Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:44

Namiq Şaman "Balaca adamla vidalaşma" (Seçmə hekayələrdən)


Namiq Şaman
Namiq Şaman
-

...Onun kiçik, yumşaq əllərinə toxunurdum, əlindən tutarkən, əlim bəzən azca açılmış ayaqlarına dəyirdi, içim qıpraşırdı. Dodaqları və dilinin dadı tez-tez ağlımdan gəlib-keçirdi...


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Namiq Şaman


BALACA ADAMLA VİDALAŞMA


Biz köhnə şəhərin heç kim keçməyən, daş döşənmiş, dar küçələrinin birində, dəniz mənzərəli balaca kafedə üz-üzə oturmuşduq.

İki köhnə çekist, politbüro üzvünə bənzəyirdik. Bu gün illərdir davam edən, sevimli eqo müharibəsinə son qoymaq üçün danışıq masasına oturmuşduq.

Bu səhər yuxudan gec oyanmışdım, başım və dişim ağrıyırdı. Cibimdə çox az pul qalmışdı və yeni bir ayaqqabı haqqında düşünürdüm.

Biz bir xeyli müddət sevgili olmuşduq, ona çoxlu şeir yazmışdım və evlənmək haqqında müzakirələr etmişdik. İki-üç il telefonla danışıb bir-birimizə bir xeyli sms yazmışdıq.

Qız nə isə deyirdi, amma mən anlamırdım, diqqətim tamam yayınırdı, beynim çox pis sızlayırdı, mən tezliklə bu yerdən çıxıb evə getmək, bu qızın nömrəsini telefonumdan silmək və yatmaq istəyirdim.

Fikirlərimi ona çatdırmaq və onunla söhbəti ağrısız-zadsız bağlamaq üçün ətrafda bir tərcüməçi axtarırdım. Öz aləmimdə insanlara və pişik balalarına yazığım gəlirdi. Hər dəfə kiminsə canı acıyanda çox üzülürdüm.

Bu gün bilmirəm hansısa ölkədə bomba partladılıb 13 nəfər həlak olmuş, 21 yaşlı bir oğlan səhərə yaxın polis bölməsində keçinmiş, bizim uşaq vaxtı getdiyimiz parkı yenidən təmir edərkən qədim qəbiristanlıq tapılmış, "Elmlər" metrosu tərəfdə bir bomj soyuqdan ölmüş, iki-üç gün meyidi yol kənarında divara sökəkli qalmışdı.

Gözümü çay stəkanına zilləyib eləcə durdum. Doğulduğum anı düşündüm, rayon xəstəxanasında erməni qadının məni başıüstdə tutub arxama şillələməsi gəldi gözümün qarşısına. Tibb bacısının məni ilk dəfə bələməsi, daha sonra anama və qapı qarşısında həyəcanla gözləyən atama göstərməsi canlandı gözümdə. Zatən atamı da, anamı da ilk dəfə onda tanımışam.

Mən royalın arxasında oturub ətrafda baş verənlərdən özümü tamam təcrid edərək nə isə bir şey ifa edirdim.

Gündüz vaxtıydı, bayırda hava tutqun, küləkli, içəri isə yarıqaranlıq idi. Otaq elə də böyük deyildi, hansısa bir zaldaydım və kiçik qruplar halında qonaqlar yığışmış, o tərəf bu tərəfə gəzişirdilər, bir yandan da yeni qonaqlar gəlirdi.

Axırıncı dəfə nə düşündüyümü xatırlamıram, heç cəhd də etmirəm. Amma buz kimi sərt bir həqiqət varsa, o da budur ki, mən orda yox idim. Sözün həqiqi mənasında orda yox idim.

Ekzistensialist tərzdə yanaşsaq, əgər düşünmürəmsə, deməli burda yoxam. Ya da əgər başqa bir var olma müstəvisinə keçmişəmsə, deməli, sadəcə var olmanın bir otağından çıxıb, başqa otağına getmişəm və nə kim olduğum, nə kim olacağım, nə yaşadığım zaman və cəmiyyət məni heç düşündürmür.

Musiqimi ifa etdikcə, hansısa bir yolla, hansısa bir gerçəkliyin içindən keçib, yeni bir insan olurdum, yaranırdım. Sanki məndən öncə də o gerçəklik aləmi var idi və mən sadəcə oraya düşmüşdüm, ya da bəlkə hər şey əksinəydi.

Mən onu görə bilimirəm. Eşidə bilirəm. Çox-çox susuram, o isə bəzən pıçıldayır.

Onun kiçik, yumşaq əllərinə toxunurdum, əlindən tutarkən, əlim bəzən azca açılmış ayaqlarına dəyirdi, içim qıpraşırdı. Dodaqları və dilinin dadı tez-tez ağlımdan gəlib-keçirdi. Vurduğu ətrin iyisi tez-tez yadım düşür. Baxışı və məsumluğu, beli və ayaqları, gülüşü və nə bilim nə qədər nişanəsi, hamısı burda idi.

- Gəl gedək! Biz minlərlə musiqi notları, cürbəcür ifa tərzləri arasında tək başına oturmamalıyıq. – O deyib qaçdı, mən də arxasınca qaçdım.

Hava küləkli idi. Dənizin kənarında iki il əvvəl yeni lunapark tikmişdilər, amma indiyə qədər açılışı olmamışdı. Tikinti yarımçıq qalmışdı. Külək və qısa müddətli yağışlar, külək və qısa müddətli günəş lunaparkı, onun içindəki yarımçıq attraksionları bürüyürdü.

Yaz bitdi, “yenə o bağ” yerində dururdu, o küləkli, əsir alınmış Abşeronun bir tərəfində. “Yenə o bağ” deyəndə, əslində nəzərdə tutulan yenə o səsdir. Bu yazı bircə o səslə mənalandırıb, yadda saxlamaq olar. İstənilən bədii obrazı səslə əvəz etsək, heç nə itirmərik.

Mən onu xatırlayıram. Mən onları xatırlayıram. Yaddaşımda bircə nəfər də olsun yaxşı qadın obrazı yox idi, bu, onların gerçək həyatda da olmadığı deməkdir. Yadımda qalan ancaq, dayanma, vidalaşma, yenisini kəşf etmədir.

O gün, lunaparkda yağış və bir-birinə büzüşmüş pişik balaları var idi. O, Bakıda darıxırdı. Gölməçədən atlayarkən ayağına su dolmasından xoşu gəlirdi. Köhnə məktəbinə qayıdıb şagird olmaq, həmin rus oğlana yenidən vurulmaq istəyirdi. Yaxşısı da budur, gələcəkdə olacaq hadisələr indiki günə təsir etmir.

Mən də darıxırdım. Hamı bir yolla darıxırdı. Aramızda danışacaq heç nə yox idi. Qalmamışdı deyil, yox idi. Hərə öz susmaq məsuliyyətini bilirdi. Mən də yağışa çox düşürdüm. Yağış daha heç bir ürək döyündürən hiss oyatmırdı. Eh, gündəlik qayğıların ucbatından, var olma arealım gün-gündən kiçilirdi.

O, tamamilə fərqli bir müstəvidə idi. Onu tapmalıydım. Tamamilə ağappaq bir məkana düşmüşdüm. Üç tərəfdən qapalı, bir tərəfdən isə sonsuz fəza olan müstəvidə yerlər ancaq ağappaq çınqıllar, qumlar daşlarla örtülmüşdü. Düz qarşıda ağappaq kartondan düzəldilmiş binalar, maşınlar, tennis meydançaları, hovuzlar var idi.

Ancaq fəhmimin hesabına gedib binanın indi xatırlamadığım bloklarından birinə, ordan isə evlərdən birinə girirəm, hər şey üç-dörd saniyənin içində əzələlərimdə heç bir hərəkət nişanəsi yaranmadan baş verir. İçəri bomboş ağ qutunu xatırladırdı, pəncərədən sonsuz gömgöy dəniz görünürdü. Otağın uzaq bir küncündən musiqi səsi yüksəlirdi. Mən musiqini anlamıram, eynilə dili və yazını anlamadığım kimi.

Qadın ayaqlarını geniş aralayıb ayaqlarının arasına böyük, ağ, naməlum bir musiqi aləti qoyub ifa edirdi. Musiqi çoxrəngli idi, qadın isə uzaqdan enerjicə tükənmiş, sarılı-qırmızılı rəngdə görünürdü.

Gəlin yaxından tanış olaq – o dedi. -Amma, xahiş edirəm, həyati şeylərlə, insanla, ümumən məişətlə bağlı heç nə danışmayın.

O, musiqi ifa edirdi. Mən susurdum. Danışmalı heç nə yox idi. Danışılıb qurtarmamışdı, sadəcə, yox idi. O da bunu istəyirdi. Sadəcə musiqini dinləmək vaxtı idi.

Onun haqqında yadımda qalan ən gözəl xatirə buydu ki, o, nə zamansa uşaqlarımız olsa, uşaqları mütləq musiqi və şahmat məktəbinə qoymaq istəyirdi. “Qoy musiqi duyumlu və ağıllı olsunlar”.

Hələ bir neçə gün əvvəl ona uzun bir məktub yazıb göndərmək istəyəndə məlum oldu ki, onun elektron ünvanında mənə blok qoyulub. Məktubum əlimdə qaldı. Aradan düz dörd il keçib. Bu qəddarlıq kimə lazımdır ki?

O birdən-birə qaranlıq çökmüş otağın o biri küncündə mənə heç nə ifadə etməyən musiqisini dayandırıb soruşdu: Sən ağlayırsan? – Yox, gözümə nə isə düşüb – mən dedim.

Bədənim tam keyimişdi və nə musiqini, nə onu, nə də ətrafımı hiss etmirdim. Ölmüşük, xəbərimizmi yoxdur?

Onda qış idi və Bakıya cəmi bir neçə günlük qar yağmışdı, evlərin damını qar örtmüşdü, günboyu hava qaranlıq olurdu və mən pəncərədən qüssəli havaya, tutqun səmaya baxıb özümü yatağıma necə yıxdımsa, bir də gecə yarı oyandım. Otaqda hansısa kədərli bir mahnı səslənirdi. Burnum və qulaqlarım tutulmuşdu, otaq bumbuz idi, bərk üşüyürdüm. Həmin an varlığım qorxunc bir sirrə çevrilmişdi, çünki mənim hardasa var olduğumu düşünən heç kim yox idi. Durub zərif işıqda yazı stolunun arxasına keçib dünəndən bitirdiyim məktubun son cümlələrini oxudum: “Bütün köhnə sevgililərimlə münasibətim yaxşıdır, təkcə sənlə belə soyuqdur aramız, bunun səbəbkarı özünsən”.

Ondan sonra çətin ki, yenisi ortaya çıxsın. Müəyyən nöqtəyə çatdıqdan sonra, insan yeni ideyaları qəbul edə bilmir və sadəcə, yeni faktlarla kifayətlənməli olur. Tənhalıqda evini ovcuna alır, realizmlə sürrealizm arasındakı xəttə baxır, hansına keçmək istədiyinə uzun-uzun qərar verməyə çalışır və heç vaxt qərarını verib qurtara bilmir.

Mən onu xatırlayıram. Adını da, üzünü də, səsini də. Bu günki kimi. Biz onunla Bakının əsas küçələrinin hamısını gəzmişik. Biz qısa müddətdə çox yerə getmişik, çox şey danışmışıq, çox şey yaşamışıq. Sonra fələk araya girdi, bilmirəm məndənmi oldu, ondanmı oldu, o yavaş-yavaş soyuyub ipini məndən çəkdi. Yoxa çıxdı.

Mən çox istərdim ona deyim ki, nə qədər vaxt keçirsə, keçsin, yenə də səsin qalır. Bəli, adamın səsi qalan yeganə şeydir. Hər şey, hər şey, hər şey ötüb keçir, dəyişir, yoxa çıxır, amma səs yox. Sənin səsin əbədilik qalır.

On dəqiqəlik gərgin xəyalpərəstlikdən sonra bayaq qızla oturduğumuz stolun arxasından durdum. O getmişdi, boş yeri qalmışdı, mən də gedirdim, yerim boş qalacaqdı. İndi iki boş yer qarşılıqlı münasibətlərini çözəcək, ya da yeni adamlar (bizim kimi boş yerlər) gəlib bir-birlərini küsdürəcəkdi burda.

Mən daş döşənmiş küçə ilə irəliləyirdim. Burdan düz nə vaxtsa oxuduğum orta məktəbə getmək gəldi içimdən. Bir anda düz on il öncəyə qayıtdım. Rusca danışan uşaqların arasında, danışıb gülürdüm, orda ikinci partadakı qızı gözümə kəsdirmişdim, dərsdən çıxanda dalınca gedəcəyəm, sonra evə gedib dərslərimi oxuyacam, axşam, qismət olsa, kinoya baxacam, xalam bizə gəlsə, xalamın uşaqları ilə oynayacam, sabah bazar günüdür və bəlkə atam və bacılarımla gəzməyə gedərik deyə sevdim.

Hiss olunmadan üzümdə gülüş peyda oldu.
XS
SM
MD
LG