Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:29

Mövlud Süleymanlı "Erməni adındakı hərflər" (Romandan parça)


Mövlud Süleymanlı
Mövlud Süleymanlı
-

"- Adın nədi sənin?

- Adımı neynirsən, - dedim, - adım türk, sənin adın da erməni, sözünü de...

İkimiz də bir-birimizə baxıb gülümsəyirik, badəni götürdüm, o da götürdü..."



"Oxu zalı"nda erməni-Azərbaycan münaqişəsi haqda romanların müzakirəsini davam etdiririk.

Yazıçı Mövlud Süleymanlının "Erməni adındakı hərflər"i Aqil Abbas, Şərif Ağayar, Seymur Baycan və Əlabbasın eyni mövzulu əsərlərindən sonra dalbadal müzakirəyə çıxardığımız beşinci və hələlik sonuncu romandır.

Romandan bir parçanı oxucularımızın ixtiyarına veririk.


Mövlud Süleymanlı


ERMƏNİ ADINDAKI HƏRFLƏR

(Romandan parça)


Taksi sürücüsü Ağacan...

...Maşın daş yolda buraların səssizliyinə yaraşmayan hay-küylə yerə mıxlandı, arxadan gələn toz-duman üstümüzdən aşıb qarşıdakı daş yola endi, yolun yan-yörəsi yam-yaşıl olduğu üçün toz-duman yoldan çıxana oxşamadı... dəvə karvanı kimi əyilə-əyilə xeyli yol getdi.

Gün günortadan keçmişdi, dağlar gözümün önündəcə rəngdən rəngə düşürdü, amma mən bu iki daşın arasında hiss elədiyim gözəlliyə qarışa bilmirdim.

Bayaqdan səksəkə içində gözləyirəm; “vuracaq...”

Yol boyu əlləri gözlərimin qabağnda oynayıb.

Əslində döyülməyim, lap ölməyim belə eynimə deyil, amma söz elə yerdən başlayıb ki, orda millət var, xalq var. İnsanın özündən qat-qat ucalarda duran məqamlar var. İndicə aranı yumşaltmaq istədim, ayağı daha da yer aldı, elə bildi qorxdum.

Universitet illərində mənə məşqçilik eləmiş idman müəllimimi xtırladım...”Sən güclüsən, deyərdi, sən səksən beş çəkiyə də çıxa bilərsən.”

Bu, çox olar, azı doxsan kilo var.

Elə bu yerdə qapını çırpıb bayıra çıxdı.

Bura iki çay arasıdı, kəndimizə üç-dörd kilometr qalıb, neyniyəcəyimi bilmirəm, bir az elə bil keyləşmişəm, oturub heç nəyi vecinə almadan düzü-dünyanı ağzına almış yaşıllığa tamaşa eləyirəm.

O, pencəyini bir qırağa tullayıb qollarını çırmalayır, gəl , deyir mənə, əlinin, ayağının işarəsiylə.

Ölsəm də, qalsam da çıxmalıyam, çarə yoxdu. Maşından elə düşdüm, elə bil suya atdanacağam.

- Gülürsən yenə, eybi yox, indi gülməyi göstərərəm sənə!

Həə, mən doğrudan da gülürəm. Özümün xəbərim yoxdu amma. Çəkindiyimi hiss elədiyi üçün eşələnir, bağlıdı elə bil.

-Gəl, - deyir,- gəəl, gəl görüm, mənim torpaqlarımı əlimnən necə almısan? O sən, bu mən, sən türk, mən erməni, gəl sənin dərsini verim!

Pencəyi mən də çıxartdım.

- Danaq unes?*

__________________

* Bıçağın var? (ermənicə)



- Nə tez qorxdun, erməni!- Gülüb üst-başımı göstərdim, - yoxdu bıçağım.

- Bıçaqsız türk olmaz.

- Yoxdu bıçağım, olsa da türk silahsıza bıçaq çıxartmaz.

- Onda ver gəlsin!- Üzündə qurama gülüş dolaşır, özünü itirib, qorxur deyəsən, o boyda adam.

Ara- sıra maşınlar keçsə də hamı öz işindədi, fikir verən yoxdu.Yolu keçib dayandım, beş-on addım aramız var:

- Düzgün deyil axı, erməni,- dedim,- sən olarsan azı yüz kilo, mənsə, görürsən də altımış beş kilo.

O, gülüb yumruğunu mənə doğru uzatdı, başbarmağı da arasında:

- Ujee, jım-jım...?

Bir şey eləyərəm hər halda, daha doğrusu, nəsə eləməliyəm...

Qarış-qarış otuna, çiçəyinəcən tanıdığım, bələd olduğum yamac, adına “Dəvəuçan” dediyimiz yarğan, Subirləşəndəki Orta körpü, qus səsinə bənziyən səsini indi eşitməyə başladığım Əyricay, çiyin-çiyinə vermiş gen sinəli dağlar hamısı mənimdi, mənimlədi, nə isə bir şey eləməliyəm...

Bu boyda söz- söhbətdən sonra uduzmaq ölümnən betərdi, elə bir şey olsa kəndə getməyəm gərək.

Yalvar- yaxar eləyəm erməniyə ki, öldür məni, o da öldürməz, ölünün nəyini öldürsün...

Ya da elə onun gözünün qabağında qayıdım çantadan bıçağı götürüm, soxum qarnıma... Oy, nə gözəl, bunu fikirləşib tapdığıma görə, canlandım əməlli başlı.

Birdən- birə belə dəyişməyim onu çaşdırdı, duruxub boynunu irəli uzatdı:

- Cibindəki, nədi?

- Hec nə,- əlimi cibimə salıb cıxartdım, sevincək halda üstünə yeridim, biləyimnən yapışmaq istədi, mən onun qolundan tutub da çəkdim, əlim sürüşüb çıxdı, arxası üstə göylüyə yıxıldım, o da səntirlədi, amma yıxılmadı, tələsik qalxıb onun hücumunu gözlədim:

- Hıı, suplis eləmək istəyirdin, Bakıda öyrənmisən, həə?! İndi mən sənə göstərərəm, suplisi necə eləyirlər.

Qollarını açıb üstümə gəldi, əlinə keçməmək üçün gərək qaçam, hara qaçım, çiyinlərimnən yapışdı, mən də onun qollarından tutub büküldüm, ayaqlarımı gen-gen açıb durdum, özümü yamaca mıxlanmış kimi hiss etdim, o məni dartdı, mənim çox asanlıqla gəlməyimi gözləyirdi, bir də dartdı, az qaldı ayaqlarım yerdən üzülsün...

Kəndin uşaqları elə burdan atlarımızı sürüb çapa-çapa keçərdik, Dəvəuçana çatanda atın belindən suya atdanardıq.

Bir dəfə mən düz atdanmadığımdan suya yox, lilə düşdüm, güclə dartıb çıxartdılar... Həə, orda camış batıran lil var.

Yox, hücum eləsəm uduzaram, bir az da gözləyim. Qol-qola tutub bir- birimizi dartışdırırıq, bunun güləşdən heç xəbəri yoxmuş, eşşək kimi güclüdü amma.

Nə isə, gözləməyə səbrim çatmadı, qollarını yana atıb arxasına keçmək istədim, alınmadı, necə oldusa, boynumu qoltuğunun altına salıb sıxdı, mən, o da belimdə əyilib ikiqat oldum, qulağımın dibində nəsə deyirdi, anlayası halda deyildim, mən onun ağırlığı altında qalmısdım, yarı bükülü, qanrılıb gözlərimi açanda onun üzünü gördüm, azacıq dikələ bilsəydim, başımdan aşağı sala bilərdim, boğula-boğula onu da fikirləşdim ki, bu niyə türkcəni osmanlı ləhcəsində danışır, dizlərim yerə dəyəndə özümə gəldim, gözlənilmədən saçlarından yapışıb belimi dikəltdim, o, başımın üstündən aşıb yerə dəydi.

Özümə gəlməmiş qolumnan tutub fırladı, köynəyimin bir yanı əlində qaldı, mən Dəvəuçan yarğanın qaşınacan yumalandım, göylükdə daş varmış, belim daşa dəydi.

O, bu dirəşməyi gözləmədiyindən özündən çıxmışdı, qışqıra-qışqıra üstümə yüyürdü, çatan kimi ayaqlarımı qaldırdım, çiyinlərindən yapışıb başımın üstündən atdim, ikimiz də qucaqlaşmış halda dığarlanıb yarğan aşağı lilliyə yıxıldıq.

Mən hələ havada ikən bilirdim ki, o mənim altımda qalacaq, çünki mənnən xeyli ağır idi...

Alqış səsi gəldi, hardansa, əl çalırdılar. Yəqin qulağim səsə düşüb. Özüm arxası üstəyəm, yarıyacan lilə girmişəm.

Dikəldim, erməni üzü üstə düşüb, qolundan tutub qaldırdım, üz- gözünəcən palçıq içindədi, mənə baxan kimi güldü, əlimi üzümə çəkdim, mən də o gündəyəm, doğrudan da alqış səsi hər tərəfi bürümüşdü, əməlli- başlı əl çalırdılar.

Biz suyumuz süzülə-süzülə yarğandan çıxdıq, gurultulu alqışlar bir də qopdu. Yolboyu Orta körpünün üstünəcən maşınlar dayanıb, yaylaqdan gələn, yaylağa gedən “urra” qışqırırdılr, o biri maşındasa ermənini tanıyan oldu:

- İnçe badahel, Ağacan?*

- Qorxmayın heç nə olmayıb...- O azərbaycanca cavab verdi.

Mən də ermənicə dedim:

- Mivaxeçek voçinç ci badahel.*

Camaatın arasından qoltuğunda saz aşıq Ayvaz irəli çıxdı:

- Gəl bir səni öpüm...- dedi, bir- iki addım da irəli yerıdı.

- Gör, nə gündəyəm,- gülüb üst-başımı göstərdim.- Nə təhər öpəcəksən məni.

- Ay sənin başına dönüm, adımızı batırmadın!- Aşıq şərəfimə nəsə oxumaq istəyirdi, üst- başımı belə görüb sazını dınqıldada- dınqıldada aralandı.

Aşığın ardınca kim vardısa oğullu- uşaqlı gəlib görüşmək istədilər, bizə yaxınlaşmaq mümkün deyildi, lil, palçıq içindəydik, aralıda dayanıb bir də əl çaldılar.

Günün batmağına az qalıb. Maşınlar çəkilib gedib, biz ikimiz də soyunmuşuq, əynimizdə bir tuman qalıb. Yarğanın qırağında oturub hərəmiz bir səmtə baxırıq:

________________
* Nolub, Ağacan? (ermənicə)
* Qorxmayın, heç nə olmayıb...(ermənicə)



- Sən Muquçun oğlusan?- soruşdum.

O otla üst-başını silirdi, dönüb baxdı, heç nə demədi, dəyişmişdi birdən birə, yorğun, kədərli.

- Kəndə az qalıb,-dedim,- gedək, evdə yuyunarıq, rayona belə qayıtmaq olmaz.

Dinməz, söyləməz qalxdı, bir qucaq ot yolub maşının oturacağına sərdi ki, batmasın. Paltarlarımızı yaş-yaş geyindik, dinməz- söyləməz maşına oturub yola çıxdıq, kəndə çatanacan da danışmadıq. Anam yolumu gözləyirmiş, qapının ağzındaydı.

Bayaq gözümün qabağına necə gəlmişdisə eləcə, əli sinəsinin üstündə əynində də mənim şalvarım yaxınlaşdı, yəqin gördüklərinə inanmırdı, gülümsədiyimi görüb özünə gəldi:

- Ananız ölsün, maşınıız batmışdımı nədi? Düşün tez... - Birinci erməninin qolundan tutub qapıya apardı. - Ay Güllər, ay Sona, ay qonşu, uşaq gəlib, dostu da yanında... - Erməni boynunu büküb anamın ardınca gedirdi, elə bil anam onu döyməyə aparırdı ki, üstünü niyə batırmısan.-Ay Lala, ay Pəri, gəl hamamı qızdır, gör uşaq dostuyla nə gündədi, gəl suyu qızdır.

Erməni mənim paltarlarımı geyinib, amma əyninə dardı, şalvar az qala dizindən, köynəyin yaxası gəlmir, elə o cür gülməli şəkildə də anamın səliqəli qonaq otağında pərt halda oturub paltarlarının qurumağını gözləyir...

Mən nə isə aranı açmaq, sıxıntını götürmək istəyirəm. Gətirib bir adyal da verdim, qarnı açıq idi, adyala bükülüb rahatlaşdı.

Gedib taxçanı açdım, bir il bundan qabaq aldığım araq eləcə qalmışdı, götürüb stolun üstünə qoydum. Bayırdan anamın səsi gəldi:

- Hamam hazırdı.

Bir yerdə çıxdıq, paltarlarımız yuyulub asılmışdı.

- Gəl, yuyunaq...- Nə deyirdim dinməz söyləməz yerinə yetirirdi , elə bil əsir götürmüşdüm, bu mənim özümə də pis təsir eləyirdi. - Keç,-hamamın qapısını açıb onu içəri ötürdüm...

Nə isə, yuyunub çıxmışıq, anam süfrə açıb, keçib əyləşdik, mən araq süzdüm:

- Çörək ye.- Bayaqkı kimi adyala bükülüb sakitcə süfrəyə baxır, üz-gözündən bir şey anlaya bilmədim. - Buyur, çörək ye,-dedim, anamın qızartdığı toyuq ətindən qabına qoydum. - Ye.

Anamın nəyi var süfrədədi, yağ, pendir, qaymaq, cürbəcür konfetlər, iki dənə nar, bir dənə qurud, kəklikotu, mən fikirləşdim ki, yəqin belə şeylərin çoxunu bilmir bu, ona görə də yemir. - Yrəyin nə istəyir onnan götür.

O gülümsəyib əlini süfrəyə uzatdı, mən çox rahatlaşdım, elə bil üstümdən daş götürdülər, “bir tikə də olsa yesin...” Dinməz-söyləməz yedik, birdən başını qaldırıb soruşdu:

- Adın nədi sənin?

- Adımı neynirsən, - dedim, - adım türk, sənin adın da erməni, sözünü de...

İkimiz də bir-birimizə baxıb gülümsəyirik, badəni götürdüm, o da götürdü, mən birdən-birə hiss elədim ki, sözüm yoxdu, bilmədim nə deyəcəm.

O cür də başladım:

-Bilmirəm necə deyim, qardaş deyəcəm, düz olmayacaq, axber deyəcəm, brat, deyəcəm, alınmayacaq, dost deyilik, ola da bilmirik. İndi elə bir söz axtarıram ki, deyəm içək.. .amma sən bayaq mənim anama ana dedin, yadındadı? Onda mənim tüklərim biz-biz oldu. Yadındadı, ana deməyin?

O, başını tərpədib:

- Hə, - dedi,- anadı da, bəs nə deyim, sən də mənim anamı görsən, ana, deyəcəksən, elə deyil?

- Elədi,- dedim, - onda anaların sağlığına içək... Anaların da yox, bizi doğanların.
İçdik...

Amma arada get-gedə daha çox üzə çıxan ağırlıq var, heç nəyin, bu yediyimiz çörəyin belə qaldırmağa gücü çatmadığı ağırlıq...

Yeyib içsək də bu ağırlığın altındayıq. Taksidə yol gələndə, güləşib bir-birimizi qıranda bunnan səmimiydik, sərbəstdik.

Mənim bayaqdan yaratmağa çalışdığım səmimiyyət havası yoxdu, ələ gəlmir, bərpa eləmək istədiyim sınıqlıq artıq tərbiyəmizdəki sınıqlıqdı, tərbiyə də boya- başa çatmış insanın özü, varlığı deməkdi, nə qədər sağdı, qanındadı.

İnsanın içi yarar torpaq kimidi, nə əkirsən o da cücərir.

Nə isə, heç adını da çəkmədim, özü demiş, adı ermənidi da, biz necə başlamışdıq, elə də qurtardıq, nə o mənim adımı cəkdi, nə mən onun...

Pal-paltarı yuyulub təmizlənib. Əynini geyindi, heç kəsə heç nə demədən dinməz-söyləməz qapıdan çıxdı.

- Ay oğul, niyə tələsdin, niyə çörək yemədin?- Anam əlindəki işi atıb ona tərəf gəldi.

O, maşının qapısını açmışdı, əlini saxladı, yüngülcə baş əyib:

- Cox sağ ol,- dedi,- ana!

Yuyulub tər-təmiz olmuş sarı rəngli taksi içi dolu yükmüş kimi ağır-ağır tərpəndi, qapıdan çıxa-çıxda dönüb baxdı, o yenə baxışlarıyla soruşurdu:

“-Tı yeşo ulıbayeşsya...”
XS
SM
MD
LG