Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:40

F.Ağamalı: «Müxalifət seçkiyə vahid namizədlə getsə belə, İlham Əliyevin qələbəsinə şübhə yoxdur»


Fəzail Ağamalı
Fəzail Ağamalı
-
2013-cü il prezident seçkisi artıq gündəmin mövzularından birinə çevrilməkdədir. Bu səbəbdən də AzadlıqRadiosu qarşıdakı seçkilərdə namizəd kimi adı daha çox hallanan şəxslərdən və ya onların mənsub olduğu düşərgənin təmsilçilərindən müsahibələr təqdim edir.

Artıq İlham Əliyevin 2013-cü ildə də prezidentlik iddiasında olacağını YAP-ın səlahiyyətliləri bəyan edirlər. Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdan qarşıdakı seçkilərlə bağlı fikirlərini və İlham Əliyevin şansını soruşuruq:

- Fəzail müəllim, 2013-cü il prezident seçkisində mümkün namizədlər və seçki mühiti barədə nə deyə bilərsiniz?

- Azərbaycanda qarşıdan gələn prezident seçkiləri demokratik, azad və şəffaf keçiriləcək. Çox istərdim ki, qarşıdakı seçkilərdə siyasi fəaliyyəti, potensialı olan və riskə getməyi bacaran bütün partiyalar iştirak etsin. Heç kim müxtəlif bəhanələrlə bu prosesdən kənarda qalmasın. Ancaq hələlik yalnız İlham Əliyevin namizədliyi YAP icra katibi Əli Əhmədov tərəfindən rəsmən elan olunub.

- İlham Əliyevin bu seçkilərdə imkanlarını necə dəyərləndirirsiniz?

- Unutmaq lazım deyil ki, hazırda Azərbaycanın siyasi palitrasında İlham Əliyevlə müqayisə oluna və bu seçkilərdə ona ciddi alternativ ola biləcək siyasətçi yoxdur. Artıq bu, Azərbaycanın reallığıdır. Bu baxımdan, məncə, iqtidar son dərəcə maraqlıdır ki, qarşıdakı seçkilər azad və ədalətli keçsin. Düşünürəm ki, belə də olacaq.

- Bu seçkilərdə ehtimal olunan namizədlərin hamısı iştirak etsə belə, nəticə, Sizin fikrinizcə...

- Mən şübhə etmirəm ki, İlham Əliyev bütün namizədlərə xeyli üstünlüklə qalib gələ biləcək yeganə namizəddir. Nəinki ayrı-ayrı namizədlər üzərində, hətta indiki çoxqütblü müxalifət seçkilərdə vahid namizədlə iştirak edəcəyi təqdirdə belə, İlham Əliyevin qələbəsinə şübhə yoxdur. Çünki onun şansı çox böyükdür.

- Nəyə görə məhz İlham Əliyevin qalib gəlməsi şübhə doğurmur? Hansı səbəbdən Azərbaycan seçicisi ona səs verməlidir?

- Ona görə ki, İlham Əliyev həm Azərbaycan siyasi mühitində, həm də beynəlxalq arenada özünü güclü siyasi lider kimi təsdiq edib. Digər tərəfdən, onun prezidentliyi dönəmində Azərbaycan sözün həqiqi mənasında bütün sahələrdə yüksək inkişaf mərhələsini yaşayır. İşsizliyin aradan qaldırılması, abadlıq və digər bütün parametrlərdə regionlarla Bakının inkişafında fərq yoxdur. İlham Əliyevin qarşıya qoyduğu proqramların davamlı olaraq yerinə yetirilməsi Azərbaycan xalqı qarasında ona çox böyük nüfuz və hörmət qazandırıb. Bu da qarşıdakı seçkilərdə mütləq üstünlüyün onun tərəfində olacağına əminlik yaradır.

- Dünyanın inkişaf etmiş ölkələrində də prezidentlər, Baş nazirlər hətta öz dönəmlərində yaxşı işlədikləri halda belə, cəmiyyət yenilik istəyir və başqa namizədə səs verir. Azərbaycan seçicisi qarşıdakı seçkilərdə yenilik istəyə bilməzmi?

- İlham Əliyevin siyasi fəaliyyəti bütövlükdə Azərbaycan xalqı tərəfindən birmənalı olaraq dəstəklənirsə, deməli, xalq ondan yorulmayıb. Demək, İlham Əliyevin də potensialı tükənməyib və xalq da onun başlamış olduğu işlərin davamını gözləməkdədir. İlham Əliyev də həmişə ondan olan gözləntilərə layiqincə cavab verib. Yəni, hazırda Azərbaycanın ictimai rəyi, sosial sorğusu nəyi önə çəkirsə, İlham Əliyevin siyasəti nəinki onu qarşılayır, hətta bəzi hallarda bir neçə il önləyə bilir. Beləliklə, siyasətçi yeni-yeni ideyaların müəllifi kimi çıxış edir və onları reallaşdırırsa, cəmiyyət hər zaman ona ehtiyac duyur. Digər tərəfdən, bu gün öz yenilikləri ilə ortaya çıxıb İlham Əliyevə qalib gələ biləcək siyasətçi yoxdursa, bu, artıq İlham Əliyevin problemi deyil.
İlham Əliyev
İlham Əliyev

- İlham Əliyevin üçüncü dəfə prezident seçilməsinin ölkədə və beynəlxalq aləmdə avtoritarizm nümunəsi kimi qəbul olunacağını deyənlər də var.

- Müxalifətin radikal qanadı İlham Əliyevin bundan əvvəl qalib gəldiyi iki seçkinin nəticələrini tanımayıb. Amma bununla heç nə dəyişməyib. Çünki onu bütün dünya tanıyıb və Azərbaycan xalqı tərəfindən prezident kimi qəbul edilib. Ona görə də, bir neçə nəfərin və ya qrupun İlham Əliyevi tanıyıb-tanımamasının, bu barədə tezliklə unudulacaq bəyanatlar verməsinin onun fəaliyyətinə heç bir təsiri yoxdur. Xaricə gəlincə, düşünürəm ki, Azərbaycanı istəməyən qüvvələr yenə də öz ənənələrinə sadiq qalaraq, «Eurovision»da olduğu kimi, müxalifətin radikal qanadı ilə həmrəylik nümayiş etdirəcəklər. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar isə İlham Əliyevi güclü bir lider, siyasi xadim kimi qəbul edirlər. Azərbaycanın Qafqazda həlledici dövlət statusunu daşıması, sabitliyi və dinamik inkişafı onun haqqında müsbət fikirlərin formalaşmasına təsir edən ciddi amillərdir. Ona görə qarşıdakı seçkilərdə İlham Əliyevin qalib gəlməsi dünyanın diqqətində olacaq və legitimliyi birmənalı qəbul ediləcək.

- Regiondakı vəziyyət, dediyiniz sabitlik, Qərbin enerji təhlükəsizliyinin təminatı və digər bu kimi mühüm səbəblərdən dünyanın Azərbaycanda keçirilən seçkilərin qeyri-demokratikliyinə göz yumması mümkündürmü? Çünki belə iddialar da var.

- Azərbaycanda seçkilər azad və şəffaf keçirilir. ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar İnstitutu və Avropa Şurasında təmsil olunan bəzi ölkələrin nümayəndələri istisna olmaqla, digər qurumlar tərəfindən Azərbaycanda son illər seçkilərin demokratik keçdiyi etiraf olunub və sənədlərdə də təsdiq edilib. Ola bilsin ki, qarşıdan gələn seçkilərdə də Azərbaycanı istəməyən qüvvələr, ermənilərin təsiri altında olan, onların diasporunun maliyyəsi ilə yaşayan və fəaliyyət göstərən konqresmenlər, parlamentarilər nəticələrə kölgə salmağa çalışacaqlar. Lakin bütövlükdə dünya birliyi bu seçkiləri azad, demokratik proses kimi izləyəcək və qəbul edəcək.
Sumqayıtda İlham Əliyevə dəstək yürüşü - 13 oktyabr 2008
Sumqayıtda İlham Əliyevə dəstək yürüşü - 13 oktyabr 2008

- 2013-cü ildə İlham Əliyev yenidən prezident seçilməsə, Azərbaycanda nə olacaq?

- Bu suala cavab vermək mənim üçün son dərəcə çətindir. Düşünürəm ki, Azərbaycanda 1990-cı illərin əvvəlləri təkrarlana bilər.

- Bəs İlham Əliyev prezident olsa, Azərbaycanda nələr olacaq?

- İlham Əliyev prezident olsa, bugünkü inkişaf davam edəcək. Azərbaycanın regionun lider dövləti statusunu daha da möhkəmlədəcək, ölkənin beynəlxalq nüfuzu daha da artacaq. Ölkədə bütün yaşayış məntəqələri qaz, elektrik xətləri, abad yollarla təmin olunacaq. İşsizlik faizi aşağı enəcək, ola bilsin, kasıblıq həddi tamamilə sıfıra düşəcək. Ölkə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Ehtimal edirəm ki, bu dönəmdə sülh danışıqları nəticə verməsə, İlham Əliyev prezident və ali baş komandan kimi torpaqların hərbi yolla azad edilməsi istiqamətində konkret addımlar atacaq. Beləliklə də uzun illərdən bəri işğalda olan torpaqlarımız azad ediləcək.

- Siz də İlham Əliyevin potensialından hələ xeyli illər yararlanmağın mümkün olduğunu deyirsiniz. Amma onun komandasını o qədər də cavan adlandırmaq olmaz. Növbəti dönəm bu komanda ilə nə dərəcədə effektli olacaq Sizcə?

- İlham Əliyevin prezidentlik dönəmində kadr siyasətində yeniləşmə daim olub. Düşünürəm ki, növbəti dönəmdə bu yeniləşmə daha sürətli və davamlı olacaq.
XS
SM
MD
LG