Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:31

H. Clionton: «Hökumət demokratik yolla ötürülməlidir»


Gürcüstan prezidenti Mikheil Saakashvili ABŞ Dövlət katibini Hillary Clintonla görüş zamanl. Batumi 05 iyun 2012
Gürcüstan prezidenti Mikheil Saakashvili ABŞ Dövlət katibini Hillary Clintonla görüş zamanl. Batumi 05 iyun 2012
İyunun 5-də Batumidə mətbuat konfransı zamanı ABŞ Dövlət katibinin əsas vurğuladığı məsələlər - 2012-ci ilin parlament və 2013-cü ilin prezident seçkiləri olub. Onun fikrincə qarşıdan gələn seçkilər Gürcüstan üçün demokratiyanın inkişafı, beynəlxalq nüfuzunun gücləndirilməsi və təhlükəsizliyi baxımından bir imkandır.
Bu payız Gürcüstanla sərhəddə «Qafqaz-2012» hərbi təlimləri zamanı Rusiyanın Gürcüstana müdaxilə etmək ehtimalı ilə bağlı suala cavab verən Hillary Clinton bildirib ki, gürcü xalqı və hökuməti payızda daha mühüm məsələni həll etməlidir.
HƏLLEDİCİ MƏSƏLƏ: SEÇKİ
«Bəli, hərbi manevrlər keçiriləcək. Ancaq payızda daha vacib hadisə Gürcüstanın özündə olacaq. Gürcü xalqı səs verəcək. Bütün dünyaya çatdırılası bundan sanballı ismarıc təsəvvür etmirəm. Biz yanınızda olduğumuzu təsdiq etmək üçün Gürcüstan hökumətinə konsultasiya verməkdə davam edirik. Ancaq həlledici məsələ başqa ölkələrin hərbi təlimləri yox, Gürcüstandakı seçkilərdir».
Mətbuat konfransı zamanı bildirilib ki, seçkilərə kimi Gürcüstana uzunmüddətli müşahidəçilər gələcək. Bu təşəbbüs barədə prezident Mikheil Saakashvili jurnalistlərə deyib:
«Düşünürəm ki, konqresmenlər, senatorlar və Avropa Parlamentinin üzvləri gələcək. O insanlar ki, onları ələ almaq, onlara hədə-qorxu gəlmək mümkün deyil. Onlar bizim də planlaşdırdığımız kimi ədalətli, şəffaf seçkilərin keçirildiyini təsdiqləyəcəklər. Və kənardan daxildəki vəziyyəti manipulyasiya etmək istəyənlərə, Gürcüstanı haqq yolundan çıxarmaq üçün provokasiyalara əl atmağa imkan verməyəcəklər».
H.CLİONTON MÜXALİFƏTLƏ GÖRÜŞÜB
Hillary Clinton
Hillary Clinton
Hillary Clintonun Gürcüstanı dəstəkləməsi ilə bağlı fikirlərini hökumət, qeyri hökumət sektoru ilə yanaşı müxalifət qüvvələri də dəstəkləyir. Dövlət katibi «Xristian –Demokratlar», «Yeni sağçılar», «Gürcü arzusu- demokratik Gürcüstan» və «Gürcüstan Arzusu» koalisiyasının nümayəndələri ilə görüşüb.
«Gürcü arzusu-demokratik Gürcüstan» partiyasının sədri Manana Kobaxidze bildirib ki, Hillary Clinton hökumətə bəzi öhdəliklərini də xatırladıb:
«Hesab edirəm ki, öhdəliklərin yerinə yetirilməsi ilə bağlı aydın müraciət edilib. Bu seçkilər demokratik, qanuna uyğun olmalı və hökumət demokratik yolla ötürülməlidir».
Batumidə ikən Hillary Clinton bir neçə dəfə «hökumətin ötürülməsi» terminini xatırladıb. Bu ifadə Gürcüstanda çoxları üçün hökumətin əvəzlənməsi kimi anlaşılır. İyunun 5-də keçirilən mətbuat konfransı zamanı dövlət katibi ümid etdiyini bildirib ki, bu payız «azad və ədalətli seçkilərdən» sonra Gürcüstan 2013-cü ildə hökumətin demokratik əvəzlənməsini başa çatdıracaq.
Seçkilərdən danışan dövlət katibi Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məsələsinə də toxunub və qeyd edib ki, ABŞ bu sahədə yeni konkret addımlar atmağı planlaşdırır.
«ABŞ Gürcüstanın müdafiə qüvvələrinə sahilboyu və hava məkanının monitorinqi ilə bağlı təlim keçəcək. Biz Gürcüstana çoxfunksiyalı vertolyotların təkmilləşdirilməsinə, ehtiyatların və insanların daşınmasını yüngülləşdirməyə yardım edəcəyik. Biz həmçinin müxtəlif missiyaları həyata keçirəcək zabitlərin 21-ci əsrin tələblərinə uyğun hazırlanmasına kömək edəcəyik. Bütün bu səylərdən sonra Gürcüstan təkmil müdafiə qabiliyyəti ilə daha güclü beynəlxalq tərəfdaş olacaq».
GÜRCÜLƏRİ SEVİNDİRƏN «NEYTRAL STATUSLU - YOL SƏNƏDİ»
Gürcüstan prezidenti ilə görüşdən sonra birgə mətbuat konfransı zamanı Hillary Clinton bəyan edib ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstan Şimali Atlantika blokuna yaxınlaşmaq istiqamətində mühüm addımlar atıb. Və ABŞ öz strateji tərəfdaşının avro-atlantika niyyətinə dəstək verməkdə davam edəcək.
Prezident Saakashvili Hillary Clintona dərin minnətdarlığını bildirib və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə ABŞ-a təşəkkür edib.
Ərazi bütövlüyünü dəstəklədiyini deməklə yanaşı dövlət katibi işğal olunmuş ərazilərlə bağlı mühüm bir xəbər də çatdırıb. Onun sözlərinə görə, həmin regionların əhalisi ABŞ-ın «neytral statuslu - yol sənədi» ilə həm ziyarət, həm də təhsil ala biləcək. Saakashvili bu addımı misilsiz diplomatik dəstək adlandırıb.
Gürcüstan bir il ərzində de-fakto respublikanın sakinlərinə «neytral status sənədi» təklif edir. Bu sənəddən artıq onlarla adam yararlanıb. Neytral sənəd statusunu ABŞ-dan əvvəl Yaponiya, Çexiya, Slovakiya və Baltik ölkələri tanıyıb.
ABŞ Dövlət katibinin Gürcüstana 2 günlük səfəri iyunun 6-da başa çatıb.
XS
SM
MD
LG