəvazişlə dedi:

- Az, Şahbəyim, sən allah bu ölmüşün xallarına bax, e... Uyyy, mama! Aaz, bu bilirsən nə oğlan olacaq? Heyf kj, yaşı azdı... Yoxsa...

(Qızlar elə mən yaşda olardılar, ya bəlkə məndən bir yaş böyük olardılar)

“Hə, nə yoxsa?”- az qaldım qışqıram.

- Bizimlə bir az çay qırağında gəzərsən? Mən qonağam, sizin də oğlanlar yaman sırtıqdılar... Yanımızda oğlan olmasını istiyirəm...

Şahbəyim mənə əməlli-başlı ilişməyə başlamışdı:

- Aaz, o nə qanır gəzməyi-zadı? Kəççi şeydi... Görmürsən, bizə nə təhər ağzıayrıx baxır?

Dilim açılmışdı. Gücənə-gücənə dedim:

- Niyə qanmıram? Sizinlə haracan desaız gedərəm... Bircə heylə gülmüyün, onda mən... zad oluram... şey oluram...

Yenə qaqqıldaşdılar. Amma qonaq qız gözlərini məndən ayıra bilmirdi. Elə deyəsən, mən də ona vurulmağa başlayırdım yavaş-yavaş. Üzünü mənə tutub şirin-şirin dedi:
- Murad, nolar, bax o bağda turş alça var. Nə qədər elədik, yığa bilmədik ki, duzlayıb yeyək... Gedək bizə bir az alça dər...

Təzə qızdan təptəzə bir söz eşitdim və yadımda saxladım: “Dər”. Bu bizim kənddə işlənməyən sözdü.

Şahsənəm kimi olmasa da bu qızda bir ayrı ovsun vardı. Məni tamam sehrləmişdi. Başıma ip salıb hara istəsə apara bilərdi.

Bude, alçanın düz təpəsindəyəm. Qızarmışlarından, saralmışlarından “dər”ib yerə tökürəm. Bu vaxt qız aşağıdan yuxarı baxa-baxa dedi:
- Mən də ora istəyirəm!
Mən qəti etiraz elədim:
- Olmaz, sən bura çıxa biməzsən... Alçanın tikanları olur, ətinə batar...
- İstəyirəm!
O, ayağını yerə döyüb ağlamsındı. Ürəyim dözmədi. Aşağı enib ağaca çıxmasına kömək elədim. Şahbəyimin də etirazı bir fayda vermədi. Qız çətinliklə də olsa ağaca çıxa bildi. Elə də böyük olmayan alçanın yarpaqları meyvələrlə birləşərək deyəsən bizi gizlədə bilirdi. Qız birdən pıçıltıyla dedi:

- Oyyy, mən qorxuram! Tut məni, indicə yıxılacam...

Onun biləklərindən ikiəlli tutdum. Bu vəziyyətdə nə qədər qaldıq, bilmirəm. Daha alça-filan da yada düşmürdü. Qız birdən sinəmə sığındı, üzünü üzümə söykədi. Sonra dodaqları dadaqlarıma toxundu və biz öpüşməyə başladıq (Əslində o öpür, mən də yamsılayırdım. Nə bilirdim axı öpüşmək nədi? Bir də ağacda yarpaq əsən kimi əsirdim).
Bir az sonra aralanıb bir-birimizə baxmağa başladıq. O astadan pıçıldadı:

- Adım Nəhayətdi. Hamı Nata deyir. Sən də elə de. Onda xoşum gəlir. Şahbəyimgilin kirvəsinin qızıyam. Səni öpdüyümü heç kimə demə.

Mənim isə bu qıza baxa-baxa başım gicəllənirdi. Yox, bu daha qatar vurmaq məsələsi deyildi. Qatar vurur, bir az da ardınca sürüyür, çıxır gedir... Bu ayrı məsələdi. Elə bil iri bir quş gəlib səni alıb caynağına, qaldırıb göyün yeddinci qatına... Qalmısan gicəllənə-gicəllənə. Əllərini havada oynadırsan, əlinə boş buluddan başqa heç nə keçmir... Mən nə danışıram, e!? Nə bulud, nə filan? Bude, əlimi qoltuğunun altından salıb qızın döşlərini tutmuşam. Heç dartınıb eləmir, deyəsən xoşu gəlir. Lap ürəklənirəm. Kimono donunun döşünə yaxın tərəfindən əlimi içəri salıram və elə bil əlim közə dəyir.
Sevişməyə yer qəhətdi səni allah?! Huşumuz onsuz da çıxıb başımızdan, indicə dəyəcəyik yerə... Mən cəhənnəm, bu gül parçası qıza bir şey olsa...

Şahbəyim aşağıdan nəsə deyir. Amma indi onu eşidəcək halda deyilik.
Qızı sinəmə sıxıram. Dik döşləri bambazı köynəyin üstündən sinəmi yandırır. Bu dəfə mən onu öpürəm. Sonra döşlərini...

Özümün də özümdən xoşum gəlir. Qız bir az da mənə sığınıb kədərli-kədərli pıçıldayır:
- Mənim istədiyim oğlan məni atıb, başqasıynan gəzir... Mən də onun acığına səni öpdüm...

Ayağımın altından budağı elə bil kimsə çəkdi. Deyəsən, o iri quş məni caynağından buraxmışdı. Təpəsi üstə yerə gəldim. İncəvara yarıyolda qanadlardan tuta-tuta dəydim yerə və nə isə bərkdən şaraq elədi. İsti-isti bir şey qanmasam da, sonra bildim ki, sağ qolum dirsəkdən sınıbmış...

***

Qəfil titrəyişdən diksindim. Zəng səsindən acığım gəldiyinə görə, telefonumu silkələnməyə qoymuşam. Oymuş məni tərpədən.

- Hə, Muraddı. Nə? Vay səni! Heyf, heyf... Elə gözəli yer necə götürəcək?
Əmioğludu zəng eləyən. Deyir Şahbəyim ölüb. Şəkəri varmış. Sümürüb, bir dəri, bir sümük qalıbmış...

Yenə ayağım yerdən üzülür. Otuz il qabaqkı kimi o quş məni caynağına alıb aparır göyün üzünə. Sağ qolumun bir zamanlar sınan sümüyü sancır. Elə bil nə isə tutub dilimi içəri çəkir, özümü güclə ələ ala bilirəm. Daha doğrusu, başqa bir əl uzanıb məni o boşluqdan çəkib çıxardır. Bu, Nəhayətin əlidir. Bir anlığa gəlir və işini görüb ilğım kimi öləziyir, yox olur. Lap yuxu kimi.

Nəhayət... Nata... indi yaxşı işdədi – bərkgedən bir nazirlikdə şöbə müdiridir. Əri varlı adamdı, gərək ki, əlvan metal biznesi ilə məşğuldur. Öyrənmişəm: o vaxt onu atıb başqasıyla gəzən oğlanla sonralar barışıb, evləniblər.

O uşaqlıq çağındakı əhvalatdan sonra iki-üç dəfə rastlaşmışıq. Bu yaxınlarda mətbuat konfransında yenə gördüm onu. Elə həmənki Nəhayətdi, heç dəyişməyib. İşlədiyim qəzetdən bu mətbuat konfransına başqası gəlməliydi, xahiş eləmişdim ki, məni göndərin. Gözü məni bir o qədər adamın içində aldı və o andaca gözlərini yumub-açdı. Bu yəqin ki, “salam” demək idi. Mənə “dərməy”i öyrədənin salamı.

***

Yazağzı şəhərdən baş götürüb harasa getməyim gəlir. Lalə, gül-çiçək, hələ sarfa olan alçanın ala-çağala vaxtları heç dura bilmirəm bu axta şəhərdə. Yenə gəlib çıxmışam Şamaxı çöllərinə. Bura bizim tərəflərə çox oxşayır axı. Düzü-dünya gülə-çiçəyə bürünüb. Lalənin elə vaxtıdı ki, göbəyindəki nəşədənmi, yoxsa qanavız rəngindənmi başım gicəllənir. Alçalar da elə çiçəkləyib, guya bir də əllərinə bu fürsət düşməyəcək. Nənəmin sözü yadıma düşür: “Elatın ən gözəl gəlini cavan ölmüşdü, yaylaqda həmən il lalə, ələyiz gülü həşəm olmuşdu”.
XS
SM
MD
LG