Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:39

Salam Sarvan: "Gözdən qaçmış qüsurlara görə tərcümə haqda “yerəçırpdı” fikir yürütməzlər"


Salam Sarvan
Salam Sarvan
"“Oxu zalı”ndakı müzakirə yalnız qüsurların axtarılması üzərində qurulduğundan belə bədbin təəssürat yaradır.

Amma mən 4 ildir ki, bu prosesin içində olan adam kimi başqa cür düşünürəm. Əksinə, vəziyyət ürəkaçandır".



150 cildlik "Dünya Ədəbiyyatı Kitabxanası" seriyasını çap edən Bakı Slavyan Universitetinin nəşriyyatının direktoru, şair Salam Sarvanla müsahibə.

Seyfəddin Hüseynlinin tərcümə kitabları ilə bağlı "Oxu zalı"nda çap edilən yazısında həmin seriyadan olan bəzi kitablar da tənqid edilib.


– Salam bəy, “Oxu zalı”nda tərcümə ilə bağlı aparılan müzakirədə faktlar göstərdi ki, bu sahədə vəziyyət elə də ürəkaçan deyil. Yəni peşəkarlar da qonorar üzündən şikəst tərcümələrə qol qoyurlar. Razısınızmı?

– “Oxu zalı”ndakı müzakirə yalnız qüsurların axtarılması üzərində qurulduğundan belə bədbin təəssürat yaradır. Amma mən 4 ildir ki, bu prosesin içində olan adam kimi başqa cür düşünürəm. Əksinə, vəziyyət ürəkaçandır.

Yəni Bakı Slavyan Universitetində 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası” seriyası işə başlayanda, düzü, mənim özümdə də müəyyən tərəddüdlər vardı ki, Azərbaycanda bu layihənin ciddiliyinə uyğun tərcüməçi potensialımız varmı? Məlum oldu ki, var.

Biz alman dilindən Vilayət Hacıyev, Çərkəz Qurbanlı, ingilis dilindən Vilayət Quliyev, Kamran Nəzirli, Ramiz Abbaslı, Ülkər Nəsibbəyli, Tehran Vəliyev, rus dilindən İlqar Əlfioğlu, Etimad Başkeçid, Seyfəl Həsənov, Mahir Qarayev, Vidadi Rzayev, Yaşar Əliyev, Rövşən Ramizoğlu, Saday Budaqlı, Azad Yaşar, Heydər Orucov, Zahid Sarıtorpaq, fransız dilindən Hamlet Qoca, Cavanşir Yusifli, və b. kimi tərcüməçilərin varlığını gördük.

Təbii, Kortasar kimi “çətin” yazıçının tərcüməsində 5-6 pinti cümlə tapmaq olar, bir az amansızlıqla axtarsan, hətta 10-15 belə qüsurlu məqam ortaya çıxarmaq olar. Amma söhbət Kortasar kimi “çətin” yazıçının tərcüməsinin öhdəsindən gəlməkdən gedirsə, sevinirəm ki, ölkəmizdə Nadir Qocabəyli kimi belə bir tərcüməçi varmış.

Belə danışaq da... Eşitdiyimə görə sən məni yaxşı şair hesab edirsən. Amma axı kitabımda nə qədər istəsən zəif misra da tapa bilərsən. Yəni gözdən qaçmış qüsurlara görə tərcümənin və tərcüməçinin səviyyəsi haqqında “yerəçırpdı” fikir yürütmək, məncə, düz olmazdı.

Ancaq əlbəttə ki, açdığınız müzakirəni təqdir eləyirəm. 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından bəzi kitablar haqqında qeydləri diqqətlə izləyirəm. Bu layihə ümumxalq layihəsidir. Yəni işin xeyrinə olan bütün tənqidlərə və təkliflərə açıqdır. Ancaq umacağımız da var. Biz bu boyda işin təqdirəlayiq məqamlarını qeyd edəcək yazılar da gözləyirik.

– Ali məktəblərdə tərcümə fakültələri açılıb. Bir az pafoslu səslənməsin, canında Söz olmayan, ədəbi prosesə yaxından-uzaqdan bələdliyi olmayan tələbənin tərcüməçi kimi yetişməsindən ağlınız nə kəsir?

– Tərcümə fakültələri təkcə bədii mətn tərcüməçiləri yetişdirmir axı. Burda müxtəlif ixtisaslaşmış istiqamətlər var. Məsələn, sinxron tərcümə, elmi-texniki mətnlərin tərcüməsi və s.

– Etimad Başkeçid deyir, həmin fakültələrdə dərs deyən professorlar nağıl nədir, bir uzun cümləni belə axıracan tərcümə edə bilməzlər. Doğrudurmu?

– İnanmıram ki, Etimad bu fikri bütün müəllimlərə aid eləsin.

– Siz də türkcədən uyğunlaşdırmanı çətin və əziyyətli iş hesab edirsiniz?

– O qədər də yox.

– Bu suala bir neçə dəfə cavab vermisiniz, amma gəlin, fikrimizi konkretləşdirək. Azərbaycan dilinin söz tərkibinin kasıblığından siz də şikayətçisiniz?

– Belə bir halı götürək: Kişi qadınla ona görə evlənir ki, qadının evi var, atası yaxşı vəzifədə işləyir və s. Ruslar bu nikaha “brak po rasçotu” deyirlər. Səhv etməsəm, Somerset Moemin hekayələrindən birinin adı rus dilinə məhz belə çevrilib. Azərbaycan dilinə bunu necə tərcümə edəsən? “Hesablanmış nikah”, “Məqsədli nikah”, “Təmənnalı nikah” – bunların heç biri adekvat deyil, yəni ruscadakı həmin ifadənin məğzindəki mənfi çaları əks etdirmir.

Ya başqa halı götürək: Məsələn, qaranlıq otaqda əllərini stolun üstündə ora-bura toxundura-toxundura nəyisə axtarmağın alman dilində bir sözlə ifadəsi var. Bizim dilimizdə gərək bu vəziyyəti beş sözlə təsvir edəsən: “əllərini ora-bura toxundura-toxundura...” Ancaq dialekt sözlərimizin içində var axı uyğun söz: “dəvdənmək”. Yəni “qaranliq otaqda əllərini stolun üstündə ora-bura toxundura-toxundura alışqanı axtarırdı...” əvəzinə “qaranliq otaqda stolun üstündə dəvdənib alışqanı axtarırdı...” yazmaq mümkündü.

Ona görə düşünürəm ki, Azərbaycan dilinin izahlı lüğəti dialekt lüğətinin imkanlarından daha çox istifadə etməklə təzədən tərtib olunmalıdır. Nasirlərimiz və tərcüməçilərimiz yeni söz yaradıcılığından çəkinməməlidirlər. Yeri gəlmişkən, bu mənada Çərkəz Qurbanlının cəsarətinə hörmətim var.

– Hərdən adama elə gəlir ki, bu cümləni türk ədəbiyyatını yox, türk seriallarını izləyən adam quraşdıra bilər: “Sürücü uzaq işıqlarını qapatdı və yarıqaranlıqda yol daha aydınlaşarkən avtobusun içi qaranlıqlaşdı” Bunu Azərbaycan dilində necə ifadə etmək olar? Gəlin, təcrübə üçün bunu sizdən “tələb” edim...

– Orxan Pamukun “Qar” romanı bizim layihənin tərcüməsi deyil. Əlbəttə ki, cümlə bir az çaşdırıcıdır. Bəlkə də, belə yazmaq olardı: “Sürücü avtobusun uzaq işıqlarını söndürəndən sonra yol daha aydın görünməyə başlasa da, avtobusun içi qaranlıqlaşdı”. Orda söhbət qarlı, çovğunlu vəziyyətdən gedir. Belə vəziyyətçün cümlədə məntiqi səhv yoxdur. Yəqin, “avtobus” sözünü cümlədə iki dəfə işlətməməkçün tərcüməçi belə dolaşıqlığa gedib. “Uzaq işıqlar” sizi çaşdırmasın, bu ifadə dilimizdə rəsmi status alıb.
Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli
Hərçənd maşına aid olan “dalnie farı”, “blijnie farı” ifadələrini “yaxınadüşən işıqlar”, “uzağadüşən işıqlar” kimi variantlarla da əvəzləmək olar.

– Salam bəy, eşitdik, Seyfəddin Hüseynlinin yazısından sonra 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından nəşrə hazırlanan bəzi kitablara yenidən əl gəzdirilib. Hətta yenidən işlənməsi üçün müəlliflərə qaytarılan kitablar da var. Doğrudurmu?

– Yox, buna ehtiyac olmayıb. Çünki biz öz iş prinsiplərimizi kiminsə subyektiv mülahizələri ilə müəyyənləşdirmirik. Bu müzakirə açılana qədər də iş mexanizmimiz kifayət qədər effektliydi. Tərcümə mətnləri ekspertizadan keçirilir. O, redaktəyə gələn tərcümədirsə, qəbul olunur. Əks təqdirdə geri qaytarılır. Tərcüməçiyə çəkdiyi əziyyətin hədər getməməsi üçün sona qədər şans verilir. Yəni tərcüməçilərə qarşı sərtik, amma “başkəsənlik” eləmirik.

– Nədənsə hamı zəif tərcümələrə qol qoymuş imzaların adını çəkməkdə ehtiyat edir, daha doğrusu, “dünya görmüş tərcümanlar”ın qəlbinə dəymək istəmir. Ümid sizədir, bəlkə, bu “qəlb evi yıxmağı”n günahına bir yerdə bataq?

– Biz zəif tərcüməçilərlə əməkdaşlıq eləmirik deyə, çəkiləsi ad yoxdur.

– Tərcüməçilər deyir, “Qanun” nəşriyyatı müəlliflərin qonorar məsələsinə fərdi yanaşır. Sirr deyilsə, sizdə necə, vahid qonorar sistemi varmı? Yəni məsələn, “bu təcrübəli Vilayət Hacıyevdir, o biri gənc Ülkər Nəsibbəyli” prinsipi əsas götürülmür ki?

– Qonorara aid suallar mənə aid deyil. Mənim işim yalnız mətnlə bağlıdır.
XS
SM
MD
LG