Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:31

Məqsəd Nur. Köhnə qəbristanlıq yerində dəmir yarpaqlar (Hekayə)


Məqsəd Nur
Məqsəd Nur
-

Məqsəd Nur


Köhnə qəbristanlıq yerində dəmir yarpaqlar

(Küləkli şəhərin sirlərindən)


1. Düşüncə

... Pəncərəmin önünə dəmir barmaqlıqlar pərçimlənib. Bahalı işdi, butalı naxışı var. Sarmaşıqların və iynəli şamların yaşıllığı qışı da burdan əskik olmur. Külək qalxdımı, bir küçə yuxarıda və bir küçə aşağıda toz-dumanı canına çəkəsi bir yaşıllıq yoxdu, bozluqdu...

...Pəncərəmin tir-divarıma pərçimləndiyi bu yer bozluğun yalına yatmış bir kalafalıqdı. Bağ-bağatdı deyirsən: çinar tutla yanaşı... kimin ürəyindən nə keçib, torpağa oturdub; sarmaşıqlar və həmişəyaşıl ağaclar boy verib gedir. Köhnə qəbristanlıq yeridi, torpağı güclüdü. Düzənləyiblər və yurd salıblar. İndi, bir neçə alçaqtavanlı beşmərtəbənin cəminə “Akademqorod” deyirik...

Dəmir çərçivələrin sayı durmadan artır; son çeşnilər ağac yarpaqları kimidi. Ağ rənglənir və yerinə oturdulur. Bu sayaq dəmir yarpaqlar şəhərin boz yerlərinə də yayılır - elə heey pəncərələr önünə düzülür...

Hərdən barmaqlıqlarçün yer genəltmək qaçılmaz olur; sarmaşıqlar və illərdən qalan üzüm tağları bir şey tikməyə əngəl olanda doğranır. Budaqlar kəsilməli olur...

* * *
Pəncərəmin dəmir barmaqlığı arxasında oturub düşünürəm: paltar ipini asmaqçün üzbəüzdəki tut budağını harasından kəsim...


2. Qadın və tüstü

...Pəncərəsi üfüqə baxır. Bir az öncə müdam sərili qalan yatağında çapalayırdı. Hər şeyi lənətləyib söyürdü. Və şərvaxtını ötürüb evdən çıxmalıydı. Vurnuxurdu, pəncərəyə gəldi. Gün uzandıqca Günəşin gec batmağından xəbəri yoxmuş: “sən bu qancığa bax, ay Allah!” - qışqırmaq istədi və əli çatsaydı (əlini dəmir baramaqlığın arasından uzatdı da) üzbəüzdəki beşmərtəbənin pəncərəsindən uzun qovağın başına kül səpələyən kök qadının cırımını çəkərdi. Kültökən də işini bilirmiş: iri döşlərini balkonun sürahısına sərmələyib o yan-bu yana boylandı, vedrədəki külü ağacın üstünə əndərən kimi içəri dürtüldü. Qovağın üstünə və beşmərtəbənin damında qırılan üfüqə qaraqırmızı qürub rəngi çilənmişdi... Kül ağacın gövdəsinə, ordan da budaqlarına səpələndi, bir az da külək dağıtdı; üfüq kül rənginə qarışdı.

Kültökəni çox qəlizcə söydü, soyumadı. Bir də bərkdən söydü və yerdən məməşlərinə baxan kişiləri vecinə almadı: bir az irəli yayxandı - ürəyi sıxılırdı. İçi atlanırdı. Hər atlandığını duyanda pəncərədən çölə yayxanır, alnını dəmir butalara söykəyir: başını bir neçə kərə o yan-bu yana fırladır, saçları da buna uyğun dağılır-səpələnir, külək saçlarını alır və dəmir çərçivələrin üstünə atır... guya heç kəsi vecinə almır. Özü: “Varmı sonu, yoxmu, ay Allah” deyir, kirişgələnməyin içində üzülürdü...

Pəncərədən aralı zibillik yatırımlanıb. Axşamçağının səssizliyində o zibilliyə od vurmuşdular. Yarpaqlar, kəsilən budaqlar salafan kisələrlə bir yerdə yanır və biryanı çürük vedrənin içindən göy tüstü boy verib göyə çəkilirdi. Özü: “Bu tüstü də ürəkçəkəndi: bütün cəzalar təki onun da iyi gəlir, rəngi var. Hamsı yuxarının boşluğunda itib gedəsidi.”

Siqaret dadına çatdı: içini yenə qaraöskürək tutdu; bu dəfə də bəlğəmini pəncərədən həyətə tüpürdü. Dünən bəlğəmi bu dəfəkindən çoxuydu: “Azalır haa!”. Bir də siqaretini ağ, əyrimçə barmaqlarının arasında sıxdı, dodaqlarına yeridib sümürdü. Göy tüstü, sonra ciyərlərində gəzib gələn ağ tüstü pəncərədən göyə sovulub itdi...

...Ertə, Günəşin qalxdığını gördü və günahabənzər hərgünkü ağrısını təzədən çəkdi. Bu dəfə ağrı şiriniydi: hər şey unudulur! Və pəncərədən o tərəfə görünən nə varsa - yerli-göylü -, lənətlədi. Guya dünən ölmək istəyirdi, bəlkə bu gün də şər qarışanda ölmək istəyəcək, sabah da. Və sabah da boylanıb kültökən arvadı söyəcək, başını yenə qayğısız o yan-bu yana atladacaq və... axır ki, özünü asmağa, ya da dərman içib ölməyə gedəcək. Özü: “Bəs nədən, ölmədim?!” Bu dəfə küllü ağacın arxasından qalxan qancıx Günəşin doğmağı saxladı. O da bir cür həyasızdı! Nə vaxtsa o da dünənki tüstü kimi ustufca, səmirsiz sonsuzluğa çəkiləcək. Onun nələr çəkdiyini tüstülərin itib getdiyi o sonsuzluqlar biləcək və dəyərini verəcək...

* * *

Və hər şeyi unutmaq, üstünün his-pasını yumaq, bəlğəmini tüpürmək üçün - isti suda içi yumşalır - çimməyə getdi... Su bulanlıq gəldi... Bir az gözləməli oldu. Pəncərəyə qayıtdı, təzədən çərçivələrə tərəf gərildi...


3. Yıxılanda balta çalınan

... Dönəlgəsi ötən ildən döndü. Qarıyıb-qaxsıdı. Ta kimlərinsə-nələrinsə yardımına ehtiyacı qalmadı. Az qala oxalanıb tökülən canının harayına özü də, yanında qalanlar da göz yetirmədilər. Donub durdu: eləbil iynə udub oturmuşdu, qürur tuturdu. O başqa söz ki başardımı, Yer üzünün bər-bərəkətindən doydumu? Yaxud, Ona çatajaq Tanrı payını nələr, kimlər qamarladı, ətraf doludu axı! Yainki, O bir güc sahibiydimi ki, ətrafındakıları söysün, döysün, başa qapaz vurub əldən qamarlasın. Ona qarşı çıxanları dalda qoysun: kök-köməcinin sayından, ədasından Yer-Göyə sığışmasın, tərpənəndə Yer titrəsin... Elə olmadı. Onun başına dördüncü mərtəbədə yaşayan arvad kül ələdi: o qadın hər həftə...
O, durmadan uzandıqca uzandı. Boyu əndazəni ötdü. Düzdü, ətrafdakılar dünən də söz düşəndə dedilər ki, O başqalarına ziyan vurmadan yaşadı. Dedilər ki, bizdə hər şey belədi, gərək Onun qədrini bileydik-filan. O isə durmadan boya verdi; bir az ağlı başında olsaydı, başqa cür də boy verə bilərdi. Amma boy vermək Onun cinsindən, zatından gələn şeydi. Eləmədi də bunu, edə bilmədi.

Hələ sağ vaxtında - elə yıxılıb ölən günü də - boyuna baxıb gözüqaralanlar, ən çox da arvadlar ona ağız büzüb qarğış elədilər ki, bu boy-buxunla hara gedəcəksən, bu qol-budağın ki var ha, nə qədər olar, camaatı yığıb cana: biri ordan, biri burdan, başlarından vurmasan dürtülərlər ev-eşiyimizə...

O yıxıldı: düzünə qalsa, ötən ildən hay-hayı gedib vay-vayı qalmışdı və qol budağı sözünə baxmırdı. İllərcə gövdəsinə dayaqlanıb onu soranlar bir ucdan dağılışırdılar. Göydəngedən vaxtları dalda qaldı: ta yazı-yayı hamının gözünə girirdi. Payızı-qışı da ötürdü; mən deyirdim bəlkə əmələ gəldi... olmadı, gümanım puça çıxdı...

Srağagünüydü, hə srağagün, bir qara yel Onu durduğu yerdən nətəər aşırdısa birinci mərtəbədəki arvadın qışqırtısı aləmi pəncərəmin üzbəüzündəki binanın qarşısına yığdı. O, duruşunu itirdi. Dəmir, çərçivənin üstünə sərilib xış-xış elədi, şüşələr sındı, Onun başı pəncərədən içəri keçdi, sonra yenə, orda da duruşunu saxlaya bilməyib tarappıltıyla yerə dəydi və asfalta sərildi.

...Mən Onun başına kül tökən qadını çoxdan tanıyırdım: dördüncü mərtəbədə olur, ərinin “QAZ-24”-ü var. Binanın qarşısındakı sarmaşıqlı bağçada hər bazar ailəlikcə kabab çəkirlər. Pis adamlar deyil. Bəxtləri gətirdi: arvadın əri Onun qol-budağını baltalatdı, səliqəylə komalatdı və bağçaya daşıtdı. Bu hadisə də O üç gün yerdə qalandan sonra baş verdi. Onun kökü torpaqdan pırtlayıb çıxmışdı. Gövdəsi birinci mərtəbədəki evin dəmir barmaqlığına ilişib qalmışdı...

* * *

... Qışda dördüncü mərtəbədəkilər kababı balkonda çəkirdilər və çox vaxt da həmən mənzilin qadını külü göydən onun başına əndərib özünü içəri dürtürdü...


4. Kepkalı

- İt oğlu it, maşının qapısını sən sındırdın, özün də pulunu ver.
- Özüvü hara gəldi dürtürsən, qoyursan ki?! Qaçana-uçana aman vermirsən...
- Mən səni kimi gədələri fermada naxıra göndərirdim.
- Nöş qoyub gəldün bəs naxırıvu...
- Sən burda kef çəkəndə mən güllə-boranın altından arvad-uşağı çıxardırdım...
- Çıxartmıyeydün...
- Bu baltanın yeri başıyın ortasıdı ha...
- İş gör, kefə gəlməmisən, “24”-ün qapısını düzəltdirməsey...
- Neçiyə danışdın, çərənnəmə...
- İyirmiyə.
- Bə qapı?..
- Bilir dəə fəhlədə pul yoxdu, uzağı haqqımızı verməsün... prokuror adamdu...
- Bu da sənin qazancın. A bədbaxt oğlu, sən o maşına cumanda nə işə gedəcəyini bilirsənmi, cumursan qliyentin üstünə, az qalır minəsən, bəlkə səni baş kəsməyə aparer... Ala, fərəsətin var, götür sən baltala, mən daşıyaram. Heç ömründə balta çalmısan, a nufus. Bilirsənmi, baltanı nəm ağaca nətər vurmaq lazımdı.
- Az danış, otur o yana... gələ, zəhərlən...

* * *

...kepkalı özü baltaynan işləməli oldu... Çəkməyi bir il olar öyrənmişdi, işə xeyri var deyə başladı, dalı gəldi...
bur-budağı ayrı, kötüyü ayrıca yığdılar, çırpını kabablıqçün bağçaya daşıdılar, gövdədən yoğun tir düzəldi - bağçanın qırağına sürüdülər üstündə oturdular, kepkalı seyrək, yağlı saçlarını geriyə daradı, özü-özünü tumarladı və kepkasını yanında rahatladı. Özlərini günə döydürə-döydürə çəkməyə girişdilər...


5. Qız qarışqanın həyası

...Əməkçi qız qarışqa atlı oğlan qarışqayla üz-üzə gələndə hürkdü. Qırağa çəkilib yol verdi, başını torpağa dikib onu görmürmüş kimi ötürmək istədi. Atlı qarışqa yan keçmədi, dayandı, özünü dikəldib şəstlə əməkçiyə baxdı, sürtüşməyə meylləndi, durdu. Sonra qabaq ayağıynan sürtüşdü də; qızbalanı dümələdi. Əməkçi - xırım-xırda qızcığaz dombalağ aşdı, astaca qımzandı və yerindəcə donub qaldı; əlindəki yonca qırığını buraxmadı. Atlının gözü onun yonca çöpündə-zadında deyildi, ilişirdi, eləcə əməkçi qızcığazı incitməkdən xoşlanmışdı. Birdən də aralandı: əməkçilərin yonca qırıntıları daşımaqdan tozluğ uçurumuna döndərdikləri yolun düz ortasında paçaayırma durdu. Və sonu görünməyən, düzənli qarışqa sırası sel kimi yanlara çalxandı, qırağın toz batağında çırpınıb öz yoluna girməyə güc verdi.

“Atlı”nın acıqverməsi keçmədi, qızcığaz çöpünü sinəsinə sıxıb bir az da büzüşdü. “Atlı” sıranı da, yolu da saymazyana tapdalayıb o taya adladı və tez də geri boylandı. Çapıb getdi...

Qız qarışqa astaca, çoox astaca və çox həyayla tozun içində göydə qalan ayaqlarına dayağ axtardı. Duranda çırpalanıb eləmədi də. Çöpündən bərkcə yapışdı və sıraya düzlənib getdi...

* * *

... “Baxca”nın samanlığında iki-üç yonca bağlaması dağılıb: nə yığışdırırlar, nə də qoyunlar yeyir. Şəhərin qoyunları nəsə çörəkdən xoşlanır, özü də kiflisini istəməzlər... Hər axşamüstü qızımı “baxca”dan götürəndə qoyunlara çörək veririk, sonra da oturub qarışqalara baxırıq. “Baxca”da oğlanlar qızları döyürlər, ona görə də qızım balaca qarışqaya “qız qarışqa” deyir və bu nağılı da onunla birgə uydururuq...
Hər gün məhəlləmizdən bir nağıl qururuq...


6. Qoca senzorun qarı

I.
Oğlan qoca senzorun dalıyca pilləkənləri düşürdü; əslində sürünürdü. Əlini kirdən qalaq tutmuş tutacaqların üstündə sürtə-sürtə sallanırdı və kinini udmuşdu. Senzorun qara paltosu, qara şlyapası, əsa yerinə də işlənən qara çətiri ona xoş gəldi. Hələ bəyaz “Nissan”ın yanına duranda oğlan qaçıb qapını açmaqdan özünü zorla saxladı. Yaltaqlanmaq heç ağlına da gəlmirdi. Qaçmadı ona görəki senzor hələ açarını axtarırdı... Bəlkə də qəsdən dümələnirdi... Amma başqa qoca senzorlar olsa - oğlanın içində sevgi cücərirdi - onu ötürməyə qoymazdılar. Ya da dinməzcə, sağ ol da demədən sürüb gedərdi. Belədə bu qocanın da dilindən kəlmə çıxınca makqaş gərəkir. Amma pis kişi deyil...

- Maşınınıza söz ola bilməz, təmirlik işi varsa, bacarıram...

- Dalni Vastokdan gətirmişəm. Qar istəsən, bir səfər elə... yayda qum, qışda qar, özgə heç nə bitmir. Bax orda, qar bitir. Bizim burnu fırtılıqlı gədələr - başını qaldırıb baxanda oğlan burununu çəkdi, sulanırdı - dolublar ora... BAM tikirdilər, indi də yapon maşınlarıynan məşğuldular... Sən oralarda olmamısan? Hələ Elbrusda, olmamısan, orda da qar xarrıyır ey, qurd düşür janına...
- ...

II.

... Axşamüstü qapını kəsdirdi. Qoca senzorlar otağında şahmat oynayırdı. Oğlan stolüstü oyunlardan baş çıxarmırdı, bir az şaşki-filan oynamışdı. Uşaqlığında, onda da uduzurdu və acığından (o zaman daha çox uduzduğuna yox, sonbeşik qardaşının oyun qaydalarını bacarmağına paxıllığı tuturdu) şahmatlı taxtanı qardaşının başına çırpırdı. Bir ay sonra da kefi gələndə sonbeşiyə ya minnətçi düşür, ya da ona xox gəlirdi: maraqlısı sonbeşiyin oyun siyəsətini öyrənməyidi, oyun yox; hər dəfə də uduzur və təzədən taxtanı qardaşını başına çırpır, bir müddət sonra təzədən oynamaqçün ona yalvarırdı... Əslində bu tarixçəni yazmışdı... Qoca da yazını kəsib çıxartdı: dünən senzorlar otağında qanqaraçılığı oldu, qəzet də çıxmadı...

Qoca “LM” sümürürdü, arabir başala barmağıynan salafanın içindən duzlu çubuqlardan çıxarıb xırıldadır, eynəyini səhmanlayıb oyuna girişirdi. Qırımından görünürdü ki, uduzur. Oyundaşı idarəyə təzə gələnlərdəniydi. Arxasındakı siyirmə şüşəli rəf boşuydu, oğlan qabaqlar da oturub senzorları gözlədikcə şüşə siyirmələrin arasına dürtülümüş qəhvəyi rəngli xırdaca şəklə baxırdı. İndi də gözləməli oldu və ora baxdı... yenə qəhvəyi ton... nəsə, ya iri siçan növüdü, ya da qoç şəklidi, kimsə jurnaldan kəsib. Oyun qutaranda qoca başını qaldırıdı, oyundaşı nəsə onunla ərkyana zarafat elədi, oğlan məqamı tutdu, bir az da söhbətə başlamaqçün rəfə yaxınlaşdı, qocanın çiynindən azca əyrilib şəkilə baxdı: hansısa, deyəsən kartofgülü yarpağının şəkiliydi. Qoca da dönüb baxdı, sonra poeziyadan-filandan danışdılar, qoca ispanca da əla bilirmiş...

III.

...Qar yağırdı, qoca qara paltosunun boynunu şlyapasınacan qaldırımışdı: bu onu cavan göstərirdi deyə tez-tez paltosunun boynunu səhmanlayırdı. Oğlan da onun arxasınca, “stalinka” evin yarıqaranlıq pilləkəniynən qalxırdı. Qoca onun yazısını oxuyurdu. Birinci oxunuşda baş çıxarmadı... barmaqlıq, qar, biclik, şahmat-zad... axşam olduğundan evə götürdü: bələkə hökumətə sataşır deyə. Belə yazılar yaman artırdı, nəsə esse, düşüncələr-filan. Kəsib götürmüşdü ki, bir də oxusun, bəlkə icazə verdi, qadağa qoysa hay-küy qaldırırlar...

Amma oğlanla dostlaşmışdılar. Evinə də buraxdı, bir az kəndçiliyi vardı, çox danışanada az qala qovardı da onu, ötürdü amma. Bu gədə çox iş bacarırmış: “Nissan”ı yaxşıca sazladı, yazıları da ipə-sapa yatıb, ta aqressiv şeylər gətirmir. Lap gətirsə də senzuranın adı qalıb... Yazını oxuyurdu: “Qar yağanda pəncərəmin ( daha doğrusu, dəmir barmaqlığımın ) arxasına pərçimlənib çölə baxıram. Arabir pəncərəni açıb burnum çərçivəyə dəyənə qədər çənəmi bayıra uzadıram və şaxta üzümü kəsən kimi örtülüb evdə hərlənir, yenidən qara baxıram. Külək qoymur qar öz işində ola. Qara aclıqdan baxıram və qarın aclığından evdə fırlanıram, yenə baxır və doymuram. Doymuram... Bərəkət yağır deyirlər, qrip-filan bu qarla ötüşəcək. Şəhəri başına alan zibilliklərdəki ziyanlı həşəratlar donub öləcək və bütün azarlar yan keçəcək. Hələ lap qar bir neçə gün yerdə qalsa hər bəlamız ötüb keçəcək... Qarı külək gətirdi, külək yetirdi, külək də apardı. Külək qarı zorlayır... “

...”Kremlyovskaya vodka” içirdilər. Oğlan içəndə çərənləməyə başlayırdı. Qoca sadəcə ya fikrə gedib qulaq asır, ya da maraqlı söhbət qulağına dəyəndə, onu bir də təkrarladır, ya azacıq mübahisə edir, ya da oğlanın ürəyinə dəyməsin deyə, başını tərəpədir, təzədən huşa gedirdi...

IV.

... Senzorun səsi binanın blokunu başına götürmüşdü:

- Köpəyoğlunun gədəsi, sən nə bilirsən, külək nədi, sən nə bilirsən, şəhər nədi...

dekabr 1995
XS
SM
MD
LG