Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:30

London-2012: Qızıl medal alana kim nə qədər vəd edir [Cədvəl]


Gürcüstan güləşçisi Revazi Mindorashvili Pekin olimpiadasında qələbəni bayram edir, 21 avqust 2008
Gürcüstan güləşçisi Revazi Mindorashvili Pekin olimpiadasında qələbəni bayram edir, 21 avqust 2008
-
Beynəlxalq Olimpiya Komitəsi heç vaxt medal qazanan idmançılara pul mükafatı vermir. Ancaq 1992-ci ildən hökumətlərə, milli olimpiya komitələrinə və əməkdaşlıq edən özəl fondlara icazə verir ki, medal qazanmış idmançıları mükafatlandırsın.

Bu qərar sayəsində builki London Olimpiya Oyunlarında qızıl medal qazanacaq Gürcüstan idmançısı 1 milyon 200 min dollar əldə edəcək. Tacikistan idmançılarına isə puldan başqa lüks maşın da veriləcək. Kiçik ölkələr belə medal qazanan idmançılarına azı yeni mənzilin açarını vəd edirlər.

Pul mükafatının məbləği ölkədən ölkəyə fərqlənir. Bəzilərində pul mükafatı idmançının paltarının qiymətindən bir az artıqdır. Ancaq bəzi ölkələrdə vəd olunan mükafat əhalinin ortaillik gəlirindən dəfələrlə çoxdur.

Məsələn, Azərbaycanda illik orta gəlir 10 min dollardır. Qızıl medal qazanacaq idmançısına isə Azərbaycan 510 min dollar vəd edib. Qazaxıstanda isə illik orta gəlir 13 min dollardır. Qızıl medal qazanacaq idmançıya 250 min dollar pul ayrılıb.

Bu cür yüksək məbləğlər təkcə yerli standartlara görə astronomik deyil. Qərb ölkələri, məsələn, ABŞ-ın özü ilə müqayisədə də çoxdur. Misal üçün, ABŞ qızıl medal qazanan idmançıya 25 min, gümüş medal qazanan idmançıya 15 min, bürünc medala isə 10 min dollar verəcək.

MƏBLƏĞİN ÇOXLUĞU İDMANÇININ KARYERASINA MƏNFİ TƏSİR GÖSTƏRİR

İdman şərhçisi Sərxan Musayev deyir ki, adətən olimpiya oyunlarında az medal qazanan ölkələr idmançılarına çox pul ayırır. Sərxan Musayev bildirir ki, Azərbaycanın ayırdığı builki məbləğ keçən ilki ilə eyni olsa da, ölkə əhalisinin gəlir səviyyəsi ilə götürəndə şişirdilmiş məbləğdir. O deyir ki, məbləğin çoxluğu idmançının sonrakı karyerasına bəzən mənfi təsir də göstərir:

«Amerika Olimpiya Oyunlarında ən çox medal qazanan ölkədir. Ona görə də, az məbləğ ayırır. Azərbaycan, Ermənistan, Gürcüstan kimi ölkələr isə daha çox pul ayırır.
Bakıda Güləş üzrə Avropa Çempionatı
Bakıda Güləş üzrə Avropa Çempionatı
Bununla da idmançını daha çox stimullaşdırmaq istəyirlər. Ancaq həddən artıq çox məbləğ ayırmağın mənfi cəhətləri də var. Bunun əzabını Azərbaycan dəfələrlə çəkib. Bəlkə elə Azərbaycandan ikiqat olimpiya çempionun çıxmamasının bir səbəbi də elə həddindən artıq pulun ayrılmasındadır. Dövlətin ayırdığı pul azmış kimi, həm federasiyalar, həm də ayrı-ayrı şirkətlər də pullar ayırır. Nəticədə birdən-birə varlanan idmançı bir növ karyerasına biganə yanaşır. Məşqlərini zəiflədir və növbəti olimpiadada fiaskoya uğrayır».

Sərxan Musayev deyir ki, bu məbləğlər idman infrastrukturunun inkişafına ayrılsa, daha faydalı olardı.

RUSİYA

Rusiya isə qızıl medal qazanacaq hər bir idmançıya 125 min dollar vəd edib. Çelyabinsk vilayəti rəhbərliyi isə bildirib ki, vilayətdən olan idmançı qızıl medal qazansa, ona 1 milyon dollar verəcək. Sankt-Peterburq rəsmiləri də öz atletlərinə 33 min dollar vəd ediblər.

İRAN

İran qızıl medal qazanacaq idmançısına 85 min dollar vəd edib. Bundan başqa olimpiya medalı qazanan bütün iranlı idmançılara ömürlük hökumət maaşı veriləcək. Bəzi İran rəsmiləri və təşkilatları maşın, ev, torpaq və qızıl pullar da təklif edirlər.

Hətta Orta Asiyanın ən kasıb ölkəsi olan Tacikistan belə qızıl medal qazanan idmançısına 63 min dollar ödəyəcək. Bundan başqa, Düşənbə meri qızıl medal qazanacaq idmançıya şəhərin mərkəzində birotaqlı ev verəcək. Tacikistanın ən böyük bankı olan «Oriyonbonk» - hansı ki, prezidentin qohumunundur - qızıl medal qazanacaq idmançıya lüks maşın vəd edib. Tacikistanın əsas müxalifət partiyası – İslam Dirçəliş Partiyası da medal qazanacaq tacik atletinə Düşənbədə birotaqlı mənzil verəcək. (Düşənbədə birotaqlı mənzilin qiyməti 30-80 min dollar arasındadır).
Belarus idmançıları Pekin olimpiadasında
Belarus idmançıları Pekin olimpiadasında

QIRĞIZISTAN

Qırğızıstanda isə qızıl medal qazanan idmançıya 200 min dollar, əyarından asılı olmayaraq, olimpiya medalı qazanan hər bir idmançıya isə ayda ömürlük 500 dollar vəd olunub.

BELARUS

Belarus prezidenti Alyaksandr Lukashenka deyib ki, ölkə bu il 25 medal gözləyir, onların da 5-i qızıl olmalıdır. Lukashenka hər qızıl medala 150 min dollar vəd edib. 2008-ci ildə isə Minskdə qızıl medalçılara mənzil də vermişdilər. Hələlik 2012-ci il üçün ev vədi verilməyib.

BÖYÜK BRİTANİYA

Ev sahibi olan Böyük Britaniya isə pul mükafatı nəzərdə tutmayıb. Ola bilər ki, bəzi idmançıların şəkilləri sonradan poçt markasında istifadə olunsun. Buna görə də, həmin idmançıya 15 min dollar verilə bilər.

Pul mükafatlarının məbləği


Ölkələr Qızıl Gümüş Bürünc

Əfqanıstan

$20 000 $15 000 $10 000

Ermənistan

$50 000 $36 000 $24 000

Azərbaycan

$510 000 $255 000 $128 000

Belarus

$150 000 $75 000 $50 000

Gürcüstan

$1 200 000 $30,000 $20,000

İran

$85 000 $55 000 $40 000

Qazaxıstan

$250 000 $150 000 $75 000

Qırğızıstan

$200 000 $150 000 $100 000

Moldova

$57 000 $40 650 $24 400

Rusiya

$125 000 $75 000 $50 000

Tacikistan

$66 500 $55 000 $44 000

Ukrayna

$100,000 $70,000 $50,000

Özbəkistan

$100 000 $75 000 $50 000

ABŞ

$25 000 $15 000 $10 000

Kanada

$20 000 $15 000 $10 000

Çin

$54 000 - -

Fransa

$61 500 $24 600 $16 000

Almaniya

$18 300 $12 300 $9 225

İtaliya

$172 200 $92 250 $61 500

Böyük Britaniya

$0 $0 $0
XS
SM
MD
LG