Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:46

Gülər Əhmədova deputat mandatından imtina edir


Gülər Əhmədova
Gülər Əhmədova
-
Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün sentyabrın 28-də Milli Məclis rəhbərliyinə müraciət edib.

Bunu AzadlıqRadiosuna parlamentin mətbuat katibi Akif Təvəkküloğlu deyib:

«Gülər Əhmədova parlament sədrinə yazılı müraciət edib. Parlament də həmin müraciəti göndərib Mərkəzi Seçki Komissiyasına».

O, ərizəsində son günlər yayılan videonu əsas gətirərək deputatlığına xitam verilməsini istəyib.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Gülər Əhmədova parlamentdə 34 saylı Xətai İkinci Seçki Dairəsini təmsil edir. O, üçüncü dəfə deputat seçilib.

Gülər Əhmədova Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

ƏLİ ƏHMƏDOV: «GÜLƏR ƏHMƏDOVA YAP-I MİLLİ MƏCLİSDƏ TƏMSİL ETMƏK HAQQINI İTİRİB»

«YAP partiya üzvü Gülər Əhmədovanın qeydiyyatı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevlə birgə videogörüntüləri vasitəsilə üzə çıxmış əməllərindən dərin təəssüf hissi keçirir».

Bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov partiyanın saytına açıqlamasında deyib.

Əli Əhmədov bildirib ki, bu hərəkətlər YAP-ın prinsip və dəyərləri ilə qətiyyən bir araya sığmır:

«Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirib. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi məhz belədir».

Əli Əhmədov daha sonra deyib ki, ayrı-ayrı adamların qanunazidd hərəkətləri Azərbaycanda həyata keçirilən siyasətin üzərinə kölgə salmaq iqtidarında deyil:

«Qanunçuluq, şəffaflıq, korrupsiyaya qarşı barışmaz mübarizə və s. kimi mənəvi dəyərlər və fəaliyyət prinsipləri hakimiyyətin əsasını təşkil edir. Qanunu pozanlar, mənəviyyatını itirənlər, dələduzlar isə həmişə ifşa olunub, olunur və bundan sonra da ifşa olunacaq. Dələduzların «yardımı» ilə layiq olmadığı səlahiyyətlərə yiyələnmək istəyənlərin cəhdlərinin boşa çıxması, əslində, məlum videogörüntü qalmaqalının ortaya çıxardığı mühüm reallıqdır».

Əli Əhmədov qeyd edib ki, hüquq-mühafizə orqanları zəruri araşdırmalar aparır:

«İnanıram ki, hər kəsin əməlinə qanun çərçivəsində ədalətli qiymət veriləcək».

SEVİNC BABAYEVA İŞƏ ÇIXMIR, ONUNLA MÜQAVİLƏ UZADILMAYACAQ

«Sevinc Babayeva hadisə baş verən gündən işə gəlmir, telefon zənglərinə cavab vermir».

Bunu APA-ya açıqlamasında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev deyib.

Sevinc Babayeva keçmiş rektor Elşad Abdullayevlə deputat Gülər Əhmədovanın qalmaqallı videosunda yer almış kitabxana direktorudur.

Əlikram Əliyevin dediyinə görə, Sevinc Babayevanın işə çıxmaması artıq aktlaşdırılıb:

«Onun xəstə olması barədə də hələlik heç bir təqdimat yoxdur. Biz onunla qanun çərçivəsində rəftar edəcəyik. Biz müəssisəni başsız qoya bilmərik. Araşdırma nəticəsində məlum olsa ki, o, xəstə deyil, sadəcə işə çıxmır, biz adekvat qərar qəbul edəcəyik».

Gülər Əhmədova
Gülər Əhmədova
Ə.Əliyev bildirib ki, kitabxana direktoru bu ilin iyulunda fəaliyyətindəki nöqsanlara görə töhmətləndirilib və onunla növbəti il üçün müqavilə bağlanması nəzərdə tutulmur.

Sevinc Babayevanın Sabir adına Kitabxana direktoru vəzifəsində çalışması üçün bağladığı müqavilə oktyabrın 18-də başa çatacaq.

CİNAYƏT İŞİ AÇILDI

Baş Prokurorluq deputat Gülər Əhmədova barəsində məlumat yayıb. Baş Məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı yayılmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Bundan sonra Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Məlumatda bildirilir ki, yayılan audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri var. Həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyi nəzərə alaraq cinayət işi açılıb.

İş üzrə məhkəmə-portret, video və audioyazıların kriminalistik ekspertizaları təyin edilib, müvafiq orqanlara tapşırıqlar göndərilib, zəruri sorğular və əməliyyat tapşırıqları verilib. Hazırda iş üsrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.
İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
XS
SM
MD
LG