Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:52

Məqsəd Nur. Dənizdən gələn eşq gecələri (Hekayə)


Məqsəd Nur
Məqsəd Nur
-

Məqsəd Nur


Dənizdən gələn eşq gecələri


Gömrük pəncərəsindən liman görünür. Uzaqlardan üzüb gələn gəmilər çəkilib gediblər: sanki onlar heç vaxt bu limana yan almayıblar, uzaq sahillərdən sement, yağışlardan qorunmaqçün tol, pambıq yağı, Novruzqabağı ərik qurusu gətirməyiblər...
Dənizin üzünü tutmuş neft qatına baş vuran qağayıların dimdiyi yağlanıb: sanki bu, onların paslanmamağına kömək üçündü...

m.nur


“... onlar günaha bülənmiş ailələrdə dünyaya göz açmışdılar, özləri də bu fani dünyanın ölgün şəhvətləri və ehtirasları əsirliyində yaşayanlarıydı...”

Nidze

“Öldürülmüş istəklərin yeri boş qalmamalıdı”

Asif Ata


...Qadınlarçün nə dəxli vardı, istisini bədənində, içində qoyub gedən o kişinin, qarayola getsin, sonsuzluğunda itdiyi dəniz okeana açılır, ya açılmır, bu dənizin sahili var, ya yoxdu, bu kişilərin üzüb getməkdə işi xeyirdi, ya şər... Onların gözünü qıran dənizin üfüqlərdəki cansıxıcı və ümidsiz sonsuzluğuydu...

Bir kişi lap söyüş söyür, qucağındakı qadını qoyub gedə bilmədiyinə görə onu şillələyir, lənətləyir, sonra da diz çöküb qadının əl-ayağına sarmanır, gecəni səhərəcən ağlamsınırdı... Lakin gecəyə, eşqə, sözə və sairəyə gərək başqa cür baxılaydı: “Eşq gecələri” evinin sahibəsi belə düşünürdü. Gərək bu evə baş salan hər kəs günahların bağışlanmadığını və hər zadın ötərgi olduğunu duya, dan yeri sökülər-sökülməz “Eşq gecələri”nin küləklər gəzən eyvanına çıxan hər kişi kürəyinin arxasında və qurşağında ilişib-qalan xatirələrinə əl yellədib qarşısında dalğalanan dənizinə qayıda... Gərək onlar Göy duyğuları ilə yaşayarkən qəfil Yerə çırpılmaqdan qorxmaya... Düş! Düş, bir az da, yenə bir az da aşağı düş... “Eşq gecələri”nin qadınları nə dilnən olur-olsun qucağının istisində qızıxan kişini Yerə salmağı və onları soyuq dənizə qaytarmağı bacarmalıydılar. Dənizdən gələn hər eşq gecəsini beləcə yola verməliydilər. Gecəki günahlar dan yeri söküləndə başqa cür görünür və günahlardan baş götürüb qaçan kişilər gün çıxan dənizin üfüqlərinə tərəf üzdükcə üzür, torpaqda qalan qadınlarsa qalan günahları bir də bətnlərinə sıxır, bir azca qoruyur, istisi çəkilincə təzədən geriyə sıxıb dənizə tökürdülər. Onlar hər səhər sahibənin təkidiylə dənizin küləklərinə tərəf qaçır, yuyunub qayıdırdılar...

Qadınların dərdi dözülməziydi; gələn qonaqları əzizləməli, şərab içirtməli, özləri də içməli, eşqdə əvəzsiz oynaş olduqlarına inandırmalıydılar. “Eşq gecələri”nin sahibəsi bu qaydanı pozanları bağışlamamışdı. Kişilər də hərdən bu istiliyə duyğulanıb öz könlündəkilərinin ən dibini izhar edirdilər; o anda zavallılar günahsızlığın və paklığın içində çabalayırdılar... “Eşq gecələri”nin sahibəsi işrətin dibinə - dibindən də o yana can atan kişilərə zülüm eləməmək təlimatı verirdi, Yerə çağırmağı və Göylərin əslində harda yerləşdiyini isnat verməyi məsləhət görürdü. Bəzən o hər kişinin Səmanı bir başqa cür gördüyündən heyrətə gəlirdi. Göyləri heç bir qadın, o özü də bu qədər çeşnili görə bilməzdi! Dənizdən gələn kişiləri özündən çıxartmaq hər adamın işi deyildi, burda bircə kişi qadınlardan birinə vurulub qala bilseydi, qınaqdan və qübardan ölərdi. Dənizdən gələn kişilər geriyə - dənizə dönməyə məhkumuydular. Və onların oturaqlığı barədə heç bir qadın ağlından heç nə keçirtməzdi...

Bura nəm bir qum adasıydı, gələn nə vardısa - içki, geyim, yeyinti, qarğı, palçıq və kişilər sahillərin bir parçasıydı, o da yar-yarımçıq və kər-kəsik bir parça ola. Burda kim qalardı; nə bir döl tutar, nə bir kol bitərdi. Ara-sıra uçurumsuz qum yarğanları və şor su gölməçələriydi; qadınlar dənizə yuyunmağa çıxanda qum adası boyu fır-fır fırlanırdılar, ətəklərini bellərinə atıb ətrafı qaçırdılar. Kişilərdən biri lağlağıynan danışırdı ki, dəniz azca qalxan kimi bu ada itəcək və onların gəmiləri gəlib burdan keçəndə yelkənlərini endirəcək, hüznlə suyun üstünə qurudulmuş çiçəklərdən xatirə çələngləri buraxıb gedəcəklər...

“Eşq gecələri”nin sahibəsi burda qalmağa qərar verə biləcək o Kişini illərdi gözləyirdi: kimsə sahibənin bu duyğuyla yaşadığını bilseydi, əti tökülər, inanmazdı, hörmətdən düşərdi. Buna görə o, özünü yaşamırdı: “Eşq gecələri”nin sahibəsi dənizdən gələn bütün kişilərdən əlini üzmüşdü, hətta heç bir ümid, burda qalmağa hər hansı bir gözlənilməz və fövqəladə cəhd onu gəldiyi nəticədən yayındıra bilməzdi: indi onun işi eşq gecələrindən sonra qızların bətnini qısır saxlaya bilmək və öz içində böyütdüyü ümidlərinin üstünə bir ləkə düşməyə qoymamağıydı...

* * *

“Eşq gecələri”nin sahibəsi çox gizlicə, qartımış və şirin xəyallarla yaşayırdı. Onun nəfsi çoxdan kişilərin qurşağında gəzişmirdi; o çoxdan sahillərdəki həyatdan yadırğamışdı: qadınlar o biri otaqlarda qızğın eşq yaşayırkən o, yatağına uzanır, dağda, ya bağda çiçək sərirdi. Dənizdən Qalan Kişini də sərdiyi çiçəklərin arasında xınalı çəmən daşlarının birinin üstünə qoymuşdu. Əvvəllər Dənizdən Qalan Kişi elə hey çiçək dərmək həvəsindəydi, daşın üstündə dinc durmurdu, əlini qıraq-bucağa atıb çiçək dərməyə cumurdu, sonra sahibə həmin kişini özünün yazdığı dualarıynan istədiyi hala sala bildi və indi də onu əlləri gül-çiçəyə uzanıqlı halda qurutmuşdu...

Beləcə, “Eşq gecələri”nin sahibəsi gizlicə qürurlanır, özünə və qadınlarına bütün olanlarda haqq qazandırırdı: o özünü qadınlarıyla birgə sonsuz bir çəmənlikdə görürdü: o həmişə çiçək qalacaqdı və kişilərdən heç biri onu dərməyin yolunu tapmayacaqdı. Və qalan kişilər də yanındakı qadınları dərməkdən doymayacaqdılar. Və hamısının bir gözü onda qalacaqdı... Və “Eşq gecələri”nin sahibəsi bircə o Kişiyə - dualarıyla quruda bilmədiyi Böyük Kişiyə göylərdən enmək barədə dərs verməyəcəkdi, onun ərkəsöyünlüyünə boyun əyəcəkdi, ona təkrar dua edəcəkdi...


Çiçəktumanlı

1.

Üz-üzə eyvanların arasında bir qovaq dururdu. O yerdə ki, köhnə və bozumtul pərdələrinin rəngi solmuş, boyaları cadar-cadar olmuş eyvan dururdu, həmin yerə qovağın xırım-xırda şivləri düşürdü... Və şivlər də həmin yerdən azacıq yana çıxıb göyə tərəf boy verirdi: onlar bir-birinə yuxarı qalxmaq üçün yol göstərirdilər. Əslində qovaq şivlərinin arasında qalan süzgəcəbənzər yerdən eyvanda gəzən kölgələri, rəngləri, baş verən nə varsa hamısını görmək olurdu...
O eyvan ölmüşdü, bəlkə də can üsteydi...

2.

Tuman gəldi. Bu, təkcə tuman deyildi, qovağın aralarından baxançün bu, hardansa uzaqlardan qopan, çəmənlərdən, dağlardan, çiçəklərin içindən üzülüb qaçmış gəzəyən çiçək dəstəsiydi. Qurudulmuş dəstənin ətəklərini ətirli çiçəklər yalamışdı...
Tuman həmin eyvana gələn gündən hərəkətə keçdi, işlədi, güclədi. Çiçəklər də onunla bərabər yır-yığış elədi, silib-süpürdü, hər yerə süpürgə çəkdi, hər yeri tumarladı.. Tumandan yuxarı çağdaş dəbdə və açıq yaşılı rəngdə qofta və qumral saçlar, hərdən tumana düşən çalma gəzişirdi...Eyvanda hər şey dirildi... Elədə qovağın arasından baxan anlaya bilmədi, o balkonda hərlənən kölgənin, o tumanın adını nə qoysun. Və heç sonralar da maraqlana bilmədi, üzbəüzdəkilər haralıdı. Özüyçün uydurdu ki, onlar çəmənlərin dənizə açıldığı düzənlərdən gəlib...

3.

Oğlan gəldi... Kənddən gəlmişdi, darıxırdı. Çiçəktumanlı bacısıydı, bacının şəhərdəki evindən qürur duyurdu. Həyətdəki adamlara baxırdı, qımışırdı - az qala kimisə çağırıb demək istəyirdi ki, hərdən aşağıdan-yuxarı ona baxsınlar... Neçə gün qaldısa, oğlan eyvana alt köynəkdə çıxmadı. Əslində altköynəklə eyvana çıxmamaq, hətta yaxasıaçıq da olsa gəzməməyi çiçəktumanlının qardaşı gətirdi: bundan əvvəl, çiçəktumanlı eyvanda görünməmişdən də ta əvvəl əri və dostları gecələri eyvana çıxar, alt köynəkdə səhərəcən oturardılar. Bunun da bir ləzzəti vardı, qıraqdan onların hərəkətinə heç kəs pis baxmırdı, qanmazlıq eləmirdilər: nərd oynayar, uzağı musiqiyə qulaq asardılar...
Çiçəktumanlı bir müddət eyvana çıxıb nəsə götürmək istəyəndə başını aşağı salıb tezcə ərinin yanından ötür, altköynəyindən eymənən təhər görsənirdi. Və gözləyirdi ki əri qanacaq... Qardaşı gəlib gedəndən sonra çiçəktumanlı açılışdı: eyvanda çay içdilər, çiçəktumanlı arada ərinə icəşirdi də...

4.

Çiçəklər də o vaxtdan gəldi. Qardaşın ardınca eyvanda atılıb qalmış dibçəkləri rəngbərəng güllər bürüdü. Və çiçəktumanlı ara-sıra başını qaldırıb eyvandan azcıq qırağa - çiçəklərə baxmağa başladı...


Azadlıq

Gözlərimi yumub gedirəm... Əslində, dəmir qapım gumbultuyla döyülməyə başlayanda gözlərimi yumdum və çıxıb sakitcə getdim. Ürəyimin gumbultusuyla yaxınlaşdım, isinişdim, sonra al diliynən onu boğmağa başladım; mən ta heç nə görməsəm də, ürəyimin gumbultusu hər şeyi görürdü, o mənim əlimnən pırtlayıb üzə çıxmışdı...
İsti otaqdan çıxırıq, qandalın səsini eşitdim. Arxadakıların qarğışı, sudurqalı səsin çığırtısı qulağımı deşir və gumbultuya qarışırdı. Bu səsi əvvəllər belə eşitməzdim. Dalımca, məni ötürüb onun hayına qalacaqlar. Göm-göy göyərəcək. Sakitləşəcək. Sudurqanın rəngi mənim gumbultumun rəngi kimidi, indi mən də gözlərimi yumub bir iç boyda böyüməli və dözümlü olmalı, qapalı və üstüörtülü qaranlığımın ağuşuna sığınmalıyam. Mən bilirdim, gələcəklər... bircə bu gumbultunu kəsə bilseydim...
Hələ yol gedirik, çala-çökəyə düşürük. Nə dənizdən gələsi küləklər, nə insan hənirtisi yoxdu. Şəhərdə vakuumdu: sanki hamı mənim kimi hənirtisini və gumbultusunu içinə salıb. Amma elə deyil, sadəcə üstündə getdiyimiz qazalağın uğultusu o səslərdən güclüdü...

İsti. Komfort qoxusu. Sintetik mebel dərilərinin, nöyütlənmiş parketin qoxusu burnumdadı. Soruşulanlara gözümü açmadan cavab verirəm, özümü tülkülüyə qoymamağa və gözümü açmağa çağırırlar. Sonra yumruqlar gəlir, mən güclüyəm. Sifətlər, boz-çəhrayı kovrolit görürəm və gözüm sadəcə məqamlarla açılıb bağlanır... İndi yazılanlara da qol çəkməliyəm. Yox, gumbultularım artır və məndən nəsə istəyirlər, məncə özləri yazmalı və mən qol çəkməliydim, indiki halımda mən nə yaza bilərəm ki. Gumbultum olmasaydı və gözlərimi aça bilseydim öz cinayətlərim və gumbultularım barədə çox şeylər yaza bilərdim. İndi, gumbultularıma yalvarırdım ki, onlar görünsünlər, onlara mənim əvəzimdən, nə istəyirlər, yazmağa gömək eləsinlər və bu iş bircə tezləşsin. Yoox, məni stula sarıdılar və səhərəcən orda yatmalı oldum...
Alagözlü kişini tanıyırdım, o mənə yaxşılıqlar eləmişdi, qabaqlar yanına çağırmışdı, mən onun mənəvi keyfiyyətlərini əvvəllər də dəyərləndirirdim. Mən onun insanlığını unutmağa başlamışdım, qapımı mütləq döydürəcəyini bilirdim. Onun həlim gözlərində bir çəkicilik və öncəgörməlik vardı. Deyirdin, ilan ağzını açıb və kimsə də barmağıynan onun ağzının içini göstərib yalvarırdı ki, mənim bu deşiyə girməyim çox vacibdi. Ağlı olan atlanıb düşməz. Mən əslində onun dedikləriynən oturub-dururdum. Mən ilanın ağzına doğru qaçırdım. Gözlərimdə də az yoxmuş, o zamanlar ki bir-birimizin üzünə gülür və axıracan müəyyənləşdirə bilmədiyimiz dəyərlərimizdən ilham alırdıq, mənim gözlərimin də ona rahatlıq vermədiyini bilməzdim. Sadəcə qorxum məni üzmüşdü... Və nə yaxşı sübh tezdən alagözlü ən etibarlı adamlarıyla qayıdıb soyuqca, bir az da vicdanının ağrısından danışa-danışa, hətta məni tərifləyə-tərifləyə, gumbultularımın əbəs olduğunu deyə bildi. Özü nəsə yazdı-verdi, tezcə də qol çəkdim...

Mənim qaldığım yerdən dəniz görünür. Amma mən dənizi görmürəm, eşitmirəm də. Dənizsə bizim hamımızı görə bilir: məncə altdan-altdan bizə tərəf sürünür də, qazıyır ayağımızın altını. Dənizin qalxmağı siçanları da, nadzorları da yaman çaşdırıb. Gəlməsə yaxşıdı, mən o dənizdən heç nə gözləmirəm.

Gözüm açıqdı, yarıqaranlıqdayam, gumbultu ötüb və mən rahatam... sudurqalı səs uzaqlarda qaldı. Uzun bir tuneli keçib təzədən yarıqaranlıqda qaldım. Nəfəslik açıldı, əl uzandı, mis qabın cod dəmir üstündə mənə tərəf sürünməsini eşitdim. Ta gözlərimi açsam da, hər şeyi səsə bərabər görürdüm: ən yaxşısı səs və qaranlığıydı...

Mənim şəhərim qıraqda utanır və səbrlə susurdu. O mənə heç bir inam və heç bir ümid yeri qoymaq, heç olmasa başımı yalandan da olsa aldatmaq istəmirdi, o mənimçün nə ana, nə bacı, nə qadın ola balməzdi, o mənimçün ataydı, zəhmli, susqun və dözümlü ata.


Qoca eqoist

Dərd orasındaydı ki, qocalmasaydı, cavan ölseydi, çırpıntıları, çaşqınlığı, intimliyi, hər şeydə bir ağır fəlsəfi yük görməyi, dəymədüşər olmağı, yovuşmazlığı və çəkdiyi dərdin ağırlığından işləyə bilməməyi, bununçün də durduğu yerdə özüyçün dalbadal çözülməz münasibət problemləri yaratmağı dağılar, yerində onun tənhalığı, görünməyən üfüqlərdə heç kəsə zərrə qədər ziyan gətirməyən özünüsevməkliyi qalardı. O özünü yox, duyğularını sevirdi, fəhminin əsiriydi, bütün ətrafı yalnız buna görə ittiham edirdi, özünü ali insan saymasa da, nə vaxtsa, bu dünyada qaldıqca o yerə gəlib çıxacağından qorxurdu: qorxurdu ki, ona ali insan kimi yanaşacaqlar və o öz tükənmiş qüvvəsiynən onları - başına yığışıb onun duyğularına baş vurmaq istəyənləri milçək kimi dağıda bilməyəcəkdi...

Beləcə, günlərin bir günü, hamını atıb anasının yanına qayıtdı, ata çoxdan dünyasını dəyişmişdi, ana da ömrü boyu ona çəkdirdiklərini unudub təzədən uşaq kimi onu böyütməyə hazırlaşırdı. Onu görəndə sayıqlamağa başlamışdı. O - qartımış eqoist bağ-bağçanı hərlənir, başını itib getməkdə olan anasının dizi üstə qoymaq istəyir, dənizlə danışır, balıqqulağı yığır, qumun üstündə cürəbəcür rəsmlər çəkir, adlar yazırdı. Dəniz, maşın və foto ona əvəzsiz həmdəmiydi. Hər üçü heçzad istəmirdi, yeri gələndə onun iradəsinə tabeydilər.

Hər zamankı kimi o fotonu da qarşısında diz çökdürə bilmişdi, hətta sentimental dəniz və sədaqətli maşın foto barədə onun fikrini dəyişdirə, yaxud kefini poza bilməzdi. İndi də, əlindəki ağ-qara fotonun içindən baxdığı kimi dünyaya çəpəki baxırdı. Burda onun özünü eqoistcəsinə ifadəsindən başqa bir şey olmadığı görünürdü. Bu şəkli cırıb atsaydı, öz sirlərindən can qurtarardı, neyçünsə ata bilmirdi. Bir zamanlar özünü öldürəcəyi barədə bəyanatlarında olduğu kimiydi: əslində yaşamaq, fotonu cırmamaq istəyirdi...

1993-1995
XS
SM
MD
LG