Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:50

Günel Şamilqızı. Lal tülkünün mahnısı


-

LAL TÜLKÜNÜN MAHNISI

Evimin küncündə toz yoxdur, qonaq,
Mən küncə qısılıb gözlədim səni.
Bu birdir, bu iki, bu üç, bu da dörd
Ardını saymağa səslədim səni.

Balaca otaqlar qatdı başını
Bu boyda tələni ev bilib gəzdin.
Malasız divarda daş adamları
Bilmədən söykənib o qədər əzdin...

Kaş Allah mənə də dil verəydi, dil.
Deyəydim, ay yolçu, adını söylə,
Bilim ki, bir ömür kimi gözlədim?
Kimdir gəlib çıxan bu möcüzəylə?

Deyəydim, ay qərib, yuxuna qurban,
Ayıl, bağrındakı yaranı bağla.
Mən səni ölməyə çağırmamışam,
Yatma, dirəyim ol, evimi saxla.

Ömrümdə bir dəfə tülkü olmazdım
Sinəmdə sızlayan yalan yeridir.
İndi doğrunu da səssiz deyirəm:
- Bura qanadların sınan yeridir.

Hanı mənim səsim, hanı, İlahi?
Onu səsləməkdən batdı, bilmədim.
Hanı mənim ruzum, hanı, İlahi?
Bu yazıq acından yatdı, bilmədim.

Bu gün qonağıma nə verə bildim,
Sabah ayılmağa nə gücü olsun?
Mənim stolumun üç ayağı var,
Üçü də istəmir dördüncü olsun.

Bəlkə yuxu bildin bu qonaqlığı,
Bəlkə də unutdun nə dediyimi.
Xörəyi nimçədə soyuyan durnam,
Ya ac qal, ya sındır öz dimdiyini.
XS
SM
MD
LG