Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:41

Neft pulları gəldi, bəs hanı var-dövlət?


“Bakı-Tbilisi-Ceyhan kəmərindən və Mədən Sənayeləri Şəffaflıq Təşəbüsündən sonra:
Azərbaycanda çiçəklənmə və şəffaflıq hardadır?”

ABŞ-da qərarlaşan “Crude Accountability “ təşkilatının yeni hesabatına məhz belə ad qoyub və bu ad hesabatın içindəkiləri dəqiq əks etdirir.

900-DƏN 500-Ü NİYƏ GETMƏLİDİR?

Hesabatda neft gəliri probleminin hətta gözlənilməz tərəflərinə toxunulur. Deyilir ki, neft gəlirləri artdığı vaxt büdcədə təhsilə ayrılan pulun payı azalıb.
2006-cı ildə büdcə xərclərinin 13 faizi təhsilə gedirdisə, 2010-cu ildə bu pay 10 faizə düşdü.
Nəticədə nə yaranır?

Bir azərbaycanlı ailəsi hesabatın müəllifi Sarah Bedy ilə söhbətində deyib ki, konkret bu ailənin aylıq gəliri 900 dollar məbləğindədir.
Ancaq nə fayda?- Bunun ayda 500 dollarını məktəbli qızları üçün repetitorlara verirlər. Çünki orta məktəbdə təhsilin səviyyəsi çox aşağıdır.

Və yaxud Neft Fondunun 110 işçisi var. Bu 110 işçinin işlədiyi Fonda 110 milyon dollar məbləğində yeni bina tikilməsi təklif olunub.

HÖKUMƏTİ NƏYƏ İNANDIRMAQ LAZIMDIR?

Hesabatın məğzinə gəlincə Sarah Bedy deyir: “Avropanın Rusiya neftinə və qazına alternativ tapmaq qətiliyinə baxmayaraq Azərbaycanda işləyən Qərb şirkətləri və beynəlxalq təşkilatlar Azərbaycan hökumətini şəffaflığı artırmağa , korrupsiyadan və repressiyadan uşaqlaşmağa əmin etməlidirlər.”

Bedy-nin fikrincə, “bu sahədə vacib addımlar atılıb, ancaq Avropa standartları səviyyəsinə çatmaq üçün Azərbaycan hökumətinin hesabat verməsi, cavabdehliyı sahəsində çox iş görülməlidir”.

Azərbaycan hökumətini belə işləri görməyə kim əmin etməlidir? – Hesabata görə, məsələn, Azərbaycana milyardlarla sərmaye qoyan Qərb şirkətləri.
Bunlardan birincisi, BP-dir.
BP Azərbaycana 30 milyard dollar investisiya qoyub. BP-nin dünyada çıxardığı neftin, qazın üçdə biri Azərbaycandan çıxarılır.

Azərbaycanda ikinci ən böyük xarici investor Statoil şirkətidir. Exxon, Chevron, Total kimi Qərb şirkətlərinin də Azərbaycanda əhəmiyyətli payları var.

Azərbaycanın illik Daxili Məhsulunun isə 47 faizini neft və qaz verir. Azərbaycanın ixracının 90 faizi neft və qazdır.

QƏRB DÖVLƏTLƏRİ ŞƏFFAFLIQ SAZİŞİNİN ÜZVÜ DEYİL...

Hesabata görə, Azərbaycan hökumətini əhəmiyyətli addımlar atmağa çağıra bilən ikinci əsas qüvvə Qərb hökumətləridir.

Hesabatda deyilir ki, hərçənd Azərbaycan Mədən Sənayeləri Şəffaflıq Təşəbbüsü adlı sazişin üzvüdür, Azərbaycandakı vətəndaş cəmiyyəti fəalları şikayətlənirlər ki, neft və qazla bağlı informasiyalara çıxışları məhduddur.

Onların təklifinə görə, bu şəffaflıq sazişinə Qərb hökumətləri, o cümlədən ABŞ, Britaniya da qoşulsa, onda bu ölkələrin Azərbaycandakı şirkətləri öz hökumətlərinə hesabat verməli olacaqlar ki, Azərbaycanda hansı şirkətlə və necə işləyirlər, kimə nə verirlər.

Bundan başqa, Qərb hökumətləri Azərbaycan hökumətinə təzyiq edə bilərlər ki, Azərbaycan hökuməti neft və qazla bağlı informasiyaları açsın.

Hesabatda təklif olunur ki, Şəffalıq sazişinə nüfuzlu Qərb ölkələri də qoşulmalıdır və buna görə bu ölkələrin hökumətlərinə təzyiq olunalıdır.


İlham Şaban
İlham Şaban
Azərbaycanda neft və qaz sahəsində hansı informasiyaları almaq çətindir?

Neft eksperti İlham Şaban:

"Statistik informasiyalardan söhbət gedirsə, bunları əldə etmək mümkündür.
Qonşu Türkmənistanı götürsək, orda hətta ölkədə nə qədər neft istehsal olunur, bunu da öyrənmək mümkün deyil, çünki dövlət sirridir".

Bəs Azərbaycanda problem hansı informasiyalardadır?

İlham Şaban: " Məsələn, Vircin adalarında qeydiyyatdan keçmiş Global Energy şirkəti gəlib Azərbaycanda 5 yataqda 15 müqaviləyə sahib olur, ancaq 4 ildə bir dəfə də olsun mətbuat konfransı keçirib nə ilə məşğul olması barədə məlumat vermir."

“Crude Accountability “ təşkilatı bu hesabatı neft şirkətləri və hökumət rəsmiləri, ictimai fəallarla müsahibələr əsasında hazırlayıb.

Hesabat üçün aparılan araşdırmaya görə, Azərbaycanda ictimai fəallar neft sənayesində aşkarlığın yoxluğundan, neft və qaz gəlirlərinin sıravi vətəndaşların daha yaxşı həyat səviyyəsinə gətirməməsindən, korrupsiyadan, korrupsiya ilə avtoritar təmayüllərin bir-biri ilə bağlılığından narahatdırlar.
İctimai fəallar və jurnalistlər hakimiyyətin daimi təzyiq altınadırlar, onlar tutulurlar, döyülürlər və hətta öldürülürlər.

SU VURULMASI TEXNOLOGİYASI DA RİSKLİDİR

Hesabatda ekologiya məsələsinə də toxunulur. Məsələn, deyilir ki, Azəri-Çıraq-Günəşli yatağında su inyeksiyası texnologiyasından istifadə olunur, bu da potensial seysmik aktivlik və suyun zəhərlənməsi riskidir.

Crude Accountability təşkilatı 2003-cü ildə ABŞ-da yaradılıb.
Təşkilatın əsas diqqəti Xəzər dənizi hövzəsindəki neft işində ekoloji problemlərə yönəlsə də, neft sahəsində gəlirlərdə şəffaflıq, informasiyaya çıxış, insan haqları kimi məsələlər də təşkilatın diqqətindən yayınmır.

Bu təşkilatın hesabatından sonra Rusiyanın Taman yarımadasında terminalın tikintisi 2007-ci ildə dayandırıldı.
Qazaxıstanın Karaçaqan yatağında zəhərli tullantılar sahəsində standartlara riayət olunmaması haqda Crude Accountabilitynin şikayətindən sonra Dünya Bankı həmin yatağa maliyyələşdirməsini dayandırdı.

Azərbaycanla bağlı hesabtla burda tanış olmaq olar.
XS
SM
MD
LG