Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

«Zəlzələ barədə deyilənlər şişirdilib»


Foto: Arxiv
Foto: Arxiv
«Journal of Natural Hazards» jurnalı Massaçusets Texnologiya İnstitutunun Azərbaycan seysmoloqları ilə birlikdə şərqi Qafqazda yer qabığında apardıqları araşdırmaların nəticələrinə dair məqalə dərc edib.

Məqalədə bildirilir ki, son zamanlar Bakı ətrafında gərginlik toplanır və bunun nəticəsində Bakı ərazisində güclü zəlzələlər ola bilər. Alimlər bu nəticələrə son 10 il ərzində apardıqları tədqiqatlardan sonra gəldiklərini bildiriblər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun şöbə müdiri Fəxrəddin Qədirov isə APA-ya müsahibəsində bu məlumatların şişirdildiyin deyib:

«Apardığımız elmi tədqiqatların nəticəsinə əsasən, Azərbaycanda bir neçə yerdə hazırda gərginlik toplanılması gedir. Bu gərginlik toplanılması o deməkdir ki, yaxın 10 ildə və ya daha artıq müddətdə burada enerjinin toplanılması kritik həddə çata bilər. Belə bölgələrdən biri Zaqatala-Şəki zonası idi. Burada hadisələr gözlədiyimiz şəkildə davam etdi. İkinci yer isə, məqalədə də göstərdiyimiz kimi, Abşeronun cənubudur. Abşeronun cənubunda enerji toplanılması müşahidə olunur. Amma burada dəhşətli hadisə olacağından söhbət getmir. Sadəcə olaraq bu, evlərin tikilməsi, boru xətlərinin salınması zamanı deformasiyanın qarşısını almaq üçün aidiyyəti instansiyalara informasiya vermək xarakteri daşıyır».

Fəxrəddin Qədirov KİV-ləri bu məlumatlardan manipulyasiya etməkdə qınayıb:

««Journal of Natural Hazards»da bizim bu tədqiqatlarımızın nəticələri əks olunub. Həmin tədqiqatlar Massaçusets Texnologiya İnstitutunun saytında da yerləşdirilib. KİV-lər isə bu məlumatlardan bildikləri kimi istifadə edir. Bu məlumatlar çox vaxt düzgün anlaşılmır, insanları çaşdırmağa yönəlir. Biz sadəcə olaraq, orada qeyd etmişik ki, horizontal hərəkətlər deformasiya proseslərini gücləndirib və enerji toplanılır. Bu deformasiya prosesləri Bakı-Tbilisi-Ceyhan xəttinə də təsir edə bilər. Bu işin davamı kimi BP şirkətinin maliyyə dəstəyi ilə Geologiya İnstitutu bu deformasiyaların BTC-nin Azərbaycan hissəsinə təsirini öyrənir. Orada da müəyyən yerlərdə enerji toplandığını görürük və lazımi şəkildə xəbərdarlıq edirik. Çox təəssüf edirəm ki, bizim elmi cəhətdən apardığımız tədqiqat bu şəkildə çatdırılır».
XS
SM
MD
LG