Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:40

Beynəlxalq Dunay Karnavalına ilk dəfə Azərbaycan da qatılacaq


Foto: Arxiv
Foto: Arxiv
İyunun 10-dan 17-nə qədər Macarıstan paytaxtında sayca 17-ci olan ənənəvi Beynəlxalq Dunay Karnavalı keçiriləcək.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidməti verib.

Xəbərdə bildirilir ki, Çin, Hindistan, Ukrayna, Türkiyə, Çexiya, Slovakiya, Polşa, Rumıniya və Macarıstandan gəlmiş 300 nəfərdən çox sənət adamı bir həftə müddətində tələbkar macar tamaşaçıları qarşısında çıxış edəcək.

Dünya miqyaslı bu musiqi və mədəniyyət bayramına Azərbaycan sənətçiləri ilk dəfə olaraq qatılacaq.

Beynəlxalq Dunay Karnavalında Azərbaycanı Gəncə Filarmoniyasının «Göygöl» mahnı və rəqs ansamblı, həmçinin Azərbaycan Dövlət Mahnı Teatrının solistləri təmsil edəcəklər.

Karnaval günlərində tamaşaçılar folklor musiqisini, klassik, müasir və simfonik musiqini dinləmək imkanı qazanacaq, rəqs qruplarının ifasında milli və ekzotik rəqslərə, folklor oyunlarına tamaşa edəcəklər.

Budapeştin mərkəzindəki məşhur tarixi körpünün adını daşıyan Ceyn Bric beynəlxalq folklor rəqsləri yarışması təşkil olunacaq, qaliblər mükafatlandırılacaq.

Dunay karnavalı iyunun 17-də Margit adasındakı Açıq hava teatrında minlərlə tamaşaçının iştirak etdiyi yekun konsertlə tamamlanacaq.

Azərbaycanlı sənətçilər də digər ölkələrdən olan həmkarları kimi 7 gün ərzində Macarıstan paytaxtının müxtəlif tarixi yerlərində təşkil olunan konsert proqramlarında çıxış edəcəklər.

Xəbərdə vurğulanır ki, Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə iyunun 12-də Budapeştin mərkəzindəki «Duna Palota» sarayında ayrıca «Azərbaycan gecəsi» keçiriləcək.

Diplomatik korpus təmsilçiləri və Budapeşt ictimaiyyətinin nümayəndələrindən ibarət bir neçə yüz tamaşaçı karnaval çərçivəsində Azərbaycan oyun havaları və rəqsləri ilə daha yaxından tanış ola biləcək.
XS
SM
MD
LG