Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:51

"Nəsib bəy, Səfəvi sarayında fars yox, türk dilinin hakim olması yalan deyil, bu da faktlar"


Dilavər Əzimli "Pen klub" proqramında
Dilavər Əzimli "Pen klub" proqramında
"Fransız səyyahı Jan Batist Tavernye beləcə də yazır: «Saray adamlarının dili türkcədir».

"Nəsib bəy, sizə məsləhət görərdik ki, tarixə obyektiv baxın. Kimlərinsə sözü ilə Azərbaycan tarixini aşağılamayın. Çünki tariximiz bunu bizə bağışlamaz"


"Şah İsmayıla qarşı aşağılayıcı təbliğat aparan şəxslər nəinki professional deyillər, eyni zamanda həmin dövr hadisələrini yaxşı bilmirlər".


Tarixçi alim Dilavər Əzimli "Oxu zalı"na göndərdiyi bu məqalə ilə Güntay Gəncalpın "Səfəvilər" kitabı ("Qanun" nəşr.) ilə bağlı açdığımız polemikaya qoşulur. O, digər tarixçi alim Nəsib Nəsiblinin məqaləsinə etiraz edir. Yazının həcmi böyük olduğu üçün ixtisarla veririk.


Dilavər Əzimli


NƏSİB NƏSİBLİ BƏZİ YANLIŞLIQLARA YOL VERİR

Son zamanlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən olan Azərbaycan Səfəvilər dövlətinə qarşı qeyri-professional səviyyədə aşağılayıcı təbliğat aparılır.

Bu təbliğatın haradan qaynaqlandığını dəqiq bilməsək də, bunun arxasında müəyyən qüvvələrin dayandığı hiss olunur.

Birincisi, səfəvilərə, Azərbaycan tarixinin ən parlaq simalarindan olan, tariximizə Azərbaycan Səfəvilər dövlətini bəxş edən, qüdrətinə görə dünyanın ən məşhur sərkərdələrindən sayılan Şah I İsmayıla qarşı aşağılayıcı təbliğatlar aparan şəxslər nəinki professional deyillər, eyni zamanda həmin dövr hadisələrini yaxşı bilmirlər.

Onların informasiyaları elmi tədqiqatlarda köhnəlmiş sayılır. İstinad etdikləri müəlliflərə söykənməklə, həmin dövr hadisələrinə aydınlıq gətirmək mümkün deyildir.

Nəsib Nəsiblinin səfəvilər haqqında yazdıqlarını mən də oxudum. Bəri başdan deyim ki, bu şəxsə böyük hörmətim vardır. Azərbaycan tarixinin ən parlaq səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırıcısıdır. Gözəl tədqiqatları vardır.

Amma bu ona imkan vermir ki, tarixin bütün sahələri üzrə çıxış edib, ictimai fikri çaşdıra bilsin. Bəri başdan qeyd edək ki, bu sözləri deməyə mənim ondan daha çox haqqım çatır.

Çünki mən elmi yaradıcılığa səfəvilərlə başlamışam. Hazırda da o sahədə tədqiqatlarım davam etməkdədir. Onun yazdığı məqaləyə də yalnız buna görə cavab verməyi qərara aldım.

Nəsib bəy məqaləsinə başqaları kimi Çaldırandan başlayır.

Bu günə qədər Çaldıranı elə təsvir ediblər ki, səfəvilərdən söhbət düşəndə hamı onu soruşur. Hamı da bir fikirdədir ki, guya Çaldıran olmasaydı, Türkün qılıncı bütün Avropanı alacaqdı. Bunun günahını da səfəvilərdə görürlər. Orta əsr Avropa və Şərqdə gedən proseslərin analizi bu fikri tamamilə darmadağın edir.

Birincisi, Çaldıran heç də Türkün tarixində ləkə deyildir. Buna bir qədər geniş anlamda yanaşaq. Həmin dövrdə Şərqdə bir neçə aparıcı Türk dövlətləri mövcud idi:

1.Azərbaycan Səfəvilər dövləti (1514-cü ilə qədər birincilik səfəvilərə məxsus idi). 2.Osmanlı imperiyası (1514-dən sonra birincilik onların əlinə keçdi). 3.Misir Məmlüklər dövləti. 4.Şeybanilər dövləti. 5.Moğollar dövləti.

Orta əsrlərdə təbii ki, ən böyük proseslər Səfəvilər və Osmanlılar arasında getdi.

Yuxarıda adını sadaladığımız bütün Türk dövlətlərinin rəhbərləri Şərqdə iri imperiya yaratmaqla, bütün ticarət mərkəzlərini ələ keçirib, Avropa üzərində iqtisadi təsir imkanlarını əllərində saxlamağa cəhd edirdilər.

Bütün Şərq hökmdarları böyük Turanı yaratmaq arzusundaydılar. Sonradan Nadir şah da buna can atırdı, səfəvilərin sərhədlərini bərpa edib, bütün Türk dünyasını öz imperiyasında birləşdirməyə çalışırdı. Onun tacında dörd qızıl lələk var idi. Bu lələklər Turanın simvolları idilər. İndi özünüz düşünün, bu yolda toqquşmalar olmamalı idımi?

Gəlin etiraf edək ki, Osmanlı-Səfəvi münasibətlərində toqquşma yaradacaq səbəblər içərisində ilk öncə iqtisadi münasibətlər gəlir. Bunu Türkiyənin dəyərli tarixçiləri Xəlil İnalcık və Seyfəttin Erşahin də yazıblar.

Onlar birmənalı şəkildə göstəriblər ki, bu iki imperiya arasındakı toqquşmalar iqtisadi
məsələlərlə bağlı idi. Onu da qeyd edək ki, Əmir Teymurla İldırım Bəyazid arasındakı toqquşma da iqtisadı məsələ ilə bağlı idi.

Həmin dövrdə Təbriz-Bursa istiqamətindəki ticarət yolu dünyanın ən mühüm ticarət marşrutu idi. Əmir Teymur ticarəti Təbriz şəhərinə keçirmək üçün Sarayı, Həştərxanı, Azov sahillərindəki ticarət mərkəzlərini darmadağın etdi.

Nəticədə Şərqdə dünyanın əsas ticarət şəhəri Təbriz oldu. Təbrizdən hərəkət edən karvanlar isə Şərqi Anadoluya istiqamətlənirdi. Həmin dövrdə Şərqi Anadoluya nəzarət edən dövlət dünya ticarətinə nəzarət edirdi.

Dünya ticarətinə nəzarət edən isə bütün dünyaya nəzarət edirdi. Hələ “böyük coğrafi kəşflər” baş verməmişdi və situasiya belə idi. Türkiyə tarixçiləri özləri də yazırlar ki, əgər İldırım Bəyazid Bursa istiqamətində öz ərazilərini genişləndirməsəydi, o zaman Əmir Teymurla toqquşmayacaqdı. Yəni, bu toqquşmada İldırım Bəyazid də, Əmir Teymur da bur məqsəd güdürdülər: bütün Şərq ticarətinə şəriksiz nəzarət etmək və Turanın tək hakimi olmaq. Belə olan halda toqquşmalar baş verməliydi. O cümlədən Çaldıran da...

Çaldırana qədərki situasiyanın analizi göstərir ki, Şah I İsmayıl osmanlılarla döyüşmək istəmirdi. Bunu Sultan I Səlimlə onun məktublaşması da sübut edir. Lakin Sultan I Səlim onu buna vadar etdi. İkincisi, bu vuruşda qalib olmadı. Osmanlı türkləri daha çox itkiyə məruz qaldılar. Digər tərəfdən, Sultan I Səlim bir həftədən artıq Təbrizdə qala bilmədi. Çaldıran Türk hərb tarixinin ən parlaq zirvəsi idi. Buradakı döyüş taktikasını izlədikcə Türkün qəhrəmanlıqlarına valeh olursan. Hələ Şah I İsmayıl... Çaldıranda göstərdiyi şücaətlər ində də dillər əzbəridir. Onun qılınc oynatması Sultan I Səlimi belə valeh etmişdi.

Çox istərdim ki, Çaldırana bu istiqamətdən də yanaşaq. Baxın, bütün orta əsrlərdə Avropada nə qədər mühüribələr baş verib. Heç onlar o müharibələrin adını çəkmirlər. Biz isə yorulmadan deyirik ki, faciəmizin əsası Çaldıranda qoyuldu. Guya ki, Çaldıran olmasaydı, bütün dünya Osmanlı imperiyasının əlinə keçəcəkdi. Doğrudan da, bəsit bir fikirdir.

Məsələ ondadır ki, bu fikir uzun illərdir ki, bizim tarixçilərin dilindən düşmür. Amma yaddan çıxarırlar ki, Avropa həmin Avropa deyildi. Avropada mütləq monarxiyalar formalaşmışdı. Manufaktura istehsalı genişlənirdi. Həmin dövrlərdə İngiltərədə kraldan asılı olmayan parlament fəaliyyət göstərirdi.

Yeni Dünya düzəni formalaşırdı. Avropa iki düşərgəyə parçalanmışdı: köhnə üsulun, imperiyaçılığın tərəfdarları və yeni sistemin, müstəqil kiçik dövlətlərin tərəfdarları. Bu günki Avropa həmin iki düşərgə arasında gedən mübarizəyə minnətdardır.

Məsələn, əgər bütün Avropa Habsburqların əlinə keçsəydi, onda bu günki inkişaf etmiş Avropa olmayacaqdı. Habsburqlar ümumavropa, ümumkatolik imperiyası yaratmağa çalışırdılar. İki düşərgə arasında gedən mübarizə 30 illik müharibə ilə nəticələndi. Nəticədə yeni sistem qalib gəldi. Beləliklə, Avropani imperiyaçiliq deyil, kiçik dövlətlərə bölünmə xilas etdi. Həmin dövrlərdə isə Şərqdə imperiyaçılıq davam edirdi. Osmanlı imperiyası köhnə sistem içərisində çabalayırdı. İstər Osmanlı, ustərsə də Səfəvilərdə hakimiyyət daha çox hərbi-köçəri-dini əyanların maraqlarına xidmət edirdi. Avropada isə istehsal mədəniyyəti işə düşmüşdü. Düzdü, o zaman Bursada bu istiqamətdə iş getdi, lakin sona qədər davam etmədi. Osmanlı imperiyası ələ keçirdiyi Avropa ərazilərində özünün köhnə idarəetmə sistemini qururdu. Təbii ki, bu da effekt verə bilməzdi, necə ki, vermədi.

Bu baxımdan Çaldıranın Avropanın fəthinə mane olması fikri özünü doğrultmur. Buna görə də bu məsələni o qədər də şişirtmək düzgün deyil. Şah I İsmayılın Çaldırandan sonra müridlərinin nəzərindən düşməsi fikri də özünü döğrultmur. Əksinə, müridlər bunu qəzavü-qədər sayir və Siffin davası ilə eyniləşdirirdilər.

Həmin dövrdə tayafalararası mübarizə də təbii idi. İstər Osmanlı, istərsə də Səfəvilər Türk tayfalarının bir araya gəlməsi nəticəsində formalaşmışdı. Bu mənada hər iki imperiyada iç savaşlar olurdu. Şah I Təhmasib hakimiyyəti tamamılə əlinə alsa da, qiyamlar da olurdu. Bunu həmin dövr üçün təbii saymaq olar. Elə Osmanlı imperiyası ərazilərində, xüsusilə də Şərqi Anadoluda aramsız üsyanlar baş verirdi. Səfəvilər tarixində Şah I Abbasın hakimiyyətə gətirilməsi yeni bir hadisə idi.

Nəsib bəy Şah I Abbas dövrünə toxunanda göstərir ki, o, Səfəvilərdə etnik tərkibi dəyişdi. Bununla da böyük zərbə vurdu. Əvvəla, Nəsib bəy, toxunduğunuz dövrə bu günün pəncərəsindən baxmayın. Bu günün fars-türk məsələsini o zamana daşımayın. İkincisi, müəyyən etmək olmur ki, onlar fars, yoxsa türkdürlər. Bununla bağlı M.Ə.Rəsulzadə (yəqin ki, oxumusunuz-D.Ə.) yazırdı ki, İran ərazilərində yaşayan bəzi fars tayfaları türk tayfaları olmuşlar, sonradan farslaşmışlar. Bunu Əhməd Zəki Vəlidi
Nəsib Nəsibli
Nəsib Nəsibli
Toğan da yazır. Buna görə də bu məsələdə etnik məsələ rol oynamır. Digər tərəfdən, əsas vəzifələr türklərin əlində idi. Bəs onda Hatəm bəy Ordubadi kimdir? O, da farsdırmı? Şah I Abbas böyük bir imperiyanın rəhbəri idi. Ordunu Avropa sistemi əsasında formalaşdırırdı. O zamanlar Osmanlı imperiyası da bu sistemdən istifadə edirdi. Yeniçərilər kim idi? Bəlkə Türk balaları idilər.

O qədər əsəbisiniz ki, səhvə yol verirsiniz. O zaman erməni nə gəzirdi. Onlar xristian əhalisi idi. Biz hələ də Ərməniyyə məsələsinə aydınlıq gətirməmişik. Ona görə də erməni yazırsınız. Nəsib bəy, nəinki Azərbaycan, eyni zamanda Dünya tarixinə qüdrətli bir şəxsiyyət kimi daxil olan Şah I Abbas bizim tarixşünaslığımızda hələ də öz qiymətini almamışdır. Özünün hakimiyyəti illərində böyük uğurlar əldə edən bu şəxs dünyanın ən məşhur şəxsiyyətləri ilə müqayisə edilir və Avropa tarixşünaslığı onun haqqında yazarkən «Böyük Abbas» kimi qeyd edir.

Çox təəssüf ki, bu şəxsiyyətə münasibət Azərbaycanda hələ də birmənalı deyil və onu Azərbaycan Səfəvilər imperiyasını iranlaşdırmaqda ittiham edirlər. Tarixşünaslığımızda özünə yer alıb, hələ də hökm sürməkdə olan bu konsepsiya əsl həqiqətin meydana çıxmasında ciddi bir maneəyə çevrilmişdir. Əslində isə, Şah I Abbas hakimiyyətə gələndə Səfəvilər imperiyası demək olar ki, süqut etmişdi. Onun böyük əraziləri Osmanlı imperiyasının güclü ordusu tərəfindən fəth edilmişdi. Osmanlı imperiyası artıq İran körfəsinə çıxmaq üzrəydi. Xəzər dənizini ələ keçirən Osmanlı imperiyası İran körfəzinə çıxmaqla bütün Şərq ticarətini ələ keçirirdi. Söhbət dəniz və okean ticarətindən gedir. Çünki Şah I Abbas iqtidara gələn ərəfədə dəniz və okean ticarəti daha böyük əhəmiyyət kəsb edirdi.

Səfəvilər imperiyasının dənizə çıxışını təmin etmək istəyən Şah I Abbas paytaxtı da İran körfəzinə yaxın olan İsfahana köçürdü. Onun atdığı bu addım indi də bizim tarixşünaslığımızda düzgün olaraq qiymətləndirilmir və bu addımdan ona qarşı istifadə edirlər. Əvvala, başa düşmək lazımdır ki, istər Səfəvilər imperiyası, istərsə də ondan sonrakı hakimiyyətlər, o cümlədən Qacarlar dönəmində Təbriz həmişə ölkənin mərkəzi şəhəri sayılıb.

Hətta Qacarlar zamanında Azərbaycanda vəliəhd olmayan şəxs imperiyanın taxt-tacında otura bilməzdi. Vəliəhd isə Təbriz şəhərində otururdu. İkincisi, Şah I Abbasın paytaxtı İsfahana köçürməsində heç bir şəxsi maraqdan söhbət gedə bilməzdi. Şah I Abbasın başlıca məqsədi İran körfəzi ticarətinə çıxışı əldə etmək idi. Çünki Dünya ticarət sistemində böyük dəyişikliklər baş vermiş və okean ticarəti daha böyük önəm kəsb edirdi. İsfahanın İran körfəzinə yaxınlığını nəzərə alsaq, onun addımına yalnız haqq qazandırmaq mümkündür.

Paytaxtın İsfahana köçürülməsində Şah I Abbasın osmanlılara qarşı həyata keçirmək istədiyi plan da ciddi rol oynayırdı. Şah I Abbas Osmanlı imperiyasını başlıca gəlirlərdən məhrum etmək istəyirdi. Buna nail olmaq üçün quru yolla daşınan ipək icarətinin qarşısını almaq kifayət idi. Buna görə də hakimiyyətə gələn kimi bu məqsədini həyata keçirməyə başladı.

Paytaxtın İsfahana köçürülməsində təhlükəsizlik məsələləri də mühüm rol oynayırdı. Çünki qarşısına imperiyanı əvvəlki sərhədlərdə bərpa etməyi qoyan Şah I Abbas üçün paytaxtın təhlükəsizlik məsələləri mühüm əhəmiyyət kəsb edirdi. Şah I Abbasın atdığı addımlara bu istiqamətlərdən yanaşsaq, onda ona qarşı istifadə olunan konsepsiya əhəmiyyətini itirir. Çünki Şah I Abbas türkçülüyə olduqca bağlı bir şəxs idi və özünü Türk dünyasının böyük imperatoru sayırdı.

Bir məsələni də unutmaq lazım deyildir ki, paytaxtın dəyişdirilməsi dövlətin və ya imperiyanın mahiyyəti dəyişmir. Şah I Abbas həm də böyük bir nəslin davamçısıydı və həmin nəslin ənənələrinə sadiq idi. Həmin ənənələrdən kənara çıxmaqsa qeyri-mümkün idi. Bu ənənələr müxtəlif formalarda XX əsrin əvvəllərinə qədər davam etmişdi. Bu ənənələrin daşıyıcılarının ən ali məqsədi Azərbaycan imperiyasını yaradıb, ona xidmət etmək idi.

Ta qədim zamanlardan İran və Azərbaycan əraziləri eyni dövlət və ya imperiyaların tərkibinə daxil idi. XI əsrdən başlayaraq isə, bu ərazilərdə yalnız türk imperiyaları fəaliyyət göstərirdi. Tarixə həmin zaman çərçivəsindən baxsaq, onda məlum olar ki, İran deyəndə bu gün təsəvvürümüzdə canlanan fars dövləti nəzərdə tutulmur. Böyük türk imperatorları Azərbaycan əraziləri kimi, İranı da həmişə öz əraziləri sayıblar. Çünki İranın altı minillik tarixi vardır. Bir həqiqəti də qəbul etmək lazımdır ki, İran kəlməsinin özü qədim mənbələrdə əksini tapmır. Bu ad sonradan avropalılar tərəfindən tətbiq olunmuşdur. Bu məsələnin sübutu üçün ərəb mənbələrini nəzərdən keçirmək kifayədir. IX əsrə qədər heç bir ərəb mənbəsində İran kəlməsi yoxdur. Ərazi sülalələrin adı ilə adlandırılmışdır. İran kəlməsinin farslarla da bağlılığı yoxdur. Bu ad sonradan onlara şamil olunmuşdur. Farsların o ərazilərə gəlişi ən uzağı eradan əvvəl XI əsrə gedir. Çox təəssüf ki, bizdə tarixə yanaşma tərzi düzgün deyil və bu cür yanaşma təbii ki, bizim tariximizi saxtalaşdıranların mənafeyinə xidmət edir.

Şah I Abbas dövründə də İran əraziləri Səfəvilər imperiyasının əsas torpaqları idi və paytaxtın imperiyanın bir yerindən başqa yerinə köçürülməsi tamamən qəbul edilən bir prosesdir. Tarixdə belə faktlar azmı olub? Götürək elə XX əsrin əvvəllərində, Rusiyada bolşeviklər iqtidara gələndən sonra paytaxtın təhlükəsizliyini təmin etmək üçün onun Sankt-Peterburqdan Moskvaya köçürülməsini…

Bəlllidir ki, paytaxtın köçürülməsi nə dövlətin, nə də mədəniyyətin dəyişməsinə təsir etməyən faktordur. Şah I Abbasın atdığı addıma don geydirənlər onu da unutmasınlar ki, İsfahan vaxtilə böyük Səlcuqilər imperiyasının paytaxtı olub. Səlcuqilər bəyəm türk deyildilər? Şah I İsmayılın vaxtında olduğu kimi, Şah I Abbasın sarayında da işlək dil yenə də türk dili idi.

Bunu həmin ərəfədə Səfəvi sarayına təşrif buyuran Avropa səyyah-diplomatları təsdiq edirlər. Bu mənada İtaliya səyyahı Pyetro della Vallenin (1586-1652) söylədikləri maraq kəsb edir. Bir müddət ispan donanmasında hərbi xidmətdə olmuş Pyetro della Valle 1614-cü ildə İtaliyadan Fələstinə göndərilən diplomatik heyətə cəlb olunur. Lakin diplomatik heyətdən ayrılıb Səfəvilər ölkəsinə gəlir. 1617-ci ildə Səfəvi sərhədini keçən Pyetro dela Valle qızılbaş atlıları ilə ilk dəfə qarşılaşır, onların hamısının türkcə danışdıqlarını gözləri ilə görür.

İsfahanda, Azərbaycandan uzaq bu İran şəhərində də o, eyni durumla qarşılaşır. O, yazır: «Sarayda aydın etdim ki, İranda farscadan daha çox türkcə danışırlar. Gerçəkdən türk dili İranın saray və böyüklərinin dilidir». Pyetro della Vallenin yazmasına görə, qızılbaş əsgərləri türkdürlər, başqa millətlərdən yığılan qulamlar da «öz aralarında türkcə danışmaqla yanaşı, farsca bir şey bilmirlər. Onlara təlim türkcə keçilir və şah da vaxtının çoxunu onların arasında olur. Şaha onlarla türkcə danışmaq daha asandır. Sonra türk dili getdikcə saray dili, dövlət başçıları və ordu dili olmuşdur». Bunu nəzərə alan Pyetro della Valle İsfahanda türkcənin qrammatikası və türkcə-farsca-italyanca sözlüyün hazırlanmasında iştirak etmişdir. Bu iki kitabın (qrammatika və sözlüyün) əlyazmaları Vatikan kitabxanasında saxlanılmaqdadır.

Pyetro dela Vallenin, 1630-cu illərdə yeni İsfahanda olmuş almaniyalı böyük alim Adam Olearinin miüşahidələri üzrə rəsmi qəbul zamanı şahın türcə danışması, divanxanada olan görüşdə və sarayda əcnəbi elçilərin şərəfinə verilən qonaqlıqda dövlət nazirlərinin də (eşikağası başı və s.) türkcə danışmaları bu dilin gerçək dövlət dili səlahiyyətində olduğunu göstərir.

Fransız səyyahı Jan Batist Tavernye beləcə də yazır: «Saray adamlarının dili türkcədir». Ondan iyirmi il sonra İranda olmuş başqa bir alman bilik adamı Engelbert Kempfer isə bu məsələyə ayrıca yer verərək yazmışdır: «Səfəvilər sülaləsinin ana dili olan türkcə İran sarayında geniş yayılmış bir dildir. Bu dil ölkə əhalisinin sadə danışıq dilindən (farsca
Şah İsmayıl
Şah İsmayıl
nəzərdə tutulur.-D.Ə.) seçilir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyin hər kəs bu dildə danışır. İndii iş o yerə çatmış ki, başı bədəni üçün dəyərli olan bir kimsəyə türkcəni bilməmək suç sayılır. Türkcə bütün Şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır».

Nəsib bəy Şah I Abbasın “böyük sürgün” məsələsinə toxunur. İnsafən özü də qeyd edir ki, o, həm də özünə sədaqətli tayfalar ilə sərhədləri möhkəmlətmək istəyirdi. Eyni zamanda, bu günə qədər tarixşünaslıqda mövcud olan konsepsiyanı təsddiqləyir. Amma Nəsib bəy unudur ki, o zaman atılan bütün addımlar dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edirdi. Təbii ki, sözə baxmayan tayfalar cəzalandırılmalıydı. Biz vaxtilə onun kimi hərəkət etsəydik, bəlkə də Surət Hüseynov, Əlikram Hümbətovun qabağindan qaçmazdıq. Bir də Şah I Abbas onu etməsəydi, bəlkə də bu gün Naxçıvan da ermənilərin əlinə keçəcəkdi.

Nəsib bəy məqaləsinin sonunda səfəvilərlə bağlı bu günki bəzi Türk və Avropa tarixçilərinin gəldiyi nəticəyə gəlir. Güman edir ki, hansısa bir yenilik gətirib. Çox təəssüf! Bu şəxs iranlı ilə farsçılığı qarışdırır. Dünya tarixşünaslığında mövcud olan yanlış konsepsiyanı bizə təqdim edir. Səfəviləri İran dövləti kimi təqdim etməyə çalışır. Nədən belə nifrət? Bəlkə məzhəbçilikdən irəli gəlir? Bəlkə də bilməməzlikdən. Nəsib bəy, farsçılığı bir kültür kimi götürür. Doğrusu, təəccüblənməkdən savayı heş nə qalmır. Necə yəni farsçılıq kültürü? Fars kültürü bəyəm Şərq kültüründən ayrı idimi? Və yaxud fars dilində danışmaq fars olmaqmı deməkdir? Onda Səlcuqlar farsdırlarmı? Bəlkə ərəb, fars əlifbası əsasında yeni yazı yaratmış osmanlı türkləri ərəbfarsdırlarmı?

Səfəvilərin etiqad məsələsində də səhvə yol verirsiniz. Yaddan çixarmayın ki, o zamanda şiəlik indiki İran İslam Respublikasında olan şiəlik deyildi. O zamanda şiəlik əhli-beytə olan sevgi ilə ifadə olunurdu. Türk dünyasında həmişə əhli-beytə sevgi güclü olub. Səlcuqlar da, Atabəylər də, Qaraqoyunlular, Ağqoyunlular, Osmanlılar da əhli-beyti doğmaları kimi seviblər. Əmir Teymur bu sevginin hesabına Hələb və Şam (Dəməşq) şəhərlərində qırğınlar törətdi. Elə Çingiz xan da əhli-beytə böyük sevgi ilə yanaşırdı. Əhməd Zəki Vəlidi Toqan onun bir sufi şeyxi ilə görüşündə bu məsələyə geniş toxunub. Qazan xanın şiəliyi rəsmi dövlət dini eləməsində bu sevgi böyük rol oynadı. Nəsib bəy, bu günki İranda şiəlik yox, siyasi şiəlik mövcuddur. Bu gün İranın əlindən Həzrəti Əli(ə)ni al, onlar atəşpərəst olaraq qalacaqlar. Nəsib bəy, Səfəvilər imperiyası dərin özüllər üzərində qurulmuşdu. Güclü bir ideoloji sistemə əsaslanırdı. Məhz bu sistemin hesabına XV əsrin sonlarında Türk-Qızılbaşlıq doktrinası işə düşdü. Hərbiləşdirilmiş bu sistemin hesabına da Azərbaycan Səfəvilər imperiyası yarandı. Qızılbaşlıq özü isə XVI əsrə qədər davam edən böyük bir sufi məktəbinin bazasında formalaşmışdı.

XII əsrdən sonrakı sufi təriqətləri içərisində «Səfəviyyə» Azərbaycanın siyasi ictimai həyatında və fəlsəfi-ədəbi fikir tarixində mühüm rol oynamışdır. Səfəvilərin iqtidara gəlməsinə qədər keçən 250 illik məsafə ərzində təriqət köklü dəyişikliklərə məruz qalmışdır. Ümumilikdə isə, Azərbaycan nəinki sufi cərəyanlarının toparlaşdığı ərazi olmuş, eyni zamanda bəşər elminə sufi sistemində özünəməxsusluğu ilə seçilən «Xürrəmilik», «Hürufilik», «Səfəviyyə» kimi təriqətləri bəxş etmişdir. Həm də «Xəlvətiyyə» təriqətinin məşhur sufi təriqətinə çevrilməsində gücü rol oynamış, onun ikinci piri sayılan Seyid Yəhya Bakuvinin hesabına həmin təriqət daha da məşhurlaşmışdır. Bu təriqətlər içərsində «Səfəviyyə» təriqəti xüsusi olaraq seçilmiş, məhz bu təriqətin bazasında sonralar meydana çıxmış «Qızılbaşlıq» hərbi-siyasi-dini (sufi) doktrinanın hesabına sufilərin rəhbərlik etdiyi sekulyar dəyərlərə söykənən bir dövlət qurulmuşdur. Beləliklə, orta əsrlərdə tarix səhnəsində analoqu olmayan bir dövlət Dünya xəritəsində özünə yer almışdır. Bu istiqamətdə rol oynayan əsas faktor həmin dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və «Qızılbaşlığ»a sadiq olmalarıydı.

«Qızılbaşlıq» nədir və hansı prinsipləri özündə əks etdirir, buna aydınlıq gətirmək üçün əvvəlcə «Səfəviyyə» təriqətinin yaranması və həmin təriqətin yaradıcılarının amal və məqsədlərini diqqətə çatdırmaq lazımdır. Qabaqcadan bildirək ki, bu təriqəti yaradanların başlıca amalı siyasiydi, yəni gələcəkdə Azərbaycan dövlətini ərsəyə gətirmək onların ən böyük məqsədiydi.

Bu məsələyə toxunan Türkiyənin orta əsrlər üzrə araşdırmaçısı Yusuf Küçükdağ özünün «Osmanlı devletinin Şah İsmailin Anadoluyu Şiileştirme çalışmalarını engellemeye yönelik önlemeleri» məqaləsində göstərir ki, «Səfəviyyə» təriqətinin qurucusu Şeyx Səfiədddinin dövlət qurma fikrinə malik olması qaynaqlarda öz əksini tapır. O, qaynaqlara istinadən yazır ki, Anadolunun qədim türk inanclarını müqəddəs sayan çoxlu sayda türkləri Ərdəbilə onu ziyarət gedirdilər. Bunun nəticəsiydi ki, Səfəvi xanədanı özünün dövlət qurma istəyində ən böyük dəstəyi həm də onlardan görmüş və sonradan göstərilən bu dəstək də rol oynamaqla Şah I İsmayıl hakimiyyətə gətirilmişdir.

Beləliklə, Şeyx Səfiəddinin ana prinsiplərindən biri də dövlət qurmaq prinsipi olmuşdur. Lakin bu prinsip yalnız ailəyə məlum olmuş, hətta xəlifələrdən belə gizlin saxlanmışdır. Proses Şeyx Cüneydə qədər davam etmiş və Cüneydin vasitəsiylə siyasi istək bütün müridlərə məlum olmuşdur.

Göründüyü kimi, «Səfəviyyə» təriqəti uzun bir dövr keçərək dövlət qurma prinsiplərində ciddi dəyişikliklər etmişdi. İlk əvvəllər bu təriqət digər sufi cərəyanlarından fərqlənməyən bir təşkilat formasına bənzəyirdi. Ona görə də onun tərəfdarları arasında müxtəlif dinlərə məxsus insanlar da az deyildi. «Səfəviyyə» təriqətinin Şah I İsmayıla qədərki dövrünü bu mənada aşağıdakı mərhələlərə bölmək mümkündür:

1) Şeyx Səfiəddindən Şeyx Cüneydə qədərki dövr. Bu dövrdə təriqət rəhbərlərinin əsas məqsədi ətraflarına daha çox mürid toplamaqla, geniş bir ərazidə tərəfdarlarının sayını artırmaq idi. Başlıca məqsəd xəlifələrə bildirilmirdi.

2) Şeyx Cüneyddən Şeyx Heydərə qədərki dövr. Bu dövrün başlıca xüsusiyyətlərindən ən önəmlisi Şeyx Cüneydin zühur etməsiydi. Artıq Səfəvilər lazımi çəkidə hərbi potensiala malik idilər və öz məqsədləri uğrunda açıq fəaliyyətə başlaya bilərdilər. Ona görə də başlıca məqsəd xəlifələrə çatdırılır.

3) Şeyx Heydər dövrü. Çox təəssüf ki, bu dövr lazımi səviyyədə araşdırılmayıb. Məhz,
Çaldıran döyüşünü əks etdirən miniatür
Çaldıran döyüşünü əks etdirən miniatür
Şeyx Heydər dövründən başlayaraq səfəvilərə «qızılbaş» adı verilir. Bu adı şiəliklə bağlayırlarsa da, əsl həqiqəti əks etdirmir. Çünki «qızılbaşlıq» tarixi göstərir ki, onun mərkəzində dayanan başlıca faktor türkçülük və qədim türk inanclarıdır. Vaxtilə tarix səhnəsində türklərə ağbaş, sarıbaş, yaşılbaş və sair demişlər. Şeyx Heydər artıq Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə meydanına atılır. Özündən əvvəl xürrəmilərin ideoloji sistemini dərindən bilən Şeyx Heydər əslində, «qızılbaşlıq» hərbi-siyasi-dini doktrinasını işləyir və ortaya qoyur.

4) Şah İsmayıl dövrü. Bu dövrdə mərkəzləşdirilmiş Azərbaycan dövləti yaradılır və onun idarəçiliyi sufilərin əlinə keçir. Sufi dəyərləri bəllidir ki, sekulyar dəyərlərdir. Ona görə də bu dövləti sekulyar dəyərlərə malik dövlət adlandırmaq mümkündür. Həm də unutmayaq ki, bu dövrdə dövlətin qayəsində türkçülük ənənələri dayanırdı. Şah özü təriqət şeyxi idi. Bu isə balaca məsələ deyil.

5) Şah İsmayıldan sonrakı dövrlər. Bu dövrlərdə də dövlət «qızılbaş» dövləti adlansa da, artıq «qızılbaşlıq» mahiyyətindən uzaqlaşdırılır. Sufilər hakimiyyətdən kənar edilməklə bərabər, onlara qarşı təqiblər başlayır və şiəliyin siyasi forması artıq dövlət strukturlarında özünə yer etməyə başlayır. Bu zamandan başlayaraq davam edən proses, nəhayət Qacarlar dönəmində dövlət strukturlarında siyasi şiəliyin tam bərqərarlaşmasına gətirib çıxarır.

Əgər biz bu dövrləri dərinliyi ilə araşdırsaq, onda hazırda elmi ədəbiyyatlarda səfəvilərlə bağlı mübahisələrə son vermiş olarıq. Çünki bəziləri səfəviləri əvvəlcə sünni, sonra isə şiə adalandırır, bəziləri isə ümumiyyətlə, dindən kənar sayırlar. Bütün bunlara səbəb «Səfəvilik» təriqətinin mürəkkəb sistemə malik olmasıdır.

«Səfəviyyə» təriqəti ilə yanaşı həmin dövrlərdə İran və Azərbaycan ərazilərində Nurbəxşiyyə, Zəhəbiyyə, Nemətullahiyyə, Qələndəriyyə, Haksarilər, Hürufilər adı altında xeyli sayda təriqətlər də mövcud idi. Onlar da «Səfəviyyə» təriqətinə yaxın təriqətlər idi ki, Səfəvilər iqtidara gələndə bəziləri onlarla birgə hakimiyyətdə təmsil olundu.

Bəllidir ki, Səfəvi dövləti Zərdüştilik, Manilik və Məzdəkilik kimi dini inancların ortaya çıxdığı bir ərazidə tarix səhnəsinə çıxmışdı. Buraya xürrəmiliyi də əlavə etsək, onda situasiya daha da aydınlaşır. Tarixi tədqiqatlar sübut edir ki, zərdüştilik, manilik, məzdəkilik və xürrəmilik arasında bir zəncirvari əlaqə olmuşdur. Bu hərəkatlar həm eyni bir coğrafiyada yayılmış, həm də eyni məqsədlər uğrunda mübarizə aparmışlar.

XV əsrin II yarısında qızılbaşlar arasında sosial bərabərlik barədə qədim babəki ideyaları yayılmağa başlayır. Şeyx Heydər öz ardıcıllarına «ibahət» (şəriət tərəfindən qadağan olunanların qanuni sayılması barədə elm) və «Babəkin xürrəmiləri»nin qanunlarını öyrədirdi. Maraqlıdır ki, ilk vaxtlarda səfəviləri Qaradağ və Talış əhalisi müdafiə edirlər. Bu o ərazilərdir ki, həmin ərazilərdə vaxtilə böyük xalq qəhrəmanı Babəkin rəhbərliyi altında kəndli müharibəsi baş vermişdi. Lakin XVI əsrdə xürrəmilər haqqında məlumatlar yoxa çıxır. Tədqiqatçılara görə, xürrəmilərin qalıqları sonradan qızılbaşların ideoloji sistemini qəbul edərək onların ən aktiv hissələrinə çevrilirlər.

Əslində, xürrəmilərin ideologiyası ilə qızılbaşların ideologiyası arasında təkcə yaxınlıq deyil, ümumiyyətlə bu ideologiyaların ən qədim zamanlardan türk sistemindən gəlmələri özünü göstərirdi. Hər iki ideologiyanın kökündə Türk sistemi dayanırdı. Xürrəmiliklə bağlı aparılan son tədqiqatlar sübut edir ki, bu tənasüxə, hülula və donbadona əsaslanan bir sufi təlimi idi. Bu təlimi qızılbaşlıqla əlaqələndirən bu faktorlardan əlavə, onun həm də hərbi təlim olmasıdı. Daha doğrusu, onun qızılbaşlar tərəfindən məhrəm qəbul edilməsində bu faktorun rolu az deyildi.

Elə hürufiliyə qızılbaşların məhrəm münasibət bəsləməsində digər bu kimi fakttorlar olduğu kimi, hərbi faktor da ciddi rol oynamışdı. Çünki qızılbaşlıq hərbi-siyasi-dini doktrina kimi səhnəyə çıxmışdı. Hər bir qızılbaş həm də nəhəng bir döyüşçü idi. Qızılbaşlar mürşidələrinin uğrunda ölməyi müqəddəs bir vəzifə sayırdılar. Qızılbaşlıq üzrə tədqiqat aparan tədqiqatçıların fikrincə, «Qızılbaşlıq» həm də etnik bir kimlikdir. Bu sahə üzrə məşhur mütəxəssis İren Melikova yazır ki, səfəvilərin dünyagörüşləri ən qədim türk dünyagörüşlərini əks etdirir. Tanırının insanda təcəlla məsələsi, donbadon inancı Şamanizmdə, Türkmən boylarının döyüşçü tayfalarında da mövcud olmuşdur. Qızılbaşlıq həm inanc baxımından, həm də siyasi baxımdan bu faktorları özündə əks etdirmişdir.

İbn Ruzbixan da yazır ki, Şeyx Heydər yaşıl paltar geyib, başına qırmızı şapka qoyub hər tərəfə öz qılıncı ilə zərbələr endirməyə başladı. İbn Ruzbixanın verdiyi bu məlumat ciddi tədqiqat obyekti olmamış və sanki nəzərdən qaçmışdır. Şeyx Heydərin bu hərəkətləri qədim Türk inanclarını sübut etmirmi? Bu Göytürkə işarə deyildirmi? Məlumdur ki, Türk tayfaları İslam dinini mənimsərkən, böyük ölçüdə əski inanclarını və adət-ənənələrini də mühafizə etməkdəydilər. Əslində, İslam türk tayfaları arasında yayılarkən Türk xalq islamına çevrilirdi.

Məsələn, Orta Asiyada bu mənada xalq İslamında əski ozanlar kimi xalq arasında dolaşan ata, baba ünvanlı və zamanında əfsanəvi nüfuz qazanmış şəxsiyyətlərin böyük rolu vardı. Bunların içərisində ən məşuhuru əski adıyla Yesi (bugünki Türkistan) kəndində yaşamış olan Əhməd Yəsəvidir (ölüm tarixi 1166). Əhməd Yəsəvi «Yəsəvilik» təriqəti ilə qədim türk duyğu, düşüncə və ənənələrini özündə əks etdirən yeni bir İslam düşüncəsini yaratmışdır. «Yəsəvilik» ilk türk təriqətlərindən biri sayılır. Bunun ardınca XIV yüzillikdən etibarən özəlliklə fəth fəaliyyətinə qatılan qazilər arasında yayılmış olan digər türk təriqəti olan Bəktaşilik fəthlər yolu ilə Balkanalara da yayılmış və Qərbi Anadoludan Balkanalara qədər xalqların müsəlmanlaşmasında və Osmanlı idarəçilinin qəbul edilməsində böyük rol oynamıdır.

Şah I İsmayıl zamanında bir inanc axını olan «Qızılbaşlıq» Anadoluda da geniş yayıldı. Anadoluda bu Bəktaşilik və Ələvilik adı altında özünü göstərdi. Bəktaşi-Qızılbaş ənənələri bir-birinə çox yaxındır. Bəzi tədqiqatçılar Qızılbaşlığı çöl-kənd sufilərinin, Bəktaşiliyi isə şəhər sufilərinin təriqəti adlandırırlar. Məsələyə bu konteksdən yanaşsaq, doğrudan da Qızılbaşlıq daha radikaldır və daha çox hərbiləşmiş bir sistemdir. Bütün bunlar isə Qızılbaşlığın bir türk inanc sistemi olmasının təzahurüdür.

Ağqoyunlular dönəmlərində təriqətçiliyə hörmətlə yanaşılsa da, «Səfəviyyə» təriqətinə həm də malik olduğu gücə görə də hörmətlə yanaşırdılar. Ağqoyunlu dövləti sufi dövləti olmasa da, sufilərin azad dolandığı və dövlət işlərinə qarşıdığı bir məmləkət idi. Dövlət başçısı sufi şeyxləri ilə məsləhətləşir və onların nəsihətləri əsasında hərəkət edirdi. Lakin bundan fərqli olaraq Səfəvilər dövləti birbaşa sufilərin dövləti idi. Onun idarəçiliyi də sufi sistemi əsasında baş verirdi. Qızılbaşlıq isə «Səfəviyyə» sisteminin ən uca zirvəsiydi ki, özündən öncəki bütün türkçülük ənənələrini tərkibində birləşdirmişdi.

Məqaləsinin sonunda Nadir Şah Əfşar və Qacarlar dönəmləri barədə də xeyli səhvlərə yol verən Nəsib bəy belə bir nəticəyə gəlir: “Iran və Qərb müəllifləri haqlı olaraq Səfəvilər dövlətinin yaranmasını İran imperiyasının bərpası dövrü hesab edirlər. Rəsmi İran tarixçiliyində Səfəvilərdən əvvəlki Ağqoyunlu, Qaraqoyunlu və başqa dövlətlər bir qayda olaraq İran dövlətçiliyinə yad hadisə sayılmaqdadır. İran tarixçiliyinin Səfəvilərə sevgisi sonuncuların təkcə Sasani dövlətçilik institutlarını bərpa etməsi ilə bağlı deyil, həm də onun indiki teokratik rejim üçün dövlət modeli olması ilə izah edilməlidir”.

Nəsib bəy Siz İran İslam Respublikasında səfir olmusunuz. Yəqin ki, bilirsiniz İran coğrafi ərazi adını bildirir. Həm də İran sözü “Divani-Lüğətül Türk”də keçmir. 1936-cı ildə İran siyasi termin kimi gündəmə gəldi. Buna qədər həmin ərazilərdə olan dövlətləri İran dövləti adlandırmaq hansı məntiqə sığır? Axı Siz bunları bilməlisiniz. Siz deyə bilərsinizmi ki, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin yazı dili hansı dil idi? Və yaxud Atabəylər dövlətinin yazı dili hansı dil idi? Səlcuqların yazı dili hansı dil idi? Osmanlı imperiyasının yazı dili hansı dil idi? Azərbaycan Səfəvilər dövlətinin dili hansı dil idi? Unutmusunuzsa, yadınıza salaq: Səfəvilər dövlətinin rəsmi dili Türk dili idi. Onda necə olur ki, o biri dövlətlər İran dövlətçiliyinə yad hadisə, Səfəvilər isə məhrəm sayılır. Hətta bir az da qabağa gedib Səfəviləri az qala Sasanilərlə eyniləşdirirsiniz. Yadınıza salaq ki, Sasanilər fars dövləti deyil.

Sonda Sizə məsləhət görərdik ki, qərəzli olmayın. Yaddan çxarmayın ki, Azərbaycan yalnız Səfəvilər zamanı bütövləşdi. Bu dövlət mənbələrdə “Dövləti Qızılbaşiyə” və yaxud “Dövləti Azərbaycan” adlanır. Azərbaycan nə ondan əvvəl, nə də sonra bütövləşməyib. Bir də Sizə məsləhət görərdik ki, tarixə obyektiv baxın. Kimlərinsə sözü ilə Azərbaycan tarixini aşağılamayın. Çünki tariximiz bunu bizə bağışlamaz.

Sizə dərin hörmətlə;

Dilavər Əzimli (Qızılbaş),

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın Orta Əsrlər tarixi” Şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru.
XS
SM
MD
LG