Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:41

Dinkdən sonra Pamuk qətlə yetirilməliymiş


Orxan Pamuk
Orxan Pamuk
Türkiyədə erməni jurnalist Hrant Dinkin qətlində iştiraka görə ömürlük həbs cəzası çəkən Yasin Hayal deyib ki, onlar Dinkdən sonra Nobel mükafatlı yazar Orxan Pamuku da aradan götürməyi planlaşdırırmışlar.

"Oxu zalı"nın xəbərinə görə, Hayal bu barədə həbsxana kamerasında "Taraf" qəzetinin müxbirinə verdiyi müsahibədə deyib.

Dink 2007-ci ilin yanvarında İstanbulda redaktoru olduğu "Aqos" qəzetinin redaksiyası qarşısında güllələnib.

Dinkə güllə atan Ogün Samast təxminən 23 illik həbs cəzası alıb.

Samastı qızışdıran Yasin Hayala isə ömürlük cəza verilib.

Hayal həbs edildikdən sonra məhkəmədə "Pamuk ağıllı olsun" demişdi.

"Taraf" qəzetinə müsahibəsində Hayal 5 il əvvəl söylədiyi həmin sözlərinə aydınlıq gətirib.

Onun dediyinə görə, Pamuku öldürməkdən ona görə vaz keçiblər ki, Dinkin qətlinin həm ölkədə, həm də beynəlxalq aləmdə böyük qəzəb doğuracağını gözləmirlərmiş.

Hayalın bildirdiyinə görə, ona Pamukun "ölkə üçün təhlükəli olduğunu" Erhan Tuncel deyib:

"Dedi ki, onların ikisi də öldürülməlidir, amma prioritet Dinkdir".

Tuncel polis informatoru olub. Dinkin qətlindən sonra o da həbs edilib, amma qətldə əli olduğu təsdiqlənməyib və azadlığa buraxılıb.

Amma Hayal Pamuk haqqında dediyi həmin sözə görə peşman olduğunu da dilə gətirib və bunun səbəbinin "gənclik və cahillik" olduğunu söyləyib:

"Əgər bir gün burdan çıxa bilsəm, Pamuku ziyarət edib əlini öpəcəm və üzr istəyəcəm. Çox peşmanam" - deyə Hayal bildirib.

Pamuk 2005-ci ildə İsveç mətbuatına verdiyi müsahibədən sonra Türkiyədə radikal millətçi dairələrin qəzəbinə tuş gəlib.

O, müsahibəsində "Türkiyədə 30 min kürdün və 1 milyon erməninin öldürüldüyünü" demişdi.
XS
SM
MD
LG