Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:52

Strasser Azərbaycanda 89 potensial siyasi məhbus olduğunu deyir


Christoph Strasser
Christoph Strasser
-

STRASSER`İN SİYAHISINDA 89 NƏFƏRİN ADI VAR

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strasser bu barədə iyunun 26-da Strasburqda keçirdiyi mətbuat konfransında məlumat verib. Mətbuat konfransında iştirak edən hüquq müdafiəçisi Fuad Həsənov AzadlıqRadiosuna bildirir ki, Strasser Azərbaycana buraxılmadığı üçün siyasi məhbuslarla bağlı hesabatı müxtəlif mənbələrə istinad edərək hazırladığını deyib.

Məruzəçi bildirib ki, onun tərtib etdiyi 89 nəfərlik siyahıdakı adamlardan kimlərin «siyasi məhbus» kriteriyasına uyğun gəlmədiyini yoxlamaq üçün Azərbaycana səfər edib araşdırma aparmağı planlaşdırsa da, ona viza verilməyib.

Amma Christoph Strasser yenə də Azərbaycana getməyə, hökumət və QHT nümayəndələri ilə bu məsələləri müzakirə etməyə hazır olduğunu deyib.

Məruzənin AŞPA-da qəbulu ilə bağlı səsvermə sentyabr ayında keçiriləcək.

O, əlavə edir ki, siyahını Azərbaycan hökumətinə göndərib və Azərbaycana getmək imkanı yaradılacağına ümid edir.

SİYASİ MƏHBUS QƏTNAMƏİ QƏBUL EDİLİR

Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsi iyunun 26-da alman deputat Christoph Strasser'in siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini qəbul edib.

Qətnamə layihəsində Azərbaycan hakimiyyəti hazırda həbsdə olan siyasi məhbusları azad etməyə və gələcəkdə siyasi motivlərlə adamların həbs olunmamasına şərait yaratmağa çağırılır: "Azərbaycan hakimiyyəti siyasi məhbus olduqları güman edilən 89 nəfəri tezliklə azad etməyə, ya da onların işlərinə yenidən baxmağa dəvət edilməlidir.
Komitə qeyd edir ki, Azərbaycan hələ də siyasi məhbus problemini həll edib qurtarmayıb".

Komitədə təmsil olunan deputatlardan 26-sı sənədin lehinə, 22 nəfəri isə əleyhinə səs verib. Sənəd Parlament Assambleyasının gündəliyinə çıxarılacaq.

2009-cu ildə AŞPA-nın Azərbaycan üzrə məruzəçisi təyin edilən Christoph Strasser'ə 3 ildir ki, Azərbaycana səfəri üçün viza verilmir. Bakıda rəsmilər bildirirlər ki, onun Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi kimi gəlməsini istəmirlər. Çünki Azərbaycan rəhbərliyi ölkədə siyasi məhbusların olması fikrini rədd edir.

Azərbaycan rəsmiləri ölkədə heç kimin siyasi mövqeyinə görə təqib olunmadığını, bəzi ictimai fəalların isə başqa məzmunda cinayət işlərinə görə tutulduqlarını deyirlər.

«ARTICLE 19» beynəlxalq media azadlığı təşkilatı da Komitənin qəbul etdiyi bu qətnamə layihəsini alqışlayıb. Təşkilat iyunun 26-da yaydığı məlumatında bunu Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar tanıması istiqamətində ciddi addım adlandırır.

Təşkilat hazırda Azərbaycanda 7 jurnalist, bloqçu və vətəndaş cəmiyyəti fəalının siyasi motivlərlə həbsdə olduğunu bildirir.

HÜQUQ MÜDAFİƏ TƏŞKİLATLARININ 2 FƏRQLİ «SİYASİ MƏHBUS» SİYAHISI

Rəsmi mövqedən fərqli olaraq, Azərbaycandakı hüquq müdafiəçiləri ölkədə siyasi məhbusların olduğunu bildirirlər. Bu fikirdə olan təşkilatların 2 ayrı-ayrı siyahısı da
Səidə Qocamanlı
Səidə Qocamanlı
mövcuddur.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı iyunun 22-də imzalanan əfv sərəncamından sonra AzadlıqRadiosuna deyib ki, indi onların siyahısında 10 siyasi məhbus qalıb:

«Beləliklə bizim 19 nəfərlik siyasi məhbus siyahımızdan 9 nəfər azaldı və biz Strasburqa 10 nəfərlik siyahı ilə gedirik».

AZƏRBAYCANDA 70 NƏFƏRDƏN ÇOX «SİYASİ MƏHBUS» VAR?

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə Azərbaycanda siyasi məhbusların sayının 70-dən çox olduğunu bildirir. Christoph Strasser'in hesabatı ilə yaxşı tanış olduğunu deyən hüquq müdafiəçisinə görə, elə bu qədər say həmin hesabatda da qeyd olunub:

«Christoph Strasser’in siyasi məhbuslarla bağlı hesabatı yalnız Azərbaycana həsr olunub. Bu hesabat demək olar ki, ötən ilin dekabrından hazırdır. O, sadəcə siyahı hazırlamayıb. O, hər şeyi qruplaşdırıb. Misal üçün «Səid Dadaşbəylinin dəstəsi», «2 apreldə həbs olunanlar», bundan başqa 2011-ci ildə həbs edilən İslam Partiyasının üzvləri. O, hesabatı çox professional hazırlayıb. Mən son 4 ayda hər gün onun suallarına cavab vermişəm».
Leyla Yunus
Leyla Yunus

STRASSER'İN SİYAHISINA TƏSİR EDƏN ƏFV

Leyla Yunusun fikrincə, Azərbaycan hökuməti bilərəkdən Strasser'in siyahısındakı bəzi məhbusları azad edib ki, hesabat səslənəndə Azərbaycanda siyasi məhbus olmadığını desinlər.

Leyla Yunusa görə, əfvlə «siyasi məhbus»lardan bəziləri buraxılsa da, yeni həbslər olduğundan bu siyahının gələcəkdə artma ehtimalı var.

2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olanda, hüquq müdafiə təşkilatlarının «siyasi məhbus» siyahısında 700-dən çox məhbusun adı vardı.
XS
SM
MD
LG