Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:51

Tağı Şahbazi (Simurğ). Haqsızlıq dünyasında


-

Tağı Şahbazi (Simurğ)


HAQSIZLIQ DÜNYASINDA

Otağın bir guşəsində zəif və sarı bənizli bir qadın uzanmışdı. Bu, gənc yaşlarında vərəm xəstəliyinə düşmüş Rüxsara xanım idi.
Saralmış üzündə və çubuq kimi nazikləşmiş qollarında ətdən bir əsər də qalmamışdı, bir dəri, bir sümük idi. Amma bununla belə, Rüxsara xanımın keçmişdə nadir bir gözəlliyə malik olduğunu görməmək mümkün deyildi. Üzünün zəif şəkli, dərinə düşmüş və dövrəsi rəssam əlilə qaralanmış kimi görünən iri gözləri, bu gözləri mühafızə edən uzun kirpikləri, balaca ağzı, nazik dodaqları, arıqlıqdan itiləşmiş burnu həmin gözəlliyin birər nişanəsi idi.
Rüxsara xanımın keçmiş gözəlliyinin bir nişanəsi olan sinəsi üzrə ilan kimi sürünən qoşa hörükləri də qalxıb-düşürdü. Nəzərə elə gəlirdi ki, Rüxsara xanımla bərabər qara hörükləri də nəfəs çəkir...
Rüxsara xanım bir il bundan əvvəl soyuqlayıb naxoşlamışdı. Ömründə azar bilməyən bu gənc qadının xəstələnməsinə əvvəlcədən etina edilməmişdi. Türkəçarə ilə keçəcəyini zənn edərək, lazımi tədavi olunmamışdı. Lakin naxoşluğun uzanması da Rüxsara xanımın qayınana və qayınatasının xoşuna getməyirdi. Bu da səbəbsiz deyildi.
Əvvələn, Rüxsara xanım il uzunu yatmasına görə, ev işlərinə köməyi də dəyməyirdi. İkincisi də, bu "urus həkimlərini" çağırıb onların yazdıqları bahalı-bahalı dava-dərmanları almaq bir çox izafı pul tələb edirdi. Bu xərc məsələsi Rüxsara xanımın qayınatası Hacı Muxtar üçün ən kəskin məsələ idi.
Hacı Muxtarın hər işdən təqib etdiyi bir qanun vardısa, o da ümumən az xərc eləmək idi.
Əvvəldən bəri bu qanunla yaşayan və bu qanun sayəsində "beş-on şahı" qazanmış olan Hacı Muxtar, indi - ev və gəmisi bolşevik hökuməti tərəfındən zəbt olunandan sonra, qənaət üsulunu daha da dərinləşdirmişdi. Hələ yaxşı ki, Hacı Muxtar başqaları kimi pulunu banka qoymamışdı. Yoxsa qırx il müddətində "dişlə-dırnaqla" topladığı qara pul, gəmi və imarət kimi, bir günün içində əlindən çıxacaqdı. Onda Hacı ya gərək evin var-yox olan müxəlləfatını satıb dolanaydı, ya da ki muzdurluq edə idi... "Kim bilir ki, bu bolşeviklərin dövrü nə qədər sürəcək!" - deyə Hacı Muxtar düşünürdü. Ona görə də qət eləmişdi ki, hər halda qənaətlə dolanmaq yaxşıdır.
Rüxsara xanımın naxoşlaması - bu lap artıq xərc istəyirdi. Həkimin də elə bil ki, heç dünyadan xəbəri yoxdur; Abastuman və ya Krıma aparılmasını təklif edir. Lakin Hacı Muxtar bu məsələyə razı ola bilərdimi? Əlbəttə ki, yox!
Naxoş Abastumana və ya Krıma göndərilsə, səhhət taparmı, yoxmu? Bunu indidən bilmək olmaz; amma bu cür müalicənin təsirini Hacı Muxtarın bolşeviklərdən gizlətdiyi sandığı hiss edəcəkdir. "Nə lazım, aparılmasa nə olar? Rüxsara xanım gənc yaşında ikən ölər, tələf olarmı?"
- Bütün məxluq öləcək! ...Ya beş gün əvvəl, ya beş gün sonra!.. Sağalmaq isə - bu, Allahın əmrinə bağlıdır! Allah istəsə, naxoş burada da səhhət tapar... İstəməzsə, dünyanı gəzdir, bir şey çıxmaz.
Hacı Muaxtarın arvadı Gülbacı ərinin bu fıkrini çox yaxşı dərk eləmişdi. Yanında Rüxsara xanımın müalicəsindən söhbət açıldıqda deyirdi:
- Həkim də deyir ki, şəhərdə saxlamayın, Krıma aparın, nə bilim, hara aparın... Deyirəm ey-y-y... sən də bəxtəvərlikdən dəm vurursan. O sayaq azarlıya səfalı yerlər nə çarə edəcək?
Bu da Gülbacının müalicəsi!
Bəs Rüxsara xanımın əri Kərbəlayı Səftər nə deyirdi?
Arvadı naxoşlayandan sonra Kərbəlayı Səftər ev işləri ilə əsla maraqlanmırdı. Biləks ev qadınından danışanda özünü bədbəxt göstərməyə çalışırdı.
- Fələk mənimlə rəftar etmir. Nə edim, gətirməyəndə, gətirməyir. Bədbəxtəm.
Zənn edilməsin ki, Səftər arvadının xəstələnməsini və bu xəstəlikdən tələf ola biləcəyini özündən ötrü bir bədbəxtlik sanırdı. Yox!
Səftər özünü yalnız ona görə bədbəxt və talesiz hesab edirdi ki, arvadı Rüxsara xanımın naxoşluğu uzanırdı və arzu etdiyi kimi tez tamam olmayırdı.
Bədbəxt oldum, - deyərkən öz-özlüyündə o, belə fıkir edirdi: "Ölsəydi, canım qurtarardı".
Odur ki, xəstə ümidsiz bir halda özbaşına buraxılmışdı. Nə qayınata, nə qayınana, nə də ər onun qayğısında deyildi. Ancaq Səftərin bacısı Reyhan xanım naxoşa pərəstarlıq edirdi.
Doğrudur, hərdənbir Rüxsara xanımın ata və anası gəlib əhval soruşarlardı, lakin qızlarının müalicəsi barədə bir şey bilməyirlərdi, çünki bu məsələ Hacı Muxtarın daxili işi hesab olunurdu və Hacının daxili işlərinə qarışmağa əsla cürət etmirdilər.
Hacı Muxtarın arvadı bunlara belə cavab verirdi:
- Elə bil ki, sağ əlim yoxdur... Çox çətin keçir, gəlinsiz ev nə olacaq, ay balam!..
Ömründə azar bilmədiyindənmi, gənc olduğundanmı, Rüxsara xanım sağalacağına inanır və səhhət tapıb yataqdan duracağını artıq ümidlə gözləyirdi.
Çox vaxt tək qalarkən, bu barədə düşünürdü, hərdənbir də keçmiş günləri xatırlayırdı.
Bu gün də Rüxsara xanım tək idi. Yenə keçmiş günlərini yadına salırdı. Amma nədənsə, bugünkü xatirələr ona çox təsir edirdi.
Rüxsara xanımın xatirələri çocuqluq əyyamından başlayırdı. On yaşlarında molla Səkinənin məktəbində Quranı tamam etmişdi. Başqa kitabdan dərs oxumasına atası razı olmamışdı. Ona görə də Quranı çıxandan sonra, molla Səkinənin məktəbini tərk etmişdi.
Bu zaman ev işlərində anasına kömək edər və əl işiylə məşğul olardı.
Yadımdadır, on iki yaşında idi. Atasının dostu Kərbəlayı Əzimin qızı Firəngizlə bərabər araqçın çəkirdi. Hər ikisi incə surətdə güləbətin işi işləyirdi.
Firəngizin qardaşı Həsən, onlar üçün toxum və saqqız alardı. Onlarla bir yaşda idi. Qızlar əl işi ilə məşğul olan saatlarda çox vaxt Həsən də onların yanında oturub dərsini oxuyurdu. Hərdənbir üçü bir yerdə oynadıqları da "beşdaş" oyunu olardı...
Həsən onları udanda, oyunun qaydası mövcibincə bacısının əlinə döyərdi, amma Rüxsara xanımın əlinə vurmağa ürəyi gəlməzdi.
- Səni bağışladım, - deyə Rüxsaranın uzanmış əlini tutardı. Onda bir-birinə baxıb gülərlərdi...
Rüxsara xanımın yadındadır... Həsən üçün bir yaxşı araqçın çəkmişdi... Üstündə nə qədər çalışmış, nə qədər səy etmişdi!.. Bir gün Firəngizdən təvəqqe etdi ki, araqçını Həsənə bağışlasın. Ancaq Rüxsaranın tərəfındən olduğunu deməsin...
- Söylə ki, özün çəkmisən. Qoy bilməsin!
- Nə üçün? Qoy bilsin!
- Yox, bilməsin!
Firəngiz çatma qaşlarını dartaraq:
- De görüm, biləndə nə olar? - deyə sordu.
Rüxsara xanım "istəmirəm" cavabını verdi. O araqçın indi də Rüxsara xanımın gözü qarşısındadır... Bənövşə rəngli bir araqçın idi... Özü də Həsənə yaxşı yaraşırdı...
Bəlkə, ona görə yaxşı yaraşırdı ki, onu Rüxsara xanım xüsusi səy və səliqə ilə çəkmişdi?! Bəlkə ona görə yaxşı yaraşırdı ki, Həsən Rüxsara xanımın xoşuna gəlirdi?!
Bir axşam Rüxsara xanım yenə Firəngizin yanında idi. Rüxsara xanımın ardınca evlərindən adam gələcəkdi. Gözlədi, gələn olmadı. Firəngiz təklif etdi:
- Qoy Həsən aparıb ötürsün! Rüxsara xanım razı oldu...
Həsən irəlidə, Rüxsara xanım da onun ardınca gedirdi. Uzun dalandan keçərkən, necə oldusa, Həsən ayaq saxladı, Rüxsara xanımla yan-yana getməyə başladı.
- Niyə üzünü bərk-bərk örtürsən?
- Elə-belə...
Rüxsara xanım ixtiyarsız üzünü açdı. Birdən Həsən çadranın üstündən Rüxsara xanımı qucaqladı... Hər ikisi dayandı... Dalan xəlvət idi... Heç kim yox idi... Adam olsaydı da, Rüxsara xanımı görməyəcəkdi.
O ancaq Həsənin hərarətli nəfəsi ilə eşqli dodaqlarını hiss edirdi.
Yenə yollarına davam etdilər... Bir söz danışmadılar. Sözə hacət vardımı?.. Mütəqabil məhəbbətlə dolu iki qəlb bir-birini danışıqsız anlayırdı...
Öskürək gəlməsi Rüxsara xanımı şirin xatirələrdən ayırdı... Otaq qaranlıqlaşdı... Qapı açıldı: Reyhan xanım daxil oldu. Rüxsara xanımı görüncə gülümsündü; muncuq kimi düzülmüş ağ dişləri göründü...
- Yatmışdın deyəsən, qəfildən səni ayıltdım?
- Yox, yatmamışdım... Huşa getmişdim...
Reyhan xanım naxoşun yatağına yaxın gəlib, bacılığının üzünə diqqətlə baxdı, sonra onun alnının bahar şəbnəmini xatırladan tərini sildi.
- Bilirsən, yenə qadınlar klubuna getmişdim; bibigildən gəlirdim, dedim, baxım bir görüm nə var... Bir az da orada gecikdim. Qadınlar barəsində birisi danışırdı... Adam o qədər idi ki, böyük zal dolmuşdu.
- Danışan nə deyirdi?
- Mən o yerdə çatdım ki, deyirdi: "İndi biz qadınlar daha qul deyilik. Şura hökuməti bizə də azadlıq verdi. Bundan sonra gərək öz hüququmuzu əlimizdə saxlayaq..." Çox belə-belə sözlər deyirdi. Belə xoşuma gəldi ki...
- Qoy buradan durum, mən də gedəcəyəm.
- Mən səni apararam, heç kəs bilməz...
- Qoy bilsinlər! Qorxmayıram...
Sonra Reyhan xamm naxoşdan nə istədiyini sordu:
- Nə istəyirsən, de, gətirim. Süd içirsən?
Rüxsara xanım təşəkkür izhar edən gözləri ilə sevdiyi yoldaşına baxıb, başını tərpətdi, bir şey istəmədiyini bildirdi.
- Yox... süd iç!.. Tez yaxşı olarsan!.. Qoy gətirim!.. Rüxsara xanım illərdən bəri sevdiyi Reyhan xanıma indi daha artıq məhəbbət bəsləyirdi. Reyhan xanım onun yeganə həmdəmi, söhbət edəni idi...
İçəri evlərdən Reyhan xanımın anası Gülbacının səsi eşidildi:
- Ay qız, yenə orada nə oynayırsan? Gəl görüm... Bayaq da bibi-gilə getməyin iki saat çəkdi. Axşamdır, samovarı qaynat!
Həmişə Reyhan xanım Rüxsaranın yanına gələndə anası bir şeyi bəhanə edib qızını səslərdi. Reyhan xanım da naxoşun otağını tərk etməyə məcbur olurdu.
- Gedim, yenə çağırır. Bu gün lap acıqlıdır.
Reyhan xanım gedəndən sonra yenə Rüxsara xanım öz xatirələrinə qərq oldu.
...Yaxşı yadımdadır. Firəngizin toyu idi. Bütün bu toy gecəsi Rüxsara xanım bir neçə dəfə Həsəni gördü... Həsən ona çox baxırdı. Oğlan evindən Firəngizi aparmağa gəldilər... Rüxsara xanım Firəngizin soldışı idi. Gəlini ər evinə müşayiət etdi. Lakin görünməmiş bir iş: gəlinin qardaşı, gəlini aparanda evdə qalar. Həsən isə bu adəti pozdu...
Bacısını yol uzaq etmək fıkri ilə o da getdi. Amma necə oldusa, qayıdarkən Rüxsara xanım Həsənlə bərabər bir faytona mindilər. Başqa bir kəs olmadı... Yol uzun, aşkar şeydir ki, söhbət Firəngizdən olmalı idi... Rüxsara xanım söz açdı:
- Yazıq Firəngiz ağlayırdı... Deyir: "Məni tək buraxmayın!"
- Nə üçün?
- Çünki ərini görməmiş, sevməmişdir. Mən də ağladım.
- Sən nə üçün, Rüxsara?
- Firəngizə yazığım gəldi... Həsən bir söz demədi...
Ancaq Rüxsara xanımın əlini ixtiyarsız tutub sıxdı. Rüxsara xanım da o sayaq cavab verdi. O yol uzunu Rüxsara xanım nə xoş dəqiqələr keçirtdi!.. Xatırımdan çıxmaz... Evə az qalmışdı. Həsən atəşli dodaqlannı Rüxsaranın dodaqlarından ayırıb:
- Firəngiz xoşbəxt olacaqmı? - Bilmirəm. Mən bu gecə xoşbəxtəm, - dedi və əlavə etdi ki: - Söz versəydin, həmişəlik məni xoşbəxt edərdin. Nə deyirsən?
Rüxsara xanım bir söz söyləmək istədi, lakin deyə bilmədi. Evə çatdılar. Həsən Rüxsaranın iki əlini tutub, yenə sordu:
- Mənə nə deyirsən?
Rüxsara xanım cavab vermədi.. O vaxt Rüxsara xanım bilməyirdi ki, qızın ixtiyarı özündə olmalıdır. Atasından qorxurdu.
O gündən sonra Həsənlə görüşmədilər. Həsən başqa şəhərə oxumağa getdi...
Qapının açılması Rüxsara xanımı ayıltdı. Gələn yenə Reyhan xanım idi. Rüxsara xanım üçün süd gətirmişdi.
Rüxsara xanımın qızarmış yanaqları Reyhan xanımın diqqətini cəlb etdi... Reyhan xanım əlini Rüxsara xanımın alnına qoydu... Rüxsara xanım qızdırmağa başlayırdı.
- Reyhan! Getmə... Yanımda qal!.. Qorxuram...
Rüxsara xanım nədən qorxurdu? Onu qorxudan, xatirələrinin mabədi idi. Burayadək gələn xatirələri ömrünün xoş dəqiqələrini yada salırdısa, bundan sonrakı xatirələri bir qəm dəryasından ibarət idi; Rüxbara xanım bir daha o dəryada boğulmaq istəmirdi.
- Nə var ki, nədən qorxursan?
- Keçmiş günlər yadıma düşür... Ürəyim davam etmir.
- Qorxma! Yadından çıxart!.. Bir aydan sonra camaat bağa köçəcək, biz də gedəcəyik. Orada lap yaxşı olarsan... İndi bir az yat!..
- Yata bilmirəm.
Elektrik şüası naxoşun üzünə düşdü, gözlərini qamaşdırdı...
Reyhan xanım axtarıb bir ipək parçası ilə işığı örtdü. Rüxsara xanım gözünü açdı. Lampa şüasından onun gözlərini mühafızə edən parçanı tanıdı. Firəngizlə bərabər çəkdiyi əl işlərindən biri idi. Lakin təəssüf! ...Həsən üçün çəkdiyi araqçın da bu parçadan idi.
- Rüxsara, bu südü iç, bacım; mən də gəlirəm. Sənin üçün firni bişirirəm...
Reyhan xanım getdi.
Rüxsara xanım gətirilən süddən bir az içdi. Sonra stəkanı bir tərəfə qoydu. Gözlərini lampanın üzərinə salınmış örtüyə dikdi. Yorulmuş gözlərinə huş getməyə başladı. Keçmişin canlı xatirələri yenə Rüxsara xanımın gözləri qarşısında durdu. Foc-foc gələn bu xatirələri qovmaq istəyirdisə də, qüvvəsi çatmayıb, müvəffəq ola bilməyirdi.
Yadımdadır... Soruşmadan, fıkir və rəyini bilmədən atası onu Kərbəlayı Səftərə ərə verdi...
Hacı Muxtann xahişini atası rədd etmək istəməmişdi. Rüxsara xanım da atasının sözündən çıxa bilməmişdi.
Nə edə bilərdi? Ölkəyə təzə qaydamı qoyacaqdı?
Bir axşam onu da Firəngiz kimi köçürdülər. О da Firəngiz kimi ağladı. Həmin indi uzandığı otaqda buraxıb getdilər.
Həyatının qəmli günləri ərə gedəndən sonra başladı. Əziyyət və məşəqqətlərin intəhası görünmədi.
Hacı Muxtar evin bütün işini Rüxsara xanımın boynuna yüklədi. Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu. Bircə Reyhan xanım anasının acıqlanmasına baxmayaraq Rüxsara xanıma kömək edirdi.
Xatırlayır: bir dəfə ərinə şikayət etdi. Kərbəlayı Səftər elə bərk qışqırdı ki:
- Mən bilməyirəm, mən ev işinə qarışmayıram. Anam nə desə odur, ona qulaq as!
Gülbacı da, Allah göstərməsin, bir dəqiqə də gəlinin rahat oturmasına razı olmayırdı.
Qayğı və nəzakət içərisində böyüdülmüş zərif bədən ağır işlərə davam etmədi. Rüxsara xanım günü-gündən solmağa başladı.
Bir dəfə çörək yapdıqdan sonra qayınanasının təkidiylə ərinin paltannı yudu. О gün soyuqlayıb naxoşladı. Əvvəldən naxoşluğuna fıkir verən olmadı. Lazımi surətdə tədavi edilmədi. Günlər, aylar keçdi... Xəstə yataqdan dura bilmədi...
Qapı cırıldadı. Rüxsara xanım gözlərini açdı. Bu dəfə gələn Kərbəlayı Səftər idi.
- Hə, necəsən?
Rüxsara xanım Kərbəlayı Səftərin tox və hann sifətini görüb, bir söz demədi, ətrafına göz gəzdirdi.
Səftər də diqqətlə otağın hər bucağına baxdı. Otaqda Rüxsara xanımın atası evindən gətirilmiş şeylərdən başqa bir şey görmədi.
- Qorxma, ürəyinə başqa fıkir-fılan gətirmə!
Bu dildə Kərbəlayı Səftər bir dəfə də olsun, Rüxsara xanımla danışmamışdı. Rüxsara xanım elə zənn etdi ki, bu gün o, bir qədər yaxşıdır; zatən xoş söz söyləməyən Kərbəlayı Səftər də ona "qorxma" deyir, təsəlli verir. Sevinmək istədi. Yan-yörəsinə baxdı...
Lakin Kərbəlayı Səftər ayrı bir şey düşünürdü. O fıkir edirdi ki, Rüxsara xanım ölməsini yəqin edib də, atası evindən gətirdiyi şeyləri heyifsiləyir. Bu barədə də arvadına təsəlli vermək üçün:
- Qorxma, rahat ol! Səndən sonra yad adam sənin şeylərinə əl vurmayacaq. Sənin ev-eşiyinə bacın sahib olacaqdır, - dedi.
Rüxsara xanım bu vəhşi sözləri eşidincə, başını qaldırıb, zəif qollarına təkiyə etdi. Hiddətli nəzərlə Kərbəlayı Səftərə baxdı.
- Daha ürəyini sıxma, Allah işidir. Bacı sənindir.
- Danışma, cəllad!.. Qarşımda durma!..
Reyhan xanımın daxil olması bu danışığı kəsdi. Kərbəlayı Səftər çıxdı. Rüxsara xanım əlləri ilə üzünü örtdü.
- Nə oldu? Nə üçün belə oldun? - deyə Reyhan xanım gətirdiyi fırni boşqabını bir tərəfə qoyub, Rüxsara xanımın başını qucaqladı.
- Sən ağlayırsan? Bu nədir?
Rüxsara xanım doğrudan da ağlayırdı. Bu gün bədbəxt qadın anladı ki, onun ölməsi yəqin edilmişdir. Bildi ki, əri Səftər onun ölməsini gözləyir: gözləyir ki, onun yerinə bacısı Gülnisanı alsın.
- Reyhan, sabah Gülnisanı çağır.
- Yaxşı! Sən də bu fırnini ye, sonra yat; bu gün heç yatmadın.
- Sağ ol, bacım!
Reyhan xanım getdi... Rüxsara xanım gözlərini yumdu, ancaq yata bilmədi...
Səhər tezdən Reyhan xanım Gülnisanı çağırtdırmışdı.
- Rüxsara, Gülnisa gəldi...
Rüxsara xanım yuxulu gözlərini açıb bacısını gördü. İşarə ilə yanında oturmasını rica etdi.
- Bacı, kefın yaxşıdır? Bu gün elə özüm gələcəkdim...
Rüxsara xanım solğun nəzərlə əvvəl bacısına, sonra Reyhan xanıma baxıb, dodaqlarını bir-birinə döydü. Məlum idi ki, bir şey söyləmək istəyir, lakin söylədiyi eşidilmədi, anlaşılmadı.
Reyhan xanımla Gülnisanın nəzərləri bir-birinə rast gəldi. Hər biri düşünürdü. Lakin Gülnisa Rüxsara xanımın fıkrindən nələr keçdiyini, nə demək istədiyini bilmirdi. Sordular, Rüxsara xanım cavab vermədi. Gözlərini yumdu. Dodaqları tərpəndi... Dərindən bir ah çəkdi.. Əzabdan qurtardı.
Bacısına deyəcəyi sözləri Rüxsara xanım söyləyə bilmədi.
Bir dəqiqədən sonra Reyhan xanımla Gülnisanın ağlaşması ətrafı basdı.
Rüxsara xanımın qayınanası Gülbacı ağlaşma səsini eşidib özünü hövlnak otağa saldı.
- Getdi... Vayy... İndi bolşeviklər bu otağı da əlimizdən alarlar, -deyə iki əlini başına vurdu.

1923
XS
SM
MD
LG