Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:48

Daşkəsəndə mərmər yataqlarından kimlər gəlir götürür?


Daşkəsəndə mərmər karyeri
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

Daşkəsəndə mərmər karyeri

-
Daşkəsən şəhərindən Xoşbulaqa gedən yolun üstündə, el arasında «Ağ dağ» kimi tanınan mərmər yataqları görünür. İllərdir istismar olunan yataqdakı sərvət azalmaq əvəzinə, sanki ağ mirvari kimi balalayır, daha da çoxalır. Yonulmaqdan pilləkən formasını almış mərmər yatağın ətəyində qızğın iş gedir. Ətrafda toz-duman yaradan texnika yerin altından böyük-böyük mərmər daşları çıxarır. Texnikanın səsindən ağız deyəni qulaq eşitmir. Fəhlələr bir-birilə əl işarəsi ilə danışır. Bir tərəfdən də ağır tonnajlı maşınlar xırdalanmış və iri list mərmərləri dağların arası ilə harasa aparırlar.

«BİZ FƏHLƏYİK, DAŞ QIRIR, APARIRIQ...»

Fəhlə Kamil Məmmədov işinin ağır olduğunu deyir. Dağın içindən mərmər çıxarmağın texnologiyasından danışır:
Kamil Məmmədov
Kamil Məmmədov

«Mərməri qırıb aparırıq, toz halına salınır, qum edilir. Onu da aparıb satırlar. Daş ağır işdir. Dağdan kəsib gətiririk, burda da qırırıq. Baş daşları üçün orda kəsilir, bu, «stanok» üçündür. Xırda qum üçün edirik. Biz fəhləyik, daş qırır, aparırıq. Sexin altda «qrabelka» var, ora aparılır. Toz divar üçün, suvaq üçün istifadə olunur».

Kamil qazancı barədə danışmaq istəmir. Ancaq bəzən maaş, bəzən də günəmuzd şəklində vəsait aldığını deyir.

Günəş şüalarında bərq vuran ağ mərmər daşları par-par yanır. Fəhlələr ayaq altdakı bu sərvəti yatağın bir hissəsində iri buraz (tros - AR) reyslərlə dartıb, yerin altından çıxarırlar, digər hissədə isə çıxarılan daşları xırdalayırlar.

ÇIXARILAN BİR MƏRMƏRİN PARÇASI 5-6 TON OLUR...

Traktorunun çömçəsinə taxılmış aparatla daşları xırdalayan fəhlə danışmaq istəmir. Ancaq digər fəhlə Sabir yerin altındakı qatılaşmış, süxurları bərkimiş mərməri yerindən necə oynatdıqlarını izah edir:

- Əvvəl belə deşirik, sonra da «tros»a salıb dartırıq.

- Çıxardığınız mərmərlik hər list nə qədər ağırlıqda olur?

Sabir
Sabir
- Hər dəfə çıxanda 5-6 ton olur. Ustalar gəlib aparırlar. Qəbiristanlıq üçün, üyütmək üçün istifadə edirlər.

- Bu dəmirin adı nədir?

- Bu PMK-dır.

İndi Daşkəsən mərmər yatağında bir neçə sahibkar fəaliyyət göstərir. Ağ mərmər daşlarının qırılmasını da, satılmasını da bu özəl karxanalar həyata keçirir.

«Qoşqar Mədən» Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Mədət Səlimov deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyənləşdiyi normaya uyğun olaraq, yataqdan il ərzində 400 min kubmetrədək mərmər çıxarırlar.

FƏHLƏLƏR 180-200 MANAT ƏMƏKHAQQI ALIR...

Fəaliyyətlərinin şəffaf olduğunu deyən karxana rəhbəri dövlətə vaxtlı-vaxtında vergi ödədiklərindən danışır:

«Biz Daşkəsəndə işləyirik. Dövlətə vergi ödəyirik. 16 nəfər işçimiz var. 13 nəfəri daşkəsənlidir və rayonun rifah halına təsir edir. Hamısının müqaviləsi var. 200 manat alan da var, 180 manat alan da .
Bu ilin 6 ayı ərzində 1 197 ton mərmər çıxarılıb
Bu ilin 6 ayı ərzində 1 197 ton mərmər çıxarılıb
Biz onu elə xammal şəklində satırıq. Bizim ayrı zavod-fabrikimiz yoxdur ki, istehsal edək. Piltə şəklinə və ya başqa hala salaq. Biz dövriyyədən 2 faiz veririk. Üstəlik, əməkhaqqından vergi ödəyirik. Mədən vergisi də daxil olmaqla, ayda orta hesabla 1500 -2000 manat vergi ödəyirik».

«İL ƏRZİNDƏ 100-150 MİN MANAT DÖVRİYYƏMİZ OLUR»

Mədət Səlimovun deməsinə görə, yatağın illik dövriyyəsi 150 min manatdan artıq olmur. Bu vəsaitin də əksəriyyəti yatağın inkişafına və yeni texnikaların alınmasına yönəldilir:

«Biz öz vəsaitimiz hesabına inkişaf etdiririk. Əlavə qalırsa, texnika alırıq. İl ərzində 100-150 min manat dövriyyəmiz olur».

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının müavini Cavanşir Qocayev deyir ki, illərdir istismar olunan yataqlar ayrı-ayrı sahibkarlar tərəfindən icarəyə götürülüb. Bununla belə, icra başçısı deyir ki, yataqlarda Daşkəsən sakinləri işləyir və bu rayonun iqtisadi göstəricilərinə müsbət təsir edir.

Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu ilin 6 ayı ərzində 1197 ton mərmər çıxarılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il çıxarılan mərmər 34.5 ton çox olub.
XS
SM
MD
LG