Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:31

Prezidentin qızının şeiri dərsliklərə necə düşüb?


Leyla Əliyeva
Leyla Əliyeva
-

Yenilənib

ŞEİR “TƏHSİL”İN ŞAP ETDİYİ ƏDƏBİYYAT DƏRSLİYİNDƏDİR

Bəzi diqqətli oxucular 5-ci sinif ədəbiyyat dərsliyində Leyla Əliyevanın “Elegiya” şeirinə rast gəlmədiklərini yazırlar. Haqsız da deyillər.

5-ci sinif şagirdləri üçün iki ədəbiyyat dərsliyi hazırlanıb.

Leyla Əliyevanın şeiri də “Təhsil” nəşriyyatında çap olunan, Gülər Mehdiyevanın redaktoru olduğu dərslikdə dərc olunub. Müəllifləri Afət Süleymanova, Təranə Bağırova və İlhamə Muradovadır. Müəlliflərdən biri Afət Süleymanova Təhsil Nazirliyinin aparıcı məsləhətçisidir.

Biz ondan da bu müzakirələrlə bağlı fikrini bildirməyini istəmişdik. Yazılı cavabını isə məqalə hazır olduqdan sonra almışdıq. Həmin cavabı indi təqdim edirik.

“BU ŞEİRİ YAZANDA LEYLA ƏLİYEVA YENİYETMƏ QIZ İDİ”

“Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ərəfəsində Leyla Əliyevanın yazdığı elegiyanı əlavə oxu materialı olaraq dərsliyə daxil etmişik. Bu şeiri yazarkən Leyla Əliyeva yeniyetmə bir qız idi. Bir yeniyetmənin öz hiss və həyəcanlarını söz vasitəsilə necə ifadə etməsi beşinci sinifdə oxuyan yeniyetmələrə nümunə olaraq təqdim edilib”.

Afət Süleymanova şeirin dərsliyə salınması haqda deyilənləri isə əsassız sayır. “Leyla Əliyeva da Azərbaycan övladıdır. Onun bir şeirinin əlavə oxu materialı sırasında dərsliyə daxil edilməsinin bəzi insanları nə üçün bu qədər narahat etdiyi mənə aydın deyil. Dərsliyin siyasiləşməsi ilə bağlı əsassız iradları qəbul etmirəm. Əslində bu şeir siyasi mövzuda deyil. Məktəb yaşlı bir nəvənin babasından ayrı düşməsi ilə bağlı çəkdiyi açılar təsvir edilib. Təəssüf ki, dərslik haqqında heç bir təsəvvürü olmayan insanlar da bu məsələ ilə bağlı fikirlər söyləməkdən çəkinmirlər”.

Afət Süleymanova sonda hər şeyi zamanın ixtiyarına buraxır: “Dərs ili yenicə başlayıb. Zaman yaxşını pisdən, haqqı nahaqdan ayıracaq”.

***

5-ci sinif şagirdləri üçün ədəbiyyat dərsliyi, səhifə 166, Leyla İlham qızı Əliyevanın «Elegiya» şeiri. Söhbət prezident İlham Əliyevin qızı Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi «Elegiya» şeirindən gedir. İlk dəfə bu şeir 4 il öncə, 2008-ci il dekabrın 12-də - Heydər Əliyevin vəfatının 5-ci ildönümündə «Azərbaycan» qəzetində dərc olunub. Sonra ona mahnı bəstələnib. İndi isə dərsliyə salınıb. Sinifdənxaric oxu üçün nəzərdə tutulub. Cəfər Cabbarlının «Azərbaycan bayrağına» şeiri ilə eyni səhifədə.

Şeirin bədii keyfiyyəti haqda danışmaq istəmirik. Faktın özü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Buna görə də, həmin hadisəyə biz də diqqət ayırmaq istədik.

ƏKRƏM ƏYLİSLİ: «O DƏRSLİYİ TƏRTİB EDƏNLƏRİN SİMASININ GÖSTƏRİCİSİDİR BU»

Elegiya

ELEGİYA

Ulduzlara uçan quşa dönəydim,
Ay da yollarıma nur ələyəydi.
Məğrur yerişinlə qoşa dönəydin,
Sənə yer üzündə yer eləyəydim.

Dinlə kədərimin pıçıltısını -
Mən yaxşı bilirəm ayrılıq nədi!..
Küləklər könlümün qışqırtısını
Kaş ki kainata yaya biləydi.

Könüllər yaşadır gur nəfəsini,
Sənsiz hər bir anın öz qüssəsi var.
Müqəddəs səsinin xatirəsini
Anlada bilərmi çağlayan çaylar?

Bulud karvanına qoşulum yenə,
Gəzim asimanı, hardasan görüm.
Çatıb ucalığa, yetişim sənə,
Əlimi əlindən yapışan görüm!

Acı göz yaşını sel elə gəlsin,
Ey yağış, soyumur dərdimin odu.
Qüssədən qocalan Ay dilə gəlsin,
Söyləsin, ruhunun haradı yurdu?

Dağ idin, çiynimi dağlara verdim,
Dağların dərdini çəksə, dağ çəkər.
Sənə məhəbbətim dağlar qədərdi,
Yerini dağlardan soruşum bəlkə?

Bəlkə çinarlarla baş-başa verim,
Görən qovuşarmı boyum boyuna?
Gərək sənə yetə bu qəmli şeirim,
Gərək sənə yetə... haqqım var buna.

Nurunu gözümdə saxlayım necə? -
Möcüzə yaratmaq gəlmir əlimdən.
Parçalan, ey zülmət, çəkil, ey gecə,
Günəşə qovuşmaq istəyirəm mən!
Yazıçı Əkrəm Əylisli deyir ki, Leyla Əliyevanı qınamır:

«Mən ancaq onu deyə bilərəm ki, o dərsliyi tərtib edənlərin mənəvi simasının göstəricisidir bu. Mən o qızı da qınamıram, onun valideynlərinə də bir söz demək istəmirəm. Amma bu fakt o kitabı tərtib edənlərin əxlaqını, mənəviyyatını, professionallığını, hər tərəfdən sifətini üzə çıxardır. Və bu sifət xoşagələn sifət deyil. Bəlkə o qızın özünün də xəbəri yoxdur. Yaltaqlıq dünyanı elə bürüyüb ki, kimsə götürüb dərsliyə salıb. Dərslikləri nə günə qoyublar, ağlamalı vəziyyətdədir. Dərsliklər heç vaxt bu səviyyədə, belə düşük səviyyədə, qeyri-professional səviyyədə olmayıb».

Əkrəm Əylislinin qənaətincə, çox mümkündür ki, həmin şeirin dərsliyə salınmasından müəllifin və ya dövlət başçısının xəbəri yoxdur:

«Amma onları çağırıb danlamayacaqlar da. Görünür, onların da zəif tərəflərini yaxşı tapıblar».

HƏR ŞEYİ AİLƏYƏ BAĞLAMAQ TENDENSİYASI

Yazar, jurnalist Elnur Astanbəyliyə görə, 5-ci sinif dərsliklərinə Leyla Əliyevanın şeirinin salınması bir daha Azərbaycanda ailə hakimiyyətinin bərqərar olduğunu göstərir:

«Yəni, hər şeyi ailəyə bağlamaq tendensiyası var. Bu da onun növbəti nümunələrindən biridir. Dünyanın hər yerində bu cür hakimiyyətlər, rejimlər var. Amma mən bilmirəm nə qədərində hakimiyyət başında olanlar ailə üzvlərinin yaradıcılığını azyaşlılara ədəbi nümunə kimi təqdim edirlər. Bu şeiri özü də Cəfər Cabbarlının şeirinin üstündə veriblər. Hətta bu qaydanı da gözləməyiblər ki, bu, Cəfər Cabbarlıdır, Azərbaycanın nəhəng dühalardan biridir. Bu, siyasi sistemin bəlasıdır. Bu, təhsilin yoxluğunu göstərir. Bu, uşaqlara mütiliyin, yaltaqlığı öyrətməkdir».

TƏHSİL NAZİRLİYİ: «ÇOX NORMAL VƏ QƏŞƏNG ŞEİRDİR»

Dərsliyin müəllifi ilə danışa bilməsək də, Təhsil Nazirliyinin dərsliklər və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının münasibətini öyrənə bildik. Faiq Şahbazlı tənqidləri qəbul etmədi:

- O şeir proqrama salınmayıb, əlavə oxu materialıdır. Mən ona baxmışam, çox normal və qəşəng bir şeirdir. Yaxşı şeir nümunəsidir. Müəllif əlavə oxu materialı kimi verib onu. Problem yoxdur orda. Bu, dərsliklərin siyasiləşməsi deyil. Ədəbi nümunə kimi maraqlıdır. O, İlham Əliyevin qızı olmaqdan başqa vətəndaşdır. Və bunun gözəl bir şeiri var. Nə olar onu verəndə? Dərslikdə əlavə oxu materialı kimi 50 dənə nümunə verilib, biri də budur. Dərsliyi biz yazmırıq. Müəllif yazır nəşriyyatla birgə.

- Amma nazirlik də qəbul edir.

5-ci sinif şagirdləri üçün ədəbiyyat dərsliyi, səhifə 166, Leyla İlham qızı Əliyevanın «Elegiya» şeiri
5-ci sinif şagirdləri üçün ədəbiyyat dərsliyi, səhifə 166, Leyla İlham qızı Əliyevanın «Elegiya» şeiri
- Nazirlik qəbul edir bəli. Ekspertlər var, Qiymətləndirmə Şurası var, onlar qəbul edib. İkincisi də, nə qane etmir sizi? O saat siyasi don geyindirirlər ki, filankəsin qızıdır, olmaz... Belə olmaz, bu, yaxşı münasibət deyil. Bir ədəbiyyatçı kimi, dilçi kimi bu şeir mənim xoşuma gəldi.

DƏRSLİK MÜƏLLİFİ: «LEYLA ƏLİYEVA ƏDƏBİ ŞƏXSİYYƏT KİMİ QƏBUL OLUNMUR AXI»

5-ci sinif «Azərbaycan dili» dərsliyinin müəlliflərindən Rafiq İsmayılov isə fərqli fikirdədir. O deyir ki, bu şeiri «Azərbaycan dili» dərsliyinə mətn kimi sala bilərdi, amma «Ədəbiyyat» dərsliyinə bədii nümunə kimi daxil etməzdi:

«Çünki Azərbaycan dili dərsliyində əsas məsələ mətndir, bunu kim yazıb, fərqi yoxdur. Amma ədəbiyyat dərsliklərində klassiklər, daha çox tanınmış müəlliflər olmalıdır. Yəni, Leyla xanımın bir və ya bir neçə kitabı çıxsaydı, özünü ədəbi ictimaiyyətdə müəllif kimi təsdiq etmiş olsaydı, onun şeirlərinin orta məktəb ədəbiyyat dərsliyinə salınmasını təqdir etmək olardı. Ancaq birdən-birə... Leyla xanım ədəbi şəxsiyyət kimi qəbul olunmur axı. Mən buna o qədər də yaxşı baxmıram. Burdan bir qədər də konyuktura iyi gəlir».

"Elegiya" şeirinə bir başqa tərcümədə bəstələnmiş mahnını Ağadadaş Ağayev oxuyur.
XS
SM
MD
LG