Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:41

"O tərcümələri orijinalla tutuşduranda adam xəcalət çəkir"


Etimad Başkeçid (sağda) və Cavid Zeynallı
Etimad Başkeçid (sağda) və Cavid Zeynallı
...Başqası yumurtlayanda onun əvəzinə qaqqıldayan adama tənqidçi deyirlər.

Bunlar kiməsə yarınmağa, yaltaqlanmağa çalışan, layiq olmayan adamı göylərə qaldıran adamlardır...



Şair, nasir Etimad Başkeçidin "Oxu zalı"na müsahibəsi


- Etimad bəy, bu günlərdə “Min yol mənə söylər...” adlı yeni kitabınız işıq üzü gördü. Amma bundan əvvəl “Divlərin yürüşü” haqqında anons vermişdiniz...

- “Divlərin yürüşü” adlı romanımı bir neçə il öncə yazmağa başlamışam. Nədənsə, bu əsər ağır getdi, sonra lap dirəndi, qoydum qırağa. “Min yol mənə söylər...”i yazmağa girişdim və bitirən kimi dərc etdirdim.

Bu əsər qarışıq zamanda – yəni 90-cı illərdə bir Azərbaycan tələbəsinin Moskvadakı həyatı haqqındadır.

Rəsmi statistikaya görə Rusiyada üç milyona yaxın Azərbaycanlı yaşayır və düşünürəm ki, onların həyatı haqqında bir roman yazılmalıydı.

Düzdür, qarşıma məqsəd qoymamışdım ki, məhz onlar haqda yazacam, amma hər halda belə alındı.

- Məncə, bu təbiidir. Siz uzun müddət Moskvada yaşamısınız...

- Nə az, nə çox – düz 20 il Moskvada yaşamışam. Orda qəzetdə işləyirdim. Rusiyada yaşayan Azərbaycanlıların həyatları haqqında kifayət qədər məlumatlı adam sayıram özümü. Orda bizim bildiyimiz və bilmədiyimiz çoxlu faciəvi hadisələr olub. Bu, bir millətin başına gələn hadisədir. Mən də bu haqda yazmağa çalışmışam.

- Millətin başına gələn faciələrdən yazmısınız, amma müsahibələrinizdə Rusiyada keçən günlərin xiffətini çəkən adam təsiri bağışlayırsınız. Yoxsa səhv edirəm?

- (Düşünür) Bilirsən, keçmişin xiffətini çəkmək insan üçün xarakterikdir də. Adam yaşlaşdıqca “bizim vaxtımızda beləydi...” qənaətindən yaxa qurtara bilmir. Bu, min illərdi var. Mən Rusiyada ömrümün çox gözəl illərini yaşamışam. Güzəran qayğıları ilə üz-göz olmamışam, ehtiyac üzündən sevmədiyim işin əzabını çəkməmişəm. Rusiyada insan əməyi nisbətən adekvat qiymətləndirilir. İndi baxanda o günlərin xiffətini çəkməyə dəyər. Azərbaycanda insanlar necə yaşayırsa, mən də onlardan biriyəm. Məsələn siz – həyatınızdan çox razısınızsa, mən də sizin qədər razıyam.

- Mən həyatımdan razı deyiləmsə, bunu hansı məntiqlə sizə aid etmək olar?

- Bəli, bunun mənə birbaşa dəxli var. Çünki cəmiyyət vahid orqanizmdir. Bir yeri ağrıyırsa, mütləq digər orqanlara da pis təsir edəcək. Düzdür, başının ağrısını bilməyən adamlar var, özlərini dünyanın xoşbəxti bilirlər. Kitab üzü açmayan, qarnını doyuzdurub özünü bəxtəvər sanan adamlarla çiyin-çiyinə yaşayırıq biz. Yəni bitki və heyvan ömrü yaşayan adamları bura şamil etmək olmaz. Oxumayan adamları bədbəxt sayıram.

- Bəlkə kitab üzü açmayan insan özünü sizdən min qat xoşbəxt sayır, bəs onda? Yəni burda subyektivlik var...

- Xeyir, subyektivlik-filan yoxdur. Əlbəttə, bizim əlimizdə yunan miflərində olan tərəzi
Etimad Başkeçid
Etimad Başkeçid
yoxdur ki, ölçüb nəticə çıxardaq. Bizim dəyərləndirmə kriteriyalarımız var, zövq, təcrübə, ənənə... Bunlar hamısı əsas şərtdir. Bizim çox-çox öyündüyümüz, fəxr elədiyimiz mentalitetimiz cəmiyyətimizin ən böyük problemidir. Bu söz nə deməkdir, mən hələ də başa düşə bilmirəm. Toylarımız da, yas yerlərimiz də, ayinlərimiz də elə bil, bizim boynumuza ölçülən buxovdur. Mentalitetin ağırlığı Azərbaycan insanını ürəyi istəyən kimi yaşamağa, yaratmağa imkan vermir. Dünyəviləşmək lazımdır. Yüz ildir bu deyilir, yazılır amma dəyişə bilmirik də, qardaş!

- Niyə özünüzü “Əli aşından da, Vəli aşından da olan adam” hesab edirsiniz?

- Azərbaycanın mütləq əksəriyyəti bu vəziyyətdədir. Bunu dramatikləşdirmək, faciəvi don geyindirmək lazım deyil, amma böyük mənada bəli, bu haldayıq. İstəyərdim ki, yalnız ədəbiyyatla məşğul olum, amma bu mənim həyatımda yalnız arzu olaraq qalır. Ev-ailə qayğıları, məişət, gün-güzəran... bunlar insana əzab verir. Yəni sən bacardığın bir işlə ürəyin istəyən kimi məşğul ola bilmirsənsə, deməli, halımız yaxşı deyil.

- Tərcüməçiliyi də “qara iş”lərə aid etmək olar?

- Əlbəttə! Tərcüməçilik qədər əzablı və xeyirsiz bir iş yoxdur. Tərcüməni beş-üç manat üçün edirəm. Yəni bu, qara fəhləlikdir. Bir var, sən ürəyin istəyən əsəri götürüb tərcümə edirsən, ...

- Məsələn, “Süddə çəpiş”i...

- Yox, bu əsəri deməzdim, amma Stiven Kinqin “Ölü zona” əsərini məmnuniyyətlə tərcümə etdim. Yuri Palyakov o qədər də böyük sənətkar deyil, amma Azərbaycan oxucusuna bu imzanı tanıtmaq lazım idi. Bir də var, adam ədəbiyyata və sənətə dəxli olmayan şeyləri tərcümə etməyə məcbur olur. Bu, artıq faciədir.

- Kitabınızı öz hesabınıza nəşr etdirmisiniz?

- Şahbaz Xuduoğlu təklif etdi ki, kitabı “Ən yeni ədəbiyyat” seriyasından nəşr edək, amma onun şərtləri ilə razılaşa bilmədim. Müəllifə cəmi on kitab verir, yerdə qalanı satışda olur. Bu onun biznesidir, özü bilər. Elə adamlar var ki, məndən kitab istəyəndə “get, mağazadan al”, deyə bilmirəm. Elə bu üzdən də kitabı öz hesabıma nəşr etdim.

- Sizcə, adamlara pulsuz kitab paylamağın vaxtı keçməyibmi?

- Əslində, doğru deyirsən, razıyam. Amma bizim bu “gözəl” mentalitetimizin üstündən keçə bilmirik də. Şahbaz bəy əslində düz edir, mən onu qınamıram. Əvvəl-axır kitab almaq mədəniyyəti formalaşmalıdır. Amma... İndi durub Əkrəm Əylisliyə necə deyim ki, get, mənim kitabımı al oxu. Mən ona hədiyyə etməliyəm də!

- Məncə Əkrəm Əylislinin özü də müftə kitab “tələb” etməz...

- O istəmir, amma mənim Əkrəm Əylislinin rəyinə ehtiyacım var. İstəyirəm, ədəbiyyata doğru-dürüst qiymət verən adam kimi mənim kitabımı oxusun. Yaxud mən Kamal
Abdullaya deyim, kitabı mağazadan al, bu yaxşı çıxmır, axı. Ətrafımda belə-belə çoxlu adamlar var. (gülür) Məcburam.

- Kitabınızın reklamı ilə məşğul olursunuz?

- Bizim insanlar reklamı doğru-dürüst dəyərləndirə bilmirlər. Üzr istəyirəm, elə bilirlər reklam nəyisə camaata soxuşdurmaq vasitəsidir. Mən heç bir kitabımın təqdimatını keçirməmişəm və belə bir fikrim də yoxdur. Təqdimatlarda çox iştirak etmişəm. Kitabın üzünü açmamış adamlar yığışır ora, boğazdan yuxarı boş-boş üyüdüb tökürlər, sonra da ya Allah, dağılışıb gedirlər. Kitab yaxşıdırsa, oxucu onu mütləq tapıb oxuyur. Bunu üçün yığıncağa ehtiyac yoxdur. Kitabım bir neçə gündür çıxıb, artıq 24 nüsxə satılıb. Hər halda bu başlanğıc üçün pis nəticə deyil. Yavaş-yavaş satılacaq. Satılmasa da, dursun orda! Yüz nüsxəsini dost-tanışa pulsuz paylayacağam.

- Yazdığınız mətnə arxayınsınızsa, Əkrəm Əylislinin kitabınızı əldə edib oxumasından niyə nagümansınız?

- Əkrəm Əylisli qoca kişidir, dostumuzdu, iş-güclə uğraşan adamdır. İndi necə deyim “davay”, get mənim kitabımı al, bu, düz çıxmır. Bəlkə alıb oxuyacaq, amma kitabı öz əlimlə versəm, arxayınam ki, oxuyacaq. Yenə deyirəm, istəyirəm o mənim romanımı oxusun.

- Etimad bəy, “Oxu zalı”nda tərcümə məsələləri ilə bağlı Seyfəddin Hüseynlinin yazısının 1-ci hissəsi olunub. Nəriman Əbdülrəhmanlının və Əlisa Nicatın tərcümələrindən məlum oldu ki, bu işlərdə vəziyyət ürəkaçan deyil? Razısınızmı?

- Azərbaycanda tərcümə məktəbi yoxdur. Əslində, tərcümə bir elmdir. Ədalət naminə deyək ki, son illərdə bu istiqamətdə müəyyən işlər görülüb. Bu yaxınlarda Bakı Slavyan Universitetinə MDB ölkələrindən tərcüməçilər gəlmişdilər. Onların danışıqlarından başa düşdüm ki, biz şükürlüyük. Onlarda tərcümə məsələlərində tam bir başıpozuqluq var. Rusiyanı, Ukraynanı demirəm, amma digər ölkələrdə vəziyyət bərbaddır. Sovet dövründə olan tərcümələri orijinalla tutuşduranda adam xəcalət çəkir. Yazıçının mətni tamam başqadır, bunlar götürüb ağızlarını gələni yazıblar. Sovet dövründə olan tərcümələrin çoxu üzə çıxarılası deyil. Biz 150-cildlik dünya ədəbiyyatının nəşrində o vaxtkı qüsurları düzəltməyə çalışırıq.

- Eşitdiyimə görə, “Martin İden”in tərcüməsi zamanı on səhifəni mətndən çıxarıblar....

- O dövrdə nəşr olunan əsərlərin uğurlu hissələri də var. Amma böyük əksəriyyətini olduğu kimi çap etmək olmaz. Sovet dövründə yaxşı qonorar olduğu üçün tərçüməçilər kitabı tələsik təhvil verib pullarını alırdılar. Bu kitabları, tərcüməçiləri qaralamaq fikrində deyiləm, amma fakt faktlığında qalır. “Martin İden”lə bağlı məsələni xatırlayıram, Salam bunu mənə demişdi. Sonradan biz mətni tam olaraq bərpa etdik.

- Siz həm də tərcümə nəzəriyyəsi kafedrasının müdirisiz...

- Müdiri idim... Universitetdə vəzifə daşımaq çox ağırdır. Səhərdən axşamacan işdə olmalısan, proqram tərtib etmək, iclaslarda çıxış etmək çox ağırdı. Bu mənim həyat tərzimə uyğun deyil. Kamal müəllim sağ olsun, istəyir məni başqa vəzifələrə keçirsin, amma... Gərək ömrünü-gününü orda çürüdəsən və o qədər də yüksək maaş yoxdur. Burda gizli bir şey yoxdur, dövlət unversitetlərində maaş azdır.

- 300-400 manat...

- 400 manat olsa, papağımı göyə ataram. Nələrləsə uğraşmaq lazımdır. Ev-eşik var, xeyir-şər yerləri, dolanışıq... Ona görə əlavə işlərlə məşğul oluram.

- Yeni nəşr olunan romanlardan hansıları oxumusunuz?

- Hansılar var? Xatırlaya bilmirəm...

- Oxumusunuzsa, hər halda xatırlamalısnız...

- Şərif Ağayarın, Qan Turalının, Aqşinin, üzünə demək olmasın, sənin romanını oxudum və xoşuma gəldi. Bu adamlar Azərbaycan ədəbiyyatının gələcəyidirlər. İndi romanlar çox yazılır, ona görə hamısını izləyə bilmirəm.

- İndi hamı tənqiddən, tənqidçilərdən narazılıq edir. Sizi necə, narazılar ordusundan hesaba almaq olar?

- Bir dəfə demişdim, qoy təkrar edim. Başqası yumurtlayanda onun əvəzinə qaqqıldayan adama tənqidçi deyirlər. Bunlar kiməsə yarınmağa, yaltaqlanmağa çalışan, layiq olmayan adamı göylərə qaldıran adamlardır. Tənqid sözünü özümə yaxın buraxmıram.

- Sizin haqqınızda kimlər yazıb?

- Çox adam yazıb. Mənim aləmimdə zövqünə inandığım yazıçının sözü, tənqidçinin sözündən çox-çox yuxarıda dayanır. Kamal Abdulla, Əkrəm Əylisli, Mövlud Süleymanlı haqqımda yazıblar.
XS
SM
MD
LG