Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:41

Türk fəhlələr Alov Qüllələrindən necə qovuldu


Alov Qüllələri
Alov Qüllələri
Gecələr Azərbaycan bayrağının rənglərilə bərq vuran nəhəng Alov Qüllələrinin («Baku Flame Towers») tikintisində Türkiyədən gətirilən fəhlələrin qanunsuz işlədiyi aşkarlanıb. AzadlıqRadiosu araşdırıb ki, onlar burada əmək müqaviləsi və iş vizası olmadan çalışırlar.

Fəhlələrdən dördü iş şərtlərinin dözülməzliyindən şikayət etdikləri üçün növbəti gün (hadisə bu ilin aprelində baş verib - red.) işdən xaric ediliblər, tələm-tələsik Azərbaycandan çıxarılma göstərişi alıblar.

«DEDİLƏR YAXŞI İŞDİR»

Eskişehirdən Bakıya yaxşı qazanc vədi ilə gətirilən Hakan Özen, Mustafa Ökten və qardaşlar Gürbüz AsarMusa Asar AzadlıqRadiosuna burada ehtimal etmədikləri duruma düşdüklərini danışıblar.

Türk fəhlələr
Türk fəhlələr
Bu il aprelin 19-da fəhlələrlə birlikdə onların yaşadıqları yerə baş çəkdik. Fəhlələr Bayıl qəsəbəsində 4 mərtəbəli bir binada yerləşdiriliblər.

İşçilərin yaşayış yeri yarımçıq qalmış bir tikilidir. İkiqatlı yataqların döşəkləri yoxdur – fəhlələr çarpayı döşəyinin üstünə ədyal salıb yatırlar.

Musa Asar əşyalarını toplayaraq göstərir ki, onlar belə yerdə yaşayacaqlarını ağıllarına gətirməyiblər:

«Dedilər Azərbaycanda çalışacaqsınız. Yaxşı işdir. Oturum icazəsi alınacaq. Pis bir şəraitdə işləməyəcəksiniz. Bu da bizim halımız, görürsünüz».

Fəhlələrin dediyinə görə, onlar günün təxminən 12 saatını tikintidə keçirirlər. Hakan Özen:

560 DOLLARLA YOLA SALIBLAR

«Buraya gələrkən saatına 5 dollara anlaşdıq. Burda 4,5 dollara saldılar maaşımızı. Yeməkxana şərtləri yaxşı deyil. Yataqxana şərtləri yaxşı deyil. İşi bəyənmədik».

Fəhlələrin sözlərinə görə, şirkət aprel ayının maaşını verməkdən boyun qaçırıb. Onların şikayət etdiklərini, səs-küy saldıqlarını görüncə növbəti gün maaşlarının yarısını verib «burdan 1 saat içində çıxıb gedin, avtobus biletləriniz də alınıb», deyiblər.

Musa Asar deyir ki, 1000 dollar almalı olduğu halda onu 560 dollarla yola salıblar.

«Baku Flame Towers»in tikintisinə 2007-ci ildən DIA Holding başlayıb. Subpodratçı şirkət isə Tokar İnc.-dir. Fəhlələri də Bakıya sonuncu gətirib. Söhbət etdiyimiz türkiyəlilər deyir ki, tikintidə işçi tərkibi tez-tez dəyişir, uzunmüddətli işçilər azdır. Bu dörd nəfər isə fevral ayından Bakıdadırlar. Onların dediyinə görə, «Baku Flame Towers»də 50-yə yaxın türkiyəli fəhlə bu cür şərtlərlə işləmək məcburiyyətindədir.

2008-DƏN DÖVLƏT NƏZARƏTİ OLMAYIB

Müəssisələrdə Əmək Məcəlləsinin tətbiq edilməsinə məsuliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyi daşıyır. Qurumdan AzadlıqRadiosuna verilən məlumata görə, 2008-ci ildən «Baku Flame Towers»də uyğun normativ aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti keçirilməyib.

Qanuna görə, Dövlət Miqrasiya Xidməti fərdi icazə olmadan əcnəbilərin əmək fəaliyyətinə cəlb edildiyini aşkar edərsə, onda işəgötürən 30 min manatdan çox cərimə ödəməlidir və məsuliyyətə cəlb edilməlidir. Lakin 4 aydır ki, Dövlət Miqrasiya Xidməti AzadlıqRadiosunun 3 sorğusunu və ardıcıl telefon müraciətlərini cavabsız qoyub. Sorğu «Dia Holding»in tikintisini həyata keçirdiyi «Baku Flame Towers» binalarında işləmək üçün hansı ölkələrdən nə qədər əcnəbiyə fərdi icazə verilməsinə dair idi.

Elə bu yazının da indi dərcinin səbəbi AzadlıqRadiosunun rəsmi sorğularına cavab gözləməsidir.

ƏMƏK İSTİSMARININ QURBANLARI

Əlövsət Əliyev
Əlövsət Əliyev
Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyir ki, bu cür layihələrə cəlb edilən əcnəbilərlə bağlı dövlət orqanları lazımi tədbiri həyata keçirə bilmir:

«Onlar əmək istismarının qurbanlarıdırlar. Belə yerlərə dövlət orqanlarının daxil olması, müvafiq araşdırmalar aparılması onların imkanları xaricindədir. Çünki Azərbaycanda bu cür qanunsuzluqlar çox yüksək səviyyəli şəxslər tərəfindən törədilir. Onların bu qanunsuz hərəkətlərinin qarşısını almaq üçün hüququ olan dövlət qurumu yoxdur».

«Baku Flame Towers»in tikintisini aparan DIA Holdingin kadrlar işinə cavabdeh rəsmiləri yalnız yazılı şəkildə suallarımıza cavab verəcəklərini bildirsələr də, məktuba 2 həftə ərzində cavab ala bilmədik. Şirkətdən telefonla bildirdilər ki, həmin sualları heç bir halda cavablandırmayacaqlar.

DİA HOLDİNG’İN KÖKLƏRİ

«DİA Holdinq FZCO» şirkəti Dubayda azad ticarət zonasında yaradılıb. Bakı, Dubay və İstanbulda ofisləri fəaliyyət göstərir. Vergilər Nazirliyindən verilən məlumata görə, Holdingin Azərbaycandakı filialının təsisçisi Gozal Hassan Mohammad adlı şəxsdir. Gozal Hassan Mohammad eyni zamanda «İntersun Holdinq» şirkətinin sahibidir. «İntersun Holding» isə «Azersun Holding»in təsisçisidir. «Azersun Holding» Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozaldir. «Azersun»un rəsmi internet səhifəsində qeyd olunur ki, 1994-cü ilə qədər müxtəlif ticarət və istehsal şirkətləri bir araya gətirilərək «İntersun» adı altında fəaliyyət göstərib, daha sonra «Azersun Holding» Şirkətlər Qrupu adı ilə işə başlayıb.

Heydər Əliyev Mərkəzi də Dia Holding tərəfindən tikilib
Heydər Əliyev Mərkəzi də Dia Holding tərəfindən tikilib
Vergilər Nazirliyindən bildirilib ki, Dia Holding 2007-ci ilin 5 dekabr tarixində təsis edilib. Amma şirkətə tapşırılan layihələr onun qeydiyyat tarixindən öncəyə düşür. Məsələn, elə «Alov Qüllələri»nin təməli 2007-ci ilin oktyabrında, Heydər Əliyev Mərkəzi (Bu mərkəzi də Dia Holding tərəfindən tikilib) isə 2007-ci ilin sentyabrında qoyulub.

PASPORTLARI DA ƏLLƏRİNDƏN ALINIB

Əcnəbi fəhlələr Bakının simvoluna çevrilmə iddiasına sahib «Alov Qüllələri»ni ucaltdıqları halda burda aşağılanmalarına təəssüflənirlər. Onlar buraya ayaq qoyan gündən pasportlarının da əlindən alınıb qul kimi saxlandıqlarını deyirlər. Gürbüz Asar:

«Pasportumuzu aldılar ki, oturum alacağıq. Bir neçə günə bizim Bakıda yaşama icazəmiz başa çatır, gedib dedik ki, bəs nə oldu? Yox dedilər, bu işlər belə asan deyil, dedilər. Pulumuzu vermədilər, işlədiyimiz obyektə qoymadılar girək. Son anda pulumuzu aldıq. Əskik aldıq. İndi də tez çıxın, gedin deyirlər».

Onlar apreldə çıxıb getdilər... Amma zəhmət haqlarını almaq üçün Türkiyədən olsa belə, məhkəmə vasitəsilə mübarizə aparacaqlarını deyirdilər.
XS
SM
MD
LG