Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:46

Dünyanın ən təhlükəli səyahətlərindən biri haqda kitab Bakıda təqdim edildi


-

Onların bu dəniz səyahətini dəlilik də adlandıranlar olmuşdu.

Adi salın üstündə Cənubi Amerika sahillərindən Avstraliya istiqamətində səyahətə çıxmaq və Polineziya adalarına çatmaq üçün 8 min kilometr məsafə qət etmək - bu, səyyahlara həyatları bahasına başa gələ bilərdi.

Azərbaycanda yetərincə tanınan Norveç səyyahı Tur Heyerdal 1947-ci ildə dostları Knut Haugland, Bengt Danielsson, Erik Hesselberq, Torstein Raaby və Herman Vatzinger ilə birlikdə elm adına qeyri-adi bir fədakarlıq göstərərək balsa ağaclarından düzəlmiş və "Kon Tiki" adlandırdıqları salın üzərində təhlükəli səyahətə çıxırlar.

Heyerdal sübut etmək istəyirdi ki, Sakit okeanın orta və cənub hissəsinə səpələnmiş minəcən xırda adada yaşayan insanlar əslində oraya Cənubi Amerikadan gəliblər.

Həmin maraqlı səyahət haqda Tur Heyerdalın yazdığı kitab dünyanın 70-dən çox dilinə çevrilib və indiyəcən 50 milyon nüsxə satılıb.

İndi həmin kitabı Azərbaycan dilində də oxumaq mümkündür. “Kon Tiki səyahəti” kitabının təqdimat mərasimi Azərbaycan Dillər Universitetində keçirildi.

Universitetdə fəaliyət göstərən Skandinaviya Mərkəzinin direktoru Vibeke Roggenin təşkil etdiyi təqdimata tələbələr, eləcə də Norveç səfirliyinin birinci katibi Marko Soldic, ​ Azerbaijan İnternational” dərgisinin redaktoru Betty Blair və “Kon Tiki səyahəti” kitabın naşiri Rasim Qaraca da dəvət olunmuşdular.

O zaman Tur Heyerdalın irəli sürdüyü fərziyyəyə Polineziya adalarında mövcud olan əfsanələr də qüvvət verirdi. "Kon Tiki" həmin əfsanələrin bir çoxunun qəhrəmanıdır.
Thor Heyerdahl (1914-2002)
Thor Heyerdahl (1914-2002)


Əfsanələrə görə, Kon Tiki öz dostları ilə Polineziya adalarına şərqdən gəlib və burada yerli sivilizasiyanın əsasını qoyub.

"Kon Tiki" salı qədim inklərin böyük məsafələr keçdiyi sallarının layihəsi üzrə düzəldilmişdi.

Səyahət zamanı Heyerdalla yoldaşları qasırğaya da düşürlər.

Onlar 1080-ci qərb uzunluğuna çatanda baş vermiş qasırğa Qerman Vatçinqeri okeana salır.

Knutun cəsarətlə özünü suya ataraq onu xilas etməsi Qermanı həyata qaytarır.

Heyerdal ibtidai insanların okean cərəyanlarından istifadə etməklə belə böyük məsafəni qət etdiyinə və öz heyətinin də bunun öhdəsindən gələcəyinə inanırdı.

Və 101-ci günündə uğurla başa çatan səyahət dünya elm tarixinə ən cəsarətli ekspedisiyalardan biri kimi düşür.

O zamana qədər elmdə dominantlıq edən fikir bu idi ki, Polineziya sakinləri Asiya mənşəlidir.

Heyerdalın səyahəti buna alternativ olan bir fərziyyənin yaşamaq haqqı olduğunu sübut etdi.

Təqdimat mərasimində Tur Heyerdalın çəkmiş olduğu sənədli “Kon Tiki” filmindən fraqmentlər də nümayiş olundu.

Həmin film Oskar mükafatına layiq görülüb.

Təqdimat mərasimində Tur Heyerdal irsini dərindən bilən Betty Blair böyük elmi gerçəkliklərə yol açaraq mənsub olduğu xalqın şərəf və ləyaqət simvoluna çevrilməyi bacarmış Tur Heyerdalın “Kon Tiki səyahəti” kitabının gənclər üçün çox əhəmiyyətli olduğunu vurğuladı.

Tələbələrə “Kon Tiki səyahəti” kitabı hədiyyə edildi.

"Kon Tiki" salı Norveçin paytaxtı Oslodakı muzeydə
"Kon Tiki" salı Norveçin paytaxtı Oslodakı muzeydə
XS
SM
MD
LG