Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:41

Ayaz Mütəllibov birdəfəlik Bakıya döndü


Ayaz Mütəllibov, Bakı hava limanında. 7 iyul, 2012-ci il. Foto Meidaforum.az saytınındır.
Ayaz Mütəllibov, Bakı hava limanında. 7 iyul, 2012-ci il. Foto Meidaforum.az saytınındır.
-
Keçmiş prezident Ayaz Mütəllibov iyulun 7-si axşam Moskvadan həmişəlik Azərbaycana qayıdıb.

«Media forum» bildirir ki, sabiq prezidenti Bakı aeroportunda ailə üzvləri, az əvvələ qədər həmsədrlik etdiyi Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Mütəllibovun hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində çalışmış bəzi şəxslər, bir sıra tərəfdarları qarşılayıblar.

Ayaz Mütəllibov Azərbaycan dövlətinin ayırdığı xüsusi avtomobildə aeroportdan Bilgəhdəki bağ evinə yollanıb.

«AXIR Kİ, NİYYƏTİMİZ YERİNƏ YETDİ»

Ayaz Mütəllibov Bakının beynəlxalq aeroportunda onu qarşılayan «Media forum» saytına açıqlama verib.

O, ölkəyə qayıtmasını, Azərbaycanda yaşamasına imkan yaradılmasını yüksək qiymətləndirib:

«Mənim ölkəyə qayıtmağım üçün çalışanlara, bu işdə əməyi olanlara, məni qarşılamaq üçün zəhmət çəkib aeroporta gələnlərə təşəkkür edirəm. Hamısı çox sağ olsun. Təbii ki, həyəcan var, sevinc var. Bu, təbiidir. Axır ki, niyyətimiz yerinə yetdi. İndi buradan Bilgəhə bağ evimə gedirəm. İlk ziyarət edəcəyim yer qəbiristanlıq olacaq. İyulun 8-də qəbiristanlığı ziyarət edəcəm».

20 İL SÜRGÜNDƏ

Ayaz Mütəllibov 1990-cı ildə Azərbaycana rəhbərlik edib, 1991-ci ilin oktyabrında ölkənin ilk prezidenti seçilib. 1992-ci il martın 6-da istefa verib. Həmin il mayın 14-də yenidən vəzifəsinə qayıdıb, ancaq bir gün sonra xalq hərəkatının təzyiqi altında prezidentlikdən çəkilərək ölkəni tərk edib və o vaxtdan Moskvada yaşayıb. Bu illər ərzində Ayaz Mütəllibov yalnız bir dəfə – 2011-ci ilin avqustunda oğlu vəfat edəndə prezident İlham Əliyevin razılığı ilə Azərbaycana gələ bilib.

Azərbaycanda onun haqqında cinayət işləri qaldırılıb. 2003-cü ildə məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib və sabiq prezidentin axtarışı elan olunub.

2012-ci ilin iyun ayında Azərbaycanda yeni qanun – sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə minib. Bununla da Ayaz Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə edib.

Qanuna görə, keçmiş prezident Azərbaycan Respublikasının prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə сəlb edilə bilməz. O, həmçinin vəzifədə olan prezidentin əməkhaqqının 50 faizi qədər maaş, xidməti avtomobil və mühafizəçilərlə təmin edilir.
XS
SM
MD
LG