Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:44

«Qarabağ bülbülləri» ansamblını yaradan zirzəmidə kirayə yaşayır


Murad Rzayev
Murad Rzayev
-
«1993-cü ildən bəri bizi dövlət tədbirinə dəvət etmirlər. Tamam yadlaşmışıq elə bil. Vaxt var idi ümummilli liderimiz Heydər Əliyev ovaxtkı «Lenin Sarayı»nda (İndiki Heydər Əliyev adına Saray) keçirilən dövlət konsertlərində məni çağırtdırıb yanında oturdurdu. «Qarabağ bülbülləri»nin çıxışı olub-olmayacağını soruşurdu. Görsəydiniz bizi necə alqışlayırdılar. Kremlin Qurultaylar Sarayında bir ayda üç dəfə konsert verirdik. Bu, Azərbaycanda yeganə ansambldır ki, 42 ildir fasiləsiz fəaliyyət göstərir».

Bu, məşhur «Qarabağ bülbülləri» ansamblının yaradıcısı və bədii rəhbəri Murad Rzayevin AzadlıqRadiosuna dedikləridir. Onun sosial şəraitinin yaxşılaşdırılması xahişi ilə bu günlərdə Azərbaycanın bir qrup xalq artisti Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevaya müraciət ünvanlayıb. Müraciəti imzalayanlar-Arif Babayev, Habil Əliyev, İlhamə Quliyeva və s. sənətkarlar istəyirlər ki, 65 illik yubileyi ərəfəsində Murad Rzayev layiqli qiymətini alsın.

Murad Rzayev deyir ki, Ağdamdan gedib İsmayıllıda məskunlaşanda, məcburi köçkün kimi orada ona ev verdilər. Amma sanki evin tikintisində sement istifadə olunmayıb. Ev onsuzda qəzalı vəziyyətdə olub. Zəlzələdən sonra da lap bərbad vəziyyətə düşüb. Ağdamdan, topun-tüfəngin, bombanın altından sağ çıxandan sonra ailəsinin-uşağının o divarların altında məhv olacağından qorxan Murad Rzayev Bakıya köçməli olub.

Balıqçılar İnstitutunun zirzəmisində yerləşən Ağdam rayon Uşaq Yaradıcılıq Mərkəzinin müdiri vəzifəsində çalışan Murad Rzayev artıq 10 ilə yaxındır ki, Bakıda kirayədə yaşayır. Özü də tez-tez bir evdən başqasına köçmək

Murad Rzayev

MURAD RZAYEV

1947-ci ildə Ağdamda doğulub. 1979-cu ildə Zaqafqaziya musiqi məktəbini, 1984-cü ildə isə Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1971-ci ildən Ağdam Rayon Pioner və Məktəblilər Evinin (indiki Uşaq Yaradıcılıq Mərkəzi) müdiri vəzifəsində çalışır. Elə həmin vaxtdan da istedadlı uşaqları yığaraq məşhur «Qarabağ bülbülləri» ansamblını yaradıb.

Onun indi də bədii rəhbəri olduğu «Qarabağ bülbülləri» ansamblı vaxtilə dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək 40 qızıl medal, 100-dən çox fəxri fərman alıb. 12 sənədli və bədii filmlərdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb. O, hazırda 200-dən çox uşağa musiqini sirlərini öyrədir. Amma zirzəmidə.
şərtilə:

«Evdə məndən başqa yoldaşım və gəlinim də işləyir. Amma bir də görürsən ki, 30-40 manat onlara maaş yazılır. Məsələn, bu ay o qədər aldılar. Mən bununla ayda 250 manat kirayə haqqını necə verim? Hər dəfə də bir yerə köçürəm. Ayağımız yüngüldür. Kimin evini kirayələyirik, bir müddət sonra sahibi Rusiyadan gəlir ki, bəs köçüb Bakıya qayıdıram. Yenə köçməli oluruq. O qədər yerimizi dəyişmişik ki, bəzən jurnalistlər müsahibə üçün müraciət edəndə, çaşıb əvvəlki evlərin telefonunu, yaxud ünvanını verirəm. Bir də baxıram ki, çaşıb maşını əvvəl qaldığım evə sürmüşəm. Çox çətindir, bilirsiniz. Zirzəmi olsun, amma öz evim olsun».

QUZANLIDA EV TƏKLİF EDİRLƏR

Murad Rzayev deyir ki, telekanallarda keçirilən müsabiqələrin hamısında yüksək yerlər tutan iştirakçıları əsasən onun yetirmələridir:

««Yeni Ulduz», Muğam müsabiqəsi, «Xalq Ulduzu» və digər müsabiqələrin iştirakçıları bu zirzəmidəki şəkillərdə gördüyünüz uşaqlardır. Amma nədənsə heç kim onların bizdən getdiklərini demir. Özləri də bu barədə heç nə demirlər».

«Qarabağ bülbülləri»nin yaradıcısından ansamblın ilk üzvlərini soruşuruq. Deyir indi hamısı üzdə olan sənətkarlardır:

«Oxuyurlar hamısı. Teymur Əmrahı mən uşaq evindən götürüb saxlamışam. Heç onu Ağdamda musiqi məktəbinə qəbul elətdirə bilmədim. Dedilər səsi yoxdur. Dedim amma o, gözəl müğənni olacaq. İndi də hamı görür ki, ən gözəl müğənnilərdən biridir. Qalanları da hamısı üzdə olan sənətkarlardır. Tacir, Nəzakət Teymurova, Aygün Bayram, İlhamis Paşayev, Sevil Sarıyeva və digərləri...».

Murad Rzayev deyir ki, Ağdam rayon İcra Hakimiyyəti ona rayonun indiki mərkəzində-yəni Quzanlı kəndində ev təklif edir. Çalışdırdığı uşaqlar yalnız ağdamlılar olsaydı, məmnuniyyətlə gedərdi. Amma o, hazırda bütün köçkün rayonlardan olan uşaqları yetişdirir.

MUSİQİ MƏKTƏBİ VAR, MURAD MÜƏLLİM YOXDUR
Murad Rzayev
Murad Rzayev

Onun dediyinə görə, bu yaxınlarda məktəbə Maliyyə Nazirliyindən gələn yoxlama da valideynlərdən niyə uşaqları məhz bu məktəbə - zirzəmiyə musiqi təhsili almağa gətirdikləri ilə maraqlanıb:

«Yoxlama aparan xanım qərəzli idi. Valideynlə müstəntiq kimi danışırdı. Dedi «niyə uşağınızı Sumqayıtdan bura gətirirsiniz, orada musiqi məktəbi yoxdu?». Uşağın anası dedi ki, orada musiqi məktəbi var, Murad müəllim yoxdur».

Sovetlər dönəmindən fərqli olaraq, Azərbaycanın müstəqillik dövründə heç bir mükafat almayan, dövlət tədbirinə dəvət olunmayan Murad Rzayev özünə bu münasibəti qərəzçilik yox, diqqətsizlik sayır:

«Kimin mənimlə nə işi. Mən heç vaxt heç kimə pislik etməmişəm. Ona görə də, düşünürəm ki, bu, qərəzçilik yox, diqqətsizlikdir. Vaxtilə mən tanınmış sənət adamları-Maestro Niyazi, Tofiq Quliyev, Əfrasiyab Bədəlbəyli və digərləri ilə bir yerdə olmuşam. Əfrasiyab Bədəlbəyli musiqini bildiyim üçün məni çağırıb münsiflər heyətində yanında oturdub. Amma sonralar sanki yaddan çıxdım. 50 il sənətdə olan adam yəqin ki, incəsənətdən nəsə bilir. Amma heç kim məni dəvət etmir. İndi ölkədə muğama çox fikir verilir, təbliğ edilir, şərait yaradılır. Xüsusilə ölkənin birinci xanımı Mehriban Əliyeva ciddi qayğı göstərir muğama. Amma vaxtilə, sovetlər dönəmində muğamı təbliğ etmək çox çətin idi. Mən isə təbliğ edirdim. Elə olurdu ki, məşq zamanı deyirdilər muğam olmaz. Mən də məşqdən çıxardırdım muğamı, amma konsertdə araya salıb verirdim. Mane olmaq istəyənlərə deyirdim ki, bunsuz bu mahnı alınmır. 1971-72-ci illərdə biz muğamı belə təbliğ etmişik».

Murad Rzayev
Murad Rzayev
​Deyir ki, hətta onun yetirmələrinin yetirmələri artıq müxtəlif adlar alıb, yeni binaların yuxarı mərtəbəsində evlə təmin olunublar. O isə bu yaşında zirzəmiyə qədər düşüb. İş yeri zirzəmidədir. Özü tez-tez gecəni bu zirzəmidə keçirməli olur. Deyir zirzəmidən sonra artıq sonuncu mənzil gəlir. Yəni, torpaq. Amma Murad Rzayev ümid edir ki, o, son mənzilə köçənədək fəaliyyətinin ümumi nəticəsi məntiqi sonluğuna qovuşacaq.

«ÇƏTİNİ UŞAQLAR TƏTİLDƏN QAYIDANACANDIR»

Hələlik isə o, Balıqçılar İnstitutunun yarıqaranlıq zirzəmisində, divarlardan asdığı keçmiş mükafatları, otağın bir küncündə kökdən düşmüş piano, bir də yazdığı mahnıları oxuyan Flora Kərimova, Mirzə Babayev, Oqtay Ağayev və digər tanınmış sənətkarların lent yazıları ilə təsəlli tapır. Deyir nə olur olsun, bu işdən bezməyəcək. Çətini uşaqlar tətildən qayıdanacandır. Ondan sonra dərdləri bir az yüngülləşəcək. Almadığı adlar, verilməyən mənzil, onsuz da onun sənətinə kölgə salmır. Xalqın arasında yeri olduğunu özü də bilir, kənardan da deyirlər..:

«Bu yaxınlıqdakı «Dostluq» kinoteatrının qarşısına yığışır bizim camaat. Nə vaxt gedirəm ehtiram göstərirlər. Küçədə gedirəm, taksiyə otururam tanıyırlar. «Xalq artisti» tituldur. Amma xalqın artisti olmaq sənətkarın həqiqi qiymətidir. Xalqın arasında olmadan xalqın artisti olmaq mümkün deyil».


P.S.


Murad Rzayevin otağında divarboyu asılmış diplomlar, fəxri fərmanlar əslində həmin sənədlərin surətidir. Deyir əsillərini arxivində ayrıca saxlayır ki, xarab olmasınlar. Ağdamın işğalı zamanı 1984-cü il istehsalı olan köhnə maşınında evindən yalnız onları çıxardıb. Başqa heç nə. İndiki maşını da köhnədir. Deyir vaxtilə hamı pul qazananda, onun başı dövlətə xidmət etməyə qarışıb. «Qarabağ bülbülləri» ancaq dövlət tədbirlərində çıxış edirmiş. Rayonda olmaqlarına baxmayaraq, Bakıda keçirilən bütün dövlət tədbirlərində iştirak edirmişlər. İndi Bakıdadırlar. Amma ansamblı heç rayonlardakı dövlət tədbirlərinə də dəvət edən yoxdur...
XS
SM
MD
LG