Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:46

Nigar Köçərli: "İnanmıram ki, Rafiq Əliyev onluqdakı əsərləri oxumasın" (Debat)


Rasim Qaraca: "MKM-in ekspertləri mənim əsərlərimi başa düşüb qiymətləndirə bilməzlər"
Gözlə

No media source currently available

0:00 0:55:06 0:00
Direct-ə keçid

Rasim Qaraca: "MKM-in ekspertləri mənim əsərlərimi başa düşüb qiymətləndirə bilməzlər"

-

Rəşad Məcid:

Vaqif Səmədoğlu keçən il əsərləri oxumadı, bildirdi ki, oxumağa vaxtı yoxdur. Güman edirəm Rüstəm İbrahimbəyovun, ümumiyyətlə, oxumağa vaxtı yoxdur. Əminəm ki, Niyazi Mehdi də, Rafiq Əliyev də oxumamışdı”.

Rasim Qaraca:

“Münsifləri, ekspertləri kim təyin edir? Müxtəlif çevrələrdən olan oxucu qrupları öz təkliflərini verərsə, nəticələr heç kimi narazı salmaz”.

Nigar Köçərli:

“Bu, parlament seçkiləri deyil ki, münsiflər və ekspertlər arasında mütləq hansısa partiyaların üzvləri olsun”.

Mahir Qarayev:

“Rasim bəy danışanda Mayakovskinin “İclasbazlar” şeiri yadıma düşdü”



Avqustun sonunda başlanacaq Milli Kitab Mükafatıyla bağlı hansı təkliflər var? Necə eləmək olar ki, bu il müsabiqə hamını qane etsin?

“Pen klub”dakı debata MKM-i təşkil edən "Əli və Nino" kitab dükanları şəbəkəsinin sahibi Nigar Köçərli, müsabiqəyə qatılmaqdan imtina etmiş Azad Yazarlar Ocağının üzvü Rasim Qaraca və müsabiqənin eksperti Mahir Qarayev oldu. Ötən il nəticələrə görə Münsiflər Heyətindən istefa verən Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə söhbətə telefonla qoşuldu.

PROQRAMI DİNLƏ


Şahnaz Bəylərqızı:

- Nigar xanım, bu dəfə hansı yeniliklərlə, şərtlərlə gəlirsiz? Münsiflər kimlər olacaq?

Nigar Köçərli:

- Bu il avqustun 28-də mətbuat konfransı olacaq və bundan sonra əsərlərin qəbulu başlanacaq. Noyabrın 16-da əsərlərin qəbulu dayandırılacaq. Bundan sonra ekspertlər seçimə başlayacaqlar. Bu dəfə onlara daha artıq vaxt veriləcək: 3 ay yarım. Bizim məqsədimiz budur ki, hər bir yazıçı diqqətdə olsun. Mən əminliklə deyirəm ki, heç bir əsər diqqətdən qıraqda qalmayacaq.

- Əvvəllər əsərlər diqqətdən qıraqda qalırdımı?

- Sadəcə, bu il əsərlərin sayı daha çox olacaq. Bizə çox müraciət edənlər olub, artıq zəng vururlar, hətta ilk elandan sonra bölgələrdən əsərlərini göndərənlər var və biz də yox deyə bilmirik... Martın 1-də ekspertlər uzun siyahını, martın 15-də qısa siyahını açıqlayacaqlar. Bundan sonra əsərlər münsiflərə veriləcək. Münsiflərə də bu il daha çox vaxt verilib. Beləliklə, iyunun 4-də qaliblərin adları açıqlanacaq. Yeni nominasiyalar olacaq. “Ən yaxşı şeir” müəllifi, “ən yaxşı gənc yazar” 300 manat mükafat alacaq.

sağdan sola Nigar Köçərli, Rasim Qaraca və Mahir Qarayev
sağdan sola Nigar Köçərli, Rasim Qaraca və Mahir Qarayev
- Təbii ki, hamını münsiflər maraqlandırır. Kimləri cəlb etmək istəyirsiz? Bir il öncə münsifləri tərk edənlərdən geri gələnlər ola bilərmi?

- Əvvəla, ekspertlərin sayında dəyişiklik olacaq. Rusdilli yazıçılarla bağlı ayrıca 2 ekspert olacaq. Münsiflərin sayı artırılacaq. Hazırda danışıqlar gedir. Bu haqda da avqustun 28-də məlumat veriləcək.

RASİM QARACA: “O EKSPERTLƏR MƏNİM ƏSƏRLƏRİMİ BAŞA DÜŞÜB QİYMƏT VERƏ BİLMƏZLƏR”

Ş.B:

- Rasim bəy, AYO bu müsabiqəyə heç zaman qatılmayıb. Bu il qatıla bilərmi? Hansı şərtlər, hansı münsiflər sizi qane edə bilər ki, siz də müsabiqədə iştirak edəsiz?

Rasim Qaraca:

- Biz bu müsabiqəyə qatılıb-qatılmamağı xüsusi müzakirə etməmişik. Keçən il bu müsabiqədə iştirak edən üzvlərimiz də olmuşdu. Bu il də ola bilər. Amma şəxsən mənim qənaətim iştirak etməməkdir.

- Niyə?

- Mənim və daha bir neçə nəfərin iştirak etməməsinin əsas səbəbi budur ki, bizim ədəbiyyata baxışlarımız fərqlidir. Yəni estetik baxımdan fərqli düşüncələrdəyik. Orda ekspert kimi təmsil olunanlar isə mənim əsərlərimi başa düşüb qiymət verə bilməz. O mənada yox ki, səviyyələri çox yüksəkdir. O mənada ki, estetik baxış açısı, qavrayış tərzi fərqlidir. O insanlar isə ənənəvi düşüncəyə kökləniblər. Bu ekspertləri kimlər seçir? Bunun özü də vacibdir. Mənim aləmimdə ekspertləri oxucular seçməlidir, onlar arasında sorğu keçirmək olar. Ən azı 200 oxucuya elektron məktub göndərib ekspert siyahısı çıxarmaq mümkündür. Yoxsa arxadaş, dost çevrəsindən və öz məqsədlərinə uyğun – indi Nigar xanıma aid deyil – ekspert seçilirsə, bu, bir az qayda-qanuna zidd, demokratik prinsiplərə haykırı bir şey olur.

- Rasim bəy, dediz ki, ekspertlər sizin əsərləri başa düşüb qiymət verə bilməzlər. Bununla nəyə eyham vurursuz?

- AYO fəaliyyətə başlayanda avanqard postmodernizm cərəyanını rəhbər bilmişik. Ənənəvi düşüncə tərzindən, qavrayış, ifadə tərzindən uzaqlaşmağa çalışmışıq. Bizimlə ənənəvi oxucu, naşir və ədəbiyyat adamı arasında böyük bir ixtilaf var, yəni anlaşılmazlıq var. Bu baxımdan bizim müsabiqədə iştirakımız müsabiqənin xeyrinə olmazdı. Düzgün dəyərimizi almayacağımızdan çox əndişəliyik.

MAHİR QARAYEV: “GƏRƏK YAZILARI ƏVVƏL VERƏSƏN Kİ...”

Mahir Qarayev:

- Gərək yazıları əvvəl verəsən ki, sonra deyəsən qiymətləndirə bilirik, ya yox. Rasim bəy bizə əsər verməyib. Versin sonra desin ki, Mahir, Yaşar, siz bunu qiymətləndirə bilmədiz. Onda danışmaq olar. Olmayan şeydən necə danışaq. Bu müsabiqə iki dəfə keçirilib. Nə oxuculardan, nə də tənqidçilərdən ekspertlərin ünvanına xüsusi kəskin iradlar görməmişəm. İradlar daha çox münsiflərə olur. Ekspertlər onluğu münsiflərə təqdim edir və dava-qırğın da bundan sonra başlanır.

R.Q:

- Müsabiqələr, onların nəticələri həmişə şübhəylə qarşılanır. Amma ədəbiyyat yarışmalarında ən önəmli prinsip ədalət prinsipidir. Təşkilatçılar ədalət prinsipinə əməl etməlidirlər. Münsifləri, ekspertləri kim təyin edir? Axı bu bir insanın qafasının məhsulu olmamalıdır. İlk olaraq ədalət burda pozulur. Müxtəlif çevrələrdən olan oxucu qrupu öz
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
təkliflərini verərsə, bu ədalətli olar və nəticələr heç kimi narazı salmaz.

M.Q:

- Mən Rasim bəyi yaxşı təşkilatçı kimi tanıyıram. Amma onun danışdığı zaman Mayakovskinin “İclasbazlar” şeiri yadıma düşdü. O deyir ki, ekspertləri seçmək üçün 200 oxucuya məktub göndərək. Onda o 200 oxucunu kim seçəcək? O 200 oxucunun hərəsindən bir təklif gələcək və onun başını yığmaq mümkün olmayacaq.

R.Q:

- O çox sadə işdir. Mexanizmi tapmaq olar. Bu, ədalətsizliyə imkan vermir axı. Məsələn, AYO üzvləri arasında belə bir sorğu aparmaq olar və ya başqa ədəbi qurumlar arasından təklifləri toplamaq olar.

M.Q:

- Biz təkliflərə açığıq. Amma Rasim bəyin dediyinin həllini təsəvvür edə bilmirəm.

NİGAR KÖÇƏRLİ: “BU PARLAMENT SEÇKİLƏRİ DEYİL Kİ...”

Ş.B:

- Nigar xanım, Rasim Qaracanın ekspert və münsiflərin seçimi ilə bağlı təkliflərinə siz necə baxırsız?

N.K:

- Əvvəla, MKM heç bir ədəbiyyat təşkilatını iştiraka dəvət etmir. Bəlkə sərt səslənir, amma belədir. Biz yalnız və yalnız yazıçıları dəvət edirik. Bu, parlament seçkiləri deyil ki, münsiflər və ekspertlər arasında mütləq hansısa partiyaların üzvləri olsun. Xahiş edirəm, bu söhbəti bitirək. Qaldı burda səslənən təklifə, biz bu il ekspertlərlə yox, münsiflərlə həmin söhbəti başlamışıq. Mən bir neçə nəfərə müraciət etdim ki, kimi münsif görmək istərdiniz? Kriteri də belədir: ədalətli, nüfuzlu, mütaliəni sevən olsun. Artıq böyük siyahı alınıb. Kimin adı çox səslənir, onları da dəvət edəcəyik. Ekspertlərə gəlincə, onlar peşəkarlardır, ədəbiyyat çevrəsində tanınırlar. Onları oxucuların rəyi əsasında seçmək düz deyil. Münsiflər isə peşəkar olmasalar, daha yaxşıdır. Bu il biz nüfuzlu, ictimaiyyət tərəfindən sevilən, ədalətli insanları yığacağıq.

“BURDA AYIB BİR ŞEY DƏ YOXDUR, BU İNSAN ÖZÜNƏ O YOLU SEÇİB”

Şahnaz B:

- Rasim bəy, münsiflərin ədəbiyyat adamı olmaması sizcə, problem yarada bilərmi?

R.Q:

- Nigar xanım da qeyd etdi ki, bu, onun şəxsi proyektidir. Yəni “bunu kefim istədiyi kimi edə bilərəm”. Əlbəttə ki, o özü təkbaşına qərar verir. Amma bunun adını Milli Mükafat qoyub. Bu da bir az ziddiyyət yaradır. Yəni Milli Mükafatın bir nəfərin qərarı ilə verilməsi doğru deyil. İkincisi, Nigar xanım bəlkə yanlış anladı, AYO olaraq biz orda qətiyyən
Mahir Qarayev və Rasim Qaraca
Mahir Qarayev və Rasim Qaraca
təmsil olunmaq istəyində deyilik. Amma təkbaşına qərar verirsə ki, münsiflər qeyri-peşəkarlar olsun, qoy olsun, azad dünyadır, hər şey ola bilər. Yaradıcı insan kimi buna mənim münasibətim mənfidir. Bu cür yanaşma obyektiv deyil, ədalətli deyil. Bir qafanın məhsuludur.

Ş.B:

- Rasim bəy, müsabiqə 2 dəfə keçirilib, nəticələr sizdə şübhə yaradıbmı? “Ədalətli deyil” sözünü tez-tez işlədirsiz.

R.Q:

- Baxışlar fərqlidir. Şəxsən mənim ədəbiyyata baxışım kommersiya baxışı deyil, qazanc məqsədli deyil. Mən şeir yazanda qazanc güdmürəm. Yəni Nigar xanımla bizim hədəflərimiz fərqlidir. Ona görə baxış bucaqlarımızın kəsişməsi qeyri-mümkündür. Burda ayıb bir şey də yoxdur. Bu insan özünə o yolu seçib.

N.K:

- Əvvəla, MKM mənə qazanc gətirmir.

R.Q:

- Reputasiyanıza, sizin dükanlar şəbəkəsinin inkişafına təsir edir. Dolayısı ilə qazanc məqsədlidir.

N.K:

- Ümumiyyətlə mən intriqalardan uzaq adamam. Narazılıqlar, etirazlar, filan təbiidir. Amma bu müsabiqə ədəbiyyata xidmət edir. Məncə, ona hər kəs qatılmalıdır. Hamının iştirakı olarsa, bundan proses qazanacaq.

R.Q:

- “Ədəbiyyata xidmət” deyəndə baxır nəyi nəzərdə tuturuq, o da var. Çünki ədəbiyyat anlayışının arxasında kütləvi oxucunun oxuduğu bayağı əsərlər də var. Bir də var estetik dəyəri yüksək olan əsər.

N.K:

- Yəqin siz istərdiz Umberto Eko oxuyasız. Amma hələ ki imkanımız
çatmır.

Ş.B:

- “Yad dildə” romanını siz necə qiymətləndirirsiz, Rasim bəy? Sizin kriterilərə cavab verir?

R.Q:

- Yəni klassik əsərdir, ənənəvi üslubda yazılıb. Keçilmiş mərhələdir. Gözəl əsərdir, zəhmət çəkilib. Amma 60-70-ci illərin əsəridir. O əsərləri markeslər çoxdan yazıblar.

RƏŞAD MƏCİD: “VAQİF SƏMƏDOĞLU ƏSƏRLƏRİ OXUMAMIŞDI”

Şahnaz B:

- Qocabəyli imzalı dinləyici yazır: “Yerlibazlıq, qohumbazlıq, dostbazlıq, bu kimi komplekslərdən əziyyət çəkənlər münsiflər heyətində olmamalıdır. Məsələn, son vaxtlar
Rəşad Məcid
Rəşad Məcid
bu məsələdə adı hallanan Rəşad Məcid kimi işbazların həmin layihədə iştirakı onun obyektivliyinə xeyli kölgə salır. Maliyyə mənbəyi qeyri-şəffaf olan (çox güman ki, hansısa oliqrax maliyyələşdirir) bir qəzetin baş redaktoru, hökuməti tərifləyən digər qurumda katib olan, televiziyalarda iqtidarın vəkili kimi danışan adamdan hansı obyektivliyi gözləmək olar? Kim təminat verə bilər ki, sabah bu adam hansısa oliqarxın, yüksək çinli məmurun tapşırığı ilə hərəkət etməyəcək? Əvvəla, bu kateqoriyadan olan adamlardan imtina edilməlidir. İkincisi, münsiflər heyətinə bədii zövqü, ədəbi vicdanı olan qələm əhlində şübhə doğurmayan şəxsiyyəti bütöv və müstəqil mövqeyi olan şəxslər gətirilməlidir”.

Rəşad Məcid:

- Bilmirəm, bu bəlağətli sitat kimdəndir. Gərək adını da yazaydı görək o Azərbaycan xalqı və ədəbiyyatı üçün neyləyib?.. Oliqarxla bağlı dediklərinə gəlincə, guya oliqraxın marağındadır ki, hansı ədəbi əsər mükafat alır? Heç onun ədəbiyyat yadına düşmür. O dərəcədə şişirtmək lazım deyil... Ümumiyyətlə, mən MKM-in işini həmişə yüksək qiymətləndirmişəm. Sadəcə, keçən il Münsiflər Heyətini fikir ayrılığına görə tərk etdim.

- Bu il qayıdacaqsızmı?

- Düşünürəm, Nigar xanım mənə bu haqda deyib. Mən ümumiyyətlə, son nəticələrə görə münsiflərlə bağlı fərqli fikirdəyəm. Fikirləşirəm ki, hansısa adlar brenddir deyə məhz onları münsiflər heyətində saxlamaq düz deyil. Bu iki il göstərdi ki, onların çoxu əsərləri oxumurlar, ya həvəsləri yoxdur, ya da yaşlıdırlar. Vaqif Səmədoğlu keçən il ümumiyyətlə oxumadı, bildirdi ki, oxumağa vaxtı yoxdur. Güman edirəm Rüstəm İbrahimbəyovun, ümumiyyətlə, oxumağa vaxtı yoxdur. Əminəm ki, Niyazi Mehdi də, Rafiq Əliyev də oxumamışdı. Ona görə də bu adları məhz brenddir, məşhurdur deyə münsiflərdə saxlamağın tərəfdarı deyiləm. Azərbaycanda ədəbiyyatın nə olduğunu bilən, loyal, müstəqil insanlar var. Onların içindən münsif seçmək olar. Mən bildiyim qədər müəyyən sorğular da keçirilib. Mən kənarda duran ədəbiyyat alimlərimizin münsif olmasının tərəfdarıyam. Məsələn, İradə Tuncayın jüri üzvü olmasını istərdim.

Ş.B:

- Bəs siz qayıtmağa qərar vermisiz?

R.M:

- Mən Nigar xanımdan təklif gözləyirəm. O söz verib ki, mənim sevdiyim bulkalardan götürüb gələcək Yazıçılar Birliyinə və ondan sonra qərar verəcəyəm. Bir də, mən münsiflərin sayının artırılmasının tərəfdarı deyiləm. Məncə, xaotiklik yaradacaq. Ən yaxşısı budur ki, indiki münsiflər buraxılsın, yeni heyət yığılsın.

NİGAR KÖÇƏRLİ: “İNANMIRAM Kİ, RAFİQ ƏLİYEV ƏSƏRLƏRİ OXUMASIN”

Rasim Qaraca və Nigar Köçərli
Rasim Qaraca və Nigar Köçərli
Şahnaz B:

- Nigar xanım, Rəşad bəy deyir ki, brend olan münsiflərdən imtina etmək lazımdır. Nəzərə alacaqsızmı bu təklifi?

N.K:

- Nəzərə almaq lazımdır. Mütləq kitab oxuyan insan olmalıdır.

Ş.B:

- Rafiq Əliyevi, Rüstəm İbrahimbəyovu, Vaqif Səmədoğlunu dəyişəcəksizmi?

N.K:

- Bu, Rəşad bəyin onlarla bağlı şəxsi fikirləridr. Mən inanmıram ki, Rafiq bəy kitabı oxumasın.

M.Q:

- Başqalarını deyə bilmərəm. Amma ola bilməz ki, Rafiq Əliyev əsəri oxumasın və bal yazsın, mümkün deyil.

N.K:

- Mən münsiflərlə davamlı olaraq danışırdım, hansı əsərləri oxumaları, rəyləri ilə maraqlanırdım. Çox gözlənilməz nəticələr olurdu. Əksinə məhz adları çəkilən münsiflər oxuyurdular və əsərlər haqda elə böyük həvəslə danışırdılar ki. Bu münsiflər cəmiyyətimizin ən parlaq və ən nüfuzlu insanlarıdır. Onların yazıçıları oxuması, rəy verməsi böyük şeydir. Münsiflərin artırılması müsabiqənin daha obyektiv və balanslı olmasına imkan verəcək. Amma Rəşad bəylə razıyam ki, 30 adamı bir araya gətirmək çətin olacaq.

R.Q:

- Bu, təşkilatı işləri genişləndirir. Buna da güc, enerji, vəsait lazımdır.
Gücləri çatarsa, bu qədər vəsait varsa, nədən olmasın. Hər halda ədalət və obyektivlik prinsiplərinə riayət olunmalıdır. Əgər belə olarsa, mən də gələn il həvəslə müsabiqəyə qatılaram.
XS
SM
MD
LG