Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:42

Naxçıvanda müəllimlərə bayram «hədiyyəsi»...


Arxiv foto
Arxiv foto
Naxçıvanın Babək rayonundan olan bəzi müəllimlər maaşlarının hesablanması qaydasından şikayətçidirlər. Bu haqda AzadlıqRadiosuna həmin müəllimlərin özləri məlumat veriblər.

Narazı müəllimlər deyir ki, avqust ayında Ramazan bayramı günləri maaşlarına hesablanmayıb.

Babək rayon Şıxmahmud kənd orta məktəbində xarici dil müəllimi işləyən Vaqif Vəliyev deyir ki, eyni aqibətlə məktəbdə dərs deyən qızı və gəlini də üzləşib. Vaqif Vəliyevin deməsinə görə, bir evdə yaşayan üç nəfərin maaşından bayram günlərinin tutulması onların ailə büdcəsinə ciddi təsir edib:

«DEYİRLƏR Kİ, BAYRAM GÜNÜNƏ DÜŞƏN PULU VERƏ BİLMƏRİK»

«Prezident humanistlik edərək bayram günləri təyin edərək camaatın şəraitini təmin edib. Lakin Naxçıvandakı bəzi yerli məmurlar, xüsusilə də Babək rayonundakı məmurlar buna mane olurlar. Digər rayonlarda, Kəngərlidə, Şahbuzda bayram günlərinin pullarını veriblər. Ancaq Babək rayonunda nədənsə bu pulu verməkdən imtina edirlər. Deyirlər ki, bayram gününə düşən pulu verə bilmərik. Qanunla bizim pullar ödənilməlidir».

Məsələyə münasibət öyrənmək üçün Babək rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Təhsil şöbəsinin mühasib müavini Səhralı Həsənov Ramazan Bayramı günlərinin bəzi müəllimlərin maaşlarından tutduqlarını təsdiqlədi. Lakin o, bunun yalnız məzuniyyətdə olan müəllimlərə şamil olunduğunu bildirdi:

«PREZİDENTİN MƏLUM FƏRMANI VAR Kİ, MƏZUNİYYƏT GÜNLƏRİ BAYRAM GÜNLƏRİ İLƏ ÜST – ÜSTƏ DÜŞDÜKDƏ...»

Naxçıvan
Naxçıvan
«Sizə kim işləyir ki, bu məlumatı verib sizə? Prezidentin məlum fərmanı var ki, məzuniyyət günləri bayram günləri ilə üst-üstə düşdükdə ödənişsiz məzuniyyət verilir və məzuniyyət günləri artırılır. Buna görə də biz iki bayram gününü məzuniyyətdə olanların maaşlarından çıxırıq. Məzuniyyət dövrünə düşdüyünə görə «Qurtuluş Günü»nün də maaşlarını verməmişik. Burda nə var ki?».

- Deyirsiz ki, Prezidentin fərmanına görə bu addımı atırsınız. Bəs başqa rayonlarda niyə belə deyil?

- Biz özümüzə cavabdehik.

Hüquqşünas Yalçın İmanov isə bayram günlərinin istənilən halda maaşdan tutulmasını əmək məcəlləsinə zidd sayır:

«OLA BİLSİN ÖZ QANUNSUZ HƏRƏKƏTLƏRİNƏ DON GEYİNDİRMƏK ÜÇÜN PREZİDENTİN ADINDAN İSTİFADƏ EDİRLƏR»

«Tam qanunsuz bir məsələdir. Əmək məcəlləsinə zidd məsələdir. Prezidentin belə bir fərmanı yoxdur. Bu Naxçıvanda yaranmış pis idarəçiliyin nümunəsidir. Ola bilsin öz qanunsuz hərəkətlərinə don geyindirmək üçün prezidentin adından istifadə edirlər» .

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu da bayram günlərinin müəllimlərin maaşından tutulmasını qanunsuz sayır:

«NAXÇIVAN AZƏRBAYCANIN DİKTATURA LABORATORİYASIDIR»

Yalçın İmanov
Yalçın İmanov
«Azərbaycanda təhsil Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilir. Ola bilməz ki, ölkənin bir hissəsində müəllim bayram günlərinə görə maaş alsın, digər tərəfində almasın. Bunun qanunla qəti uyğunluğu yoxdur. Qanunla bayram günü elan olunubsa, mütləq həmin günlərin maaşı ödənməlidir. Belə çıxır ki, Naxçıvanda buna əməl olunmur. Kim bu işi görürsə qanun qarşısında cavab verməlidir. Əgər, Gürcüstan qərbin demokratiya laboratoriyasıdırsa, Naxçıvan da Azərbaycanın diktatura laboratoriyasıdır. Belə şeyləri orada sınaqdan çıxarıb sonra Azərbaycana tətbiq edirlər. Naxçıvanda qanun adlı anlayış yoxdur».

Ekspert onu da bildirdi ki, hüququ pozulmuş müəllimlər öz hüquqlarını qorumaq üçün müvafiq məhkəmələrə müraciət etməlidirlər.
XS
SM
MD
LG