Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:54

Dünyanın heç bir ölkəsində gender bərabərliyi yoxdur


Gender ayrıseçkiliyi ilə bağlı sərgidən
Gender ayrıseçkiliyi ilə bağlı sərgidən
-

TAM GENDER BƏRABƏRLİYİ TAPILMAYIB

Dünyanın heç bir ölkəsində gender bərabərliyi yoxdur. Dünya İqtisadi Forumunun hazırladığı Qlobal Gender Fərqləri Hesabatına əsasən bunu demək olar.

Amma bir çox ölkələr qadın və kişilər arasında iqtisadi, siyasi, təhsil və səhiyyə sahəsindəki fərqləri qapamaq yolunda yavaş-yavaş da irəliləyirlər.

Hesabata görə, dünya ölkələrinin 88 faizində gender bərabərsizliyi getdikcə azalır, 12 faizində isə artır. Ümumilikdə isə son altı il ərzində qadınların siyasi hakimiyyətdə təmsil edilməsi və böyük idarəçilik vəzifələri tutması da çətinləşməkdə davam edir.

Hesabatda dünya əhalisinin 90 faizinin yaşadığı 135 ölkə nəzərdən keçirilir. Və 4 parametr üzrə siyahı – indeks hazırlanıb.

SKANDİNAVİYA VƏ ŞİMALİ AVROPA YENƏ ÖNDƏDİR

İndeksdə ilk on 10 sırada Skandinaviya – Şimali Avropa ölkələri üstünlük təşkil edir. Ilk 5 yerdə İslandiya, Finlandiya, Norveç, İsveç, İrlandiya yer alır.

Gender fərqləri indeksində Almaniya 13, Böyük Britaniya 18, ABŞ 22, Fransa 57, Çin 69, İtaliya 80-ci sırada yer alıb.

Keçmiş postsovet ölkələrindən ən yaxşı durumda olan Qazaxıstandır. Parlamentdəki qadın deputatların və qadın nazirlərin sayının artması sayəsində Qazaxıstan düz 18 pillə irəliləyib və indi 31-dir.

Rusiya 59, Gürcüstan 85, Ermənistan 92-ci yerdədir.

KEÇMİŞ SSRİ-DƏ ƏN PİS VƏZİYYƏT AZƏRBAYCANDADIR

Keçmiş SSRİ respublikaları arasında ən pis vəziyyətdə olanı Azərbaycandır. Onun mövqeyi ötən ilki 91-ci yerdən bu il 99-cu yerə düşüb.

Hesabat müəlliflərinin hesablamalarına görə, Azərbaycanda qadın və kişilər arasında bərabər imkanlar 4 ketaqoriyada ümumiləşdirilir.

İqtisadi iştirak və imkanlarda Azərbaycan dünyada 74-cü sıradadır. Təhsildə iştirakda 84, Səhiyyə və yaşam imkanlarında 135, Siyasi təmsilçilikdə isə 113-cü sıradadır.

Amma bir parametr üzrə Azərbaycan dünyada liderdir. Söhbət xüsusi peşə hazırlığı tələb edən və texniki işçilərin sayından gedir. Azərbaycanda bu sahədə hətta pozitiv ayrı-seçkilikdən söhbət gedir, çünki bu sahədə çalışan hər 11 nəfərdən 6 qadın, 5-i kişidir.

Ümumiyyətlə Azərbaycanda gender fərqləri sahəsində durum 2007-ci ildən bu yana gerilədiyini demək olar. Azərbaycan 2007-ci ildəki 59-cu sıradan indi 99-cu sıraya qədər geriləyib.

Azərbaycan topladığı ballara gəldikdə isə təxminən durumun 0.64-0.68 arasında dəyişdiyini görmək olur.

Bir məqam var ki, İndeksdə ölkələrin yerləri təkcə real vəziyyətə görə dəyişmir, həm də digər ölkələrdəki vəziyyətdən də asılı olur. Odur ki, real vəziyyəti ifadə etmək üçün qadınların-kişilərə nisbəti daha rahat təsəvvür yaradır. Nisbət 1-ə olanda burada tam bərabərlikdən söhbət gedə bilər.

Məsələn, İqtisadi iştirak və iş imkanları məsələsində Azərbaycanda qadınların kişilərə nisbəti 0.68-dir, yəni bərabər imkanlardan söz gedə bilməz. Ancaq təhsildə iştirakda nisbət 0.99, səhiyyə və yaşam imkanlarında nisbət 0.95-dir, yəni bərabərliyə yaxındır.

Lakin siyasi təmsilçilik parametrində bu nisbət 0.07-dir, başqa sözlə, bərabərlikdən söz də gedə bilməz.

Amma qonşuları arasında Azərbaycandan da pis vəziyyətdə olanlar var. Bunlar bu il 124-cü sıraya geriləyən Türkiyəni və 127-ci sıraya geriləyən İrandır.

Gender Fərqləri indeksində ən pis vəziyyət isə 134-135-ci yerləri bölüşən Pakistan və Yəməndədir.
XS
SM
MD
LG