Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:39

Azərbaycan yazıçısı: "Oscar"a namizəd olan erməni filminin süjeti məndən oğurlanıb


Elçin Hüseynbəyli ortada
Elçin Hüseynbəyli ortada
-

Yazıçı Elçin Hüseynbəyli iddia edir ki, bu il “Ən yaxşı xarici film” nominasiyasında “Oscar” Mükafatının uzun siyahısına salınmış erməni filminin süjeti və ideyası onun hekayəsindən oğurlanıb.

O, oktyabrın 19-da Azərbaycan Yazıçılar Birliyində keçirdiyi mətbuat konfransında bildirib ki, “Əgər hamı...” filminin yaradıcıları ədəbi oğurluğu onun “Gözünə gün düşür” hekayəsindən ediblər.

Yazıçının sözlərinə görə, onun hekayəsi əsasında 2001-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Yol” adlı qısametrajlı bədii film çəkilib. Hekayə 2010-cu ildə Moskvada nəşr olunan “Drujba narodov” jurnalında da çap olunub.

“Nəzərə alsaq ki, “Gözünə gün düşür” hekayəsi Rusiyanın nüfuzlu jurnallarından birində çap olunub və saytlarda yerləşdirilib, onda “Əgər hamı...” filminin ssenaristləri Mikael Poqosyan və Tereza Varjapetyanın bu hekayədən bəhrələndiklərini güman etmək olar. Ermənilərin çəkdiyi filmlə hekayənin və bizim qısametrajlı filmin ideya və süjeti üst-üstə düşür. Bu qədər yaxın düşüncə və paralellər - məsələn, ağac, məzar, işğal altında olan ərazi - nonsens kimi qəbul edilə bilər”.

Mətbuat konfransında çıxış edən “Yol” filminin rejissoru Fehruz Şamıyev deyib ki, hekayənin və ermənilərin çəkdiyi filmin mesajı eynidir.

Tənqidçi Əsəd Cahangirsə çıxışında bu faktı təqlid, təsir yox, birbaşa plagiat kimi dəyərləndirib.

Oxuzali.az azərbaycanlı yazıçının hekayəsinin və ermənilərin çəkdiyi filmin süjet xəttini təqdim edir:

“Gözünə gün düşür” hekayəsi:

Ağır xəstə olan azərbaycanlı həkimin arzusu erməni işğalı altında olan doğma kəndinə getmək, həyətlərində “sülh ağacı” əkmək və atasının məzarı yanında ölməkdir. Həkim belə də edir. Qarabağdakı kəndlərinə gəlir, həyətdə ağac əkərkən ermənilər tərəfindən əsir götürülür. Sonra erməni zabiti ilə müəyyən anlaşmadan sonra məzarıstana gedir və atasının uçuq məzarının yanında vəfat edir.

“Əgər hamı...” filmi:
(Filmin saytında yazılanlar əsasında)


"Əgər hamı..." filmindən kadr
"Əgər hamı..." filmindən kadr
Rusiyada yaşayan Saşa adlı qız Ermənistana gəlir. Onun məqsədi Qarabağ döyüşlərində həlak olmuş atasının qəbri üzərində ağac (tozağacı) əkməkdir.

O bu işdə yardım etməsi üçün atasının döyüş yoldaşı olmuş və Yerevanda maşın ustası işləyən Qurgenə müraciət edir.

Müharibə 20 ildir bitsə də, müharibənin dəhşətli səhnələri Qurgenin gözü önündən çəkilmir və bu, onun xasiyyətinə də təsirsiz ötüşməyib, qaraqabaq və adamayövuşmazdır.

O, erməni tərəfdə döyüşmüş rus əsgər Maslennikovun harda dəfn edildiyini bilmir, çünki o dəfn ediləndə Qurgen hospitalda yatırdı.

Qurgen qızı Qarabağa səfərində müşayiət etməyə razılaşır.

Amma orda məlum olur ki, məzar azərbaycanlıların nəzarəti altındadır.

Buradan onların çox təhlükəli macərası başlayır.

Azərbaycan ordusunun nəzarət etdiyi ərazidə ağac əkərkən onları bir azərbaycanlı çoban görür. O, vaxtilə Şuşada yaşayıb və 10 yaşlı oğlu minaya düşərək ölüb. Çoban da öz oğlunun məzarı üzərində ağac əkmək istərdi... Qurgen və qız daha bir ağacı oğlanın öldüyü yerdə əkəcəklər. Amma “çobanın xahiş etdiyinə görə yox, öz ürəklərinin çağırışı ilə...”

Qızın anası erməni, atası rusdur. Anası “Sumqayıt “poqrom”larının qurbanı olandan sonra atası könüllü olaraq Qarabağda azərbaycanlılara qarşı vuruşub”.

Atasının keçmiş döyüş yoldaşları təhlükəli macəraya razılaşıb rus qızına ona görə kömək edirlər ki, “anlayırlar ki, onların ömrü hədər getməyib və əkəcəkləri ağac təkcə ölənlərin xatirəsini yaşadan simvol yox, həm də həyat rəmzidir”.

Qeyd edək ki, “Əgər hamı...” filmi üçün öncə maliyyə mənbəyi tapmaq çətin olsa da, sonradan Ermənistan prezidenti Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan və tanınmamış Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakayanın müdaxiləsi ilə ideya gerçəkləşib.

Filmin yaradıcıları deyirlər ki, bu, müharibə yox, sülh haqqında hekayətdir. Məqsəd də odur ki, “sülhün nəyin bahasına başa gəldiyini göstərsinlər”.

XS
SM
MD
LG