Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:40

QİSMƏT. Bir qış gecəsi əgər bir yolçu...


Qismət
Qismət
-

...Calvino-nun bu romanını mütləq oxumaq lazımdır: Ədəbiyyatı yalnız öz başına gələn faciəli olaylardan, eşitdiyi kədərli əhvalatlardan (mənə bəzən elə gəlir ki, bizim bəzi yazarlar içlərində hamının bədbəxt olmağını istəyirlər ki, yazmağa mövzu olsun!) ibarət məhdud, köhnə estetika ilə dərk edən, böyük potensialı, amma kiçik dünyagörüşü olan yazarlarımızın içində bəlkə nəsə dəyişdi...


Oxunmalı kitablar


QİSMƏT


BİR QIŞ GECƏSİ ƏGƏR BİR YOLÇU...


“Ədəbiyyatın məqsədi, əslində, dilin sərhədlərindən xilas olmaqdır. Bu məqsəd deyilə biləcəklərin ən son nöqtəsinə qədər getmək cəhdidir. Bu məqsəd ədəbiyyatı hərəkətə gətirən gücdür, bu məqsəd lüğətlərdə olmayanların bizi çağırmasıdır, cazibədarlığıdır.”
(İtalo Calvino)


Bir-iki il əvvəl şəhərə xəbər yayıldı ki, bulvara yeni attraksionlar gətiriblər. 3D, 5D formatlı nəsnələr.

Tənbəllik etməyib yollandım bulvara. Reklamı gedən, haqqında söz-söhbət gəzən bütün yeniliklərə qarışqa şəkərə daraşan kimi daraşan adamların toplaşdığı yerə çatdım və bilet alıb növbəmi gözləməyə başladım.

Bura təxminən 20 nəfər tutan mini-sinema zalı idi. Biletin qiyməti : 5 manat, göstərilən animasyon video-rolik 10 dəqiqə.

Bəs hamımızı bura çəkən nə idi? Təkcə, reklamlarmı, yeni açılmış bu yer haqqında gəzən ağızdolusu söhbətlərmi?

Fikrimcə, yox. Ən azı öz adıma deyə bilərəm ki, məni bura cəlb edən məsələ yeni texnologiyalar, formatlar haqqında oxuduğum məqalələr, baxdığım sənədli filmlər, üstəgəl, arada gəzən söz-söhbətlərdəki bir məqam idi.

Şübhələnmək damarım həmişə oyaq olsa da, təxminən on adamın doqquzundan ( bu adamların içində zövqünə, dünyagörüşünə çox inandıqlarım da vardı) eşidirdim: bu elə bir şeydir ki, özünü baxdığın videonun içində hiss edirsən, hətta bəzən bu hiss səni qorxudur da.

Açığı deyim, bu söhbətlərdə mənim üçün gülməli və acıqlı gələn nəsə vardı, ola bilsin ki, gülüşümün və qəzəbimin səbəbi yaşadığımız nanotexnoloji əsrdə, 10 dəqiqəlik video-rolikə bu cür heyrətlənmək idi.

Xülasə, həmin gün növbəm çatanda içəri keçdim və o videolardan birinə baxdım. Məsələ, mexanizm olduqca sadə idi.

Əyləşirsən hərəkətə gələn oturacaqlara, 3D eynəkləri taxırsan və başlayırsan baxmağa.

Beləliklə, bu mexanizm adamda elə bir təəssürat yaradır ki, özünü ekranın içində, orda görünməyən, lakin hərəkətdə olan qəhrəmanın yerində hiss edirsən, yəni sən “o” olursan, üstəlik, qəhrəman tutalım suya düşürsə, oturduğun oturacaq sənin üstünə az miqdarda su sıçradır və sən bir anlıq inanırsan ki, ekranda macəradan-macəraya qaçan qəhrəman elə sənsən.

İndi isə sizə bir sirr verim, amma təəccüblənməyin: ədəbiyyatda da bu cür effektlər yaratmaq mümkündür.

Təkcə, Kuba əsilli məşhur italyan yazıçısı İtalo Kalvinonun dünyaca məşhur olan, bütün zamanlarda yazılmış ən yaxşı 1001 kitabdan biri hesab edilən “Bir qış gecəsi əgər bir yolçu” romanını xatırlamaq kifayətdir. Romançılıqda təhkiyənin əsasən iki variantından geniş istifadə edilir.

Italo Calvino (solda) Jorge Louis Borges-lə
Italo Calvino (solda) Jorge Louis Borges-lə
Birincisi, birinci şəxsin dilindən yazılan, “mən gəldim, mən getdim”li müəllifin hər şeyi öz başına gəlmiş kimi nəql etdiyi, avtobioqrafiklik duyğusu yaradan təhkiyə, ikincisi isə üçüncü şəxsin dilindən nəql edilən, “O getdi, o gəldi” ilə yazılan, hər şeyi görən, bilən, kənar bir müşahidəçinin, bir az da Tanrının baxış bucağını xatırladan təhkiyə. Bəs ikinci şəxsin dilindən, yəni “sən” ilə yazılan neçə roman oxumusunuz? Sizi bilmirəm, mən dəqiq birini oxumuşam.

Baxaq görək Kalvino romanına necə başlayır:

“İtalo Kalvinonun “Bir qış gecəsi əgər bir yolçu” adlı yeni romanını oxumağa başlamaq üzrəsən. Rahatla. Toparlan. Zehnindəki bütün düşüncələri qov getsin. Qoy sənin ətrafındakı dünya qeyri-müəyyənlik içində yox olsun. Qapını bağlasan yaxşı olar, yəqin mətbəxdə televizor var. Tez evdəkilərə səslən: “Yox, televizora baxmaq istəmirəm! ” Səsini yüksəltməsən, səni eşitməyəcəklər. “Kitab oxuyuram. Narahat etməyin məni! “ O səs-küyün içində səni eşitməmiş ola bilərlər, daha yüksək səslə denən, hətta bağır: “Mən İtalo Kalvinonun yeni romanını oxumağa başlayıram!” Bunu söyləmək istəmirsənsə, inanma ki, səni rahat buraxsınlar.”

Bu cür təhkiyə növü oxucuda daim izləndiyi, daim direktivlər aldığı hissini yaradır və çox keçmir ki, oxucu həm əsəri yazanla, həm də əsərdəki qəhrəmanla özünü identifikasiya etməyə başlayır. Kalvino get-gedə aradan çəkilir və sən qalırsan onun səni itələyib saldığı bir oyunun içində.

Daim sonra nə olacağı haqqında düşünürsən, həyəcanlanırsan. Bu həyəcan detektiv romanlardakı intizardan fərqlidir.

Çünki burda baş qəhrəman sən özünsən, kitabı oxuyan da, başına ən müxtəlif işlər gələn də, nəyisə axtaran da, üzülən də elə sənsən və buna görə də Kalvinonun yaratdığı intizar, həyəcan effekti daha fərqlidir, üç ölçülüdür. Özü bu haqda belə yazır: “Yazının təməl funksiyalarından biri, bəlkə də birincisi, oxucunun diqqətini davamlı olaraq, yaxınlaşmaqda olanın intizarında saxlamaqdır.”

Əsər Kişi oxucunun (Kalvino onu belə adlandırır) bir roman oxuması ilə başlayır və bu Kişi oxucu kitabın müəyyən yerində anlayır ki, bu əsərdə bəzi səhifələr təkrarlanır.

Kitab evinə gedir ki, bu kitabın başqa bir nüsxəsini alsın və orda Qadın oxucu (onun adı Lyudmilladır) ilə rastlaşır, o da eyni kitab alıb və eyni problemlə qarşılaşıb.

Beləliklə, Kişi və Qadın oxucu o kitabın həqiqi nüsxəsini axtarmağa başlayırlar. Hər dəfə kitabdan bir nüsxə alıb oxuyurlar və başqa bir əsərlə qarşılaşırlar, bu minvalla təkrarlanan on fərqli kitab oxuyurlar.

Bu qeyri-adi, gözəl kitab mənə görə o kitablardandır ki, onun haqqında nə yazılırsa yazılsın, necə yazılır yazılsın həmişə yarımçıq, natamam olacaq. Onu anlamağın bir yolu var: bu kitabı təcili oxumaq!

Kalvino esselərinin birində bizim bəzi romançıların dünya dağılsa da qəbul edə bilməyəcəkləri bir cümlə yazır : “Artıq “romana məxsus” oyun qaydalarını biliriksə, demək “süni”, laboratoriya romanları yarada bilərik – şahmatçılar kimi biz də roman oyunu oynaya bilərik”.

Kalvinonun bu romanını həm də bax elə buna görə oxumaq lazımdır. Oxumaq lazımdır, çünki ədəbiyyatı yalnız öz başına gələn faciəli olaylardan, eşitdiyi kədərli əhvalatlardan (mənə bəzən elə gəlir ki, bizim bəzi yazarlar içlərində hamının bədbəxt olmağını istəyirlər ki, yazmağa mövzu olsun!) ibarət məhdud, köhnə estetika ilə dərk edən, böyük potensialı, amma kiçik dünyagörüşü olan yazarlarımızın içində bəlkə nəsə dəyişdi, elə oxucularımızın da. Kalvino sakit, müdrik, alicənab bir tonla bizə bir həqiqəti pıçıldayır: dünya bir ölçülü deyil.

P.S. Deyirlər ki, ünlü musiqiçi Stinq “Bir qış gecəsi əgər bir yolçu” romanından təsirlənib bu mahnını yazıb:
XS
SM
MD
LG