Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:42

Şəkidə sahibkar-polis çəkişməsi


Foto: Arxiv
Foto: Arxiv
Şəki sakinləri olan Kamran və Rahib Nəsirov qardaşları «Qaynar xətt»ə Şəki polisindən şikayət ediblər. Deyirlər ki, polis əməkdaşları tərəfindən qarşılaşdıqları qanunsuz və kobudluqlara etiraz etmək üçün Bakıya üz tutublar.

Rahib Nəsirov:

«Mən qızımın getdiyi şahmat məktəbinin birinci mərtəbəsində restoran açılmasına görə polisə, prokurorluğa şikayət eləmişdim. Şikayətimə baxmadıqlarına görə polisin, prokurorluğun hərəkətlərindən də prezidentə yazmışdım. Bundan başqa, evimə oğru girib, özümə də yolda atəş açılıb, polis işi araşdırmaq istəmir, işi bağlayır, mən ora-bura polisin hərəkətindən şikayət yazandan sonra iş təzələnir. İyunun 18-də isə sahə müvəkkili zəng vurub qardaşıma dedi ki, rəis şöbəyə çağırır. Qardaşım polis şöbəsinə çatan kimi maşına mindirib apardılar məhkəməyə, 3 sutka həbs kəsib qaytarıblar polis şöbəsinə. Adını da qoydular ki, guya polisə tabe olmayıb və polis əməkdaşlarını söyüb. Əslində isə bizi incitməklərinin səbəbi uzun müddətdir ora-bura şikayətlər yazmağımızla əlaqədardır».

Rahib Nəsirovun qardaşı Kamran Nəsirov deyir ki, iyunun 16-da ona məxsus olan «Turqut» kafesinə gələn polis işçiləri kafedəki əşyaları yığışdırmasını tələb ediblər:

«Deyirlər burda bizik, Bağdadda kor xəlifə. Rəisin razılığı olmadan çölə bir stul çıxarda bilməzsən. Mən də məcbur olub stol-stulları aparıb həyətimə yığdım. Sonra da gəldilər ki, indi də «peçi» yığışdır. Dedim, daha nə qaldı? Onu da zorla götürüb atdılar kənara. Müştərilər görəndə ki, polislər gəlib gündə bir oyun çıxardır, kafedən ayaqlarını kəsdilər. Getdim prokurorun yanına, dedi, sən ora-bura şikayət yazırsan, yazmağı dayandır, yoxsa rəisi qəzəbləndirirsən. Mənə dedilər ki, nə qədər ki, şikayət yazırsan, o qədər də torbanı dərinləşdirirsən. Elə də oldu, iyunun 18-də məni şöbəyə çağırıb dedilər ki, ayın 16-da polislər kafedə «peçi» yığışdıranda onları təhqir eləmisən. 3 sutka verdilər».

ŞİKAYƏTLƏR TƏSDİQİNİ TAPMAYIB

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Nəsirov qardaşlarının ittihamlarını əsassız hesab edir:

«Bu qardaşlardan biri Şəkidəki şahmat məktəbinin yaxınlığında kafe işlədir. Şahmat məktəbinin yerləşdiyi binanın birinci mərtəbəsini isə bir sahibkar özəlləşdirib. Orada «Ovçular məkanı» adlı kafe və ovçular üçün ixtisaslaşmış mağaza açıb. Həmin kafenin müştərisi daha çox olduğuna görə aralarında mübahisələr düşür. Həmin sahibkarın qanunsuz fəaliyyət göstərməsi ilə əlaqədar 102 xidmətinə çoxsaylı şikayətləri dəfələrlə araşdırılıb və təsdiqini tapmayıb».

Orxan Mansurzadə bildirib ki, hər iki kafenin sahibinə kafeyə məxsus stol-stulların və başqa avadanlıqların küçəyə qoyulmasının qanunsuz olduğu bildirilib və yığışdırılması tələb olunub. «Ovçular məkanı» kafesinin sahibi buna əməl etsə də, «Turqut» kafesinin sahibi Kamran Nəsirov imtina edib. Polis avadanlıqları küçədən yığmaq istəyərkən Kamran Nəsirov mane olmaq istəyib və onları təhqir edib. İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun 3 sutkalıq inzibati həbs olunub.
XS
SM
MD
LG