Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:35

Məni alçaltmayın!!! Sevgilim var, arzularım var, yalvarıraaa-am!!!


Cavid Zeynallı
Cavid Zeynallı
-

Mənim heysiyyətimi alçatmaq üçün bir-birilə bəhsə girib razılığa gələ bilmirdilər. Usta dedikləri kimdisə, deyəsən, ürəyiyuxa, qəlbigenişdi.

Xırıltılı səslə gülən əclaf pivə butulkasının üstündə oturtmağı təklif edəndə, dizini mədəmə sıxan yekəpər ikinci alçaqlığa qol qoydu...



Gənc yazar Cavid Zeynallı yeni romanını tamamlayıb. Bu ilki Milli Kitab Müsabiqəsinə təqdim ediləcək romandan bir parçanı "Oxu zalı"nda dərc edirik.


Cavid Zeynallı


LEYLA

(roman)


Bir qadın var hardasa,
Kibrit çöpündən tez sönür gülüşü…


Qismət


Yarım saatı 100 manat

Bir qadın üçün bu qədər zülmə tab gətirmək kimə lazım idi, Rəcəb?!

Bütün təhqirlərə canında yer tapıldı, heysiyyətinin alçalmağından havalanmadın.

Özünə haqq qazandırma, bədbəxt adam! Qəhrəmanlığın, canıyananlığın, lap elə kişiliyin də bir həddi var, axı! İndi boğazına qəhər tıxlanıb, içindəki qurğuşun ağırlığından yaxa qurtara bilmirsən.

Hələ canındakı ağrıları demirəm: gecələr yorğan döşəkdə qıvrılırsan, əlacın olsa it olub ulayarsan.

O günəşli, nizamlı həftələri indi uğursuz günlər qarabaqara izləyir. Başıkəsik toyuq kimi ora-bura vurnuxmağın axırı urvatsız gəbərməkdi, bilmirsənmi?!

Kimdi axı, o?! Anandımı, bacındımı, könül verib xəyal qurduğun sevgilindimi? Nə özgə kimi özgən, nə doğma kimi doğman deyil, ay bədbəxt!

Bağışla məni, divaraişəyənin, qəhbənin təkidi! Tay-tuşların ev qurub ocaq qalayanda sən ləçər bir qadının keçmişini düyü kimi arıtlamaqdan bezmirsən.

Deyirlər, yolxərci tapmayan, qiyməti kəm gələn tələbə qızlara cibidolu oynaş tapıb yarımca saat üçün 100 manat boyun olurmuş. Neçə günahsız qızın həyatını beləcə zəhərə döndərib.

Atılmış, unudulmuş zavallı bədbəxtlər əldən-ələ ötürülüb, kirli kafelərin küncündə vərəmə yoluxublar.

Başa düşürsənmi, bu nə deməkdi? Nəyə güvəndiyini bilirəm! Amma sən də qulağında sırğa elə: səfehliyinin əvəzini daha pis günlərlə ödəyəndə, gərəksiz peşən də dadına yetməyəcək!


Yalvarıram, alçaltmayın!

Hər qətrə suda qüssə, hər tikə
çörəkdə kədər, qəm yatır.


İmam Əli

O dəhşətli dekabr axşamının canımdan çəkilməyən ağrılarını anlatmaq üçün mənə güc ver, Tanrım! İçimdə boyatıyan məhrəm hisslər durulsun, beynim avazıyıb içimi rahatlatsın!

Novxanı yolunun tülkügörünməz kimsəsizliyində dörd nəfər pəzəvəngin daş kimi ağır təpiklərini sir-sifətimdə, qabırğalarımda hiss etdikcə qar üstə düşən qırmızı ləkələrin vahiməsi içimdəki xofu körükləyir.

Yuxarıdakı öyüdnaməni qulağıma pıçıldayan kimdirsə, axmaq canıyananlığından sinədolusu çimçəşdim.

Bacarsaydım, bu qoca əbləhin üstünə çəmkirərdim ki, nəsihətbazlığını yığışdır, özün də itil gözümün qabağından!

Göydə şimşəklər oynayır, elektrik naqillərinin uğultusu küləyin səsinə qarışıb adamı ölümün bir qarışlığınacan sürükləyir.

Kabus kimi başımın üstünü kəsdirən bu əclafların əlindən sağ qurtardımsa, demək, nənəm namaz üstəymiş.

Deyəcəkdilər, vayına oturmağa anası yox, yaxa cırmağa əzizi!!! İndi kanallarını kitab kimi vərəqlədiyim “Sony” televizorun solğun ekranı məni yaxalayan “Niva”nın közərən işıqlarını xatırladır.

Dəhşət filmlərini otağıma gətirən bu şeytan qutusunu zibilliyə tolazlayıb, hiddətimdən tapdaq-tapdaq etmək istəyirəm.

Binəqədinin təzəbinə məhəllələrindəki kibrit qutusuna oxşar yastı-yapalaq evlərin, qəbiristanlıqdakı başdaşlarının qaraltısı yaşamağa ümidimi artırsa da, dizinin ağırlığını mədəmin üstünə salan əclafın heybətli səsindən içim üşəndi:

- Usta, - şalvarının zəncirbəndini açdı - bəlkə bunun başını murdarlayım?
İkinci dilləndi:

- Tələsmə, telefon maşındadır, gətirirəm. Bu səhnəni tarixə yazmaq lazımdır.

- Xe-xe-hee-hiii-hii... - Xırıltılı gülüş səsi eşidildi.

- İnternetdə rekord qıracaq.

Getdikcə uzaqlaşan addım səsləri çəkic kimi beynimi döyəcləyirdi. Mənim heysiyyətimi alçatmaq üçün bir-birilə bəhsə girib razılığa gələ bilmirdilər. Usta dedikləri kimdisə, deyəsən, ürəyiyuxa, qəlbigenişdi. Xırıltılı səslə gülən əclaf pivə butulkasının üstündə oturtmağı təklif edəndə, dizini mədəmə sıxan yekəpər ikinci alçaqlığa qol qoydu:

- Lap axırda bir banka mürəbbə alıb, bu küçüyü apararıq şortu Mərziyənin yanına!

“Niva”nın qapısı zərblə çırpıldı. “Sizi and verirəm bu qarın ağlığına, məni alçaltmayın!” Ağzıma çəkilən skoçu dişimlə didik-didik edib gücüm çatdıqca yalvarmaq, bağırmaq, mərhəmət diləmək istəyirdim. Hamının yanında gözükölgəli, üzüxəcalətli olmaqdansa gəbərmək yaxşıdır, gəbərmək! Video internetdə yayılar-yayılmaz dost-tanış bir-birinə xəbər verib saatlarla çənə döyəcəkdilər. Xəcalət hissi adamların üzündən, küçə səkilərindən, işıqfor dirəyindən, körpələrin təbəssümündən arsız-arsız dişini ağardıb içimi qurd kimi yeyəcəkdi. Pərvərdigaraaa, məni tək qoyma, kömək ol! Mən nə edəcəm, nə?! Məni alçaltmayın, alçaltmayın!!! Sevgilim var, arzularım var, həyatım qabaqdadır, yalvarıram, yalvarırammm, yalvarıraaa-am!!!

Telefon dalınca gedən yekəpər ovucdolusu qar götürüb əlləri arasında yumruladı. Sol gözümün üstündən dəyən qartopunun ağrısından iliyiməcən sarsıldım. Qulağım tutuldu, gözümün qabağında oynayan ağappaq yumru zərrəciklər itər-itməz huşdan getdim. Ayılanda yanıma qoyulan iki boş “koka-kola” butulkasını görəndə başa düşdüm ki, üz-gözüm, paltarım su içindədir; butulkaların suyu üstümə boşalandan sonra özümə gəlmişəm.

Xırıltılı səslə gülən nacins rəzil niyyətindən əl çəkməmişdi:

- Usta, özünə gəldi. Nə deyirsən, başlamayaq?

Usta siqaret yandırıb arın-arxayın yaxamdan yapışdı. Vəhşi bir güclə heysiz cəmdəyimi yerdən qaldırıb özünə yaxınlaşdıranda, siqareti dişlərimdə söndürəcəyindən qorxub, dəhşətə gəldim. Yox, deyəsən, bu ağlına gəlməmişdi. Skoçu göz qırpımında dartıb qoparmağı ilə üz-gözüm alışıb yandı.

- Başını dik saxla! - Dəli bağırtısından ödüm partladı. Nəfəsindən çaxır qoxusu gəlirdi.

- ...ııııııuuuğğııuuı. - Zarıyıb ağzımın qanını tüpürdüm.

- Eşitmədin, başını dik saxlaaa-a! – İlahi, səsi necə dəhşətliydi.

- ...

Heysiz-hərəkətsiz sinəmə sallanan başımı qaldırıb bu səfər mülayim tonda dilləndi:

- Dərs oldu sənə?

- ...

- Sənnənəm küçük, dərs oldu?! Aç qulağını eşit: bilmirəm jurnalistsən, nə zibilsən, özünü adam kimi apar! Burnun girməyən yerə kəlləni soxma! O qəhbənin də başını burax, qoy rədd olsun. Görürəm, pis oğlana oxşamırsan, kimsə başını pozub bu işə qurşanmısan. Üz-gözünə əl gəzdir, həkimə get. Sabah-birigün sevimli Leylanın ehsanını yeməyə hazırlaşarsan. Yəqin mən də başsağlığına gəlib bir tikə çörək kəsəcəm. Cınqırını çıxarsan, qırxı çıxan kimi səni də onun yanına göndərərəm.

- Usta, telefona icazə vermədin, Mərziyənin yanına aparmağa razı deyilsən. Heç olmasa, bu küçüyü çimizdirim, ürəyim rahatlaşsın.

- Rədd ol maşına, gedirik!
Dizini sinəmə sıxan əclaf donquldana-donquldana maşına sarı getdi. “Niva” yerindən tərpənəndə, Usta dedikləri yaramaz başını pəncərədən çıxarıb üzrxahlıq elədi:

- Gərək bağışlayasan, səni apara bilməyəcəyik. Görürəm, əfəl uşaq deyilsən, bir təhər gedərsən.

Maşın şosse yolundan üzü Novxanıya sarı burulub görünməz olanda küləyin səsindən, çölün vahiməsindən üşəndim. Ağrıdan əzalarım sızıldayır, halsızlıqdan ayağım yer tutmurdu. Dizlərimdə taqət qalmamışdı, şaxtadan ölməsəydim elə burdaca yatıb qalar, səhərertə sürünə-sürünə şosse yoluna çıxıb bir maşına əl edərdim. Get-gedə nəfəsim tıncıxmağa başladı. Boğazım, dil dodağım susuzluqdan alışıb yanırdı. Bir ovuc qar götürüb ağzıma apardım. Başımın küt ağrısı şiddətlənib ürəkbulanması gətirmişdi. Nə yaxşı telefonumu əlimdən almamışdılar.

Saat birin yarısıydı. İndi mən kimin yanına üz tutum, başıma haranın daşını salım? Bədənimdən nə qədər hərarət çəkilməmişdi, hərəkət etməliydim. Qılınc kimi kəsən küləyin sazağı içalatımı almamış, burdan rədd olmalıydım. Binəqədinin təzəbinə məhəllələrindəki evlərdən birinin qapısını döyüb bir gecəlik sığınacaq ala bilərdim. Üzümə qapı bağlayan olsaydı, boğazımın gur yerilə söyərdim ki, ay oğraş, qaçaq-quldur deyiləm, arvadına sataşmaram, oğurluq niyyətilə gəlməmişəm; zavallı və bədbəxtin təkiyəm, yazığın gəlsin. Məni öyüdə tutan nurani qocanın sözləri yenidən qulağımda səsləndi: “Kimdi axı, o?! Anandımı, bacındımı, könül verib xəyal qurduğun sevgilindimi? Nə özgə kimi özgən, nə doğma kimi doğman deyil, ay bədbəxt!” Doğrudan, bu nə ağılsız işdir mən qurşandım? Bu pəzəvənglər hər kimdirsə, onlar üçün məni öldürmək, siçanı tələdə gəbərtmək qədər asandı.

Maşın rəddini tutub yola sarı ayaqlarımı sürüyürdüm. Mədəmdən dəhşətli ağrı başlamışdı, xayalarım ara-sıra sancırdı. Addım atmağa taqətim qalmamışdı, yeriməyi bacarmırdım. Huşumu itirsəydim, səhərə meyitim qaxac olacaqdı.
Qar getdikcə güclənmişdi, üz-gözümə, boyun-boğazıma dolurdu. Üstümə çökən dəhşətli yalqızlığın acısından boğazımda qəhər düyünləndi. Yerə çöküb özümü toxtatmağa çalışsam da, alınmadı. Vəhşi bir çığırtıyla hönkür-hönkür ağlamaq keçirdi könlümdən. Elə bil, kimsə ürəyimi ovcunun içində sıxıb duyğularımı korşaldır, qəlbimi incidib sonu görünməyən qaranlıqlara tuşlayırdı. Boğazımı göynədən qəhər sinəmə yayılıb qaynar qurğuşun kimi içimi köz-köz elədi. Ağlamaqdan utanmadım. Kim nə bilir, hardan xəbər tutacaqdılar?

Sürünə-sürünə yolu keçib üzüaşağı - təzəbinələrə sarı yumalandım. Özümü toparlayıb daxmalardan birinin qapısını döyməliydim, başqa yolum yoxuydu. Aha, bu birinci ev!

Hasarı hündür, darvazası bağlıydı. Bu məhəllədəki evlər bir-birindən sən deyən, uzaq deyildilər. Zənnim məni aldatmırsa, 2003-cü ilin bir payız axşamçağısıydı, Tibb Texnikumunda iynə vurmağı öyrənən ağbaldır qızın arxasınca düşüb ta qəbiristanlığa qədər comərdcəsinə irəliləmişdim. Qız başı piyləmək məsələlərindəki naşılığım ucbatından uğursuzluğa düçar olsam da, üçcə il sonra Klinik Xəstəxananın foyesində həmin xanımla rastlaşanda keçən günləri xatırlayıb xeyli söhbətləşmişdik. Dilimi şirin salıb xanımı şam yeməyinə dəvət edər, ardınca pəncərədən boylanan çərşənbə səhərini bir çarpayıda qarşılaya bilərdik, sadəcə, gözgörəti köklüyü, daha doğrusu, donuza dönməyi həvəsimi öldürmüşdü. Cəhənnəm, əlacsızlıqdan yanbızları tər qoxuyan gombul qadınla birtəhər yatmaq olar, bəs sifətinin boyası? O qədər qalın çəkilmişdi, əl vursam köhnə divar suvağı kimi qopub töküləcəkdi. Bu vahiməli gecədə ağmaya tibb bacısını hardan xatırladığımı bilmirəm, amma nədənsə, belə işıqlı xatirələrdən təsəlli tapmağa adətkaram.

Lap yaxından it səsi gəldi. Canımın ağrısı az idi, bu lənətə gəlmiş köpək hardan çıxdı?

Özümü yaxınlıqdakı evin qapısının ağzına verdim. Sınıq-salxaq taxtalardan alçaq çəpər çəkmişdilər. Küt ağrıdan zoqquldayan dizimi işə salıb, arakəsmə taxtalardan birini sındırdım. Görəsən, bu evdə yaşayan kimdir? İlahi, mənə rəhmin gəlsin, nola, nainsaf olmasınlar, məni cırıq-cındır görkəmdə görər-görməz quşqulanıb havalanmasınlar. Bir qoca kişi olsun, bir həlim arvad! Can, anan ölsün ay yetim deyib, əzizləsinlər, qabağıma bir tikə çörək, isti çay gətirsinlər, yaralarıma məlhəm qoyub sarısınlar. Bu yaxşılığı ömrüm uzunu yaddaşımdan silmərəm.

Pəncərənin ağzında cavan gəlinin qaraltısı göründü. Ora-bura vurnuxub nəsə axtarırdı. Lənətə gəlmiş köpək də səsini kəsmir, elə hey hürüb zəhləmi tökürdü. Pəncərə açılar-açılmaz gəlin çaynikin yaxantısını qar üstə atdı. Bircə onu gördüm ki, diksindi, zarıyıb səsi çatan qədər qışqırdı:

- Oğru, həyətə oğru girib, oğruuu...

Elə bil, bağrıma xəncər sapladılar. Diz çöküb, hərəkətsiz qaldım...
XS
SM
MD
LG