Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:49

«Vətəndaş bir qapıdan daxil olmaqla müxtəlif xidmətlərdən yararlana biləcək»


Fuad Ələsgərov
Fuad Ələsgərov
-
Prezident İlham Əliyev iyulun 13-də fərman imzalayaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıb.

Fərmana əsasən, dövlət orqanlarında vətəndaşlara xidmətlərin həyata keçirilməsini təmin edən «ASAN xidmət» mərkəzləri qurulmalıdır.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AzərTAc-a müsahibəsində bu məsələdən danışıb:

- Bu konsepsiya vətəndaşlara dövlət orqanları tərəfindən xidmətlərin daha keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutur. Vətəndaşlara göstəriləcək xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlərin «ASAN xidmət» mərkəzləri adlandırılması xüsusi olaraq seçilib. «ASAN» həmçinin ingilis dilindən Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (Azerbaijan Service and Assessment Network) kimi tərcümə oluna bilər. «ASAN xidmət» ilk növbədə dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş «bir qapı» prinsipi üzrə təqdim ediləcək. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana biləcək. Bu, vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların rahatlığının təmin edilməsinə imkan verəcək.

«HARADA QEYDİYYATDASAN?» SORUŞULMAYACAQ

Vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı bölməyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənəcək və həmin bölmənin pəncərəsində elektron növbə əsasında gözləyəcək. Mərkəzlərdə yerləşdirilmiş elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq. Növbə çatdıqda, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərdə götürə biləcək. Bu ideyanın digər bir maraqlı elementi ondan ibarətdir ki, bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçiriləcək və təqvimin bütün günlərində fasiləsiz olaraq açıq olacaq. Mərkəzlərdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə qurğuları, internet-kafe, bank, poçt şöbələri və sair funksional yardımçı xidmətlər fəaliyyət göstərəcək.

İŞ VƏ YA YAŞAYIŞ YERİNİ TƏRK ETMƏYƏ EHTİYAC QALMAYACAQ

Xidmətlərin növləri müxtəlif olacaq. Lakin ilkin olaraq birbaşa (yerində) xidmətlər; özünəxidmət, çağırış xidməti (call center) və səyyar xidmətlər qeyd edilməlidir. Birbaşa xidmət vətəndaşın xidmət bölməsinə yaxınlaşaraq müraciət etməsi və müraciət əsasında xidmət göstərilməsidir. Özünəxidmət halında isə vətəndaş mərkəzdə daim internetə açıq olan kompyuterlərlə təchiz edilmiş xüsusi otaqlara yaxınlaşmaqla bütün növ elektron xidmətlərdən yararlana biləcək. Çağırış xidməti vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı irad və təkliflərini, şikayətlərini bildirə biləcək. Ölkə üzrə bütün xidmət mərkəzləri vahid telefon nömrəsi ilə təchiz olunacaq. «Çağırış» mərkəzi eyni zamanda videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətləri göstərəcəkdir. Səyyar xidmətlərdə isə vətəndaş qanunla nəzərdə tutulmuş qaydada əlavə haqq ödəməklə öz iş və ya yaşayış yerini tərk etmədən xidmətlərdən yararlana biləcək. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlərin və xidmətin nəticəsi olaraq vətəndaşa verilməli olan sənədlərin onun yaşayış və ya iş yerində təhvil alınması və ya təhvil verilməsi mümkün olacaq.
XS
SM
MD
LG