Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:24

Qəzet köşklərini «Qasid»in əlindən alırlar


Foto: Arxiv
Foto: Arxiv
-
«Mənə deyirlər ki, bu köşk götürülür. Yerinə təzə köşk qoyulacaq. Dedim yaxşı, bəs, bu təzə köşkdə mənə iş verirsiniz? Dedi yox, səni işdən çıxardırıq. Dedim axı mən «Qasid» firmasında 1991-ci ildən işləyirəm. İncitməyin məni. Üç uşağım var. Böyüyünün 9, ortancılın 7, kiçiyinin 3 yaşı var. Bir aydan da sonra uşaqlar məktəbə gedəcək. Düzdür, burada böyük pullar qazanmıram. Amma ailəmi buranın hesabına yola verirəm. Özüm də xəstə adamam. Başqa ağır işdə işləməm mümkün deyil».

KÖŞKÜ GÖTÜRMƏYİ TAPŞIRIBLAR

Bu, «Qasid» firmasının Bakının mərkəzində - Səməd Vurğun küçəsində yerləşən köşkündə işləyən Kamran Hüseynovun fikirləri idi. Deyir bu günlərdə Bakı şəhər Ticarət Departamentindən Vüsal adlı bir nəfər gəlib, heç bir rəsmi qərar və ya hər hansı sənəd vermədən ona köşkü götürməyi tapşırıb.

Kamran Hüseynov deyir ki, «Qasid»in rəhbərliyi də belə problemlə üzləşən köşklərin işçilərinin dərdlərini dinləmir.

«Qasid» yayım firması Sovetlər dönəmində bütün ölkəni əhatə edən «Soyuzpeçat»ın Bakı agentliyi kimi fəaliyyət göstərib. Sovetlər Birliyi dağılandan sonra -1992-ci ildə bu agentlik «Qasid» yayım firması adlandırılıb. Artıq 20 ildir fəaliyyət göstərir.

«MƏNƏ 120 YOX, 30 QƏZET GÖNDƏR»

«Qasid»in şöbə müdiri Akif Qurbanov deyir ki, köşklərin götürülməsi şəhərdə gedən abadlıq, yenidənqurma işləri ilə əlaqələndirilir. Məsələn, gəlib bəzi küçələrdən köşkləri yığışdırmağı tapşırırlar. Onun dediyinə görə, Sovet hökuməti dövründə Mərkəzi Komitədən məktublar gəlirdi ki, əhalinin qəzet və jurnala tələbatını nəzərə alaraq filan ünvana köşk qoyulsun. Bu göstərişi yerinə yetirməyən məsul şəxs işdən çıxarılırdı. İndi isə əksinədir – qəzet köşkləri götürülür:

«Onların yerinə 100-dən çox yeni köşk qoyulub. O köşklərin də 60-a yaxını bizimlə müqavilə bağlayıb. Biz onlara qəzet veririk. Amma onların qəzet haqqında anlayışları yoxdur. Bunlar sifariş verəndə deyirlər ki, «mənə 120 yox, 30 qəzet göndər». Daha hansından neçə ədəd lazımdır, onu bilmirlər. İndi satışa baxırıq, vaxtilə bizim qəzetdən 1400 manat pul gətirən köşklərin yerinə qoyulan köşklər indi qəzetdən 300-400 manat qazanc verir. Demək qəzet satmırlar da. Satsaydılar, biz bu günə düşməzdik ki. Qəzet və jurnalların hesabına özümüzü qoruya bilərdik. Məcburuq ayın 1-dən işçilərimizi ixtisara salaq. Bu qayda ilə firma bağlanmağa doğru gedir».

360-DAN YARISI QALIB

Akif Qurbanov deyir ki, bu proses 2001-ci ildən başlayıb. O vaxtadək «Qasid»in Bakıda 360 köşkü olub. Sonra bu köşklər götürülməyə başlayıb. Son iki ay ərzində 30-40 belə köşk götürülüb. İndi çox olsa, 180-200 köşk qalıb.
Foto: Arxiv
Foto: Arxiv
Hər gün də yenilərinin götürülməsi tapşırılır. Yerlərinə qoyulanları da «Qasid»in işçilərinə vermirlər. Hər kənarda qalan işçinin isə 3-4 ailə üzvü var.

Bakı şəhər Ticarət və Xidmət Departamentinin (BŞTXD) mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, əslində bir çox mətbuat yayım firmalarına aid köşklər götürülür. Sadəcə, «Qasid» mətbuat yayımı firmasına məxsus köşklər çox olduğuna görə onlar diqqəti daha çox cəlb edir. Onun dediyinə görə, şəhərdə vahid dizayna malik köşklərin qurulması prosesi gedir. Və bu işi departament həyata keçirir. Ancaq indidən yeni köşklərin kiməsə məxsus olması barədə deyilənlər də əsassızdır:

«PRESS KÖŞKLƏR» KİMİN ÜÇÜNSƏ QURAŞDIRILMIR

«Yeni köşklər «Press köşklər» adlanır. Hələlik BŞTXD bu köşkləri kimin üçünsə quraşdırmır. Sadəcə, vahid dizayna malik köşklər quraşdırılır. Amma bundan sonra o köşklərin taleyi necə olacaq, bu, BŞİH, Prezident Administrasiyası, mətbuat yayım firmaları, Mətbuat Şurası, jurnalistlər ittifaqları və sair bu yönlü təşkilatların birgə səyi nəticəsində həll olunası məsələdir».

Arif Əliyev
Arif Əliyev
Əlabbas Bağırov deyir ki, bu köşklərdə bir çox şeylər satılır. Amma məhz çap məhsullarının satışı məsələsi mətbuat və yayım firmalarının köşklərlə öz işlərini necə qurmalarından asılı olacaq. Əsas odur ki, heç bir ayrı-seçkilik qoyulmadan, hər kəsə eyni şərait yaradılıb. O qeyd edir ki, artıq vahid dizaynlı köşklərin quraşdırılması prosesi Gəncədə də başlayıb. Və bu proses davam edəcək.

PROSES «QASİD»İ ÇÖKDÜRMƏK ÜÇÜNDÜR?

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, yeni köşklərin qoyulmasında məqsəd islahat aparmaq yox, bazara alternativ yayım şirkətini yeritməkdir. Onun fikrincə, bu proses «Qasid» firmasını çökdürmək üçündür. Bundan sonra «Qasid»in özəlləşdirilməsi və ya digər firma tərəfindən udulması prosesi başlayacaq. Artıq bu iş gedir:

«Çünki «Qasid»in əvəzinə artıq bazara başqa bir firma girir. Bir çoxları, hətta media da bu firmanın kimə məxsus olduğunu və kiminlə iş gördüyünü hələ də araşdırıb tapa bilmir. Digər tərəfdən də, bu proses çap KİV-lərin yayımına güclü zərbə vurmaq və onların iqtisadi çöküşünü davam etdirmək deməkdir».

Arif Əliyev deyir ki, yayım və media mənsubları bu prosesin qarşısını almaq üçün hökumətlə də dialoq qurmağa çalışırdılar. Belə dialoq oldu. Amma o inanmır ki, həmin dialoqlarda verilən vədlərin nəsə bir nəticəsi olacaq.
XS
SM
MD
LG