Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:39

Düdənginski - Vətən xaini, ya müstəqilliyi uğrunda fəal mübariz?


Düdənginskinin qəbri
Düdənginskinin qəbri
Bu gün –iyunun 12-si Azərbaycanın müstəqilliyi uğrunda fəal mübariz AzadlıqRadiosunun ilk baş redaktoru Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin doğum günüdür.

ABO KİMDİR?

Əbdürrəhman bəy (Abo) 1908-ci ildə Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində doğulub.

Ata-babalarının məşhur Səfəvi nəslindən olduğu deyilir.

Abo Şərurda sayılıb-seçilən bir ailədə doğulub böyüyüb.

Atası Əli bəy Düdəngə və Zeyvə kəndlərinin bəyi olub.

İki yaşı olanda atasını zəhərləyib öldürüblər.

Sovet hökuməti gələndə onun əmilərini və qohumlarını tutub öldürüblər.

Abo özü demiş «Allahın himayəsində» böyüyüb.

1929-cu ildə onu atasına görə komsomoldan çıxarıblar.

Bu hadisə ona ağır təsir edib və tənələrə dözməyib gizlicə Tbilisiyə gedib.

ABO NECƏ HƏRBÇİ OLDU?

Əbdürrəhman Fətəlibəyli-Düdənginski
Əbdürrəhman Fətəlibəyli-Düdənginski
Hərbi məktəbə girib. Daha sonra Moskva Hərbi Akademiyasına oxumağa göndərilib. Leninqradda hərbi xidmətdə olub.

Fətəlibəyli zabit kimi 1939-cu ildə Finlandiya müharibəsində iştirak edib. Hətta «Qızıl ulduz» ordeni alıb. Leninqrad Dairə Qərargahında 6-cı şöbənin rəisi olub. 1940-cı ildə Sovet ordusu Pribaltikanı işğal edəndə Fətəlibəyli Riqada yerləşən hərbi qərargaha göndərilib və almanlara əsir düşüb...

ƏSİRLİKDƏN SONRA...

Əsirlikdən azad olunan Fətəlibəyliyə OKV (Ali Baş Komandanlıq) Azərbaycan legionuna komandanlıq etmək təklifi edib. O dövrdə almanlar Şərq xalqlarından belə legionlar yaradırdılar.

Fətəlibəyli təklifi qəbul edib və cəbhəyə yollanıb.

Fətəlibəyli 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayını çağırıb. «Azərbaycan Milli Birlik Məclisi»ni yaradıb.

Müharibədən sonra da M.Ə.Rəsulzadə ilə Azərbaycanlı legionerlərin xilasına və ayrı-ayrı ölkələrdə məskunlaşmasına çalışıb.

Özünün də həyatı xoş keçməyib. Bir il İtaliyada, iki il Misirdə qalandan sonra Qərbi Almaniyaya gedib, arada Türkiyədə yaşayıb və təzədən Münhenə dönüb.

Müharibədən sonra da Azərbaycan legionerləri Türkiyədə M.Ə. Rəsulzadənin, Almaniyada Ə. F. Düdənginskinin rəhbərliyi altında fəaliyyətlərini davam etdiriblər. Vəziyyət ağır idi. Maddi və mənəvi sıxıntılar vardı. Ancaq bütün bunlar 1951-ci ildə Münhendə «Azərbaycan» adlı jurnalın nəşrinə mane ol bilmədi. Jurnalı «Amerikan komitəsi» maliyyələşdirirdi.

DANIŞIR: «AZADLIQ RADİOSU»

Düdənginskinin öldürüldüyü mənzil
Düdənginskinin öldürüldüyü mənzil
1953-cü ilin martın 1-də ABŞ dövlətinin maliyyələşdirdiyi «Bolşevizmlə Mücadilə Koordinasiya Şurası» tərəfindən istiqamətləndirilən «Qurtuluş» (sonra «Azadlıq» adlandırıldı) radiosu verilişlərə başladı. Verilişləri Sovet İttifaqından gəlmiş mühacirlərin hazırlayacağı nəzərdə tutulurdu. «Azadlıq» radiosunun Azərbaycan xidmətinin ilk verilişi 1953-cü il martın 6-da efirə getdi.

Azərbaycan xidmətinin ilk baş redaktoru Əbdürrəhman Fətəlibəyli-Düdənginski oldu.

Radioda Sovetlərin və Kremlin siyasəti kəskin tənqid edilirdi.

Abo birbaşa efirdən dinləyicilərə müraciət edir, dövlətin iç üzünü açırdı...

Təbii ki, bu fəallıq Sovet hökumətini narahat etməyə bilməzdi.

1954-cü ilin noyabrın 20-də Düdənginski Münhenin «Alpenplate-6» meydanında yerləşən mənzillərin birində qətlə yetirildi.

Qətli Abonun öz həmyerlisi—«öz «dostu»—Mikayıl İsmayılov yerinə yetirmişdi.
Qatil qurbanını öldürəndən sonra divanın altına salmışdı...

SUALLAR, SUALLAR:

- Uzun illər haqqında «Vətən xaini» kimi danışılan bu şəxs əslində kim idi?

- Ata-babalarımız Bakıda Sov.İKP tarixi fənnindən imtahan verən zaman partiyanın iç üzünü açan bir adama «Vətən xaini» demək olarmı?

- Düdənginski azad, demokratik Azərbaycan Cümhuriyyəti uğrunda mübarizəyə qoşulmamışdımı?

- Mühacirət tarixində onun xüsusi çəkisini danmaq olarmı?

- Və nəhayət, niyə hələ də onun haqqında ölkədə pıçıltı ilə danışırlar?


Bu suallar illərdir «İz»çilərə rahatlıq vermir.

46 İLLİK ÖMRÜ QISA YAZIYA SIĞDIRDIQ...

Beləliklə, nə qədər çətin olsa da, fırtınalarla keçmiş 46 illik bir ömrü kiçik bir yazıya sığdırmağa çalışdıq.

Deyiləsi çoxlu sözlər qaldı.

Bu işdə çox hörmətli Ramiz Abutalıbovun və Nəsiman Yaqublunun araşdırmalarından yararlandıq.

Bu illər ərzində «İz» proqramı olaraq Ə.F. Düdənginskinin həyatından müxtəlif verilişlər hazırladıq.

Bu dəfə sizə yazıçı Həmid Herisçinin Düdənginski haqqında fikirlərini çatdırırıq.

Sən demə, Düdənginskinin qətli Bakıdan idarə olunurmuş!

Həmid bəy verilişdə bu prosesi həyata keçirənlərdən biri—artıq dünyadan köçmüş bakılı polkovnik haqqında danışır.

«İz»i bu səhifədən dinləyin.

XS
SM
MD
LG