Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:49

Biləcəridə yaşayış evlərini kim sökür?


İsmayılovlar ailəsinin evi
İsmayılovlar ailəsinin evi
-
İsmayılovlar ailəsi oktyabrın 22-də səhəri bir qrup dəyənəkli şəxsin hücumu ilə açıblar. Onlar Biləcəridə, Məlik Aslanov küçəsi 12-ci döngədə yaşayırlar.
Ailənin üzvü Ülviyyə İsmayılovanın dediyinə görə, səhər saat 6 radələrində 20-30 nəfər evə hücum edərək, onun özünü və uşaqlarını zorla bayıra çıxarıblar. Dediyinə görə, bu vaxt onun qaynı Niyaz İsmayılov səs-küyü eşidərək hadisə yerinə gəlib həmin şəxslərdən kim olduqlarını soruşduqda onlar Niyaz İsmayılovu döyməyə başlayıblar:
«Səhər açılmamış gəldilər, zorla bizi bayıra çıxartdılar. Uşaqları götürüb çölə tullayırdılar. Dedilər ki, evi sökməliyik. Qaynımı ölümcül döydülər, hazırda xəstəxanadadır. Dedilər ki, biz Dövlət Neft Şirkətinin əməkdaşlarıyıq, bizə kimsə bata bilməz»
«RÜŞVƏT VERMİRİK DEYƏ...»
Ülviyyə İsmayılova deyir ki, 2005-ci ildən burda məskunlaşıblar. Lakin son illər evlərinin altından su çıxdığına görə evin üstünü bir az qaldırıblar. Onun sözlərinə görə bunun üçün ARDNŞ-in özünü təqdim etməyən əməkdaşı onlardan 500 manat rüşvət istəyib:
Ülviyyə İsmayılova
Ülviyyə İsmayılova
«Gəldilər ki, evi sökürük, dedim ki, sən məndən rüşvət istəmisən, verməmişəm deyə evimi sökürsən. Dedi ki, sən sübut elə ki, mən səndən rüşvət istəmişəm. Burda bu qədər ev var, niyə ancaq bizim evimizi sökürlər? Rüşvət vermirik deyə?»
Qarabağ müharibəsi iştirakçısı Pərviz İsmayılov isə deyir ki, əgər qanunsuz ev tikiblərsə, o zaman bu əraziləri onlara niyə satırdılar?
Pərviz İsmayılov:
«Deyək ki, biz qanunsuz ev tikmişik. Buna görə adamın evinə hücum eləyib arvad- uşağı zorla bayıra tullayarlar? Qardaşımı dubinka ilə elə vurdular ki, dubinka belində qırıldı. Mənim üzümə neçə zərbə vurublar, ağrıdan ağzımı zorla açıram. Belə vəhşilik olar?»
NEFT ŞİRKƏTİ TƏKZİB EDİR
İsmayılov qardaşları deyirlər ki, bu, həmin dəstənin birinci gəlişi deyil, artıq bir neçə dəfə bu ailəyə bu cür hücumlar edilib. Lakin Dövlət Neft Şirkətinə bir neçə dəfə müraciət etsələr də onları qəbul edən olmayıb.
ARDNŞ hüquq idarəsinin şöbə rəisi Şahin İsmayılovun dediyinə görə isə, baş verən hadisədə ARDNŞ əməkdaşlarının heç bir iştirakı olmayıb.
POLİS DEYİR Kİ...
Binəqədi rayon 4-saylı polis bölməsindən isə Azadlıq Radiosuna bildirdilər ki, oktyabrın 22-də sözügedən ərazidə baş verən hadisə ilə bağlı onlara şikayət daxil olub və onlar müəyyən ediblər ki, həmin şəxslər ARDNŞ-in əməkdaşlarıdır.
Bundan sonra təkrarən Ş.İsmayılovla əlaqə saxladıq. O isə dedi ki, əgər belə bir hal olubsa, o zaman sakinlər məhkəməyə müraciət edə bilərlər:
«Biz öz təhlükəsizlik xidməti əməkdaşlarımızla əlaqə saxladıq, onlar dedilər ki, həmin gün belə bir hadisə olmayıb. Əgər hər hansı qanunsuzluq baş veribsə, vətəndaş ərizə ilə müraciət eləsin, faktları qoysun, biz də təhlükəsizlik xidmətinin əməkdaşlarını cəlb eləyək, məsələni araşdıraq».
Şahin İsmayılov bundan əvvəl də həmin ünvana ARDNŞ əməkdaşlarının hücum etməsi barədə deyilənləri də təkzib edir.
XS
SM
MD
LG