Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:50

Müharibə əlilindən sual: «Necə yaşamalı?»


Arxiv foto
Arxiv foto
Sumqayıtdan Həsən Cüməliyev «Qaynar xətt»ə üz tutub. Şikayəti kasıbçılıqdandır. Deyir, 6 uşaq atasıdır. Hamısı da azyaşlıdır. Özü 1-ci qrup Qarabağ müharibəsi əlilidir, 20 ildir ki, bədənində iki qəlpə daşıyır. Həyat yoldaşı Roza xanım heç yerdə işləmir.

Həsən Cüməliyev: «İkiotaqlı darısqal evdə kirayədə yaşayırıq. Hamamı yox, tualeti yox, lazım olanda da qonşulara gedirik. İndi özünüz vəziyyətimizi düşünün. Sənədlərimi təqdim edirəm Sumqayıtın Sosial Müdafiə Mərkəzinə, deyirlər sənə ünvanlı sosial yardım kəsək, ancaq sən yardımın 6 aylığını bizə ver. Mən də daha müraciət etmirəm oralara. Uşaqlar məktəbə getmir, çünki məktəbə göndərməyə imkanım yoxdur. Qalmışıq qəpik-quruş təqaüdün ümidinə».

Həsən Cüməliyev deyir müharibə əlili kimi ev növbəsinə durub. Ancaq rahat ev-eşik sahibi olacağı günü ağlına da gətirmir.

NAZİRLİK CAVAB VERİR

Sumqayıt Şəhər Sosial Müdafiə Mərkəzindən «Qaynar xətt»ə bildirdilər ki, Həsən Cüməliyev adlı şəxs mərkəzə ünvanlı sosial yardım üçün rəsmi müraciət etməyib. Müvafiq sənədlərini toplayıb Mərkəzin rəhbərliyinə yaxınlaşsa, problemi müsbət həll oluna bilər.

O ki qaldı əlilin evlə təminat məsələsinə, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzindən bildiriblər ki, əlillərə mənzil növbəli qaydada verilir. Qarabağ müharibəsi əlilləri ön növbələrdədir və yəqin ki, bu əlil də növbəsi çatdıqda mənzillə təmin olunacaq.

Həsən Cüməliyev isə ümidinin böyük hissəsini fərdi adamların yardımlarına bağlayıb.
XS
SM
MD
LG