Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:31

İlham Əliyev: ««Eurovision» artıq qurtardı. Haradadır o piketlər, haradadır o mitinqlər?! »


İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışı
Gözlə

No media source currently available

0:00 0:07:48 0:00

İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı

-
«KORRUPSİYAYA QARŞI MÜBARİZƏ DAVAM EDƏCƏK»

«Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə yaxşı nəticələr vardır. İctimaiyyət də görülən işlər haqqında mütəmadi qaydada məlumat alır, məlumatlandırılır. Bu mübarizə davam etdiriləcəkdir. Mən bir daha demək istəyirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim şüurlu seçimimizdir. Elə etməliyik ki, bu böyük bəlanı Azərbaycandan çıxaraq, buna son qoyulsun. Bu sahədəki işlər daha da sürətlə getməlidir».

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. Prezident bildirib ki, bunun üçün cəza tədbirləri tətbiq olunmalı, islahatlar aparılmalıdır.

«EUROVİSİON» VƏ SİYASİ MƏQAMLAR...

«Bakıda keçirilmiş «Eurovision» müsabiqəsi hesab edirəm ki, başqa şəhərlər üçün nümunə ola bilər. Ancaq bununla bərabər, biz gözlənilməz kampaniya ilə də üzləşdik. Bu, bizim üçün gözlənilməz idi. Çünki yenə də deyirəm, «Eurovision»un tarixində heç vaxt siyasi məqamlar olmamışdı».

Prezident həmçinin qeyd edib ki,

«İnkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var və biz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr vardır. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar».

«MÜXALİFƏTİN MİTİNQLƏRİNƏ ÇIXANLARIN SAYI AZALIR»

İlham Əliyev müxalifətin aksiyalarına da toxunub:
21 may aksiyası
21 may aksiyası

««Eurovision»a qədər 20-ci Sahədə ayrılan yerdə üç mitinq keçirilmişdi. Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer 20-ci Sahədir və özləri də öz xoşu ilə 20-ci Sahədə mitinqləri çox sakit şəkildə keçirdilər. Heç kim onlara dəymədi. Amma görəndə ki, hər dəfə, - yəni üç dəfə belə yığıncaqlar keçirildi, - oraya gələn insanların sayı getdikcə azalır, yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə cəhd etdilər. Bu, sırf təxribat xarakteri daşıyan bir addım idi. Yaxşı, «Eurovision» artıq qurtardı. Haradadır o piketlər, haradadır o mitinqlər?! Hacıbala Abutalıbov onlara müraciət etsin və onları 20-ci Sahəyə dəvət etsin. «Eurovision» növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək, biz bilmirik. Yəni, biz o qədər gözləyə bilmərik. Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar – milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr».

«GÜCLÜ KİMDİR, HAQLI DA ODUR»

Dağlıq Qarabağ problemindən danışan İlham Əliyev qeyd edib ki, danışıqlar prosesində müəyyən durğunluq var:

«Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları yeni bəyanatla çıxış ediblər və status-kvonun qəbuledilməz olduğunu bir daha təsdiq ediblər. Hələ ki, status-kvonu dəyişdirən konkret, real addımlar atılmır. Ancaq bu, qaçılmazdır. Status-kvo dəyişdirilməlidir. Həm Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları, Avropa İttifaqı Şurasının prezidenti Bakıda olarkən, ATƏT nümayəndələri, digər beynəlxalq təşkilatlar və siyasətçilər status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan edirlər. Bu, çox dəyərli bəyanatdır».

Prezident deyib ki, status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqlardan erməni işğalçı qüvvələrinin çıxarılması deməkdir:

«Bu işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxdıqca, əlbəttə ki, danışıqlar prosesində də müsbət meyllər daha da güclənəcək və bu məsələ tezliklə öz həllini tapacaq. Ancaq bütün siyasi və diplomatik səylərlə yanaşı, şübhəsiz ki, biz öz hərbi qüdrətimizi artırırıq, gücləndiririk. Güclü ordu yaratmışıq və yaradırıq. Güclü ordu danışıqlarda bizim mövqeyimizi böyük dərəcədə gücləndirir. Azərbaycanın iqtisadi imkanları genişlənir. Azərbaycan nəinki bölgədə, dünya miqyasında güclü ölkəyə çevrilir. Əlbəttə ki, bizim iqtisadi və maliyyə, eyni zamanda siyasi resurslarımız məsələnin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxaracaq».

İlham Əliyev həm Azərbaycan iqtisadiyyatının, həm valyuta ehtiyatlarının, həm də əhalinin artdığını bildirib:
Cəbhə bölgəsi
Cəbhə bölgəsi

«Son məlumata görə, artıq Azərbaycanın əhalisi 9.3 milyon nəfərə çatıb. Ermənistana gəldikdə, ancaq onların rəsmi statistikasına görə, ilin birinci beş ayında 80 min nəfər o ölkəni həmişəlik tərk edib. İlin sonuna qədər bu rəqəm təqribən 170, 200 minə çatacaq. Beləliklə, bir neçə ildən sonra ümumiyyətlə, demoqrafik vəziyyət həlledici məqama çevriləcək».

AZƏRBAYCAN ƏHALİSİ DAHA DA ARTMALIDIR

İlham Əliyevin fikrincə, Azərbaycanın iqtisadiyyatı, sənaye gücü və siyasi iradəsi diktə edir ki, Azərbaycan əhalisi daha da artmalıdır:

«Bu, nəinki Dağlıq Qarabağ məsələsinin həlli üçün lazımdır, - bu məsələni biz həll edəcəyik və Azərbaycan bayrağını Xankəndidə qaldıracağıq, - bu ümumiyyətlə gələcək üçün lazımdır. Çünki bu gün dünyada, əfsuslar olsun ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Beynəlxalq hüquq normalarına məhəl qoyulmur. Güc amili ön plana çıxır. Bu, əslində ötən əsrlər üçün xas olan bir mənzərə idi. Sadəcə olaraq İkinci Dünya müharibəsindən sonra - dünyanın yeni quruluşu, yeni qaydaları tətbiq olunduqdan sonra beynəlxalq hüquq normaları əsas kimi qəbul edildi və bu gün də belədir. Ancaq tendensiyalara və bölgədə, dünyada gedən proseslərə baxdıqda biz görürük ki, bəzi hallarda beynəlxalq hüquq normalarına kobudcasına zidd olan addımlar atılır, güc amili ön plana çıxır. Güclü kimdir, haqlı da odur. Bu, bizim seçimimiz deyil, amma əfsuslar olsun ki, dünyada gedən proseslər bunu göstərir. Güclü olmaq üçün güclü iqtisadiyyat, hərbi sənaye potensialı və böyük əhali lazımdır. Ona görə biz bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq».

GÖLLƏRƏ VERTOLYOTDAN BAXANDA, DƏHŞƏTLİ MƏNZƏRƏ AÇILIR

İlham Əliyev çıxışında ekologiya probleminə də toxunub. Deyib ki, iri sənaye müəssisələrinin şəhər mərkəzindən çıxarılması prosesi davam etdirilməlidir:

«Biz köhnəlmiş, ekoloji cəhətdən təhlükəli sənaye müəssisələrini şəhərin mərkəzindən çıxarırıq, yeni yerlərə köçürürük. Şəhərin mərkəzində - köçürülən köhnəlmiş sənaye müəssisələrinin yerlərində ictimai istifadə üçün yerlər yaradılmalıdır. Parklar, avtomobil dayanacaqları, bağçalar salınmalıdır ki, insanlar üçün daha da yaxşı şərait yaradılsın. Yaşıllıq zolaqları, ağaclar əkilməlidir».
Çirklənmiş göllər
Çirklənmiş göllər

Prezident bu il iki milyondan artıq ağac əkildiyini, əvvəlki dövrdə isə əkilən ağacların sayının daha çox olduğunu bildirib.

İlham Əliyev Bakıda və ətraf qəsəbələrdə çirklənmiş göllərin həddindən artıq çox olduğunu vurğulayıb:

«Təxminən 30-a qədər göl var. O göllərin yaranması tarixi bizə bəllidir. Oraya lay suları, kanalizasiya suları axır. Bu, əlbəttə ki, Bakının müasir simasına uyğun gəlmir. Göstəriş verilib, hazırda İqtisadi İnkişaf Nazirliyi və “Azərsu” şirkəti bu məsələ ilə bağlı təkliflər hazırlayır. Biz bu gölləri təmizləməliyik, abadlaşdırmalıyıq, kanalizasiya və drenaj sistemlərini yaratmalıyıq ki, bu göllərdən Bakı sakinləri və onun qonaqları istifadə etsinlər. Hazırda çox acınacaqlı mənzərə təşkil edən bu göllər gözəl, şəffaf göllərə çevrilməlidir».

Prezident deyib ki, bütün bu göllərə yuxarıdan, vertolyotdan baxanda dəhşətli bir mənzərə açılır:

«Biz bu gölləri təmizləməliyik. Göstərişlər verilib, bu il əlavə vəsaitin ayrılması da nəzərdə tutulub. Ancaq gələn ilin investisiya proqramında bu məsələ xüsusilə qeyd olunmalıdır və çalışmaq lazımdır ki, mümkün olan işləri bu il görək. Əsas işləri gələn ilin əvvəlində maksimum diqqətlə görməliyik».
XS
SM
MD
LG